Fəlakət - Nazim Hüseynlinin povesti

Fəlakət - Nazim Hüseynlinin povesti
24 noyabr 2026
# 15:38

Kulis.az Nazim Hüseynlinin "Fəlakət" povestini təqdim edir.

Xocalı müsibətini yaşamış, 9 gün meşədə, 6 gün erməni əsirliyində cəhənnəm əzabı çəkmiş Abbasov Salman Məşədi oğlunun başına gələnlər əsasında yazılmışdır.

Fikrimdən bu yazını sənədli povest adlandırmaq keçdi. Arxivi, idarələri, məktəbləri, kitabxanaları, torpağından daşına, çınqılınacan hər şeyi, insanlarının bütün sənədləri yandırılmış, külə dönmüş Xocalı haqqında, onun amansız işgəncələrlə öldürülmüş, girov götürülmüş, əsirlikdə cəhənnəm əzablarından daha dəhşətli əzablara məruz qalmış qurbanları haqqında yazılan hər hansı bir yazını sənədli əsər adlandırmağın bir mənası varmı? Başdan-başa yandırılmış, külə dönmüş, hələ də azad edilməmiş o şəhərin dünyanın kar olmuş qulaqlarına çatmayan, eşidilməyən harayından, insanlıq adına ləkə olan faciə zamanı amansızlıqla qətlə yetirilən, girovluqda cəhənnəm əzablarından daha dəhşətli əzablara düçar edilən o insanların heç kimə çatmayan naləsindən daha tutarlı sənəd olarmı?!

1992-ci ilin 25 fevral günü. Xocalı. Son aylarda görünməmiş bir sakitlik. Həmin gün heç yerdən güllə səsi eşidilmədiyinə görə şəhərin küçələrində tək-tək adamlar görünürdü.

Salman Abbasovun ailəsi, digər ailələr Xocalıda onlara verilən fin evin yanında ekskavatorla yer qazması edib, üstünə plitə betonlar düzüb, onun üstündən də torpaqla örtüb güllədən, top mərmisindən qorunmaq üçün orada qalırdılar. Onlara verilən taxta evlər erməni gülləsindən dəlik-dəlik, şiltə-şiltə olmuşdu. Yer altında qalmalarının səbəbi də atılan bu güllələr, mərmilər idi.

Salman qonşuluqda yaşayan, onunla yaşıd olan Axıska türkü ilə rastlaşdı: – Salam, qonşu. Salamatsınızmı? – Əleykümsalam. Allaha şükür, hələ ki yaxşıyıq. – Bu gün sakitlikdi. – Bircə sakitlik olsun. Mart ayı gəlir. Əkmək, becərmək gərəkdi. Sakitlik olmasa, güllə yağışı altında necə işləyə bilərik?

1944-cü il noyabrın 14-dən 15-nə keçən gecə ermənilərin fitvası və Stalinin əmri ilə ana vətənlərindən amansızlıqla deportasiya edilərək yük vaqonlarında Orta Asiyaya göndərilən Axıska türklərinin başına böyük müsibətlər gətirildi. Bütün siyasi hüquqlardan məhrum edilmiş bu xalqın minlərlə övladı əzablı yollarda xəstəlikdən, sürgün həyatının dəhşətlərindən həlak oldu. Bütün bunlar azmış kimi, erməni mafiyası əli ilə 1989-cu ildə Özbəkistanın Fərqanə şəhərində Axıska türklərinin ikinci bir faciəsi törədildi. Türk türkü – özbəklər Axıska türklərini qətlə yetirdilər. Bütün Türk dünyasını sarsıdan bu hadisədən sonra Axıska türklərinin ikinci deportasiyası başlandı. Onların bir hissəsi Azərbaycana gəldi, müxtəlif rayonlarda, o sıradan Xocalıda yerləşdi. Dürüst, əməksevər, təsərrüfatçı, mərd insanlar kimi tanınan bu xalqın nümayəndələrinə Azərbaycanın hər yerində böyük hörmətlə yanaşırlar.

Salman dedi: – Düz deyirsən. Bizə sakitlikdən başqa heç nə lazım deyil. Çörəyimizi, dolanışığımızı daşdan da çıxararıq.

Düşünürdülər ki, yəqin, hökumətlərarası müqavilə var, atışmanı dayandırıblar.

Denən, sən saydığını say, qoy dursun, gör qudurmuş daşnaklar, onların havadarları nə sayır...

Salman kişinin ailəsi Əsgəran rayonunun Daşbulaq kəndində yaşayırdı. Kənddə 40 ev, qocalı-uşaqlı 317 nəfər əhali vardı. Bu kiçik kənd ermənilər yaşayan kəndlə qabaq-qabağa idi, arada çay axırdı.

Kolxozları bir idi, birlikdə işləyirdilər. Məktəbləri də bir yerdə idi, amma ayrıca Azərbaycan bölməsi fəaliyyət göstərirdi. Azərbaycan bölməsində 70, erməni bölməsində 40 şagird oxuyurdu. Azərbaycan bölməsində 11 müəllim işləyirdi. Məktəbdə şagirdlərin və müəllimlərin çoxunun azərbaycanlı olmasına baxmayaraq, direktor erməni idi.

Vaxt keçdikcə vəziyyət pisləşir, bütün azərbaycanlı müəllimlər, kolxozda vəzifə tutanlar işdən qovulurdu. Fəhləni, kolxozçunu da işə buraxmırdılar. Bu müsibətlə 2 il – 1990-cı ilədək ermənilərlə döyüşə-döyüşə, hər cür çətinliklərə qatlaşa-qatlaşa orada yaşadılar. Ermənilərin bəd əməlləri, təzyiqləri getdikcə daha da artırdı. Adamlar döyülür, təhqir edilir, evləri yandırılırdı. Bu vəziyyətə tab gətirmək mümkün deyildi. Məcbur olub hərə öz ailəsi ilə birlikdə kəndi tərk etdi, bir yana getdi. Salman kişi də 9 nəfər ailə üzvü ilə Xocalı rayonuna gəldi. Xocalıya təzə rayon adı verilmişdi. Xocalı ilə onların kəndinin arası 12 kilometr idi. Qıraq kəndlərdən gələn azərbaycanlılara qıraq erməni kəndlərinə bitişik yerlərdə fin evlər tikib verirdilər. Onlar da bir evə sahib oldular. Orada qaçqın türklər də vardı, qonşu idilər.

Xocalı ermənilər yaşayan rayon və kəndlərlə əhatədə idi, bir çıxış yolu işlənilirdi – Ağdam-Xocalı arası. O yol ilə ancaq kolonla gedib-gəlmək mümkün idi. Bu yoldan keçərkən də hər dəfə Əsgəran rayonunun erməniləri tərəfindən daşa basılır, maşınların şüşələri sındırılır, adamlar döyülür, yaralanır və öldürülürdülər.

Vəziyyət gün-gündən ağırlaşırdı. Xocalı əhatəsində olan kənd və rayonlardan Xocalı şəhəri hər gün dayanmadan top, qrad, alazan, pulemyot və avtomatlarla atəşə tutulurdu. Suya belə gedə bilmirdilər. Gecələr səhərə kimi postlarda durur, səhər postları dəyişirdilər.

Belə bir vəziyyətdə Xocalı özünümüdafiə dəstəsi yarandı. O dəstəyə sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Tofiq Hüseynov başçılıq edirdi.

Ermənilərin təzyiqləri günü-gündən çoxalır, vəziyyət getdikcə ağırlaşırdı. Şəhərdə ərzaq tükənirdi. Vaxtilə Əsgəranda Qarabağ xanı İbrahim xan tərəfindən tikilmiş qala qapıları ermənilər tərəfindən bağlandı, Xocalının istifadə olunan yeganə çıxış yolu – Ağdam yolu qapandı. Xocalının ümidi hər tərəfdən kəsildi. Ümid bir vertolyota qalmışdı, o da hər dəfə gələndə ermənilər tərəfindən gülləyə tutulurdu. Erməni mərmiləri Xocalı şəhərindəki çörək zavodunu dağıtmışdı. Elektrik kəsilmişdi, qaz xətləri partladılmışdı. Heç kimə, heç nəyə ümid qalmamışdı. Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən xəmir kündəsi paylanılırdı: hər 4 nəfərə 2 dənə. Salman kişinin 9 nəfər ailə üzvünə sutkada 4 dənə xəmir kündəsi verilirdi. Hamı kimi onlar da bu kündələrdən çörək bişirib yeyir, aclıqlarını birtəhər ötürürdülər. Bir vaxt o da tükəndi. Bir neçə dəfə Gəncə şəhərindən vertolyotla Xocalıya çörək göndərildi. O vertolyot da ermənilərin mərmilərindən, güllələrindən imkan tapıb yerə enə bilmirdi, çörəkləri havadan yerə tökərək qayıdırdı. Düşən çörəklərdən götürə bilənlər götürürdü, götürə bilməyənlər yenə də ac qalırdılar.

O vaxt Ağdamda oturub başçılıq edən Tamerlan Qarayevin həmin günlər guya camaata təskinlik verərək dediyi sözlər Salman Abbasovun yadından heç vaxt çıxmaz: – Əsgəran rayonunu az vaxtda götürüb Ağdamla Xocalını birləşdirəcəyəm.

Hələ belə bir sözü də vardı, xocalılılara deyirdi: – Siz çayı hazır edin, mən çay soyumamış Əsgəranı götürəcəyəm, sonra gəlib sizinlə çay içəcəyəm.

Şuşada oturan Rəhim Qazıyev də hərdənbir Xankəndinə bir-iki qrad atıb “mən də varam” deyirdi. – Torpaqlarımızın alınması-satılması bizim o vaxtkı nankor böyüklərimizdən oldu, – deyir Salman kişi. Təkcə omu? Yox, sağ qalmış bütün xocalılılar, xalqın əksəriyyəti.

Nə isə, vaxt yavaş-yavaş yaxınlaşırmış, hələ dəhşətli, pis günlər qabaqdaymış...

Xocalı kəndlərinin hamısı işğal olunmuşdu. Xocalı ortada tək qalmışdı. Meşəli, Cəmilli, Malıbəyli, Quşçular, Kərkicahan və başqaları. Hamısını ermənilər yerlə yeksan etmişdilər. Ortada Xocalı qalmışdı: tək, yalqız, heç kimin köməyinə çatmadığı Xocalı...

Atəş səslərinin eşidilməməsi nəticəsində yaranmış sakitlik davam edirdi.

Demə, bu axşam ermənilər tankları, topları, Xankəndində olan 336-cı atıcı diviziyanın bütün sursatını Xocalının dörd bir tərəfində qırğına hazırlayırmış. Ona görə də atəş səsi yox idi.

Bu sakitlik çox çəkmədi.

Gecə saat 11-də birdən güclü atəş başladı. Salman kişi başını yeraltı qazmadan çölə çıxardı. Elə dəhşətli dolu yağırdı ki... Lakin dolu yağan mərmilərin qabağında heç nə idi. Salman kişi qayıdıb içəri girdi. Evdəkilərə dedi ki, ermənilər hücum edib, onlar ya bizi qıracaq, ya da əsir götürəcəklər.

10 gün əvvəl Gəncə şəhərindən böyük vertolyot gəlmişdi. Qocalardan, uşaqlardan vertolyota sığan qədər yığıb iki reys aparmışdılar. O vaxt Salman kişinin oğlu Çərkəz Əlif Hacıyevlə birlikdə aeroportda polis işləyirdi. Çərkəz o zaman ailədən iki nəfərini zorla vertolyotun pəncərəsindən içəri salıb Gəncəyə yola salmışdı. Salamat qalan onlar oldu.

Fevralın 25-i gecəsi Çərkəz aeroportda, qalan 7 nəfər evdə idi. Salman kişinin himayəsində olan 60 yaşlı sonsuz bacısı da onların arasındaydı. Salman kişi, bacısı, qızları Məruzə, Mənsurə, Nərgiz, yoldaşı Bəsti, gəlini Gülüzar bir-birinin əlindən tutub evdən çıxdılar. Heç nə götürmək mümkün olmadı. Salman kişi ancaq evdə olan 8000 manat pulu götürə bildi.

Evin altı dərə idi. Dərəyə düşüb oradan sürünə-sürünə özlərini daşdan hörülmüş otaqların arxasına verdilər. Baxdılar ki, ətrafda heç kim yoxdur, ölən ölüb, qaçan qaçıb. Kəndin arası meyitlərlə dolu idi. Yanan evlərin, atılan mərmilərin işığından gecənin qaranlığı səhərə bənzəyirdi.

Kəndi çıxandan sonra yolun sağında olan alma bağına düşdülər. Oradan Xocalıya gəldilər. Ətrafda ermənilərin: – Ura! Ura! – səsləri eşidilirdi.

Oradan aeroport görünürdü. Aeroport od içində yanırdı. Xocalı şəhər rabitə şöbəsi həmin yerdə idi. Özlərini ora çatdırdılar. Rabitənin qabağı insanlarla dolu idi: yaralanan, ölən, qanı axan, uşağını itirən, ailəsindən ayrı düşən insanlarla. Ağız deyəni qulaq eşitmirdi...

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Elman Məmmədov da orada idi. Rabitəçi qızlarla Şuşadan, Ağdamdan kömək istəyirdi. Şuşadan cavab ala bilmədi. Ağdam belə cavab verdi: “Bir qrad atanımız var. O da Ağcabədi rayonuna yas yerinə gedib. Buradan kömək gözləməyin”.

Bu cavabı eşidən Elman Məmmədov camaata belə dedi: – Kim necə qaça bilir, qaçsın, canını qurtarsın. Bizə heç bir yerdən kömək yoxdur.

Ora yığışan insanlar hərə özü bildiyi tərəfə üz tutdu. Salman kişi də 7 nəfər ailə üzvü ilə birlikdə böyük asfaltı keçib dəmiryol körpüsünün altından çaya endi. Çayda su çox idi. Heç bir yerdə keçmək üçün imkan yox idi. Özlərini suya vurub keçmək istədilər. Əsir düşməmək üçün ölümə belə razı idilər. Qışın buz kimi suyuna paltarlı, ayaqqabılı girdilər, o taya keçdilər. O tay Kətik meşələri idi. Meşələr qalın qarla örtülmüşdü. Həm də sərt, dik meşə idi. Bacısı çətinliklə qalxırdı. 9 yaşlı Nərgiz böyük bacısı Məruzənin kürəyində idi. Böyük çətinliklərlə meşəni xeyli qalxdılar. Saat 3-4 radələri olardı. Dağa qalxdıqca duman qalınlaşırdı. Qar ağacların budaqlarını torpağa qədər əymişdi. Sudan çıxan ayaqları qarın içində bir daha donmuşdu. Bu məşəqqətlərə baxmayaraq, onlar hərəkət edirdilər. Başa düşürdülər ki, dayanmaq hamılıqla ölməkdir.

Hava yavaş-yavaş işıqlanırdı. Duman seyrəlirdi. Dayandıqları ucalıqdan Xocalı görünürdü: şəhər od içində yanırdı, hər tərəf tüstü içində idi. Arabir də güllə səsləri eşidilirdi.

Onlar Ağdamın Şelli-Abdalgülablı kəndlərindən birinə çatmaq üçün dayanmadan hərəkət edirdilər. Həmin gün hər yeri dolandılar, meşədən, qardan bir çıxış yolu tapa bilmədilər. Salman kişinin aeroportda polis işləyən oğlu gəldi, meşədə onları tapdı. Çərkəzin yoldaşı Gülzar da onlarla idi. Salman kişi Çərkəzdən Xocalıdakı vəziyyəti soruşdu. – Ata, aeroportu aldılar. Yoldaşlarımızdan bir neçəsi öldü. Əlif Hacıyev aeroportu düşmənin əlinə keçməsin deyə partlatdı. Qalan yoldaşlara da dedi ki, siz gedin, camaatı xilas etməyə çalışın. Nə yaxşı ki, sizi tapdım, ata. Xocalını yerlə yeksan etdilər. Ölənlərin sayı yoxdur. Nə qədər adamı əsir götürdülər. Əsir düşməkdən ölsək, bu meşələrdə qırılsaq, yaxşıdır.

Beləliklə, axşam oldu, səhər açıldı. Heç bir tərəfə çıxa bilmədilər. Ayaqlarından ayaqqabılar çıxdı, töküldü. Ayaqları şişmişdi, ayaqqabıları daha ayaqlarına gəlmirdi. Ailəliklə ayaqyalın qaldılar.

Üçüncü gün idi. Yenə də getməyə başladılar. Qar çox qalın idi: iki hissə qar yağmışdı, birinci yağan qar donmuşdu, ikinci yağan qar isə yumşaq idi. Bəzi yerlərdə birinci qara batırdılar, bəzi yerlərdə batdıqları qardan zorla çıxırdılar. Hamısının ayaqları anadangəlmə lüt idi, dizlərə qədər donmuşdular, hissiyyat yox idi. Balaca Nərgiz acından çörək deyib ağlayırdı, ancaq gözlərindən çıxan yaş dərhal soyuqdan donurdu. Salman kişi ağac burclarını yığıb, əzib zorla ona yedirdirdi. Hamısı taqətdən düşmüşdü. Ancaq can şirin şeydir, yenə də getməyi üstün tutdular ki, bəlkə, bir yerə çatalar. Ağdama tərəf necə gedəcəklərini bilmirdilər. Çox getdilər. Meşənin ətəyində bir kənd göründü. Fikirləşdilər ki, yəqin, Ağdamın kəndlərindəndir. Lakin elə olmadı. Erməni kəndi imiş. Pusquda duran erməni cəlladları onları gülləyə basdı. Həmin vaxt dəstədən 12 nəfər ermənilərin hədəfinə tuş oldu. Salman kişinin 60 yaşlı bacısı ilə birlikdə. Qalanlar yenə də qarlı dağlara üz tutdular. Meyitlər elə oradaca qaldı...

Gecələr keçdi, günlər ötdü. 7 sutka tamam oldu, ac-susuz, ayaqyalın, başıaçıq. Salman kişinin ailəsi də 80 nəfərlə birlikdə dağdan aşağı hərəkət etdi. Hamı taqətdən düşmüşdü. Gecə təxminən 1-2 radələri olardı, bir erməni kəndinin başı üstündəki dağa çatdılar. Kəndin bəzi evlərində işıqlar görünürdü, itlər hürür, xoruzlar banlayırdı. Meşədə oğlu ölmüş bir baba nəvəsini kürəyində gətirirdi. Baba artıq uşağı yolda atdı. Uşağın 5-6 yaşı olardı. Uşaq meşədə çığıra-çığıra qaldı...

Onlar təpənin başına yığışanda erməni köpəkləri duyuq düşdülər və dəqiqəsi ilə bu insanları mühasirəyə aldılar. Salman kişi ailəsi ilə birlikdə bir çalada gizlənmişdi. Erməni cəlladları özlərini yetirdilər və xocalılıları əsir götürməyə başladılar. Tutulan tutuldu, qaça bilən qaçdı. Tutulanları söyə-söyə, döyə-döyə avtomat qabağında apardılar. Azacıq etiraz edəni, yaxud müqavimət göstərəni yerindəcə güllələyirdilər.

Salman kişigili tapa bilmədilər. Ətrafa sakitlik çökəndən, səs-səmir kəsiləndən sonra Salman kişi və onunla birlikdə olanlar gizləndikləri yerdən çıxdılar. Başlarını qaldırıb baxanda heç kimi görmədilər. Daha orada heç kim yox idi. Salman kişi 3 qızı, arvadı, 2 Xocalı qadını ilə birlikdə idi. Düşündü ki, yəqin, Allah bizə tərəfdir, ələ keçmədik. – Dayanmaq olmaz. Qalxın, görək hansı tərəfə gedirik, – dedi.

Meşəyə qayıtmağa taqət qalmamışdı. Onlar bir-birinin paltarından tutub üzüaşağı kəndə tərəf sürüşə-sürüşə endilər. Çox sıldırım bir yamac idi. Onların ayaqları altından qopan daş-çınqıl uçub dərəyə tökülürdü. Sürüşüb xeyli endilər. Salman kişi çönüb arxaya baxanda gördü ki, qızlarının ikisi yox olub. Geri dönüb 15-20 metr yuxarı qalxdı. Gördü ki, ikisi də buradadır, başlarını bir-birinə söykəyib yuxuya getmişlər. Onları durğuzub gətirdi o biri qadınların yanına. Fikirləşdi ki, erməni postu kəndin kənarlarında olar, kəndin içindən keçsək, yaxşıdır. Elə də etdilər. Ayaqları yalın olduğu üçün səs-səmir salmadan kəndi keçdilər. Bir asfalt yolu ötdülər. Ağdamın işıqları gur-gur yanırdı, o işıqlara doğru Allaha yalvara-yalvara gedirdilər.

Balaca Nərgizin axır nəfəsi idi, ölüm ayağındaydı, daha kürəkdə durmurdu, sürüşüb düşürdü. Getdikləri yer düzənlik, əkin yeri idi. Qarla örtülmüşdü. Qarın işığı hər yeri işıqlandırmışdı. Yavaş-yavaş Ağdamdan görünən işıqlara doğru irəliləyirdilər. Qabaqda böyük daşlı təpə göründü. Salman kişi hiss etdi ki, burada post olacaq. Ancaq geri dönməyə imkan yox idi. Ona görə ki, arxada erməni kəndi yerləşirdi. Yenə də irəlilədilər. Qayalıqdan boğuq bir erməni səsi eşidildi. Aradakı məsafə 100 metr olardı. Bir də bağırdı: – Ara, kimsiz, durun görüm.

Qaçmağa imkan yox idi: hamısı qadın, uşaq. Ayaqları da əti tökülmüş sümüklər. Salman kişi naçar qalıb yaxşı bildiyi erməni dilində cavab verdi: – Ara, hinçecanım yesum Vartannım.

Salman kişinin ermənicə danışmaqda məqsədi o idi ki, düşmən elə bilsin, onlar ermənidirlər. Keçib getsinlər. Amma belə olmadı. Düşmən Salman kişi ilə erməni dilində danışdı. Salman kişi ermənicə təmiz bilirdi. Lakin qaniçən cəlladlar qar işığında qadınları görüb işin nə yerdə olduğunu başa düşdülər, onları gülləbarana tutdular və göz qırpımında yanlarında oldular. 11 nəfər idilər. Hamısı avtomatlı, köhnə rus əsgəri geyimində. – Kimsiniz, hara gedirsiniz? – deyə soruşdular.

Onlar bu insanların kim olduğunu bilirdilər, özləri qəsdən soruşurdular.

Balaca Nərgiz sürüşüb yerə düşmüşdü, qarın üstündə uzanıqlı idi. Dığanın biri soruşdu ki, o uşaq ölübmü? Salman kişi dedi, elə ölüm ayağındadır, daha bədən soyuyur. Dığalardan biri çox danışırdı, yəqin, komandir idi. Onlara qəzəblə baxıb dedi: – Ara, torkların uşaqlarının da üzü it üzüdür. Onlar ölməz, gərək əlnən öldürəsən. Nəyiniz var, verin, – deyə qışqırdı: – Yoxsa özüm axtarıb alacağam. Tez olun. Elə etməyin ki, sizi deşik-deşik edim.

Qadınlar qorxudan əsə-əsə nələri var – üzükləri, boyunlarındakı qızılları – söküb erməni dığasına uzatdılar.

Dığa Salman kişi tərəfə çönüb ondan soruşdu: – Sənin nəyin var? – Məndə xeyli pul var. Amma səndən bir xahişim var, bu pulu götür, 8000 manatdır, ancaq bu qadınları burax getsinlər. Məni hara aparırsan apar, öldür, kəs başımı. 8 gündür meşədəyik, bu qadınlara yazığın gəlsin. – Ver bəri görüm. – Batareyanı üzünə tutdu.

Onun ağzında olan qızıl dişləri hiss etdi, pulu alıb: – Hələ səndə çox şey var alınası, buranın yeri deyil, – dedi və yenə Salman kişiyə bağırdı: – Əllər yuxarı.

Salman kişi əllərini yuxarı qaldıranda erməni cəlladı onun yumşaq yerinə bir təpik ilişdirdi. Salman kişinin bədəninə güclü bir isti gəldi. Qızlarını, yanındakı qadınları düşünən Salman kişi ağır bir cavabla onu söyməkdən özünü güclə saxladı və huşunu itirdi. Gözünü açanda gördü ki, üzünə qar töküb onu ayıldırlar...

Onları qabaqlarına qatıb həmin kəndə gətirdilər. Böyük bir mal tövləsinə saldılar. Hələ səhər açılmamışdı, tövlənin içində iki yerdə ocaq yanırdı. Ocaqların işığı fermanı işıqlandırmışdı. Gördülər ki, onlarla meşədə olanlar buradadır. 70 nəfərə qədər adam olardı. Salman kişi gördü ki, nə oğlu Çərkəz, nə də onun yoldaşı Gülzar burada yoxdur. Düşündü ki, yəqin, ikisini də öldürüblər. Ocağa yaxınlaşdılar. Onları gətirən dığalar hamısını fermadakı silahlılara təhvil verib geri döndülər. İşıqda nə görsələr yaxşıdır: hamısının ayaqlarının əti tökülüb, sümüklər qalıb. Ayaq üstə dayanmağa daha taqətləri qalmamışdı. Bir tərəfə çəkilib, bir küncə qısılıb qaldılar...

Səhər açıldı, hamı bir-birinə qarışdı. Ağlayanların, sızlayanların səsindən qulaq tutulurdu. 30 qadın, 40 kişi idi. Salman kişinin ailəsi hamıdan pis gündə idi. Erməni zabitləri içəri doldular və əmr etdilər ki, kim səsini çıxartsa, atın. “Burada gərək səs-küy olmasın”, – dedilər. Qadınlarla kişiləri bir-birindən ayırmaq əmri verdilər. Silahlı soldatlar yaxınlaşıb əsirləri ayırdılar, hər dəstəni bir küncə yığdılar. Onların komandiri birindən soruşdu: – Ara, axşam o meşədə qalan uşağı gətirdinmi? – Yox, komandir, qalxıb avtomatla səsini kəsdim. Torkun nə uşağı, nə böyüyü. Böyük də uşaqdan olur, – deyib komandirə cavab verdi. – Afərin, ağıllı oğlansan, elə lazımdır. – Komandir belə deyib getdi.

Bundan sonra adi paltarda iki dığa girdi içəri. Birinin əlində ağac var idi, ancaq biri boş idi. Həmin ağac gərməşov idi, qırılmırdı, yay kimi idi. Soldatlara “avtomatları ayaqda saxla” komandasını verdilər. Bu iki nəfər cavan erməni başladılar kişiləri döyməyə. Biri ağacla, biri də əllə, təpiklə. 30 nəfər kişidə bir islahat qoymadılar, bir neçəsinin qolu sındı, başlar partladı, qan su yerinə axdı, axırı əldən salandan sonra çıxıb getdilər. Yenə arvadlar, kişilər bir-birinə qarışdı, göz yaşları qanla bərabər axırdı. 3 gün belə işgəncələrə məruz qalan insanları tövlədə bir yerə toplayıb 7 nəfər cavan oğlan seçdilər: 4 nəfər Məshəti türklərindən, 3 nəfər Azərbaycan oğullarından. Təxminən hərəsinin 22-25 yaşları olardı. Bunları tövlədən çölə çıxartdılar. Aradan yarım saat keçmişdi. Qalanları da arvadlı-kişili avtomatın qabağına qatıb çölə çıxartdılar. Dedilər ki, siz də baxın, görün torklar necə ölür. Gördülər ki, gənclərin yeddisini də cərgəyə düzüblər. Hər nəfərə bir avtomatlı da 20 metrlikdə silahı onlara tuşlayıb əmr gözləyir. Əmr verildi, avtomatlar şaqqıldadı, oğlanlar doğranmış pencər kimi yerə töküldülər. Əllərini meyitlərə vurmadılar, ekskavator gəlib hamısını itələyib hazır xəndəyə tökdü. Qalan əsirləri isə yenə də qaytarıb tövləyə yığdılar.

Ermənilərin qaniçən əsgərlərinin əsirlərin yanına hər gəlişi onların başına bəla gətirirdi. Elə bir gəliş olmurdu ki, kimlərinsə döyülməsi, hansı bir əsirinsə öldürülməsi ilə müşahidə edilməsin...

Budur, yaşlı bir kişi əllərini göyə qaldırıb Allaha dua edir. Görəsən, o, Allahdan nə diləyir? Yəqin ki, yanındakı xısın-xısın ağlayan arvadı, anasının qucağında yuxuya getmiş 6 yaşlı qızı ilə birlikdə əsirlikdən – ermənilərin əlindən sağ-salamat qurtarıb düşmənin əli çatmayan yerlərə getmək. Evi, yaşadığı şəhəri yandırılmış, oda qalanmış, tanıdığı adamların çoxu öldürülmüş, girov götürülmüş bu insanın başqa nə arzusu ola bilərdi?

O hələ duasını qurtarmamış əli avtomatlı iki erməni əsgəri içəri girdi. Bu dua edən adam onların diqqətini tez cəlb etdi. Onun yanına gəldilər. Biri əlləri göydə olan, dodaqları altında nə isə pıçıldayan bu adama təpik vurub dedi: – Allahından nə arzulayırsan? Bizə pislik edilməsini? – Yenə təpikləməyə başladı.

Kişi duasını başa çatdıra bilmədi. Onu sürüyüb çölə apardılar. Yarım saat keçdi, bir saat keçdi. Kişini qaytarıb gətirmədilər. Qız oyanıb hönkür-hönkür ağlayan anasına baxdı. Atasını axtardı. – Atam hanı? Mən atamı istəyirəm, – deyib ağlamağa, qışqırmağa başladı. Anası onu sakitləşdirmək, əli ilə onun ağzını örtüb səsini ermənilərin eşitməsinə mane olmaq istədisə də, mümkün olmadı. Qız daha bərkdən qışqırmağa başladı: – Mən atamı istəyirəm. Atam gəlsin! Atam gəlsin!

Bayaqkı ermənilər qayıdıb gəldilər: – Niyə sakit olmursunuz? Ölümünüzün tez gəlməsini istəyirsiniz?

Uşaq yenə qışqırırdı: – Mən atamı istəyirəm. Atam gəlsin! Atam gəlsin!.. – Sən atanı görmək istəyirsən? – İstəyirəm! İstəyirəm! İstəyirəm!.. – Gəl gedək, sənə atanı göstərəcəyəm. – Uşaq anasının qucağından düşüb erməni əsgərinin ardınca getməyə başladı. Anası ona çatıb əlindən tutdu, bayıra çıxdılar.

30-35 metr getmişdilər ki, qız ağaca sarınmış, qanı axıb qarı qıpqırmızı etmiş atasını gördü: – Ata, – deyib qışqırdı və ona sarı cumdu. – Qızım! – xeyli qan itirsə də, ermənilərin verdikləri əzablar qarşısında duruş gətirən ata bağırdı.

Erməni qızı tutub saxladı: – Əgər atan səni çox istəyirsə, biz deyəni söyləsin. O dəqiqə onun qollarını açacağıq, səninlə görüşməsinə icazə verəcəyik. – Ata! Mən səni çox istəyirəm! Onlar deyəni söylə, səni buraxsınlar. – Qızım! Onlar deyəni söyləməkdənsə, mənim ölməyim yaxşıdı. – Ara, biz sənə nə deyirik ki? Denən, Qarabağ ermənilərindi, səni buraxaq. Burda nə çətinlik var? Onsuz da Qarabağ ermənilərindi və həmişə ermənilərin olacaq. – Bunu heç vaxt görməyəcəksiniz. Bəzi torpaqlarımızı ələ keçirsəniz də, bu, müvəqqəti olacaq. Azərbaycan əsgərləri sizi bu yerlərdən gec-tez qovacaqlar. – Təqsir özündədi. Bu sözləri deyənin yaşamağa haqqı yoxdur. Mən axmaq az qalırdı ki, uşağın ağlamasından yumşalıb qollarını açım, səni öldürməyim.

Kişini bağladıqları ağacın yanına qoyduğu vedrəni götürüb içindəki mayeni onun başından aşağı tökdü. Ana və qız elə zənn etdilər ki, əzizlərinin başına qışın bu qarlı günündə soyuq su töküblər. Qışqırıb daha bərkdən ağlamağa başladılar.

Erməni əsgəri kibriti çəkib atanın üstünə atdı. Üstünə neft tökülmüş atanı alov bürüdü...

Qız qışqırıb özündən getdi. Erməni saçlarını yolub nalə çəkən anaya: – Ya küçüyünü də götür, adamlarınızın yanına get, ya da... – dedi. Avtomatı ona tuşladı.

Ana: – Yaxşı, gedirəm, – dedi və huşsuz uşağını qucağına götürüb geri qayıtdı...

Axşam düşdü, səhər açıldı, 4-cü sutka gəlib çatdı. Yenə avtomatın qabağına qatıb əsirləri bayıra çıxardılar. – Maşına minin, – dedilər. – Sizi dəyişməyə aparırıq.

Heç kim inanmırdı. Düşünürdülər ki, onları aparıb bir xəndəyə tökmək, üstlərini torpaqlamaq istəyirdilər. Heç kim maşına minə bilmirdi. Ona görə ki, heç kimdə taqət və əl-ayaq qalmamışdı. 30 kişini maşının arxasında bel-belə yığıb arvadları onların üstü ilə maşına mindirdilər və sonra kişiləri ölmüş meyitlər kimi iki nəfərlə tutub maşına tulladılar. Nə isə, 60 nəfəri bir maşına doldurdular. Böyükləri əmr elədi ki, bunları Əsgəran rayonunun milis şöbəsinə aparın, mən də gəlirəm.

Maşın yola düşdü. Pircamal kəndindən aralandı. Xeyli gedəndən sonra maşın dayandı. Bura Əsgəran rayonunun milis şöbəsi idi. Həmin komandir özünü yetirdi. Maşının dal qapısı açıldı. Komandir əsgərlərə əmr elədi: – Arvadlar maşında qalsın, kişiləri aşağı tökün.

Elə də oldu. Kişiləri seçib, itələyib bir-bir maşından tökdülər. Yenə də qapı bağlandı, arvadlar maşında qaldı. Kişiləri beş-beş bölüb KPZ-lərə doldurdular. Aradan çox keçmədi, içəri iki nəfər milis girdi. Birində avtomat, birinin əlində isə tapança var idi. Onlar içəri girən kimi tapançalı milis divara bir patron atdı və həmin dəqiqəsi Pircamal kəndindən gələn komandir başını içəri salıb: – Qırın türk köpək oğullarını, – dedi.

Onları yenidən döyməyə başladılar. Salman kişi huşunu itirmək üzrə idi. Başına avtomatın arxası ilə vurulan kimi gözlərinə qaranlıq çökdü. Gözünün biri artıq görmədi. Dişlərini qırdılar və sol tərəfdən dörd qabırğası sındı. Sürünüb divarın bir küncünə qısıldı. Daha o biriləri ilə məşğul oldular. Həmin dəqiqələrdə qalstuklu bir erməni içəri girdi: – Salman Abbasov hansınızsınız? – deyib gözlədi.

Halsız Salman kişi başını qaldırıb işarə etdi ki, mənəm. Gəlib onun qolundan tutdular, sürüyüb çölə çıxardılar. Qalstuklu erməni dedi ki, səni dəyişməyə aparıram. Bura milis şöbəsinin arxa tərəfi idi. Uzanıqlı Salman kişinin gözləri təsadüfən ermənilərin bir nəfərin başını kəsdiklərini gördü. Adamın ayaqları-əlləri sarıqlı idi. Üstündə iki nəfər dizləri ilə saxlamışdılar və birinin əlində böyük xəncər onun başının üstündə dayanmışdı. Yəqin, əmr gözləyirdi. Salman kişi elə zənn etdi ki, onu da başını kəsməyə aparırlar. Onu həmin qalstuklu erməni bir başqası ilə birlikdə sürüyüb milis şöbəsinin qabağından keçən böyük asfalta gətirdilər.

Onları gətirən maşın həmin yerdə dayanmışdı. Salman kişini maşına yaxınlaşdırıb arxa qapını açdılar. Maşına tulladılar. İçində heç kəs yox idi. Ancaq Salman kişinin oğlu Çərkəzin meşədə bacısı Məruzəyə verdiyi hərbi buşlat maşının içində idi. Cibindəki saat hələ də dayanmadan çık-çık işləyirdi. Salman kişi buşlatın üstünə başını qoyanda hiss etdi ki, bu paltar onun oğlunun verdiyi buşlatdır. Görəsən, oğlu haradadır? Onun hamilə yoldaşının vəziyyəti necədir? Arvadı, qızları, o biri qadınlar əsirlikdən xilas ola bildimi? Bu suallara cavab axtaran, tapa bilməyən Salman kişini başqa bir sual da düşündürürdü: onu maşına gətirən erməni adını haradan bilirdi?

Nə isə, onu maşına atandan sonra maşın tərpəndi. Salman kişi daha özündə deyildi. Ölümünü gözləyirdi. Maşın postda dayandı, o iki nəfəri düşürdülər, yolu göstərdilər. Onlar getdilər. Rus soldatları Salman kişini qucaqlarında maşından endirib yerə saldılar və qucaqlarında xəndəyi keçirib Ağdam tərəfə qoydular. Salman kişinin gözü iki metrliyi zorla seçirdi. Bundan o yana heç nəyi görə bilmirdi. Qulağına azərbaycanca səs gəldi: – Götürün, tez olun, atırlar.

Salman kişi elə bircə bu sözləri eşitdi, sonra huşunu itirdi...

Ayılanda gördü ki, Ağdam xəstəxanasındadır. Həkimlərdən biri başını qoyub dizinin üstünə, biri ayaqlarında işləyir, biri isə başının qanını təmizləyir. Həkimlər ayağını sarıyırdılar.

Onun vertolyotla Gəncəyə gedən uşaqları Ağdama gəlib xəstəxanada onu axtarırdılar. Ancaq Salman kişi pis gündə olduğuna görə onu tanımırlar. Halsız Salman kişi əli ilə onlara işarə edir. Uşaqlar ona tərəf dönüb tanıyırlar. Salman kişi onlardan qızlarını soruşur, Çərkəzi soruşur. Deyirlər ki, arxayın ol, hamısı xilas olub. Ölən bir gəlinimiz Gülüzardır. Çərkəz gəlir. Əhvalatı danışır. Deyir ki, biz mühasirəyə düşən vaxt Gülüzara güllə dəydi, çəkib bir xəndəyə saldım, bizi tapmadılar. Səhərə kimi meyitin yanında qaldım. Səhər üstünü qarla örtüb meşəyə qalxdım, gecəni gözlədim, axşam düşəndə birtəhər Şelli kəndinə endim. Yaxşı ki, ermənilər məni görmədi. Gülüzar hamilə idi: 8 aylıq. Onunla birlikdə bu uşaq da erməni gülləsinə hədəf olmuşdu.

Salman kişi öyrəndi ki, arvadlar dəyişilən zaman həyat yoldaşı Bəsti Abbasova deyib ki, mən getmirəm, məni də qaytarın Əsgərana, mənim yoldaşım orada qalıb, öldürəcəklər. Məni də qaytarın, onunla birlikdə ölüm.

Ağdam batalyonunun komandiri Allahverdi yazıb bir rusla verib ki, Abbasov Salman təcili Əsgərana gəlməlidir. Salman kişinin adını buna görə bilirdilər.

Salman kişini ailəliklə Bakıya aparırlar. Xocalı faciəsini yaşamış bu ailədən ancaq Çərkəz salamat idi. Qalan beş nəfəri Respublika Xəstəxanasına çatdırdılar. Həkimlər onları müalicə etməyə başladılar. 4 nəfərin dizdən aşağı ayaqları yox idi, don vurmuşdu, ayaqlarında ət yox idi, tək sümüklər qalmışdı. Bir müddət müalicə olunandan sonra 4 nəfərin hər iki ayaqları pəncədən kəsilir. Hamısı dabanları üstə qalır. 3 ay müalicə olunurlar.

Salman kişi və onun ailə üzvləri bu həkimlərə minnətdardırlar. Onların sayəsində bu ailənin üzvləri ikinci dəfə həyata qayıtdılar. Bu 4 nəfərin hamısı ikinci dərəcəli əlildir.

Yandırılmış, əhalisi soyqırımına məruz qalmış Xocalının ölümün pəncəsindən qurtula bilmiş sakinləri ölkənin müxtəlif rayonlarına səpələndi. Salman kişi də ailəsi ilə 23 il Oğuzda yaşadı. Sonra onlara Ağdam rayonunda salınmış qəsəbədə ev verdilər. Lakin başqa qaçqın və köçkünlər kimi Salman kişinin də arzusu Xocalıya, dədələrinin, babalarının qəbirləri olan o işğal edilmiş torpaqlara qayıtmaqdır.

9 gün meşədə, 6 gün erməni əsirliyində olan Salman kişi orada gördüklərini – özünün və digər xocalılıların başına gələnləri tez-tez xatırlayır. Onun tez-tez yadına düşən hadisələrdən biri: – Baba, məni burda qoyma, məni də özünlə apar, – deyib qışqıra-qışqıra ağlayan Mehdi ilə bağlıdır.

Neçə gündən bəri meşədə dolaşan dəstəni soyuq, aclıq əldən salmışdı. Bir uşağı neçə gün belində daşıyan babasının 60-70 yaşlı qardaşı yorulub əldən düşmüşdü. Onun belindən sürüşüb yerə düşən uşaq: – Baba, məni də götür, – deyib qışqırır, ağlayırdı. Lakin kişi geri dönmürdü, yəqin ki, onu yerdən qaldırmağa, qucağına götürüb, çiyninə alıb aparmağa heyi qalmamışdı. Ağdama getmək istəyən xocalılıların bir hissəsini əsir götürmüş ermənilər tezliklə bu dəstəni də ələ keçirir. Atası qohumundan soruşur: – Mehdi hanı? Mənim balama nə olub? – Meşədə, bax, orada belimdən sürüşüb düşdü, gətirə bilmədim.

Ata təpənin üstünə qalxıb: – Mehdi, Mehdi, – deyə çağırır.

Meşədən səs gəlir: – Ata! Ata!

Ata səsə sarı getmək istəyəndə onu güllə ilə vururlar. Babası qabağa çıxıb ermənilərə deyir: “Mənim nəvəm orada qalıb. Qışqırığı, atasını çağırması eşidilir. Qoyun gedib onu gətirim”. Erməni deyir ki, mən gedib ora baxacağam, o çığıran uşaq sənin nəvənsə, gətirib onu sənə verəcəyəm, yalan deyirsənsə, sənin nəvən deyilsə, gəlib səni öldürəcəyəm.

Dəstəni kəndə aparıb tövləyə salırlar. Xeyli sonra cavan bir erməni əsgəri uşağı gətirib babasına verir.

Mehdi adlı o uşaq böyüyüb. İndi polisdə işləyir. O deyir: – Biz bütün torpaqlarımızı, eləcə də Xocalını azad edəcəyik. Xalqımız, ordumuz buna qadirdir. Amma biz tarixi, keçmişi hünərlə dolu mərd bir xalqın övladlarıyıq. Qoy ermənilər bilsin ki, biz torpaqlarımızı azad edərkən ancaq xalqımızın qanını axıdan o cəlladları məhv edəcəyik, heç bir qadına, qocaya, uşağa əl vurmayacağıq.

Salman kişinin polisdə işləyən oğlu da bu fikirdədir. Azərbaycan oğulları, Azərbaycan əsgərləri erməni cəlladlarını son nəfərinədək torpaqlarımızdan qovmaq əzmindədir. Lakin onlar da Mehdi kimi, Salman kişinin oğlu kimi heç bir qadına, qocaya, uşağa əl vurmayacaqlar.

***

Bu, Salman kişinin ailəsinin hekayəsidir. “6000 nəfər azərbaycanlının, türkün yaşadığı Xocalı şəhəri 366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən yerlə yeksan edilmiş, yandırılmış, soyqırımına məruz qalmışdır. Bu soyqırımında 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 1000 nəfərdən artıq adam şikəst olmuş, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başları kəsilmiş, gözləri çıxarılmışdır”. Bu insanların, Xocalının hər bir ailəsinin, hər bir Xocalı sakininin öz hekayəsi var. Salman kişinin ailəsinin hekayəsi kimi. Minlərlə belə, bəziləri bundan daha dəhşətli hekayələr... Onların hamısı yazılmalı, gələcək nəsillərə çatdırılmalıdır ki, başımıza gətirilən müsibətləri, faciələri unutmayaq və belə soyqırımına bir daha imkan verməyək.

“Oğuz yurdu”, 31 may, 15 iyun, 30 iyun sayları

# 48 dəfə oxunub

Oxşar xəbərlər

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Terrorçu Monte Melkonyan haqda filmin nümayişi ləğv edildi - Rusiyada

Terrorçu Monte Melkonyan haqda filmin nümayişi ləğv edildi - Rusiyada

15:23 24 noyabr 2026
“Tame Impala” “ARIA Awards”da 7 mükafat qazandı

“Tame Impala” “ARIA Awards”da 7 mükafat qazandı

15:14 24 noyabr 2026
Kərbəla ilə Xocalının adını yanaşı çəkməyi təhqir hesab edənlər – Nurəddin Mehdixanlını niyə söyürlər?

Kərbəla ilə Xocalının adını yanaşı çəkməyi təhqir hesab edənlər – Nurəddin Mehdixanlını niyə söyürlər?

15:00 24 noyabr 2026
Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi

Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi

14:46 24 noyabr 2026
Cennifer Lopezin konserti  televiziyada təqdim olunacaq

Cennifer Lopezin konserti televiziyada təqdim olunacaq

14:12 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər