Sənin hər şeyin olmağa hazıram - Aysel Əlizadədən şeirlər

Sənin hər şeyin olmağa hazıram - Aysel Əlizadədən şeirlər
2 sentyabr 2021
# 17:30

Kulis.az tanınmış şair-publisist Aysel Əlizadənin yeni şeirlərini təqdim edir.

Darıxmıram, yaxşıyam
Bu təkliyi xoşladım
Sən üzülmə, yaxşımı?
Yaşamağa başladım.

Təzə güllər əkirəm
Gözləyirəm cücərsin
Tutdan şərab çəkirəm
Yolun düşsə içərsən.

Düzdü, hərdən, gün bitər
Həsrətin yaxalayar
Solumdan tutub sıxar
Ruhumu çalxalayar.

Dartınaram yerimdə
Elə güclüdü əli
Olmaz deyərəm yenə
Anlamaz ki o dəli.

Əlbəyaxa dalaşıb
Hərdən də yenilirəm
Həsrətinlə boğuşub
Yuxuya da gedirəm.

Belə yaxşıyam ama,
Təklik xoşuma gəlir.
Bircə məndən soruşma
Gecələrin necədir.

Darıxmıram, yaxşıyam
Bu təkliyi xoşladım
Sən üzülmə, yaxşımı?
Yaşamağa başladım.

***

Heç yarımçıq sevmədim
Sevdimsə sevdim.
Yarımçıq dost olmadım
Dostamsa dostam.
Aldatmadım insanı
Nəyəmsə buyam.
Güldüm yalançılara
qorxaqlara güldüm.
İnsanı yada, doğmaya bölmədim
İnsandısa insandı.
Dilinə, dininə ayırmadım kimsəni
Dürüstünə saxtasına ayırdım.
Mən qadınam!
Kişi olmağa çalışmadım
Kişidisə kişidi
Qadındısa qadın.

***

Məni fəth etdin
İstanbul oldum…

Gecəyə yaxın
gecəmə yaxın gəldin…
Sevdiyim hər şeyə toxundun:
şam işığına,
gün işığına,
sevdiyim hər şeyə yaxın oldun:
kitaba, mahnıya…

Səni düşünəndə
yığışıram özümə,
Sən ayrısan…
Səni düşünəndə
sığışıram özümə
Sən ayrısan.

Arzularım kimi həzinsən…

Adama döndərdin
bu vəhşi qadını
özün də bilmədin.

Sənin hər şeyin olmağa hazıram
sevgilin, dostun, tanışın
Sənin heç nəyin olmağa da hazıram.

Səssizliyinə bayılıram,
bəbəyinin dərinliyindən,
sənin o bəyliyindən
ayılmıram

Sənə dalıram,
yox oluram
sevdiyim hər şeyə toxunuram

***

Eşqsənsə üzümdəki yuxusuzluqsan
Gözümdəki qorxusuzluq.
Eşqsənsə, bilərsən, yatmıram.

Gözləyirəm hər saat
Eşqsənsə gəl çat…

Eşqsənsə
hər yerimdə döyüntüsən.
Həyatımı ələk-vələk etsən,
yenə təkimsən.

Eşqsənsə bir ətək yoxluqsan,
Bir qutu məktub,
Hər tütün özləmsən,
Eşqsənsə
büsbütün gözləmsən

Eşqsənsə gecə-gündüz bir adam
səni doğur ürəyində
eşqsənsə söhbətin bu yerində
hönkürtüsən.

Eşqsənsə ayağım sənə sürünür
Eşqsənsə ürəyim sənə döyünür.
Eşqsənsə əmin ol, nə etsən, üzürlüsən.

Hər xəyanətdə bağışlanırsan.
Eşqsənsə yastığıma yağışlanırsan.

***

Sən!
Sevgiyə sayğım
Sən
Sayğıya sevgim.
Sən...
Savaşım,
Sən
Barış sazişim.
Sən
Özümə gəlişim,
Sən
Özümdən gedişim.
Sən!
Ölsəm də yaşamağım...
Sən
Səhrada dayanacağım.
Sən
Yolumu azmışlığım...
Sən
Gücsüzlüyüm,
Sən
Ölçüsüzlüyüm,
Sən
Tutunacaqsız oluşum
Sən
Ağrılı gülüşüm.
Sən
Mənim olanım
Sən
Mənim olmayanım.
Sən
Var-gücüylə özlənə bilənim.
Sən
Səhrada sevənim.
Sən...
Özümlə sevişim.
Sən
Zamandan küsüşüm.
Sən
Başımdan çıxan ağlım.
Sən
Gəlmədən gedənim.
Sən
Özümə dediyim nağılım...
Sən
Tapıntım, itkim.
Sən
hardasan, ay itkin?

***

Ağlaya bilməyəcəm, bağışla
Su dövrü deyil.
Quru bir səhracayam, alqışla,
Sən güclüləri sevirdin.
Susuzluğa dözən torpağı,
Öləninə ağı
deməyən qadınları sevirdin.
Alqışla, dözürəm!

***

Nə ümid istəyirəm,
Nə də şirin ayrılıq.
Bura büsbütün sənsiz
Bura alaqaranlıq.
Tək gecə deyil Səni
Başqasına aparan,
Günəş altda gəzirəm
axı yenə onunsan.
Bağırır səs içimdə
saxla özünə məni
ayağına zəncirlə
bağla özünə məni.
Azadlıq istəmirəm
acığım tutur ona.
Dişləm-dişləm bitirir
yeyib çıxır sonuma.
Hesab sor, cavab istə
silkələ, coşub çığır:
“Gözünü çək dünyadan”
deyib, üstümə bağır.
Bədənimi ayırıb
Təbiətdən dönərəm.
Ürəyinə çağırsan
Ayağına gələrəm.
Yəni dəyməzmi buna?
Bağla özünə məni
zəncirlə ayağına.

# 4270 dəfə oxunub

Oxşar xəbərlər

İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

16:30 22 aprel 2024
“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

15:00 21 aprel 2024
Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Günün şeiri

Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Günün şeiri

13:00 20 aprel 2024
Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

17:00 19 aprel 2024
O yay yadındamı, mənim mələyim? – Günün şeiri

O yay yadındamı, mənim mələyim? – Günün şeiri

12:00 9 aprel 2024
"Guya onun azadlığının həddi..." - Salam Sarvanın yeni şeiri

"Guya onun azadlığının həddi..." - Salam Sarvanın yeni şeiri

12:13 8 aprel 2024
# # #