Bu da bizim aldanışımızdır

Şəhriyar del Gerani, şair

Şəhriyar del Gerani, şair

18 iyun 2022
# 16:00

Kulis.az Şəhriyar Del Geraninin “İnanmağa dair...” yazısını təqdim edir.

Deyirəm, inam hissi ən təməl hissdir. İnamdan üstün heç nə yoxdur bu fani dünyada. Hər şey inanmaqdan başlayır. İnsani münasibətlərin də ən kökündə inam dayanır. Bir az düşünək bu haqda, bir neçə detalı yazacam.

Çox adam fərqində deyil inam hissinin. Amma əlinizi ürəyinizin üstünə qoyun və ucadan düşünün: Axıra qədər inandığınız neçə nəfər var həyatınızda? Cavabdan sarsılmayın. Bir, ya iki? O da ola, ya olmaya.

Ən ali varlıqlardan tutmuş, büsbütün münasibətlərin bətnində inanmaq dayanır. Allah da, dostluq da, sevgi də, ailə də, hamısı inama bağlıdır. Bir münasibətlərdə ki inam itdi, vəssalam, bitdi demək. Necə deyərlər, inandım ki, heç yox imiş fanidən aman.

Allaha inanmadınsa, sənin Allahın deyil. Atana inanmadınsa, övladı deyilsən. Anana inanmadınsa, anan deyil. Dostuna inanmadınsa, dostu deyilsən. Sevgilinə inanmadınsa, sevgilin deyil, övladına inanmadınsa, balan deyil. İnam yoxdursa, heç nə yoxdur demək. İnam itərsə, insan da bitər, tükənər, məhv olar bütün dəyərlər. İnam bizim içimizdəki gözlərimizdir. İnamı itmiş insan əl havasına yaşayar ömrünü. İnamın itməsi qədər dəhşətli heç nə ola bilməz münasibətlərdə.

Bəs, inanmaq necə baş verir?

Əslində, ilkin təəssürat ən mükəmməl təəssüratdır. Olsun. Di gəl, hisslər, duyğular dəyişə bilir axı zamanla. Vaxt keçdikcə nələrsə baş verir və inandığın adamın mahiyyətini görürsən, qarşı tərəfə inamın sarsılır. Yaxud, tam tərsi, zamanla kiməsə inamın artır. Bir də var heç nə baş vermədən inanmaq. Ruhani bir nəsnədir bu. Elə adam olur, ilk ünsiyyətdən ona bütün qəlbinlə inanırsan. Sanki Allah qulağına pıçıldayır, ona inan deyə. Nə qədər zaman keçsə də, nə qədər hadisələr baş versə də, görürsən ona inanmaqda nə qədər doğru seçim etmisən.

Ümumiyyətlə, insan inanmaq istədiyinə inanar adətən. İnanmaq istəməyəni heç bir məntiqlə, heç bir isbatla, heç bir intellektual ayinlərlə inandıra bilməzsən. İnanmaq qəlb işidir. Çox adam elə bilir inanmaq ağıl işidir, amma elə deyil. Ağlın gözü kor olur. İnsan ən çox ağlıyla inandığı zamanlarda yanılır. İnanmaq istəyirsənsə, qəlbinlə inanacaqsan.

Deyim ki, inamsızlıq ağır travmadır. İnsan beyni inamsızlığı heç bir zaman unutmur. İnam bir dəfə qırılır, xəbəriniz olsun. Bir insana ki bircə dəfə inanmadın, bir insan ki inamını bircə dəfə sarsıtdı, gerisi təfərrüat. Mümkün deyil onu bərpa etmək. Deməli, bizim şüurumuz yox, şüuraltımız inamla kodlaşıb. İnsan zəkası acizdir o inamsızlığı bərpa etməkdə. Buradan da belə nəticəyə gəlirik ki, həqiqətən də inam qəlb işi imiş, ağıl işi deyilmiş. Amma ağıllı insanlar heç vaxt inam hissini tərk etməzlər. Nə olursa olsun, nə baş verirsə versin, yenə də inanmağı seçəcəksən. İnamsızlıq virusunu beyninə tanıtdırdınsa, əzablar içində qovrulacaqsan zaman-zaman.

Əksəriyyət sadəlövh olmaqdan qorxur. Amma sadəlövh olmaqdan qorxmağa ehtiyac yoxdur. Adam elə sadəlövh olar əslində. Fırıldaqçı olub aldatmaqdansa, sadəlövh ol, aldan. Aldanmaq insanı güclü edir. Aldanmaqda həyat var, aldatmaqda puçluq. Həyat aldanışlardan ibarətdir. Kim özünü nə qədər gözəl aldatsa, kim özünü nə qədər mənalı aldanışa qurban versə, bir o qədər fərəhli yaşayacaq. Aldanmaqda fayda var. Aldanmaqdan qorxma.

Afrikada bir dostum yaşayır. Ölkənin və şəhərin adını yazmıram ki, pis başa düşərlər, yaxşı çıxmaz. Həm də etik deyil. Əsas olan hadisənin özüdür. Deyirlər, yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə həmin seçdiyin yola işıq salır. Demək, inamsız insan yol gedə bilməz, azar, qaranlıqda qalar, ürəyi partlayar, ölər. İnsan özünə inananda riskə getməkdən və yeni imtahanlarda sınanmaqdan qorxmaz. Özünəinam xoşbəxt və uğurlu bir həyat üçün şərtlərin ən vacibidir. Bəxtin iki övladı olub, deyirlər: Biri İnam, o biri isə Ümid. İnam və ümid olan yerdə xoşbəxtlik olar həmişə. Nəyəsə inandıqda və sənə inanıldığını görəndə insan xariqələr yaratmağa qadirdir. Onu deyirdim, dostum Afrikada yaşayır. Afrikanın elə bir ölkəsidir ki, məmləkətdə ağız deyəni qulaq eşitmir. Hır zıra qarışıb, zır hıra. Məqsəd də pozğunluğun təntənəsini yaratmaqdır. Cəmiyyət o qədər sırtılıb ki, normal bir adekvat adam tapıb söhbət edə bilməzsən deyir dostum. Üzümüzdən iraq, bildiyiniz və bilmədiyiniz bütün pisliklər yeridilib zehinlərə, zəhərlənib bütün insanlar. Təsəvvür edin, belə bir ölkənin də elə bir şəhəri var, hətta Allah belə unudub oraları. Orta məktəblərində narkotik satılan, bu murdar ticarətə də birbaşa polisin nəzarət etdiyi, narkotacirləri də polisin himayə etdiyi bir şəhər düşünün. Yenə də deyirəm, Allah uzaq eləsin, həqiqətən də dünyada belə yerlər var və belə hadisələr baş verir.

Bir daha deyirəm, hansısa ikinci, üçüncü imperiyaların kölələşdirib manqurta çevirmək istədiyi bir ölkədən danışıram. Mənim bu binəva dostum da gedib çıxıb oralara. Nə deyək? Taleyin işi. Allah köməyi olsun.

Deməli, həmin bu Allah köməyi olmuş binəva dostum, həmin o barbar ölkənin manqurtlar şəhərində bir təşkilat yaradıb. Təşkilatın təyinatı isə belədir: Uşaqlar və yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam həyata, idmana cəlb etmək, seminarlar təşkil edib pulsuz peşə tədrisləri vermək, intellektual klublar yaradıb cəmiyyəti maarifləndirmək, gülün gülü, bülbülün bülbülü çağıracağı bir məmləkət yaratmaq. İlk dəfə eşidəndə ətim töküldü. Gülümsədim. Düşündüm, İlahi, insan reallıq hissini nə qədər itirməlidir ki, belə “düşük işlər”lə məşğul olsun elə bir bambılı ölkədə. Sonra gördüm, yox, dostum özünü bu işə bərk inandırıb. Açığı, yazığım da gəldi. Müdrik adam olmadığımı bilirsiniz. Ona görə də dostuma izah etməyə çalışdım ki, özünü əbəs yerə belə işlərlə yorma, puçdur, heyifsən. Sənin nəyinə gərək, başıpozuq, kökübilinməz bir Afrika ölkəsində manqurtlar şəhəri sakinləri üçün cəfalar çəkirsən? Nuh dedi, peyğəmbər demədi. Gördüm yox, artıq çox gecdir. Onu da sel aparıb. Baş qoşmadım. Amma bir neçə gün fikrimi məşğul etdi bu olay. Ey dad-bidad, bir də dönüb baxdım öz halıma, öz günümə, öz güzəranıma. Guya mənim gördüyüm işlərin adı nədir? Dünya dəngəsinin bu qədər dəyişdiyi bir dövrdə mən nələrlə məşğul oluram? Kitab-dəftər, yazı-pozu, mənalar, məntiqlər, əxlaqlar, ədalətlər və bir yığın bu kimi zir-zibillər kimin nəyinə gərəkdir indiki dövrdə? Baxdım ki, mən də özümü buna inandırmışam. Baxdım ki, mən də özümü belə aldatmışam. Yadıma həmin o məşhur pritça düşdü. Bilirsiniz, amma xatırlamaqda da fayda olmamış deyildir.

Deyir, bir də görürlər mahalda çox yaxşı, çox nəcib, yaxşılıqda və nəciblikdə ad çıxarmış bir fəqirin evi yanır. Ürəyində mərhəmət hissi olan insanlar hərəsi bir tərəfdən çalışırlar yanğını söndürsünlər. Yekə, çox yekə, yalan olmasın eşşək boyda bir qarğa da oturubmuş budaqda, seyr edirmiş olanları. Qarğa görür hüşdürüm bir sərçə də gedib yaxınlıqdakı gölməçədən su gətirir, bir dimdik suyu atır alova, qayıdır, yenə gəlir, yenə gedir, bir də qayıdır, bir də gedir, bir sözlə, girinc qalıb odla su arasında. Bunu görcək qarğa sərçəni çağırır budağına, qəhqəhə çəkib deyir, ay hüşdürüm sərçə, nə özünə əl qatmısan, nə düşüklük eləyirsən ortalıqda? Sənin gətirdiyin bir dimdik su o boyda yanğına nə edəsidir ki? Sərçə də əsəbi olur o dəmdə, gərginlik də bir yandan, qan-tərin içində, cin vurur təpəsinə, qayıdır ki, ay qarğa, əvvəla düşük sənsən, sənin dədəndi, lap elə əcdadındır! İkincisi, mən də çox yaxşı bilirəm gətirdiyim o bir dimdik suyla o boyda alov sönəsi deyil, sadəcə, evi yanan o fəqir yaxşı və nəcib adamdır, o evlə bərabər onun həm də ürəyi yanır. Buna görə də mən baş vermiş bədbəxt bir hadisəyə münasibətimi bildirirəm sadəcə. Sən oturub marıtlayırsan, mən isə su daşıyıram öz çapımda.

Bu pritçanı ona görə xatırladıq ki, biz və bizim kimi insanlar da belə işıqlı, faydalı işlərlə məsələyə münasibətimizi bildiririk əslində. Bu da bizim mövqeyimizdir, bu da bizim inandığımız yoldur. Bu da bizim aldanışımızdır.

Əsas olan özünü nəylə aldatmaq deyil, əsas olan nəyə necə inanmaqdır. Əsas olan həmin inamın səni yaşatmasıdır. Elə cümlələr olub ki, o cümlələrin həqiqətinə çatıb sonra yazmışam. Elələri də olub, yazmışam, daha sonra həqiqətinə çatmışam. Ya da heç çatmamışam. Bilmirəm niyə belədir, əvvəllər heç düşünməz idim bu barədə. Amma son vaxtlar mənə elə gəlir ki, ədəbiyyat bir cümlənin həqiqətindən başlayır. Ola bilsin sən hadisəni bir cümləylə ifadə eləyə bilməzsən. Sözü bilən adam, söhbəti bilən adam, içində sözün inancı olan adam səni həmin o bir cümləndən tanıyar. Bu dünyada ədəbiyyatdan, yazı-pozudan savayı tutunacaq bir şeyləri olmayan adamlar ömür boyu həmin o bircə cümlənin əsiri olar. Onsuz da bu qərib binəvaları ayaqda saxlayacaq savayı heç nə yoxdur.

Bir dəfə yazmışdım bunu: İki vur iki dörd edirsə - riyaziyyatdır, beş edirsə - ədəbiyyat, yox elə iki olaraq qalırsa - həyat! Ona görə bizim kimi adamlar həmişə həyatdan qaçar, riyaziyyatı danar, ədəbiyyatdan isə öz istədiklərini alar, ədəbiyyata sığınarlar.

Adamları bir cümləsindən tanımaq olur. Bunu yuxarıda demişdim...

İnanmaqdan danışırıq. Qələm dostlarımızdan biri möhkəm xəstələnmişdi. Xəbər tutdum ki, xəstəxanaya yerləşdirirlər. Getdim. Digər dostlar da xəstəxananın girişində var-gəl edirdilər. Palataya qalxmaq üçün lifti çağırdım, liftdə tibb bacısı olan bibiylə qarşılaşdım. Bibi soruşdu ki, ay oğul, siz hamınız şairsiniz? Dedim, bəli, bibican, necə bəyəm? Siz də yazırsınız? Dedi, yox, ay oğul, mən Yusif Vəzir Çəmənzəminlinin qohumuyam, o xəstə oğlana da dedim bayaq...

Gəldim palataya. Bibi də mənimlə gəldi. Aclığı-susuzluğu varmı deyə soruşdum dostumdan. Çay olsaydı yaxşı olardı dedi. Bu dəm bibi – “Tefal gətirməmisiniz ki?!” - deyə reaksiya verdi. Dedim, bibi, narahat olma, sabah gətirəcəyik, xahiş edirəm, bircə bu günlük siz çayı kəm eyləməyin. Mən bibiylə bu kiçicik dialoqda ikən dostum xəstəlikdən sarsılmış səsiylə məhz belə əlavə elədi: "Şair, narahat olma e, bibi Çəmənzəminlinin qohumudur...”

Hə, düz fikirləşdiniz, elə mən də onu deyirdim. Xəstə qələm dostumuzun həmin vaxt həkimlərdən, tibb uzmanlarından, dava-dərmanlardan daha çox inandığı məhz həmin o bibiydi. Ona görə ki, bibi Çəmənzəminlinin qohumuydu. O, dostumuzu çaysız qoymazdı. Lazım gəlsə, lap elə müalicə edib sağaldardı da. Çünki bibinin zatında ədəbiyyat vardı. Dostum buna inanmışdı. Yuxarıdakı bir abzasda cümlənin həqiqətindən, özünü bir cümlə ilə ifadə etməkdən danışmışdıq. Qələm dostumun nə o hadisəyə qədər, nə də o hadisədən sonra özünü bir cümləylə bu qədər dəqiq ifadə elədiyini görmədim...

İnam hissindən danışdıq. İnanmaq mübarək duyğudur. Çalışın bir-birinizi inandırasınız. Hətta danışdıqlarınız yalan olsa belə, inandırıcı olun. Vacib olan təqdimatdır. Ən azı bu yalan dünyaya tapındığınız qədər inanın bir-birinizə. Amma həssas məsələlərdə aldatmayın bir-birinizi. Həqiqətən də, adamı üzən, adamın anasını ağladan aldanmaq deyil, adamı üzən, adamın atasına od qoyan odur ki, bir də inanmaq olmur. İnam bir dəfə qırılır. Bir adama ömründə cəmi bircə dəfə inanırsan. Bir adama iki dəfə inanmaq sadəcə mümkün deyil. İnamın təkrarı olmur...

İnan və yaşa. Başqa heç nə. Özünü gözəl aldat, gözəl inandır. Reallıq hissini itirmirik əlbəttə. Ən vacib məsələ bu ki, bir gün başa düşəsən, lap əslində özünü inandırdığın şeylərin hamısı böyük bir yalan imiş. Bax, gerçək həyat həmin o məşum gündən sonra başlayır. Həmin gün doğulursan öz həqiqətindən.

Qədim bir əsatirə görə uca Qaf dağında Simurq adlı bir quş yaşayarmış və o, əbədi odlar ilə yanarmış. Yanarmış və sonra da öz külündən yenidən, yenidən yaranarmış…

İnanmaq da belədir. İnanmaq – özünü öz külündən yenidən-yenidən yaratmaqdır həm də./oxu.az/

# 4134 dəfə oxunub

Müəllifin son yazıları

# # #