Arvadını atdı, Antarktidaya getdi

Arvadını atdı, Antarktidaya getdi
27 iyul 2012
# 04:00
Mirmehdi AĞAOĞLU

Ömrü səfərlərdə, səyahətlərdə keçməmişdimi?

40 yaşına çatmışdı evlənəndə.

Bundan sonra “həvəsdi bəsdi” deyib rahat həyata qovuşmaq üçün səbəbi də vardı.

Bir oğlu dünyaya gəlmişdi.

Xoşbəxt ailə. Ata, ana və oğul.

Xoşbəxtliyin həyatına qədəm qoyduğu bir anda imtina elədi hər şeydən.

Sonu məchul bir səfərə çıxacaqdı.

Şərəfli, amma ölüm qoxulu bir səfərə.

Cənub qütbünə səfər edən ilk insan olacaqdı. Vətənin bayrağını sancacaqdı qütbə.

Qarlarla, buzlarla örtülü bir yer.

Şaxta, boran, tufan.

Üstəlik dünyada belə bir təcrübə də yox dərəcəsində.

Səfər üçün gətirdikləri Sibir atları da o soyuğa, o iqlimə dözə bilməyəcəkdi.

Amma yenə vaz keçməyəcəkdilər. Şaxtaya, soyuğa, borana qarşı şərəf yürüşündə bir addım da geri çəkilməyəcəkdilər.

Son yürüşə yalnız beş nəfər qalacaqdılar.

Ölkəsinin bayrağını Cənub Qütbünə sancmaq beş nəfərin həyatını şərəfləndirəcəkdi.

Amma.

17 yanvar 1912 –ci il.

Ekspedisiya nəhayət qütbə yaxınlaşır.

Göz aldıqca uzanan bəyaz boşluqda qara bir ləkə.

Qütbə sancılmış Norveç bayrağının verdiyi əzab qəlbə sancılmış xəncər kimidi.

Onlar ikinciydilər.

Birinci Amundsenin ekspedisiyası olmuşdu.

Nə etmək olardı?

Yanlarında onları ovunduracaq kimsələri yoxdu.

Bu qədər məhrumiyyətdən sonra zəfər badəsini başlarına çəkərkən kimsə əllərində qapıb almışdı.

Geriyə ağır bir yürüş gözləyirdi onları.

İtirdikləri təkcə qələbə idimi?

Yox.

Qida, yanacaq ehtiyatları da tükənməkdəydi.

Əvvəlcə bir yoldaşları uçurumdan yıxılıb başından ağır xəsarət aldı və öldü.

Sonra ikincisi. Ayaqlarını don vurmuşdu. Yeriyə bilmirdi.
Dostlarına yük olmaq istəmirdi.

Odur ki, çovğunlu bir səhər Hayd Parkı gəzməyə çıxırmış kimi çıxdı çadırdan.

“Bir az gəzəcəm” deyib görünməz oldu.
Heç kəs onu saxlamağa cürət eləmədi.
Nə edə bilərdilər ki?

Qalanlar ölümə məhkum deyildilərmi guya?

Bayırda 42 dərəcə şaxta vardı. Şiddətli çovğun bir addım belə atmağa imkan vermirdi.

Sığındıqları çadırları qəbirləri olacaqdı.

Son qüvvələri də aclıqla, soyuqla mübarizədə tükənəcəkdi. Ekspedisiyanın son iki üzvünün də ölümünə şahid olacaqdı o.
Kapitan Robert Falkon Skott.

Ləyaqətli bir kapitan kimi dostları üçün nə lazımdısa yerinə yetirəcəkdi. Ailələrinə məktub yazacaqdı. Sonuncu məktub öz aiələsinə ünvanlanacaqdı.

Soyuqdan əlləri titrəyə-titrəyə, ölümü gözləyə-gözləyə yazacaqdı bu məktubu: “Bu yolçuluqdan sənə danışacağım elə çox şey vardı ki! Amma bu qədərini edə bildim, bütün bunlar, sizin yanınızda, sizlərlərlə birlikdə xoşbəxtlik içində yaşamaqdan yaxşı idi!”.

Qəribədir. Sanırsan ki, heç olmaya ölüm mələyinin başının üstündə cövlan elədiyi, son nəfəsini dərdiyi anda peşman ola, qarlarla örtülü kimsəsiz bir çöldə deyil, evində, ailəsinin yanında olmağı arzulaya.
Amma yox. Bəzən insan qəlbini bürüyən ehtiras, əzm elə dərin, elə hüdudsuz olur ki, onu heç bir rahatlıq, heç bir firavanlıq yolundan sapdıra bilmir. Evində qoyub gəldiyi körpə ayaqları belə.

Bəşəriyyəti irəli aparan da bu insanların tükənməz ehtirasları deyilmi?

# 1672 dəfə oxunub

Oxşar xəbərlər

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

15:00 16 sentyabr 2025
"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

09:00 16 sentyabr 2025
"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

15:00 15 sentyabr 2025
Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər