Yaşar Nuri vəfat etdi

Yaşar Nuri vəfat etdi
22 noyabr 2012
# 11:02
Azərbaycanın xalq artisti Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra noyabrın 22-nə keçən gecə Mərkəzi Gömrük Xəstəxanasında dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, mərhum xalq artisti bu gün dəfn olunacaq. Vida mərasimi saat 13.00-da Akademik Milli Dram Teatrında başlayacaq. Saat 14.00-da isə mərhumla vida yürüşünə başlanılacaq. Xalq artisti saat 15.00-da dəfn olunacaq. Lent.az-ın əldə etdiyi məlumata görə, Yaşar Nuri I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası idi. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. "Azərbaycanfilm" kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirib, əcnəbi filmləri dublyaj edib.

Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilirdi.
# 2658 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər