Alim, yoxsa şoumen? - Elm adamları necə bütləşir?

Alim, yoxsa şoumen? - Elm adamları necə bütləşir?
1 iyul 2025
# 10:40

Kulis.az Simran Qədimin yeni yazısını təqdim edir.

Populyar mədəniyyətin başlıca çatışmazlıqlarından, təhlükələrindən biri də məşhur insanları bütləşdirməsidir. Kiminsə məşhur olması, təbii ki, bütün mövzularda danışa biləcəyi anlamına gəlmir. Hər ulduzun fikirlərinə inanmaq, etibar etmək olmaz.

Bu, yolverilməzdir, cəfəngdir!..

Əslində, heç alimlər də bütün sahələrdə doğru və dolğun fikir söyləyə bilmirlər. Onlar hər mövzuya fikir bildirməsələr daha yaxşıdır. Elmin təməlində məhz “bilmirəm”ləri əvvəlcə etiraf etmək, ardınca da araşdırmaq dayanır. Ona görə də çəkinmədən "bilmirəm" deməkdən normal heç nə yoxdur. Axı hər alimin öz ixtisası var, amma...

Amma əgər söhbət populyar elmdən, elmi populyarizatorlardan gedirsə, burada mexanizm bir qədər fərqli işləyir, onları çal-çağırlı şou əhli ilə eyniləşdirmək olmaz. Aradakı əsas oxşarlıq ictimaiyyətin rəğbətini qazanan, sevilən, sayılıb-seçilən elm təbliğatçılarının da zamanla müğənnilər, aktyorlar kimi ulduza çevrilməsidir.

Ulduzlar isə daha çox adamın diqqətini çəkdiyinə görə daha çox adama xitab edə bilirlər.

Elmi populyarizatorlar tez-tez öz ixtisaslarından kənarlaşıb müxtəlif mövzulara girişsələr, bəzən sadəcə səmimi bir "bilmirəm" əvəzinə, ümumi, şablon fikirlərlə nəsə cavab verməyə çalışsalar, belə deyək, "hərşeyşünaslıq"la məşğul olsalar da, ortada bir həqiqət var: insanlar hər alimi dinləmək istəmirlər.

Ictimaiyyət məhz onların rəğbətini qazanan, sevilən, sayılıb-seçilən həmin ulduzları eşitmək istəyir, yalnız onlara inanıb etibar edir.

Əgər hər sual uyğun olaraq öz ixtisas sahəsini mükəmməl bilən, mövzunun lap dərinliklərinə qədər getməyə gücü çatan ayrı-ayrı alimlərə verilsə, kütləvi maraq azalacaq. Tanımadıqları adamlara (alim də olsa) əksər insanların nə qulaq asmağa hövsələləri var, nə də etibar etməyə inamları.

Həqiqəti təkrarlamaqda zərər yoxdur: kimsə bəyənsə də, bəyənməsə də, doğru da olsa, yanlış da olsa, elmi populyarizatorlar daha çox adama toxunurlar. Onlar bu gücü məhz şou sayəsində məşhurlaşmaqla qazanıblar.

Reallığı görməkdən boyun qaçırmaq reallığı dəyişmir.

Əgər elm carçıları yalan danışmırlarsa, ictimai fikri yanıltmağa cəhd göstərmirlərsə, bəzən sadəcə səmimi bir "bilmirəm"in yerinə səthi cavablar vermələrində qlobal miqyaslı qəbahət yoxdur. Hər alimdə bir səhv tapıb lağlağıya, “gözdənsalma kampaniyası”na başlasaq, heç nəyə nail olmayacağıq. Bununla onsuz da elmə yuxarıdan aşağı baxanların əlinə bəhanə vermiş olmuruqmu?

Əsas məsələ elmin laboratoriyalardan çıxıb cəmiyyətdə yayılmasıdır. Kimsə bu işdə faydalı ola bilirsə, ona ancaq və ancaq təşəkkür düşür.

Bəlkə də, sual belə qoyulmalıdır: populyar mədəniyyətin başlıca çatışmazlıqlarından, təhlükələrindən biri – məşhur insanları bütləşdirməsi elmi avtoritetlərin yaranması müstəvisində nə qədər keçərlidir? Ola bilərmi ki, faydası zərərindən çoxdur?

# 2232 dəfə oxunub

Oxşar xəbərlər

Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

16:09 11 may 2026
Aygün Kazımovanın məşhur mahnısı "Avroviziya"da

Aygün Kazımovanın məşhur mahnısı "Avroviziya"da

16:02 11 may 2026
Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

14:40 11 may 2026
"The Beatles"in sonuncu dəfə çıxış etdiyi bina nəhəng sərgi məkanına çevrilir

"The Beatles"in sonuncu dəfə çıxış etdiyi bina nəhəng sərgi məkanına çevrilir

12:56 11 may 2026
Rənglərin imperatoru, impressionistlərin qənimi

Rənglərin imperatoru, impressionistlərin qənimi

11:30 11 may 2026
Güllələrə sinə gərən təbəssüm: Üsyanın və sevginin peyğəmbəri Bob Marli

Güllələrə sinə gərən təbəssüm: Üsyanın və sevginin peyğəmbəri Bob Marli

10:20 11 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər