Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı

İbrahim İlyaslı, şair

İbrahim İlyaslı, şair

8 iyul 2026
# 17:26

Kulis.az "Günün şeiri" layihəsindən İbrahim İlyaslının "Sizin də məhləyə yağış yağırmı?" şeirini təqdim edir.

Sizin də məhləyə yağış yağırmı,-
Sular söyləşirmi navalçalarda?
Ala gözlərinə qonan buludun
Neçə yaşı olur bu sonbaharda?

Evinə torpağın ətri dolurmu,-
Açıb pəncərəni çölə baxanda?
Yenəmi ürkəksən həminki kimi,-
Yenəmi qorxursan şimşək çaxanda?

Kəndə dönürsənmi xəyallarında,-
Yadına düşürmü o payız günü?..
Birlikdə məktəbdən evə dönürdük,
Yeni haqlamışdıq “Sarı körpü”nü.

...Və qəfil başladı leysan tökməyə,
Sel ağzına aldı bərəni-bəndi.
Bir anın içində çay aşıb-daşdı,
İki yerə böldü “İncəsu” kəndi.

Başqa yermi vardı daldalanmağa?-
Qaçıb akasyanın altında durduq.
Birdən çəpərində Osman dayının
İşıq dirəyini ildırım vurdu...

Titrəyib əsirdin həyəcanından,
Tutub əllərindən,- qorxma söylədim.
Qorxulu nağıllar düşdü yadıma,-
Sənin qəhrəmanın olmaq istədim.

Xəyalən özümü çaya vururdum,
Ağaclar axırdı pərli-budaqlı...
Guya köhlənlər də yara bilməyən
Seli yaracaqdım... Eh, uşaq ağlı...

Yadındamı o nur, o ipək qarı?-
Sənəm nənə... Qaşdan bizə baxırdı.
-Ay bala, sətəlcəm olarsınız ki!-
Deyib, əl elədi, evə çağırdı...

Sonrası... Nə deyim, sonrası heç nə,
Buludlar dağıldı, yağış da kəsdi...
Ancaq, ürəyimdə şırım açmağa
Mənə bu xatirə bir ömür bəsdi.

Sizin də məhləyə yağış yağırmı?-
Sular sevişirmi navalçalarda?
Qırx ildi həmincə ağacın altda
Səni gözləyirəm, hardasan, harda?!

# 1209 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

12:00 8 oktyabr 2026
“Mənə o dibçəyi ver, bir də akvariumu...” - Mətləb Ağanın yeni şeirləri

“Mənə o dibçəyi ver, bir də akvariumu...” - Mətləb Ağanın yeni şeirləri

11:00 8 oktyabr 2026
“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

10:30 7 oktyabr 2026
"Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi..." - Alfred Tennison

"Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi..." - Alfred Tennison

15:30 6 oktyabr 2026
"Məndən nəsə var Antonio Banderasda..." - Həmid Herisçinin yeni şeirləri

"Məndən nəsə var Antonio Banderasda..." - Həmid Herisçinin yeni şeirləri

15:00 6 oktyabr 2026
"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

17:45 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər