Qəhvəyi paltolu qız - Qafar Rüstəmovun hekayəsi

Qəhvəyi paltolu qız - Qafar Rüstəmovun hekayəsi
29 avqust 2023
# 12:00

Kulis.az "Hekayə günü" layihəsi çərçivəsində Qafar Rüstəmovun "Qəhvəyi paltolu qız" adlı yeni hekayəsini təqdim edir.

Yataqxananın sınıq pəncərəsindən şəfəqin qırmızılığına baxarkən nəsə bir xatirə beynində canlandı. Səhər oyanıb anasını yanında görmədiyi gün bərk ağlamışdı. Dünən öpüşüb qucaqlaşdığı bacı-qardaşları, ata-anası yanında yox idi. Həmin an nə xoxandan, nə də cindən qorxmuşdu. Sadəcə tənhalıqdan, təklikdən, kimsəsizlikdən...

– Azər, içəri gəl, üşüyərsən.

Dönüb səs gələn tərəfə baxanda onu çağıran qadını tanımadı. Hətta “Azər”in öz adı olduğundan belə əmin deyildi. Lakin ondan başqa ətrafda adam yox idi.

Əlini cibinə atıb siqaret axtardı. Bir gilə siqar ağzına qoyub kibritlə yandırdı. Sınıq şüşədə öz surətinə baxdı. Üzü solğun görünürdü. Uzun bakenbardı, qıvrım, qara saçları, cəhəngini örtən uzun, şəvə bığı vardı. İri gözləri qartal gözü kimi parıldayırdı.

Pəncərədən boylanıb həyətə baxdı. Qəhvəyi palto geymiş qız çiyninə asdığı çantanı bir əliylə tutub asta addımlarla yeriyirdi. Qonur saçlarını arabir əliylə arxaya atır, qatı dumana tərəf addımlayırdı. O, tör-töküntülü koridordan keçib beton pilləkənlərə tərəf şığıdı.

Qapının ağzında duran qadın əlindəki paltarı sıxa-sıxa deyinməyə başladı.
– Yenə səhər açıldı da. Baş-qulağımız gedəcək.
O, pilləkənləri iki-bir, üç-bir addımlaya-addımlaya “Könül!” deyə qışqırırdı. Yataqxananın ağzında topalanan zibillərə ilişib yıxıldı.

Cəld ayağa qalxıb dumanın içində yox olan naməlum qıza tərəf qaçdı.
– Könüüül!!

Ətrafda heç kim yox idi. Hansı istiqamətə qaçacağına qərar verə bilmədi. Harada olduğunu xatırlaya bilmirdi. Ağırlaşıb su damcılarına çevilməyə başlayan duman nəfəsinə dolub onu boğurdu. Boğazını tutub yerə yıxıldı. Nəfəsi çatmırdı.
– Azər! – deyə həmin qadın qaça-qaça gəldi.

Başını qaldırıb dizlərinə qoydu.
– Dərindən nəfəs al! Nəfəs al! Keçəcək.
– Ana, Könül getdi, ana, – deyə hönkürtüylə ağlamağa başladı. Qadın bu səhnəni əvvəllər dəfələrə izləmiş kimi sakitcə dayanıb toxtamağını gözlədi.
– Gedək evə.

Qaçqınların məskunlaşdığı yataqxana yaşayış üçün yararsız, uçuq-sökük bina idi. Dəlmə-deşik taxta döşəmə, sınıq pəncərələr, yemək iyinə qarışmış kif qoxusu, üfunət iyi verən ümumi tualet-hamam adi insanın yaşa biləcəyi yer deyildi. Ancaq Qarabağdan köçən qaçqınlar başqa yurd-yuva tapa bilməmişdilər. Diribaş olanlar qabaqlarına çıxan boş evlərin qapılarını sındırıb oranı ələ keçirirdilər. Həmin vaxtlar onlar belə imtiyaza sahib idi.

Azər taburetə oturub bir siqaret yandırdı. Gözləri qan çanağına dönmüşdü. Əsəb keçirdiyi vaxtlar gözlərinə qan sağılardı.
– Onu tapacam, – deyə öz-özünə sakitcə dilləndi. – Hər gün buradan keçir. Bilirəm, adı Könüldü. Adı nə gözəldi.
– Götür bir stəkan çay iç, – anası müşəmbəsiz xudmani masanın üstünə bir stakan çay qoydu.

Azər ailəsi ilə əvvəlcə Sabirabada gəlmişdi. Orada günlərlə çölün düzündə yatıb-durandan sonra məcbur Bakıya üz tutmuşdular.

Bütün ölkə kimi Bakı da müharibənin gərginliyi altında əzilirdi. İnsanların əsəbləri tarıma çəkilmişdi. Azər hara getsə, təhqir olunurdu.
– Boyunu yer soxum! Arvad tumanında qaçıb gələn oğraş!

Heç kim Azərin başına nə gəldiyini bilmirdi. Boy-buxunlu, enlikürək cavan adamın arvad kimi qaçıb Bakıya gəlməyini heç kəs anlayışla qarşılaya bilmirdi. Gülnisə oğlu üçün hər təhqirə dözür, birtəhər daldalanacaqları yer axtarırdı.
Azərgilin Bakıda yaşayan qohumu onların köhnə yataqxanaya yerləşməyinə kömək etmişdi. Onlar üçün uçuq-sökük bir otaq elə bil cənnət idi. Ailə pərən-pərən olandan sonra hərə başının çarəsinə baxırdı.

Azər çarpayıya uzanıb tavana baxdı. Orada əmələ gəlmiş kif elə bil insan rəsminə oxşayırdı. Bəlkə də ona elə gəlirdi. Uzunsov qaraltı burunu, əyri olanlar gözləri idi. Budur, gülümsəyirdi. O da gülümsədi. Oradakı qız kiməsə oxşayırdı. Onu haradansa tanıyırdı. Nə illah edirdisə xatirinə gəlmirdi. Yoxsa hər gün yataqxananın qabağından keçən o qız idi? Ayağa qalxıb sınıq pəncərədən yenə yola baxdı. Bayırda uşaqlar oynayırdı. Küçədə təkəmseyrək adam görünürdü. Havanın qaralmağına hələ çox var idi. O qız kim idisə səhər harasa gedir, günbatanda geri qayıdırdı. Vaxt keçmək bilmirdi. Əsəbiləşdi. Bir siqaret də yandırıb damağına qoydu.
– Ana, mən, həyətə düşürəm.
– Çox uzağa getmə. Eşitdin?
– Yaxşı, yaxşı.

Kimsə maqnitofonda qəmgin mahnı açmışdı. Müğənni kəc taleyindən, yarım qalan sevgisindən dad diləyirdi. Ürəyini kədər çulğadı. Qeyri-ixtiyari hönkürdü. Gendən baxan mat qalardı. Bu boy-buxunda adam uşaq kimi göz yaşı tökürdü. Həmişə gizləndiyi yataqxanın üfunətli, qaranlıq zirzəmisinə girdi. Siçovullar əvvəlcə maddım-maddım baxıb sonra hərəsi bir tərəfə qaçdı. O çöməlib başını tutdu. Həmin qız üçün darıxırdı. Qəhvəyi paltolu, qonur saçlı qız üçün. Üzünü belə görmədiyi qızdan ötrü əzəb çəkməyini özü də anlaya bilmirdi. Qəlbini göynədən amansız kədər yaxasını buraxmırdı.

Soyuq külək əsdi. Azər jaketinə bürünüb divara söykəndi. Küləyin vıyıltısı əhvalını pozurdu. Həmin dumanlı-çiskinli gün yadına düşdü. Bu nə vaxt baş vermişdi, xatırlamırdı. Bəlkə də yuxuda görmüşdü. Qəfil zehnində canlanan bu xatirə eynini açdı, divara yaslanıb köks ötürdü.

Səhər fikirli-fikirli məktəbə səmt addımlayırdı. On-on beş metr irəlidə qəsəbədə ilk dəfə gördüyü bir qız yeriyirdi. Əyningə qəhvəyi palto, qəhvəyi çəkmələr vardı. Çiyinlərinə toxunan qonur saçları havada dalğalanırdı. Dumanlı havadan ətrafı yaxşı görmək olmurdu. Naməlum qız şəstlə yeriyir, Azər də arxasınca gedirdi. Bir də baxdı ki, ikisi də məktəbin həyətinə daxil olublar. Yaxınlaşıb salamlaşmağa cəsarət etmədi. Kim idisə, buralı deyildi. O gün öyrəndi ki, həmin qız yeni təyin olunmuş ingilis dili müəllimidir.
Azər xatirində canlanan hadisəyə görə qəribə bir rahatlıq tapdı. Sonra səhər gördüyü o qız yadına düşdü. Qeyri-ixtiyari yavaşca “Könül”, – deyə səsləndi.

Əlini cəsarətlə Azərə tərəf uzadıb “Könül”, – demişdi. Qızın gözəlliyi ilə birlikdə cəsarətli duruşu, iti baxışları, qəh-qəhə çəkməyi Azərə anlaşımaz gəlirdi. Düzdü, müəllimlər institutunda hər cür xasiyyətdə qız görmüşdü. Amma onlar sadəcə tələbə yoldaşları idi. Necə davranmağı o qədər vacib deyildi. Könülü isə sevirdi. Hətta ona dəli kimi aşiq olmuşdu. Görəndə özünü itirirdi. Qızsa onunla adi adam kimi salamlaşır, iş yoldaşı kimi deyib-gülürdü. Bəs, görəsən, sevirdimi?

Zirzəmidən çıxıb bayırda addımlamağa başladı. Üst-başı toz-torpağın içində idi. Nərd oynayan yaşlı adamlar ona baxıb mərhəmətlə başlarını yırğaladılar. Top oynayan uşaqlar əliylə Azərə işarə edib nəsə xısınlaşırdılar. O, uzun, pırpız saçlarına yapışmış hörümçək torlarını təmizlədi. Yolun kənarında çöməlib gəlib-gedən maşınlara baxmağa başladı. Bəlkə, avtobus gələr, həmin qız düşər deyə fikirləşib sevindi.

***
Könül rayon məktəbinə gələndən sonra Azər üçün çətin günlər başlamışdı. Ona sevgisini necə etiraf edəcəyini bilmirdi. Qız onunla evlənib rayonda qalmaq istəməzdi. Azər də anasını atıb Bakıya gedə bilməzdi. Tütün bunları götür-qoy edərkən bir də baxdı ki, erməni Tiqran Könüllə səmimi söhbət edir. Tez-tez koridorda bir-biriylə zarafatlaşdıqlarını görəndə dalağı sancdı. Tiqrana bunu bildirməliydi.

Tənəffüs vaxtı Tiqranı məktəbin arxasındakı müəllimlərin siqaret çəkdiyi yerə çağırdı. Sözü uzatmadan birbaşa dedi.
– O qızdan uzaq dur.
– Hansı qızdan? – Tiqran özünü bilməzliyə vurdu.
– Bilirsən kimi deyirəm. O məni sevir. Üstəlik, ona demişəm.
Tiqran duruxdu, nəsə fikirləşib dodaqlarını gəmirdi. Allanan iri sifətini əliylə ovuşdurub nəsə fikirləşdi.
– Mənə elə bir şey deməyib.

Bir anlıq qan Azərin beyninə sıçradı. Qeyri-ixtiyari Tiqranın yaxasından yapışdı. Tiqran onun bərələ qalmış gözlərini, yaxasından yapışan damarları çıxmış qollarını görəndə əməlli-başlı qorxdu.
– Yaxşı, yaxşı, Azər. Başa düşdüm.

Sabahsı gün Azər cəsarətini toplayıb Könülə sevdiyini dedi. Qız üçün elə bil gözlənilən oldu. Üzü qızardı, başını aşağı salıb gülümsədi. Azərin üzərindən elə bil dağ boyda yük götürüldü.

Könülün valideyinləri onu Bakıya çağırırdı. Qarabağda baş verən bir neçə hadisədən sonra hamı orada böyük çaxnaşmanın baş verəcəyini gözləyirdi. İrəvanda ermənilər azərbaycanlılar əleyhinə mitinqlərə başlamışdı. “Ermənistan türklərdən təmizlənməli” şüarları səsləndirilirdi. Sumqayıt hadisələri hər iki millətin bir-birinə qarşı nifrətini daha da dərinləşdirmişdi. Həmin hadisədən sonra ermənilər canlarını qurtarmaq üçün ev-eşiklərini atıb Ermənistana qaçmışdılar

Azər anası ilə Bakıya gedib Könülü istədi. Qızın atası bu evliliyə razı deyildi. Anası isə bu işə qol qoydu, ərini dilə tutub razı saldı. Nişan üçün vaxt təyin etdilər. Azər gələcəkdə Bakıya köçəcəyinə söz verdi.

Qarabağın səfalı, ürəkaçan günləri geridə qalmışdı. Həm ermənilər, həm də azərbaycanlılar tərəfində məchul cinayətlər baş verirdi. Hər iki tərəfdə kim ölsə, digər millətdən bilirdi. İllərlə birlikdə mehriban yaşayan insanlar bir-birindən ehtiyat etməyə başlamışdılar. İmkanı olan evinə ov tükəngi alırdı.

Azərgil hamının ürəyində daş kimi asılan qaramat günləri bir tərəfə atıb toya hazırlaşırdılar. Dünya iki sevgili üçün gen və aydınlıq idi. Birlikdə yuva quracaq, övlad dünyaya gətirib qayğısına qalacaqladılar.

Azər otağın birini təmir elədi. Divar kağızını, çilçırağını yeniləyib təzə pərdələr asdı. Bakıdan gələn cehizlərin bir hissəsini bura yığdılar. Artıq qovuşmaq üçün hər şey hazır idi.

Toya iki gün qalmış baş verən hadisə eşidənlərin ürəyinə qorxu saldı. Müsəlman qəbiristanlığında bir erməninin kəsilmiş başı, erməni qəbiristanlığında da müsəlmanın kəsilmiş başı tapıldı. Kütləvi dava və ya müharibə üçün kiçik bir qığılcım bəs idi. Hər iki tərəfi sakitləşdirmək üçün nə dövlət, nə də sözü urvatlı ağsaqqal vardı.

Toy o qədər də şən keçmədi. Hətta çox adam mərasimin təxirə salınmağını istədi. İnsanların topalaşdığı yerə kimsə qumbara ata bilərdi. Ya da gecə vaxtı basqın ola bilərdi. Kişilər hər ehtimala qarşı ov tüfəngləri ilə toyun axırına kimi keşik çəkdilər.
Toy günü Azər üçün yuxu kimi keçmişdi. Könülün şən gülüşü, qu quşu kimi bəzənib düzənməyi, gecə baş-başa qalmaqları elə bil xəyal idi. Yengə qanlı döşəkağını gözlədiyi üçün tez-tələsik birlikdə olmuşdular. İkisi də həyəcandan, ilk cinsi əlaqənin verdiyi naqolay vəziyyətdən çıxmaq üçün səhərə kimi öpüşüb-gülüşmüşdülər.

Ertəsi gün sakitlik idi. Könülün qohumları Bakıya qayıtmışdı. Azər səhər oyanıb sevdiyi qadının mışıl-mışıl yatdığını görəndə sevincindən gözləri yaşardı. Ona dəqiqələrlə baxdı. Öpməmək üçün özünü güclə saxlayırdı. Əynini geyinib bayıra çıxdı. Həyətdə qohum-əqrəbaları vardı. Heç kim toy barəsində danışmırdı. Xəbər gəlmişdi ki, ermənilər qəsəbəyə hücum edəcək. Hərə ağlına gələn ehtimalı dilə gətirib biri o birindən təsəlli umurdu. Çox adam illərlə sülh içində yaşadıqları insanların qan tökəcəklərinə ehtimal vermirdi. Bu məsələni iki qonşu arasında düşən xırda narazılıq kimi görürdü.

Azər bərk narahat oldu. Könülü buradan çıxarmalı olduğu ilk dəfə ağlına gəldi. Tiqran ondan qisas ala bilərdi. O, son vaxtlar Azəri izləyir, onu görəndə siqaretin tüstüsünü qəribə şəkildə havaya püfləyirdi. Məsələ daha da böyüməsin deyə Tiqrandan uzaq gəzirdi.
Şər qarışanda güllə səsləri gəlməyə başladı. Xəbər çatdı ki, qəsəbədən çıxan yolları ermənilər tutub. Təslim olmaq üçün üç saat veriblər. Əgər təslim olsalar, qadın-uşaqların qəsəbədən çıxmaqlarına icazə verəcəkdilər. Əlbəttə, bunun tələ olduğunu hamı bilirdi. Ov tüfəngləri dövlət tərəfindən yığışdırıldığı üçün Azərdə və cəmi bir neçə nəfərdə silah qalmışdı. Ermənilərin qəsəbəyə girməyi üçün elə bir maneə yox idi.

Hamı can hayına düşmüşdü. Ermənilər dağ yollarını, meşədən keçib-gedən cığırları belə tutmuşdu. Ah-nalə edən qadınların harayı eşidilirdi. Yanan evlərin alov dilimləri uzaqdan görünürdü. Heç kim bir-birini təsəlli etməyi belə ağıl eləmirdi. Çünki bunun üçün heç bir səbəb yox idi. Həm namusları, həm də canları təhlükədə idi. Ermənilər azərbaycanlıları təhqir etmək üçün qadınlara təcavuz edəcəkdilər. Könül bunları düşünəndə az qalırdı başına hava gəlsin.

Azərin çarəsizlikdən əli-qolu bağlanmışdı. Anasını və arvadını buradan çıxarmağı qeyri-mümkün idi. Tiqranın Könül üçün gələcəyini bilirdi. Əsəbdən dişi bağırsağını kəsirdi.

Azər Könülü öz otaqlarına apardı. Silahı divara dirəyib arvadıyla yanaşı oturdu. İkisi dəqiqələrcə qucaqlaşdılar. Könül paltarını çıxarıb yatağa uzandı. Azər onu öpə-öpə tez-tələsik soyundu. Ağlına gələn fikirlər anidən onu sevişməkdən soyudurdu. Bu dəfə Könül ərini özünə tərəf çəkib dodaqlarından öpür, ona qovuşmağa can atırdı. Girdə döşləri öpüldükcə qadın zövqdən inildəyirdi. İlk dəfə daddığı bu həzzin əbədiyyən davam etməyini istəyirdi.

Azər boşalandan sonra arvadının qucaqladı. Qəhər boğazında düyünlənmişdi. Gözlərindən yaş gilələndi. Qız sakit idi, ərinin ağlayıb toxtamağını gözləyirdi.

O, ayağa qalxıb paltarını geyindi. Könül asanlıqla qaça bilsin deyə şalvar və çəhrayı gödəkçəni əyninə keçirdi. Qızıllarını və bir neçə isti pal-paltarı çantaya yığdı. Yataqlarını düzəltdi. Ağ, küpürlü örtüyü yatağın üzərinə sərdi. Gülnisə də hazır idi.

Azər bir əlində silah, digər əlində çanta qabaqda, arvadı və anası arxada meşəyə tərəf irəliləyirdi. Oradan keçən cığır azərbaycanlıların yaşadığı kəndə çıxırdı.

Qəfil qabaqlarına çıxan əli silahlı ermənilər onları dövrəyə almışdı. Tiqran damağındakı siqareti etinasızca sümürüb yerə tüpürdü. Şəstlə onlara tərəf addımlamağa başladı
– Silahı yerə at! – qışqırdı.

Azər əli titrəyə-titrəyə silahı bərk-bərk sıxdı. Bir-iki metr aralıda canından çox sevdiyi, yeni qovuşduğu arvadı vardı. Könülün bütün bədəni əsim-əsim əsirdi.
– Vur məni, Azər, – qısıq səslə ərinə səsləndi.

O, gözlərini yumub tətiyə basdı. Bir anlıq elə bil göy yarıldı, yer silkələndi. Sanki günəş yox oldu, əbədi qaranlıq yer üzərinə endi. Mərmi Könülün zərif bədənini parça-parça etmişdi. Azər başını tutub yerə yıxıldı. Nəfəsi kəsilirdi, nə illah edirdisə, ciyərinə hava dolmurdu. Tiqran qışqıra-qışqıra qaçıb onu var gücüylə təpikləməyə başladı.

Azər baş verənlərin heç birini dərk edə bilmədi. Yandırılan evləri, təcavüz edilən qız-gəlinləri, ona işgəncə verən insanları anlaqsız halda izlədi. Tiqran onu ölümünə döyəndə belə müti heyvan kimi səssiz qaldı. Ta ki könüllü dəstəsi onları ermənilərin əlindən xilas edənə qədər.

***
On iki nömrəli avtobus uzaqdan asta-asta yaxınlaşırdı. Azər ayağa qalxıb əmrə müntəzir dayandı. Avtobus düz onun yanında yavaşladı. Heç kim düşmədi. Sürücü onun minmədiyini görüb deyinə-deyinə qapını örtdü.
Hava qaralırdı. Küçə lampalarının çoxu yanmırdı. Qəfil əsib, sonra sakitləşən külək çılpaq budaqları beşik kimi yellədirdi. Azər qəhvəyi paltolu qızın gəlməyini gözləyirdi. Küçənin tinində gördüyü qaraltı elə bil həmin qıza bənzədi. Yerişi, saçlarını arxaya tumarlamağı eynən onunku kimi idi. Qıza tərəf qaçdı.
– Könüüül!!! Dayan, Könül!!! Bağışla məni!!!

Qız ona tərəf qışqıra-qışqıra gələn adamı görəndə bərkdən çığırdı. Sir-sifəti ağarmışdı. Azər yerində donub qaldı. Bu, Könül deyildi.
– Sən Könül deyilsən. Bəs Könül hanı?

Qız qorxudan səsini çıxara bilmirdi. Oradan tez-tələsik uzaqlaşdı. Azər yerə çöməlib başını tutdu. Hönkürtüsü küləyin uğultusuna qarışıb ulartıya çevrilirdi. Gülnisə o biri küçədə “Azər, ay Azər”, – deyə səslənərək oğlunu axtarırdı.

# 2424 dəfə oxunub

Oxşar xəbərlər

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

14:00 3 oktyabr 2023
"Tıq-tıq" xanımın rejissoru:  "Azərbaycanda kino sistemi dağılıb" - Müsahibə

"Tıq-tıq" xanımın rejissoru: "Azərbaycanda kino sistemi dağılıb" - Müsahibə

21:00 2 oktyabr 2023
"O, Xalq şairi adına çoxdan layiqdir..." - Vaqif Bayatlı - 75

"O, Xalq şairi adına çoxdan layiqdir..." - Vaqif Bayatlı - 75

12:00 1 oktyabr 2023
Ətağanı ziyarət edən dahi italyan rejissor

Ətağanı ziyarət edən dahi italyan rejissor

21:00 29 sentyabr 2023
"Həmid Herisçi özünü itirməklə məşğuldur" - Hekayə müzakirəsi

"Həmid Herisçi özünü itirməklə məşğuldur" - Hekayə müzakirəsi

14:00 29 sentyabr 2023
Üç oğlu müharibədən qayıtmayan kişi - Ramiz Rövşənin hekayəsi

Üç oğlu müharibədən qayıtmayan kişi - Ramiz Rövşənin hekayəsi

15:00 27 sentyabr 2023
# # #