Məşhur müğənni həm Parkinson, həm də xərçəng oldu

Karli Saymon, müğənni

Karli Saymon, müğənni

29 iyul 2026
# 10:20

İllər əvvəl döş xərçənginə qalib gələn, "Qremmi" və "Oskar" mükafatlı dünya şöhrətli müğənni Karli Saymon ard-arda Parkinson və xərçəng diaqnozu aldığını açıqlayıb.

Kulis.az xəbər verir ki, "You're So Vain" mahnısı ilə xatırlanan Saymon deyib:

"Bir çox insan mənə yazaraq bu qədər uzun müddət səssiz qalmağımın səbəbini maraqlanır, necə olduğumu və nələr etdiyimi soruşurdu. Doğrusu, Parkinson xəstəliyi ilə yaşamağı öyrənirəm. Diaqnozu anlamağım, buna öyrəşməyim və bu barədə ictimaiyyətə nə qədər danışmaq istədiyimə qərar verməyim bir az vaxt apardı. Parkinson xəstəliyi hər kəsdə fərqli keçir və təxmin edilə bilməz".

Hərəkət qabiliyyətinin getdikcə pisləşdiyini deyən Saymon xəstəlik prosesini bu sözlərlə izah edib:

"Problemlər hər iki dizimdə və bir çanağımda yaranan artritlə başladı. Sonda üç oynağıma da protez taxıldı; köhnələri çıxarıldı, yerinə metal və plastikdən hazırlanmış incə hissələr yerləşdirildi. Üç protez əməliyyatından sonra yeriməkdə çətinlik çəkməyimin sağalma prosesinin bədbəxt və olduqca ironik bir hissəsi olduğunu güman etdim. Ancaq hərəkət qabiliyyətim getdikcə pisləşdi. Alçaq stullardan və dərin divanlardan kimsə mənə qolunu uzatmadan qalxmaqda çətinlik çəkirdim. Həddindən artıq yumşaq mebellər düşmənimə çevrildi. Oturduğum an sanki stul tərəfindən udulduğumu və orada əbədi qalacağımı hiss edirdim".

Saymon eyni zamanda üzündə "bazal hüceyrəli karsinoma" olduğunu öyrənib. Bazal hüceyrəli karsinoma bütün dəri xərçənglərinin təxminən 70 faizini təşkil edən ən yayılmış dəri xərçəngi növü kimi tanınır. Xərçəngli toxumanı götürtdürən Saymon bu əməliyyatın dağıdıcı nəticələrə səbəb olduğunu deyərək, "Əməliyyat xarici görünüşümə təsir etdi və cəmiyyət arasına çıxmaqdan daha çox çəkinməyimə səbəb oldu", – deyə bildirib.

Karli Saymon kimdir?

Karli Saymon 25 iyun 1945-ci ildə Nyu-Yorkda anadan olmuş məşhur amerikalı müğənni, bəstəkar və uşaq kitabları müəllifidir. O, 1970-ci illərdə böyük populyarlıq qazanıb. İfaçının ən məşhur mahnısı 1972-ci ildə yayımlanan və dünya hitinə çevrilən "You're So Vain" treki hesab olunur. Saymon 1988-ci ildə "İşgüzar qadın" (Working Girl) filmi üçün bəstələdiyi və ifa etdiyi "Let the River Run" mahnısı ilə eyni vaxtda həm "Oskar", həm "Qızıl Qlobus", həm də "Qremmi" mükafatını qazanan ilk sənətçi kimi tarixə düşüb. O, 2022-ci ildə Rok-n-roll Şöhrət Zalına (Rock and Roll Hall of Fame) daxil edilib.

# 72 dəfə oxunub

Oxşar xəbərlər

"The Beatles"in rəsmi saytında müəmmalı taymer

"The Beatles"in rəsmi saytında müəmmalı taymer

11:00 29 iyul 2026
Varşavadakı şirniyyat dükanından başlayan böyük sevgi – Mirzə Balanın naməlum həyatı

Varşavadakı şirniyyat dükanından başlayan böyük sevgi – Mirzə Balanın naməlum həyatı

10:00 29 iyul 2026
2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı

2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı

18:46 28 iyul 2026
Elşad Xose  psixiatriya xəstəxanasına yerləşdirildi

Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirildi

16:48 28 iyul 2026
Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

16:33 28 iyul 2026
 "Bəyaz durnalar"  kitabı işıq üzü gördü

"Bəyaz durnalar" kitabı işıq üzü gördü

15:33 28 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər