Tövlədə yox, zəmidə - ARAŞDIRMA

Tövlədə yox,  zəmidə - ARAŞDIRMA
19 aprel 2011
# 11:07
LAYİHƏ: Yubiley filmlər

Bu layihədə yubileyi olan filmlər haqqında danışılır. Bu filmlər haqda gün üzünə çıxmamış faktlar oxucu ilə bölüşülür.

Layihədəki ilk film Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmidir.

Sovet rejimində qaçaqçılığın, qisasçılığın siyasi mahiyyəti açılmalı idi. Çünki feodalizmə qarşı mübarizə qaçaqlarla başlamışdı və kommunist ideologiyası üçün “qaçaq hərəkatı” öz mübarizələrini əsaslandırmaq üçün tarixi bir şans idi.

Biz bu gün bunu izah etməkdən uzağıq, sadəcə 25 illiyi tamam olan bu filmin çəkiliş proseslərində baş verən maraqlı hadisələri nəql edəcəyik.

Sovet səxavəti


O, vaxt, yəni filmin çəkilişləri gedən Sovet dönəmində ona daxil olan hər bir millətin öz tarixini, keçmişini, milli varlığını sübut edə biləcək filmlər çəkə bilmək imkanı var idi. Daha o imkandan necə istifadə etmək həmin millətin mədəniyyətini təmsil edənlərdən asılı idi. Və o vaxt tarixi filmlərə digər mövzuda çəkilən filmlərdən daha çox vəsait ayrılardı. «Atları yəhərləyin» filmin də həmçinin, həm kifayət qədər vəsait ayrılmışdı, həm də filmin çəkilişi gedişatında «zayavka» yazıb hansısa kadrı çəkmək üçün əlavə vəsait də tələb edə bilərdin.

Canavarla əlbəyaxa olmağa razı olan uşaq tapılmayıb

Film Şamaxıda və Qobustanda çəkilib. Süleyman Rüstəmin, Əhmədağa Muğanlının yazdığı, filmin rejissoru Şeyx Əbdül Mahmudbəyovun müdaxilə etdiyi ssenariyə əsasən film Qaçaq Nəbinin hələ 13-14 yaşında ikən çöldə canavarla əlbəyaxa olduğu səhnə ilə başlamalı idi, amma bu səhnəyə çəkiləcək uşağı tapa bilmədiklərindən belə bir gözəl kadrı çəkməkdən vaz keçməli olurlar.

Turabovu Qaçaq Nəbini oynamağa məcbur ediblər

Rejissor filmdəki baş rolu hələ tanınmamış aktyora həvalə etmək istəyirmiş. Rejissorun fikrincə bu səpkili obrazlar populyar aktyora verilməməli, tamam yeni sima bu rolu oynamalıdır. O vaxt Adil İsgəndərovun kinostudiyanın rəhbərliyindən çıxarılması ilə Şeyx Əbdül Mahmudbəyova qarşı da təzyiqlər varmış.

Hətta Həsənağa Turabovun baş rolu oynamasından imtina etməyini rejissorun «fəaliyyəti» adlandıran kinostudiya filmi onun əlindən almaq istəyirmiş. Rejissorun dostu və ustadı Turabovun işə qarışmağı, filmdə hətta ikinci rejissor funksiyasını boynuna götürməyi Şeyx Əbdül Mahmudbəyovu filmi itirmək təhlükəsindən xilas edib. Turabov nə bu filmdən əvvəl rejissor olmuşdu, nə də sonra olacaqdı.

Filmdə Turabov at çapmayıb

«Qorxma, mən səninləyəm» filminin çəkilişləri vaxtı atdan yıxılıb beyin zədəsi alan Həsənağa Turabov psixoloji qorxudan film boyu bir dəfə də olsun at çapmayıb. Ata yaxınlaşan kimi aldığı beyin sirkələnməsini xatırlayan aktyor geri çəkilirmiş. Bir gün Şeyx Əbdül Turabova ciddi-cəhdlə sabaha qədər özünü at çapmağa hazırlamağı tapşırır.

Sabah Turabov çəkiliş meydanına tək deyil, Sabir adlı bir cıdır məşqçisi ilə gəlir və üzünü rejissora tutub “sənə at çapa bilən Turabov gətirmişəm”-deyir. Beləliklə, atla olan bütün səhnələri qədd-qamətə və xarici görünüşə görə Turabova oxşayan məşqçi Sabiri qrimləyib çəkirlər.

Çəkilişdə Muxtar Afşarov həqiqətən yaralanıb

Muxtar Afşarov İran sərbazını oynayırdı. Qaçaq Nəbi ilə İran sərbazının dialoqu səhnəsində qəzəblənən Qaçaq Nəbi onu öldürmür, amma adətinə rəğmən öldürmədiyi şəxsi sillə ilə vurur. Bunu görən camaat sərbazı daşa basırlar. Qobustanda çəkilən kadrda rejissor çəkilişə baxmağa gələn camaatı kütləvi səhnələrə çəkirdi. Deyir ki, hərəniz bir xırda daş alıb atın Muxtar Avşarova, amma çalışın yan keçsin.

Bir uşaq yekə bir daşı götürüb çırpır aktyorun alnına. Alnını qan götürən aktyor əvvəlcə müvazinətini itirib yıxılır, sonra çəkilişi saxladıqlarını görüb qışqırır ki, “saxlamayın, çəkin, sonra alnımı rəngləyincə elə təbii qanı çəkin də…”

Qaçaq Nəbi at tövləsində yox, zəmidə qətlə yetrilib

Ssenariyə görə elə həyatda da olduğu kimi Qaçaq Nəbi at tövləsində qətlə yetirilməli imiş. Rejissor el qəhrəmanının ölümünü belə urvatsız verməyin əleyhinə çıxıb. Sonda əkin-biçinlə məşğul olan, torpağa bağlı adamları biçin zəmisində qətlə yetirməyin məntiqi olduğu nəticəsinə gəliblər.

Rasim Balayev filmi bəyənmir

Aktyorun fikrincə, film alınmayıb, qəhrəman barədə filmdə yalnız danışılır. Film qəhrəmanının haqqında danışılmaq üçün deyil, onun xarakterini açmaq, onu göstərmək üçündür.

Ənvər Həsənovdan oğurluq ediblər

Rejissor uzun fikirləşmədən Həcər obrazında üz cizgilərinin xarakterikliyinə, əsl Azərbaycan qadınına xas simasına görə Ənvər Həsənovun xanımı Möminat Qurbanovanı görüb. Ənvər Həsənov isə ilk dəfə bir yerdə «Dərviş Parisi partladır» filminə çəkildiyi və elə o filmdən sonra evlənib kinodan ayırdığı Möminat xanımı bir daha çəkilişə buraxmaq fikrində deyilmiş.

Şamaxıda çəkiliş vaxtı Ənvər Həsənov bir də görüb ki, Möminat Həcər qiyafəsində bir küncdən çıxdı. İşin «təşkilatçısı» Şeyx Əbdül Ənvər Həsənovun həm də ustadı olduğundan aktyor ustadına qarşı gedə bilməyib, zarafatla yalnız onu deyib ki, arvadımı oğurlamısınız...

O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar. Səbəb olaraq Qaçaq Nəbinin vaxtilə ermənilərə divan tutmasını göstərmişdilər. Lakin onlar Qaçaq Nəbiylə başqa bir qəhrəman olan Qara Nəbini qarışdırmışdılar. Uzun çək çevirdən sonra ermənilər məqsədlərinə çata bilmədilər. Yalnız filmin adının iki dəfə («Qanlı Zəmi», “Qaçaq Nəbi”) dəyişdirilməsinə nail ola bildilər. . Son variant isə “Atları yəhərləyin” oldu.


Ramilə Qurbanlı
# 1851 dəfə oxunub

Oxşar xəbərlər

Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

15:00 13 may 2024
Bu da bu cür həyatdır – Elçinin hekayəsi

Bu da bu cür həyatdır – Elçinin hekayəsi

09:05 13 may 2024
Qatarda - İsi Məlikzadənin hekayəsi

Qatarda - İsi Məlikzadənin hekayəsi

11:20 12 may 2024
Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

17:00 10 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırov məşhur yazıçıya niyə hirslənmişdi?

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırov məşhur yazıçıya niyə hirslənmişdi?

12:00 10 may 2024
Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

09:02 10 may 2024
# # #