"İnanmağım gəlmir ki, biz cənnətdəyik..." - Məşhur "Heaven" necə yarandı?

"İnanmağım gəlmir ki, biz cənnətdəyik..." - Məşhur "Heaven" necə yarandı?
29 noyabr 2026
# 13:31

Kulis.az "Miksteyp" rubrikasında məşhur "Heaven" mahnısı haqqında materialı təqdim edir.

1983-cü ildə Brayan Adams hələ bugünkü kimi dünya miqyasında tanınan ulduza çevrilməmişdi. Həmin il o, məşhur “Journey” qrupunun konsert turunda açılışçı kimi çıxış edirdi. Yüzə yaxın konsertdən ibarət bu uzun səyahət, qastrol avtobuslarındakı yorğunluq və səhnə arxasındakı sıx qrafik Adamsın yaradıcılığında dönüş nöqtəsi oldu.

O, daimi həmmüəllifi Cim Vallans ilə birlikdə “Heaven” ("Cənnət") mahnısını yazanda qarşılarında böyük kommersiya planları yox idi, mahnının nəfəsində "Journey"in “Faithfully” balladasının yaratdığı o səmimi, yorğun amma ümidli ab-hava duyulurdu.

Mahnının studiya taleyi də özü kimi gözlənilməz hadisələrlə dolu idi. 1983-cü ilin iyununda Nyu-Yorkdakı “Power Station” studiyasında səsyazma gedərkən zərb alətində çalan Mikki Karrinin başqa bir layihəyə görə vaxtı bitdi və o, sessiyanı tərk etməli oldu.

İş yarımçıq qalmaq üzrə idi ki, həmin vaxt Nyu-Yorkda olan "Journey"in zərbçisi Stiv Smit köməyə gəldi və mahnının ritmini tamamladı. İlk dəfə “A Night in Heaven” ("Cənnətdə bir gecə") filminin saundtrek albomunda səslənən bu mahnı filmin kassada uğursuz olması səbəbindən uzun müddət kölgədə qaldı.

Hətta 1984-cü ildə “Reckless” albomu hazırlanarkən prodüser Cimmi Ayovin mahnının albomun ümumi sərt-rok ruhuna nisbətən “çox yüngül” olduğunu düşünüb onu siyahıdan çıxarmağı məsləhət gördü. Lakin Adams son anda qərarını dəyişdi və “Heaven”ı alboma daxil etdi. Sonrakı illərdə mahnının “Billboard Hot 100” pilləsində zirvəyə qalxması göstərdi ki, bəzən ən səmimi əsərlər məhz tərəddüdlərin içindən doğulur.

“Heaven”ı sadəcə musiqi əsəri kimi yox, məhz sözlərinin yaratdığı daxili sığınacaq hissi ilə dinləyəndə onun niyə bu qədər yaşadığı aydın olur.

“Gənclik illərimizi düşünürəm, yalnız sən və mən var idik, gənc, coşğun və azad idik. İndi heç nə səni məndən ala bilməz, o yollardan əvvəl də keçmişik, amma artıq bitdi. Sən məni yenidən özünə çəkirsən".

Nəqəratda isə bu sığınacağın adı qoyulur: “Əzizim, istədiyim tək şey sənsən, qollarımda uzananda, inanmağım gəlmir ki, biz cənnətdəyik. Və sevgi ehtiyac duyduğum tək şeydir, onu sənin qəlbində tapdım, bunu görmək heç də çətin deyil, biz cənnətdəyik".

Mahnının davamında isə qəhrəman həyatın sınaqları qarşısında tək olmadığını hiss edir:

“Həyatda bir dəfə elə birini tapırsan ki, dünyanı baş-ayaq edir, kədərli olanda səni ayağa qaldırır. Bəli, heç nə mənim üçün daşıdığın mənanı dəyişə bilməz. Deyəcək çox sözüm var, amma sadəcə indi məni qucaqla, çünki sevgimiz bizə yol göstərəcək. Uzun müddət gözləmişəm, nəyinsə gəlməsini, sevginin yetişməsini. İndi arzularımız çin olur, yaxşı gündə də, pis gündə də. Bəli, yanında dayanacağam".

Mahnının mətninə diqqət yetirəndə ilk diqqəti çəkən məqam zamanın iki fərqli vəziyyətinin qarşılaşdırılmasıdır.

Birinci bənddə xatırlanan “gənc, coşğun və azad” günlər sərhədsizliyin, bəlkə də bir az ehtiyatsızlığın simvoludur.

“O yollardan əvvəl də keçmişik, amma artıq bitdi” ifadəsi isə keçmişdəki səhvlərin, sınaqların və ya çətin mərhələlərin arxada qaldığını bildirir.

Burada nostalgiya insanı keçmişə bağlayıb saxlamır, əksinə, indiki anın dəyərini daha aydın göstərmək üçün fon rolunu oynayır.

Nəqəratdakı “İnanmağım gəlmir ki, biz cənnətdəyik” misrası romantik klişedən daha çox daxili rahatlıq etirafıdır.

Müəllif cənnəti uzaq, əlçatmaz bir məkan kimi deyil, yaxınlıqda - sevdiyi insanın qucağında və qəlbində tapır. “Onu sənin qəlbində tapdım, bunu görmək heç də çətin deyil” cümləsi sevgini gizli bir sirr yox, aydın və açıq bir həqiqət kimi təqdim edir.

Mahnının sonrakı bəndlərində sözlər azalır, toxunuş və yaxınlıq önə çıxır. “Deyəcək çox sözüm var, amma sadəcə indi məni qucaqla” ifadəsi uzun izahların yersiz olduğu anı tutur. “Yaxşı gündə də, pis gündə də yanında dayanacağam” vədi isə bu hissi ötəri həyəcandan çıxarıb məsuliyyət və sədaqət müstəvisinə gətirir.

Brayan Adamsın “Heaven” mahnısı səs-küylü vədlər sıralamır. Əksinə, insanın özünü güvəndə hiss etdiyi o nadir, sakit anları sözə və melodiyaya çevirən sadə, amma təsirli bir etirafdır.

# 40 dəfə oxunub

Oxşar xəbərlər

"Hərə öz dünyasında olanda..."- Tahir Salahovun "Roma. Kafe "Qreko""su

"Hərə öz dünyasında olanda..."- Tahir Salahovun "Roma. Kafe "Qreko""su

12:27 29 noyabr 2026
"Tərifə ac olan zehni yıxmaq əhəmiyyətsiz bir şeydir..." - Horatsinin aforizmləri

"Tərifə ac olan zehni yıxmaq əhəmiyyətsiz bir şeydir..." - Horatsinin aforizmləri

13:00 27 noyabr 2026
Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

17:27 26 noyabr 2026
"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

16:32 24 noyabr 2026
Tavriya - Ulucay Akifin yeni hekayəsi

Tavriya - Ulucay Akifin yeni hekayəsi

12:09 24 noyabr 2026
Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

12:00 23 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər