Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.
Pişiklərin sevmədiyi adamam
Pəncəsiylə vurur məni
Səkidəki toppuş pişik
Əndişəyə düşüb
Qərar verirəm tələsik:-
“Bəlkə yaxşı adam deyiləm daha
Bəlkə qəlbim kirlənib
Nə duyub, nə hiss edib məndə
Bu yupyumşaq varlıq
Mənə hirslənib?”
Xoşuma gəlmir
Pişiklərin sevmədiyi adam olmaq
Qəfil kədər çökür sinəmə
Xeyirxahlığa inamımı itirdiyimi xatırlayaraq.
Sulara qərq olmadan
Atın məni dənizlərə
Fani dünya sizə qalsın
Kayahan
Borc əlindən yox
Dənizdə boğulsa bu adam bəlkə
İzinə daha çox düşəcək ölkə
Suda qayıqlar, gəmilər
Dalğıclarla
Havada helokopterlərlə
Hər kəsdən
Hamıdan gərəkli olacaq
Qısa müddətə də olsa
Oysa
Heç kimin görmədiyi adamıydı
Nə qədər sağıydı...
Beşcə yaşında idim
Atam görmürdü məni
Kiçik qardaşımdaydı gözü
Mən Araz çayında axınca
Çaşqın-çaşqın arxamca baxınca
Qiymətli olmuşdum birdən
Sahildə qardaşımı buraxaraq əlindən
Sulara cummuş
Məni çayın əlindən almışdı
Yoxsa sel Saranı aparmışdı
İstərdim sulara qərq olmadan
Görsünlər
Duysunlar
Sevsinlər məni.
***
Şiddətli yağır yağış
Eyni şiddətlə oxuyur torağay
Günəşin uğrunda təkbaşına döyüşür
Qapqara buludlarla.
Küsdümgülü olmaq
tez-tez itirirəm həssaslığı
ağlaya bilmirəm nə vaxtdır
biganəyəm ən dərdli şeirlərə
sığallamıram pişikləri küçələrdə
miyoldaşıb sırnaşdıqlarında ayaqlarıma
geri çəkilirəm
uşaqlara baxanda açılmır ürəyim
əksinə düşünürəm:
nə əcəb belə dünyaya uşaqlar gəlir
günah özlərindədir
təəccüb edirəm hamilə qadınlara
necə ərinmirlər
hardan ilham alıblar deyə
küsmüşəm
amma küsdümgülütək
gah açılır
gah yumuluram
hərdən olur
hər şeyi yenidən başlamaq həvəsi gəlir
ürəyim dirçəlir
qanadlanacaq kimi
amma sonra mənə yenə bir şeylər olur
göyqurşağı çətirimdəki
bütün rənglər solur
küsdümgülütək küsmüşəm
toxunmayın mənə
ucadan danışmayın mənimlə
zilləməyin gözlərinizi
saxtakar baxışlardan da bükülürəm
sevgisiz baxışlarınıza küsdümgülü belə dözərdi
mən dözmürəm
adamlar dözülməz olanda
gözəgörünməzlik iksiri içib
hamıdan gizlənərdim
onda qonşum da ittiham eləməzdi
saymazlıqda
salam-kalamsızlıqda
qonşum bilmir küsdümgülü olduğumu
bükülüb-açıldığımı
Təsəlli verə bilməməyin ağırlığı
Ayaqlarını itirmiş
keçmiş döyüşçüyə,
uşaqlıq dostuna
“Allah sağlamlığına qovuşdursun!”-deyə bilməməyin
ağırlığı altında
qaçırtdı gözlərini.
“Xəstə ziyarəti qısa olar”-bəhanəsiylə
atdı özünü küçəyə,
düşdü zil qaranlıq gecəyə.
Ayaqları sözünə baxmamışdı,
sərilmişdi torpağa,
başının üstündə bədirlənmişdi ay
qayğısızca
və arsızca.
Olmadı, olmadı, olmadı bu foto!
Şeirlərimdə dərdlərinə şərik olduğum
Adamların çoxu
Anlamır sərbəst, qafiyəsiz şeiri.
Amma bir bilsələr,
Nə yaxşı çəkirəm şəkillərini
Fotoaparatdan çıxmış kimi.
Yalandan gülümsəmirlər,
Yalandan ciddi durmurlar,
Xəbərləri olmadan çəkirəm
Anidən,
Qəfildən,
Şaqqaşaraq.
Qafiyəli şeirlərdə
Əvvəlcədən xəbərdarlıq var sanki:
“İndi də gülümsəyin!”
“Bir qədər ciddi baxın!”
“Başınızı yana əyin!”
“Filankəsə durun yaxın!”
Tez-tez də əsəbləşir fotoqraf:
-Olmadı, olmadı, olmadı bu foto!”
Kədərdən qaçış
Olmuş kədərli əhvalatları
Unutmağa çalışıram.
Məsələn, dayımın cavan və gözəl arvadının ölümünü.
Bilmirəm, zəng edib nə danışım
İndi həm atasız,
Həm anasız qalan oğluyla.
Unutmaq üçün döşənirəm oxumağa.
Yazıçı qələmindən çıxan,
qəmli əhvalatdır oxuduğum da tərslikdən.
O hekayədə də nakam köçən
cavan və gözəl qadın vardır.
Qaça bilmirsən,
Utanırsan qaçmağından da...
Qəlbin ki yumşaq oldu,
Sinənə daş basmaq olmur.
Qəlbin altında əzilir o daşın,
xəşil olur.
Bəzən ağrınıza ən çox yananlardır
sizdən qaçıb gizlənənlər,
bir kəlmə söz tapıb deyə bilməyənlər.
Kəlmələrin acizliyini qəbul edərək
Susanlar.
Bəzən belə də olur:
ölüm döşəyində görmək istəmirsən
sevimli nənəni.
Baş götürüb qaçırsan evdən
on iki yaşında.
Sonra ömrün boyu bu vicdan əzabıyla
Yaşayırsan.
Nə demək istəmişdi
son anında sənə görəsən,
düşünürsən.
Bir ayağın qaçaqdır kədərdən
o zamandan.
Tez-tez o qaçışı xatırlayıb
tövşüyürsən.
Yuxularına girir o qaçış...
bağlı qapıları yarıb qaçmaq istəyirsən
yuxularında
bilmirsən səni qovan kimdir, nəçidir?!
Nənəsini ölüm döşəyində atıb
Evdən küçəyə şığıyan o balaca qız kimi
Qaçıram yenə
Ağrı hiss etməyəcəyimi düşünərək.
Amma yaramır bir işə
“Ürəyi körüklənən dayım uşağından
qaçmağım da
əbəsdir”- düşüncəsiylə
zəng edirəm.
Təxminən bərabər susuruq elə:
-Salam!
-Salam!
-Necəsən?
-Yaxşıyam...
-Yaxşı olmalısan!
Sonra heç nə deyə bilmirsən
Yaxşı olmadığını bilə-bilə.
Onu yaxşılaşdıra bilmirsən.
Zamandır ən böyük dərmanı,
bunu bilirsən.
Zaman da tam sağaltmayacaq,
sadəcə yüngülləşdirəcək bir azcıq,
bunu da bilirsən.
Əslində hamı böyük yalançıdır
“yaxşıyam”-deyəndə,
“necəsən?”-sualından mənasız sual da yoxdur!
***
Kiminçünsə həyatın himni olan çağa səsi
Onun əsəblərini alt-üst edir.
Yaman istidir
Uşaq çığırır var gücüylə,
səsi yayılır park boyu.
Beş uşaq böyüdən ağbirçək
güc verir ayaqlarına.
Sanki o çağanı
gətirib üstünə atacaq
və həmişəlik çıxıb gedəcəklər.
Tor
Zənn edir
təkcə başqalarına qurub torunu hörümçək,
tora salıb özünü də bilmir.
Gözləməklə keçir həyatı
toru atıb getmir heç yerə,
qaçır, gizlənir, geri qayıdır.
Tərslikdən toru evimin elə yerində qurub ki,
heç bir həşərat yolunu o tərəfdən salmır.
Toxunmuram ona,
ərimin acığı getsə də hörümçəkdən,
hörümçək torundan.
Dalaşırıq hörümçəyin üstündə
onu ərimin qəzəbindən qoruyuram.
Nənəm deyərdi hörümçəklərin torunu
dağıtmaq günahdır.
Bəlkə günah zad yoxdur.
Amma nənəmin sözlərində haqq var
əziyyətinə heyfin gəlir hörümçəyin.
O toru qurmağa sərf etdiyi ömrə, zamana...
Biz insanlar da tor qururuq öz ətrafımızda
Gözləyirik ömür boyu.
Sonra çıxa bilmirik özümüzü saldığımız tordan.
Məsələn, sevdiyi üçün yox,
evlənməyi labüd bildiyi üçün ərə gedən qız
tor qurur özünə.
Zənn edir ki, köynək toxuyur
gələcək ərinə.
Amma sonra o qızın da qurduğu toru
dağıtmaq günah sayılır.
Qara hörümçəyim, məni görəndə qaçıb gizlənirsən,
məni gördüyünə sevinmirsən.
Mən sənin toruna düşmərəm, bunu bilirsən.
Sanki zalım bir balıqçının qurduğu,
tərk etdiyi, unutduğu
torda çabalayır adamlar.
Qara hörümçəyim, oturub keşik çəkirsən
gecə-gündüz.
Taleyilə maraqlanırsan toruna düşəcək olanların.
Bəlkə bizə tor quranlar da
pusquda gizləniblər sənin kimi
çabalamaqdan yorulmağımızı gözləyirlər.
Heç vaxt və həmişə
Gözlərini əbədi yummuş
dostunun dalınca:
-“səni heç vaxt unutmayacam
həmişə ürəyimdə sevəcəm”- deyə söz verdi qoca.
Yalan danışırdı
“heç vaxt” və “həmişə” sözlərini qəsdən seçməsə də.
Özünü inandırırdı əslində
heç vaxt ölməyəcəyinə,
həmişə var olacağına.
Ölümdən qaçmaq istəyirdi
bu iki güclü sözlə.
Qalxan edirdi özünə
bu iki kəlməni.
Ölümün ancaq başqaları üçün
var olduğuna
inanmaq istəyilə.
İtkin pişik
İtkin pişiyin fotosuna
Kədərlə durub baxdı yoldan ötən adam
O da azmış
Azdırılmışdı
Amma yox idi itirib-axtaranı
Qan çıxırdı qaşıdıqca
sinəsindəki yaranı.
Təşviş pozuntusu
Təşviş pozuntusu var ağıllı telefonumda da
Yaratdığımız cihazlar da özümüzə oxşamış
Uşaqlarımız kimi...
“bu axşam tufan ola bilər”-mesajını verir
Sadəcə yel əsir, qoz tökülür
Ömrümüz keçir təşviş içində
Qorxa-qorxa minirik təyyarəyə
Qatara
Gəmiyə
Taksiyə
ən pis ehtimalları düşünə-düşünə
bir balığın sudakı
bir quşun havadakı
rahatlığı olmadı içimizdə
zəlzələ qorxusuyla göz dikdik çılçıraqlara
halbuki ən bahalı, ən qəşənglərini seçib aldıq
asdıq tavanlarımızdan
boğazımızdan kəsərək.
“Bulud niyə ağlayır?”
İsti bir yay günü
pəncərələrimdəki
gülləri suladım
Ürəyim açıldı
Necə ki açıldı
Bitkilərin ürəyi
Bu zövqdən doymadım
Güldandakı süni güllərə də
Su verməkdən güclə özümü saxladım
Xəyalımda bulud qıza çevrilib
qalxdım göylərə
Sıxdım gözlərimi dərələrə, təpələrə, çöllərə
Məşhur cizgi filmindəki kimi.
***
Nazim Hikmətin
Əli Kərimin sevgi şeirlərini bəyənirdim
başqa bütün şeirlərini
darıxdırıcı sayırdım
poeziyanı sevdiyini kəşf edən çox yeniyetmə kimi.
Anlamaq istəmirdim Əli Kərimin ürəyindəki
ağrıları
Nazimin azadlıq
bərabərlik sevdasını
məmləkət həsrətini.
Anlamırdım atamın niyə çox içdiyini
anamla niyə savaşdığını
bilmirdim niyə qarğış tökür nənəm babama
babam çımxırır ona.
Səndə nə tapmışam
nəyi sevirəm
bilmirdim nəyimə lazımdır sevgidən düzəltdiyim
dərd-kədər
sən niyə gücsüz, niyə aciz idin bu qədər
bilmirdim
nədədir bir Şərq kişisinin gücsüzlüyü...
İllər ötdü
çox şeyi anladım mən
böyüdüm böyük balıq oldum qəm dənizində
dünyaya baxa bildim Nazimin mavi gözüylə
Əli Kərimin pəncərəsindən
bir də baxdım ki, Əli Kərimi yaşda ötüb keçmişəm
ürək ağrısıyla xeyli şeir yazmışam
Nazimi elə sevmişəm
sətirbəsətir
misrabamisra
sözbəsöz
dırnağından saçınadək
anlamaz qalsaydım yaxşıydı bəlkə
anlamaq bir dərd
anlamamaq ayrı dərd…
***
Gülün qoxusuyla
tərin qoxusunu
basdırdıqları kimi
xeyirxahların əməlləriylə
örtülür şər adamların pislikləri
dünyanın hər cür əclaf işləri
xeyirə inam olmalı ki
davam eləsin bu dövran
şər də sürsün öz hökmranlığını
azad, firavan.
Xeyirə inam olmasa,
aldanmaz dəfələrlə
ürəyində saflıq gəzdirən hər insan.
baxırsan şərin özüdür
amma yaxşılıqdan dəm vurur
tərin qoxusunu gülün ətriylə gizlədiyi kimi
bürünür xeyirin cildinə
pis adamlar
çarəsizcə boğuluram
xeyirin alət olduğunu görəndə
gülləri zibilliklərdə solan gördüyümdə
olduğu kimi...
Nağıllar
Əlimdə ağır torbalarla
ağrılı dizlərimlə
beşmərtəbəli, liftsiz binanın
sonuncu mərtəbəsinə qalxa-qalxa
deyinirəm acı-acı:
“barı bu əziyyətlərin əvəzində
həyat əbədi olaydı”.
Ağrı-acının da əbədi olacağını unudaraq bir anlıq
qəhrəmanların sonsuzadək xoşbəxt olacağına inamla
sevirik nağılları
nağıllarda da əbədiyyət yoxdur halbuki
zamanın dayanmağı var
yarıda qırılmağı var
ən xoşbəxt yerində kəsir nağılını
hiyləgər
yalançı
nağılçı
həyatın ən xoşbəxt nöqtəsində
dayansaydı zaman
nağıllardakı kimi
xoşbəxt olardımı insan əbədi?!
Bacarardımı vaxtını dondurmağı
güc gəlməzdimi
“qarşıda daha nələr var?!”-marağı
bəs başqaları necə olsun
sevdiyin hər kəsi səninlə bir zamana həbs etməyə
haqqın olacaqmı?!
Tövşüyə-tövşüyə çatıram ünvanıma
bir şükür içindəyəm artıq
beynimdə çaxan suallara cavabım da hazır:
hər şey olduğu kimi qalsın!
nağıl nağıllığında
gerçək gerçəkliyində
göydən düşən almalara əlimiz çatdı-çatmadı.