İndi tale tüfeylisidir vətəndə sevgilər... - Gülər Natiq İsaqın şeirləri

İndi tale tüfeylisidir vətəndə sevgilər...  - Gülər Natiq İsaqın şeirləri
20 iyul 2025
# 13:00

Kulis.az Gülər Natiq İsaqın yeni şeirlərini təqdim edir.

Sən ki sevirdin,
günəşindən əvvəl
günü salamlayan adamları...
Bəs, bu nədir İlahi?..
Hansı yağışın əhvalıdır bu?

Nə yağışının
havasına oynayacaq
indi bulud topaları?
Niyədir bu soyuqluq və sərinlik,
bir az da bu “daş altda“ yenilədiyin dərinlik?
İsitsənə bu göyləri,
bir azca da tövşəyən ürəkləri...

Bir də hikmətindən hiss etdirsən mənə;
Kimin duasıyam yer üzünə?
Kimin qarğışıyam özümə?

Sadəcə
bir ilham həvəsi,
bir şeir gecəsi,
bir musiqi sevməsi,
ya da uzaqlarda uğuldayan körpə hıçqırıqları?

Budurmu səssizliyin pərdəarxası?

Haradadır,
o dodaqlarında su yeri çatlayan,
əlimə məsumca uzanan
qaraçı qızının əlləri?

Haradadır, o
başı gicəllənən,
ayaqyalın arzular?

Nəyin bahasınadır dünyaya saldığın SƏS?..

***

Əvvəl çiçək qoxardı ayağımın hər izi,
Düz yolda da dəyişib ritmini addımlarım.
Çoxdandır, heç getmirəm, unutmuşam dənizi
Daşlar da solub bəlkə, rənglə boyadıqlarım...

Canımda bir sazaq var qollarımı keyidən,
Nəfəs vermir Bakının ilıq havası mənə.
Balaca bir qız da var, kəlmələri üyüdən,
Gülüşü təsəllidir, məlhəmdir ürəyimə.

Çəkilməz yorğunluq var ruhun azarı kimi,
Arınıb misra-misra, azalıram özümdən.
Şəhərin hərdən coşan, kefli Xəzəri kimi,
Salıram sahilləri gözlərimin düzündən...

Ürəyimdən bir sərin külək keçər buz kimi,
Bilmərəm ki, ağrıdır, yoxsa Xəzər həsrəti.
Bəlkə səhər baş çəkim, sahilində gəzinim,
Bəlkə bir az azalar köksümün hərarəti...


***


Bir ümiddir UNUDULMAQ...
Sevilmədiyin yerdən
İsinmədiyin yuvadan
təmənnaya dayanandan
çarə qapısıdır
salamat çıxmağa...

Bəlkə qəlbinin yağında
qızaran qəm,
bəlkə qollarında buxov,
bəlkə fələyin xeyrinə saydığıdır
ömrünə nəsib olmayan.
Bəlkə də əbədi zindanındır
ağrılarını azadlıq deyə həbs etdiyin...
Bəlkə o torpaqdadır ölməyən ümid,
sahilini
qürbətin suları
qucaqlayan...

İndi səhra Leylisidir,
tale tüfeylisidir
vətəndə sevgilər də,
arzular da...
Məcnuna aşiq,
Qeysə məhrum qalmaqdır
alnına mürəkkəb ucundan düşən damcı...

Vaqifin "çatlamış dodaqlarında
sızıldayar
kor bəxtinə düşməyən qisməti“n...

Bir gün gizlicə doğulacaq
həqiqətdə görmək istədiyin nə varsa...
...ən sonda...


***

Bəlkə də çox şeirlər yazılacaq adına,
Hələ çox ürəklərin içindən keçəcəksən.
Qurbanlar kəsiləcək mübarək qədəminə,
Alnına yazılmışlar içində itəcəksən,
Mənim şair könlümdən sənə söz qalmayacaq...

Yuyacaq baxışımı neçə günahkar baxış,
Bəlkə kimsə ömrümdən yolunu salmayacaq.
Bəlkə bahardan sonra təkrar gələcək o qış,
Amma şair könlümdən sənə söz qalmayacaq...

Ev olub qurulmuşdum könlünün bağçasında,
İndi məsum dualar daşıyacaq ömründən.
Orda tutarsan bir vaxt qurulmuş yasımı da,
Bax ki, söz nəfəsimdə bir SƏN tükənəcəksən,
Mənim şair könlümdən sənə söz qalmayacaq...

Adın belə silinəcək
bir ömrün baş daşından,
bir ürək yaddaşından...

Mənim şair könlümdən sənə söz qalmayacaq!

***


İnsan səssiz yeriyər öz günahı içində,
Ləpirsiz izi qalar,
Yazılmaz sözü qalar...

Elə günahlar var ki, yumaz min tövbə gücü...
Elə dualar var ki, onu əmanət almaz,
sevməz göylərin üzü.
Sən azlardan olarsan
tövbəyə gəlməyincə,
vəfa göstərdiyini günahdan bilməyincə...

Özünə etibarın bundan ülvi şəkli yox!

Savabınla,
günahınla əsl adam şəklisən...

Bir gün bağışlanarsan,
Allah səni bağışlayar,
Musanın danladığı çobanı qorur kimi...

Bilərsən;
sən eşqində bir Yaradan hökmüsən!

Haqqı belə görmüsən.
Bu qədər qaranlıqda
Səni itirməmisən!

# 2733 dəfə oxunub

Oxşar xəbərlər

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

15:30 11 iyun 2026
Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

12:00 9 iyun 2026
"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

15:20 8 iyun 2026
Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

14:00 7 iyun 2026
"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər