Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri

Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri
21 mart 2025
# 12:00

Kulis.az Novruz bayramı ilə əlaqəli şeirləri təqdim edir.

Novruz Bayramı (Hüseyn Cavid)

İştə novruz! Yetişdi fəsli-bahar.
Gəldi işrət zamanı, qardaşlar!
Nə gözəl bayram… Ah, nə xoş fürsət!
Sayılır əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin beş gün ömrü ləzzət ilə.

Yalınız hanki evdə yas varsa,
Bir onun borcudur ki, tutsun əza.
Birinin ölsə qardaşı naçar,
Qara bayram tutar… Bir adət var.
Hər kimin yoxsa böylə bir üzri,
Eyşü-nuş eyləsin o… yox zərəri.
Gərçi “əlmömünün üxüvvə” demiş
Əmri-peyğəmbəri hekayə imiş.
Cümlə qardaş, — deyir Rəsuli-xuda,
Hanki islamədir bu söz əcəba?

Bəlkə bir başqa xəlqədir bu xitab?
Nəyə lazım, canım, sıxıntı, əzab.
Bütün İranda, cümlə Balkanda,
Çırpınır qardaşın qızıl qanda!
İştə bir qətlgahə dönmüş yer!
Məhv olan yüz deyil ki! Yüz mindir.
Ana! Həmşirə! Ey nişanlı gəlin!
Siz də əsla sıxılmayın, sevinin.
Əzilib məhv olursa ailələr,
Sizə aid deyil bu qəmli xəbər.
Getsə iffət, kəsilsə əmcəklər,
Sevinin!.. İstəməz düşüncə, kədər.

Bütün aləm dağılsa, od tutsa,
Bizə lazımdır imdi zövqü səfa.
Bir müsəlman ki, onda qeyrət var.
Sevinir, kef edər, çalar, oynar.

Sevinin! Zurna, toy çalın, sevinin,
Nə gözəl bayram! Of, gülün, sevinin!
Dinə, namusa küsdünüzsə, gülün!
Sevinin, həp gülün!.. Nə nəşəli gün?!


Novruz Bayramı (Ramiz Rövşən)

Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.

Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.

Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.

Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.

Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dürr, inci,
Qaçışırlar yel kimi.

Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.

Bayram axşamlarında (Fikrət Qoca)

Yollar əlvan boyanar,
Evlərdə arzu yanar,
Gözlərə sevinc qonar,
Bayram axşamlarında…

Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar.
Göydən məhəbbət yağar,
Bayram axşamlarında…

Hər tərəf işıq olur,
Başqa yaşıllıq olur.
Göy yerə aşıq olur
Bayram axşamlarında.

Qaz bayramı (Elza Seyidcahan)

Qıvrım saçlarımı alıb etdiz qaynaq, dinmədim,
Qaşlarınızı tatuaj elədiz, mənim kimi silmədiz,
Gözlərimin rəngin aldız, linza etdiz, gəlmədim,
Burnunuzu etdiz krunuz,
Dedim, mənim burnumsunuz...
Nosdu, dostdu,
Allah verən paydı,
Tostdu...
Götürün məni bu güllərlə sizin olun,
Həyatınızda bülbüllərlə cəh-cəh vurun,
Şirin olun...
Kəlmənizdə çiçək olun,
Gülüşünüzdə şimşək olun,
Olun, olun, olun-olun,
İşi tamam qoyun olun,
Qoyun olun,
Qoyun olun,
Gözəllik onun,
doqquzu donun,
Həyat onsuz bir-bir qoyun,
İşi tamamdır bir xoyun,
İndi deyəcəksiz onun?
Lap elə bunun.
Bu gün mənimdir,
Çal toyun,
Dodaqların püstələnən,
Süstələnən,
Bir soyundur...
Çünki ordan dürr tökülər,
Nur süzülər,
O dodaqdan,
Bu dodaqdan qəlbimizə,
təblərimizə...
Süzə-süzə içimizə,
hissimizə
Gəldi bahar bayramı,
Gəldi bu yaz bayramı,
Saz bayramı,
Caz bayramı,
Qoz bayramı,
Qaz bayramı...

# 1343 dəfə oxunub

Oxşar xəbərlər

Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri

Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri

11:30 15 avqust 2025
"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

16:45 12 avqust 2025
Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... - Ülviyyə Lalənin şeirləri

Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... - Ülviyyə Lalənin şeirləri

17:00 28 iyul 2025
Güllələr demədi geri qayıdın – Günün şeiri

Güllələr demədi geri qayıdın – Günün şeiri

11:30 14 iyul 2025
Mənə tutmadığın toy unudulsun - Vüsal Yurdoğlunun şeirləri

Mənə tutmadığın toy unudulsun - Vüsal Yurdoğlunun şeirləri

18:36 11 iyul 2025
Bəzən ayaqqabı olmaq keçir içimdən... - Tural Balabəylinin şeirləri

Bəzən ayaqqabı olmaq keçir içimdən... - Tural Balabəylinin şeirləri

11:40 3 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər