Qəriblik yad ölkənin havasından başlayır - Rüstəm Kamal yazır...

Rüstəm Kamal

Rüstəm Kamal

3 mart 2023
# 16:00

Hava da yuxu kimidir: yozulur və sonra yaddaşdan pozulur.

Qərara gəlmişdim ki, bir dəftər tutub yuxularımı və hava haqqında gündəlik müşahidələrimi, düşüncələrimi yazım. Cəmi bir neçə günü qeyd etməyə imkan oldu. Üç gündən sonra yuxularım perik düşdü...

Hava mənim içimdə, mən havanın içində (türk şairi Kəmaləddin Kamunun misralarını dəyişdim).

Qəriblik yad ölkənin havasından başlayır.

Adamları da havaya görə təsnifləndirmək olar: qar adam, yağmur adam, yel adam, duman adam...

Havadan danışanda, havadan şikayətlənəndə babamın acığı tuturdu. "Dərdiniz-azarınız yoxdu, Allahın işinə qarışırsınız?" - deyirdi.

Çən-çiskinli yağış yağanda qarımış qızlar, dul arvadlar yenə qarğayır, - babam belə deyirdi.

Dişi buludlar qara olur, ağ yağışlara hamilə olur, erkək buludlar isə bəyaz və qısır olur.

Höte "Şərq küləyinin nəğməsi" şeirini Frankfurtdan Heydelberqə gedərkən vaqonda yazıb. Müşfiq "Küləklər" şeirini nə vaxt və harda yazıb? Şeirin yaranma tarixini təxmini necə müəyyənləşdirmək olar?

Səməd Vurğun göz (vizual) yaddaşındakı, Müşfiq qulaq (səs) yaddaşındakı havaları təsvir edirdi.

Azərbaycan poeziyasında yalnız Müşfiq küləkləri yaşına və xarakterinə uyğun epitetlərlə şərəfləndirib: çılğın küləklər, sərsəri küləklər. Külək Müşfiqin avtobioqrafik-simvolik obrazlarından biridir.

Səməd Vurğun evinin üç simvolik "hava durumu": Səməd Vurğun - "qar", Yusif Səmədoğlu - "külək", Vaqif Səmədoğlu - "yağış".

Çingiz Aytmatovun və İlyas Əfəndiyevin qəhrəmanları daim mahnı oxuyurlar, çünki ovqatları və situasiyalar hava durumuna uyğun gəlir.

Kənd və şəhər adamlarının hava yaddaşı fərqli olur. Atam keçən ilin martında əriyin çiçəklərini dolu vurduğunu bütün yayı şikayətləndi, amma şəhərdə yaşayan əmim Moskvanın qar-çovğununda, Vnukovo aeroportunda iki gün gecələməsini bircə dəfə, o da sözarası xatırladı.

Səhər mehi musiqi kimidir: hər dəfə fərqli tonda-tembrdə "oxuyur".

Alma çiçəyinin yuxusu çin oldu - bu səhər yaz yağışı bir qızın pəncərəsini nəmləndirdi.

Yağış həmişə adətən kəndin kənarından səpələməyə başlayır, amma mütləq kəndin ortasında kəsir.

Babam danışırdı: Dağda sürü qara-çovğuna düşdü - özümü itirmədim.

Gecə selləmə yağışlar binəni yuyub apardı - təmkinli oldum. Amma bir gecə atla kəndin köhnə qəbiristanlığından keçirdim, şimşək çaxırdı, göy şüşə kimi çilik-çilik olurdu, yağış qızıl ilan kimi qəbir daşlarının arasında qıvrılırdı. yalnız onda bərk qorxdum.

Azərbaycanda hər şəhərin öz göy üzü var. Bakıda buludlar qara, tutqun və ağır, ulduzlar görünməz olur. Dənizdən külək əsməsə, yerindən qəti tərpənməz. Amma Təbriz buludları isə açıq-bəyaz, elə azad hərəkət edir ki, göylərin ənginliyini ovcunun içi kimi görürsən.

Göyçə aşığı ömür mövsümünü yaylaqlarda qarın yağması və əriməsi ilə müəyyənləşdirirdi və inanırdı ki, "gədiklərdə qar əriməyə başlayıbsa, deməli, yaylağa köçmək vədəsidir".

"Kitabi-Dədə Qorqud"da dan yerinin təsvirinin ilk cümləsi: "Salqum - salqum tan yelləri əsəndə" ("salqum" - qədim türkcəmizdə "sərin" deməkdir). Dan yelləri xeyir xəbərin müjdəçisi, qara yellər bəd xəbərin işarəsidir.

Qara yel insanın sol tərəfindən, ağ yel sağ tərəfindən gəlir. Solaxayların qara yel ilə arası yaxşı olur.

1980-ci ilin bir günəşli, sakit sentyabr axşamı idi. Göy üzü dumduru idi, quşlar, ağaclar hüzur içində idi. Axşamdan Babəkar dağının başında ilişib qalmış burma-burma buludlar kəndi yavaş-yavaş mühasirəyə aldı, boğanaq oldu. Qəfil hardansa qara yel başladı əsməyə, dörd yol ayrıcında burulğana çevrildi. Ot tayalarını dağıtdı, qara çəpərlərin tikanında yun kimi didik-didik elədi.

Güllər cijim (nənəmizə "ciji" deyirdik) tez aynabənddəki güzgünün üstünü şal ilə örtdü.

Qara yel əsəndə Güllər cijim təlaş içində təkrarladı: "Allah, sən saxla, Allah, sən saxla! Görən, yenə kimi çırasını (çırağını) söndürdü? Bu qara yel kimin canına qıydı!"

Ondan ötrü qara yel yalnız küləyi bildirmirdi, həm də "qara ruh"un, ölümün başqa bir adı idi. Bir dəfə gəlin uşağa "səni qara yel aparsın!" deyib qarğamışdı, onu bərk danlamışdı.

Qara yel necə gəldisə, elə də getdi. Dəyirman dərəsindən keçib, sarı, tösmərək təpələrdən aşıb, Kəkil dağının quzeyində gizləndi. Və bu qara yelin arxasınca atamın ölüm xəbəri gəldi.

# 1070 dəfə oxunub

Müəllifin son yazıları

# # #