Yenə bədirləndi Ay!

Yenə bədirləndi Ay!
11 aprel 2015
# 14:20

Kulis gənc şairə Könül Həsənqulunun dünən təqdimatı keçirilən “O zəminin sahili” kitabından bir neçə şeiri təqdim edir.

Günəşdə qan ləkəsi

Dayanmışam üzü günəşə;

Qarğam da sol çiynimdə –

Bir qarın tox,

Bir qarın ac.

Dağıdıb iyuna günəş saçlarını

Saçaq-saçaq.

Ayaqqabılarımı çıxarmışam,

Ayaqqabılarımın zərif dabanında qan.

Əllərimsə xəlvətdə,

Əllərim qan içində.

Gözlərimi yumuram günəşə,

Ağlamaq istəyirəm – ağlamıram,

Ağrımaq istəyirəm – axı ağrımıram!

Bir kimsəsiz bomboş qatar dayanmadan

Dövran edir içimdə...

Bu günəş isidir indi bir küçədə

Gecənin məndən doğan meyitini;

Uzadır qollarını günəş meyitin üstünə,

Üşüdür,

Qorxudur onu

Meyit rütubəti!

Qoynuna yığır günəş,

Qoynuna sıxır günəş

Meyitə sarı uzatdığı əllərini.

Yandırır günəşin qoynunu

Meyit hərarəti...

Gözlərimi açıram – qatil gözlərimi.

Danıram əllərimdəki qanı,

Dişlərimdəki əti!

“GÜNƏŞDƏ LƏKƏ VAR! – qışqırıram –

Qana bulanıb sinəsi!”

Atıram günəşin qoynuna

Törətdiyim

Cinayəti...

Qarğa səsi

Günəşin qurutduğu torpağı gecə qan suvarar!

Dəlik-deşik sinədən quru torpağa,

Sonra

Qarğa sinəsinə dimdiyindən qan damlayar...

Qan dağılar səkiyə insan əli ilə

Susayanda

Qarğalar.

Qarrr

Qarr

Qar

Qar

Canavarlar ulaşır bu gecənin içində!

Qar meşədə

Ağrısını kəsir ağır yaralının.

Qarı qucaqlayır o, açıb qollarını,

Qanısa bir tərəfdən

Əritməkdədir qarı...

Ağaclar donub kor meşədə!

Tel-budaqlarından axıb sallanır fevral –

Yarımşəffaf

Sırsıralar.

Canavarlar ulaşır bu gecənin içində...

Qan meşədə

Susuzluğunu kəsir canavarların.

Ay

Yenə bədirləndi Ay!

Yenə daşlayır məni Tanrı

Tutub əlində Ay...

Ay haray,

Ay haray,

Ay

ay

ay!

# 2983 dəfə oxunub

Oxşar xəbərlər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

10:00 26 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər