Fərdiyyətçiliyin ədəbiyyatdakı kökləri - Qismət

Fərdiyyətçiliyin ədəbiyyatdakı kökləri - Qismət
13 sentyabr 2024
# 15:00

Kulis.az Qismətin "Fərdiyyətçiliyin ədəbiyyatdakı kökləri" yazısını təqdim edir.

İngilis ədəbiyyatşünas və tənqidçi Yan Vatın “Çağdaş fərdiyyətçiliyin mifləri” çox sevdiyim, dönə-dönə oxuduğum kitablardan biridir. Bu kitabda müəllif dörd məşhur ədəbi personaj vasitəsilə fərdiyyətçiliyin mifləşmiş obrazlarına nəzər salır. Seçdiyi personajların hamısı XVI-XVIII əsrlərdə yaradılmış ədəbi qəhrəmanlardır. Yan Vatın seçdikləri bunlardır: “Faust” (1587), “Don Kixot” (1605), “Don Juan” (1620) və “Robinzon Kruzo” (1719). Göründüyü kimi, dördü də konkret insan adıyla olan əsərlər seçilib. Yan Vata görə, bu dörd ədəbi personaj oxuna-oxuna, özlərindən sonrakı yazıçılar, tənqidçilər tərəfindən şərh oluna-oluna çağdaş fərdiyyətçiliyin, eləcə də, sekulyar miflərə çevriliblər.

Yan Vat yazır ki, bu dörd personajın heç biri evli deyil, qadınlarla münasibətləri mürəkkəbdir, hamısının qəribə yoldaşı, nökəri, dostu var: Faust-Mefistofel, Don Kixot-Sanço Panza, Don Juan-Katalinyon, Robinzon-Cümə.

Bu dörd personajın hər biri azadlığa, fərdi kimliyə canatımın bir üzünü təmsil edir, təxminən, ümumiləşdirsək: Faust – bilgi, həqiqət axtarışı, Don Kixot – ideala canatım, Don Juan – arzu, cinsi istək, seksual azadlıq, Robinzon Kruzo – fərdi təşəbbüskarlıq, liberalizm, sərbəst bazar münasibətləri.

Yan Vat yazır ki, mən kitabın sərlövhəsindəki mif sözünü hansısa ictimai kataklizm baş verəndə yayılan şayiə mənasında (məsələn, neft qurtaracaq) işlətmirəm. Mif bir anlayış kimi artıq dünyanın hər yerində keçərliliyi olan, kollektiv təhtəlşüurun malına çevrilmiş inancdır.

Müəllif yazır ki, bu dörd personajın hər biri öz kimliklərini özləri quran, inşa edən qəhrəmanlardır; onlar özlərini dini rəvayətlərə, dastanlara əsasən formalaşdıran köhnə epoxanın insanından tamam fərqlidirlər – individualdırlar, özlərinin öz yolu var, öz ideallarını hər şeydən üstün tuturlar.

Ləzzətlə oxunan bu kitab böyük bir ədəbiyyatşünasın dönə-dönə oxuduğumuz kitablara tamam fərqli, yeni baxış bucaqları təklif etdiyi, eyni zamanda, təhlilə çəkdiyi əsərlərin tematik tarixiylə bağlı zəngin informasiyalar verdiyi bənzərsiz mənbədir.

Bir gün ana dilimizə tərcümə olunması diləyi ilə!

# 3909 dəfə oxunub

Oxşar xəbərlər

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

15:30 21 oktyabr 2025
"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

17:00 20 oktyabr 2025
Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

15:50 20 oktyabr 2025
Şərq intibahı: Doğrular və Yalanlar  - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

Şərq intibahı: Doğrular və Yalanlar - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

12:00 19 oktyabr 2025
Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq  arasındakı əsas fərq

Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq arasındakı əsas fərq

15:00 18 oktyabr 2025
"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

12:30 18 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər