Üzü Şuşaya qılınan namaz: Mətn

Üzü Şuşaya qılınan namaz: Mətn
27 iyul 2020
# 12:41

Kulis.az cəbhə xəttində baş verənləri nəzərə alıb Şərif Ağayarın vaxtı ilə qələmə aldığı “Namaz” kompozisiyasını təqdim edir. Yazı internet resurslarında ilk dəfə yayımlanır.

NAMAZ

Ayaq altda Azərbaycanın xəritəsi. Üstündə işğal olunmuş bölgələrin, əsir və itkin düşənlərin, şəhid olanların adı yazılmış kağız, onun da üstündə Qarabağdan gətirdiyim balaca bir daş – möhür əvəzi... Göz yaşımla üzümə məsh çəkib üzü Şuşaya dayanıram...

İqamə

Allah böyükdür
vətən bölünməzdir
şəhadət verirəm ki Vətən şəriksizdir
şəhadət verirəm ki Vətən anadır
şəhadət verirəm ki Vətən üçün ölənlər
bu yurdun ən layiqli övladlarıdır
Qarabağa tələsin
nicat tapmağa tələsin
qurtuluşa tələsin
cihad başlandı
Vətən bölünməzdir
Vətəndən başqa Vətən yoxdur

Həmd

Böyük və rəhim olan Allahın adı ilə
ey bəndələr bilin və agah olun ki bizi satdılar
qardaşlarımızı öldürdülər
bacılarımızı əsir apardılar
yurdumuzu yağmaladılar
özümüzü didərgin saldılar
o kəslər ki bizi yiyəsiz bildilər
o kəslər ki başımızın üstündə tanrını görmədilər
bir Allah şahiddir ki qisas qiyamətə qalmaz
qiyamətə qalan qisasın cəzası ağır olacaq
ikitərəfli olacaq

Böyük və rəhim olan Allahın adı ilə
ey bəndələr bilin və agah olun
torpağı basılan kişi Tanrı qarşısında üzüqaradır
şəhid olanların Tanrı dərgahında yeri ucadadır
şəhid olmaqdan qorxmayın
vətənini sevən Allahını sevər
Allah böyükdür
vətən bölünməzdir

Rüku

Eşq olsun Vətənə
eşq olsun Vətənə
cəmi şəhidlərin
pak və müəqəddəs ruhuna
salamlar olsun

Qiyam

Allah bizi bağışlasın

Səcdə əvəzi

Vətən anadır və şəriksizdir
Vətən qarşısında baş əyirəm
Vətən bölünməzdir

İkinci rükət
(Qünut)

Ovcumun içinə baxıb gözlərimi yumuram: kəndimiz... evimiz... həyətimiz... babamın qəbri... evində diri-diri yandırılan Səfər əmi... qaçıb kəndin meşələrində gizlənən dəli Cəlal...əsirlikdə inləyən Səltənət... özünü qayadan atan Qəmzə arvad... Yazıq yurdum... Yetim məmləkətim...

Allah bağışlasın bizi
Allah keçsin günahımızdan
Allah böyükdür, bağışlayandır
Vətən bölünməzdir

Təşəhhüd

Şəhadət verirəm ki Vətəndən ayrı Vətən yoxdur
Vətən şəriksizdir
şəhadət verirəm ki şəhidlər Vətənin ən layiqli övladlarıdır
onların pak və müqəddəs ruhuna salamlar olsun

Salam

Salam olsun ədalət savaşında həlak olanların müqəddəs ruhuna
salam olsun Allahını və Vətənini sevən hər kəsə
salam olsun bütün məzlumların yumruq kimi birləşəcəkləri günə
Allah böyükdür
Vətən bölünməzdir

Dua: Yurdunda ölmək istəyən qocaların sozalan gözlərindən bizi hifz elə, İlahi... Əsirlikdə inləyənlərin, qəriblikdə torpağa tapşırılanların ahından hifz elə... Bizə nicat ver İlahi, nicat ver...

2001
Bakı

# 3868 dəfə oxunub

Oxşar xəbərlər

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
# # #