Karantin – kütlənin tənhalığı – Aqşin Yeniseydən yeni şeirlər

Karantin – kütlənin tənhalığı – Aqşin Yeniseydən yeni şeirlər
26 sentyabr 2020
# 15:18

Kulis.az Aqşin Yeniseyin yeni şeirlərini təqdim edir.

Cansıxıcı azadlıq

Sadəcə, açılan səhərlər...
Sadəcə, örtülən gecələr...
Cansıxıcı bir azadlıq...
Və hər səhər yüzlərlə ölüyə hamilə olduğundan
nəfəsi qoxan şəhərlər...
və hər gecə sivilizasiyanın Məşhərə danışdığı min bir gecə nağılları...
xəbərlər... xəbərlər...
Yalqızlıq zamanda gecələməkdi daha
tərk edilmiş kişiliyi,
əl dəyməmiş qadınlığı...
Bəzən saatlarla ilişib qalmaqdı axşam saat doqquza,
Səhər saat beşə
Bir tərəfi “heç vaxt” olmaqdı, bir tərəfi “həmişə”...
Oyuncaq tapançadan atəş açmaqdı sonra
Güzgüdəki gicgaha
Və hər gün yeməkdən əvvəl
İki damla göz yaşını qarışdırıb içməkdi köhnə, ilıq günaha
Sonra... sonra, məsələn, televizorda tamaşa etməkdi
Qədim və yorğun bir aha...
Həyat, guya, nədir ki, uzaqbaşı, əməyin təkamülü.
Məbədlərin gümbəzinə doldurulmuş o müqəddəs göy üzünə inanma!
Yarpaqların sənin deyil, tikanların sənindi, ey sevgili!
Ürəyimdə, gözümdə qalanlarım mənimdi.
Qabar mənimdi, məsələn, zəhmət yox.
Heç bir yaramın sahibi özüm olmadım.
Özünü vurmağı bacarmayan tüfəng kimi çarəsiz, səssiz
Cüt gözlə baxıram dostumun köksünə.
Ölümünü məndən gözləyən nə qədər doğma var bu dünyada...
Mən isə, mən yazıq...
gücü yalnız öz sahibinə çatan nankor bir ələm!
İnsan özü nədi ki, guya?
Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!
Ey mürdəşir!
Ölüncə hər kəs müqəddəsləşir.
Amma sən üstümüzdən yuma ömrümüzün kirini.
Şam kimi öz əzabımızda yuyunmuşuq biz!
Artıq hara gedirsən, get! Bütün şəhərlərdə ən ucuz su göz yaşıdır.
Artıq hara gedirsən, get ... getdiyin vidalaşacağın olacaq...
Görüşdüyün, ayrıldığın...
Oxuğun hər ilk nəğmə son nəğmən olacaq...
Əlvida, ey dünyanın hönkürtüsü dənizlər!
Əlvida, ey dünyanın nəriltisi dağlar!
Əlvida...

Karantin – kütlənin tənhalığı

İzdihamın yoxluğu daha üzücü bir boşluq...
Sanki, öz yalqızlığına yoluxdurub hər kəsi
ölmək bilməyən şair!
Günəşin pas atdığı zirzəmisində...
Bu qədər hiss olunmamışdı heç olmayan...

Kənd evi

Əldamında əhəmiyyətini itirmiş köhnə əşyalara baxıram;
Zamanın çürüyən cəsədlərinə.
Ölü əşya daha kədərlidi
Əllə tutulan bir yoxluğu var.
Və bu qədər qədim cansızın pıçıldaşdığı
Bu dam
Sonda yalnız xatirələrdən ibarət olan insan beyni kimi
Unudulub.
Köhnə bir kreslo da var;
Üstündə siçan oturub.
Xarab bir saatdan da baxır zamanın uşaqlığı
Onun əcdadlarıdı buradakılar
Özləri öz xatirələri olan bu tör-töküntü xalqı...

Şəhriyar Sarıca üçün

Gecədir, sanki, qonşu planetdədir uzaqdakı kənd evləri
Solğun işıqları - sükutdan ulduzlar...
Divlərin ümidi kimi... korun-korun.
Ağlayıb qurtarmışam uşaqlığımı... Unutmuşam...
Divlərin ümidi vardımı?
Mifik bir yalqızlıq var o uzaq pəncərələrdə
Sanki, öz dəbdəbəsindən qaçıb qədim saraylar...
Görən buralara gələndə onlar da bizim kimi sərxoş idilərmi,
yoxsa
Evlərin ümidi vardımı?

# 6860 dəfə oxunub

Oxşar xəbərlər

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

17:10 12 fevral 2026
Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

15:23 11 fevral 2026
Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

12:00 11 fevral 2026
İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

15:00 10 fevral 2026
Qumar masasında uduzulan şah əsər  - Qadınlar yaraşıqlı zabitləri qoyub niyə Puşkinə qaçırdılar?

Qumar masasında uduzulan şah əsər - Qadınlar yaraşıqlı zabitləri qoyub niyə Puşkinə qaçırdılar?

12:00 10 fevral 2026
Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

10:00 10 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər