Kulis.az Sevinc Yunuslunun yeni şeirlərini təqdim edir.
Göyün ürəyindən axan yağışın
Əvvəli, axırı, anrısı olmur
Vəfalı sevginin andı, amanı,
Vəfasız sevginin Tanrısı olmur.
Daha gəmi üstə dənizlər uçur
Turaclar sürünür, ilbizlər uçur
Bu dünya başıma gündüzlər uçur
Gecələr canımın yanğısı olmur..
Gəl daşı bir ömür ömürsüzlüyü,
Sənsizlik canımda könülsüzlüyüm.
Sənə bənzəmədi dönüksüzlüyüm -
Yox, səndən sonrası, sonrası olmur..
***
Sən məni aldadarsan,
unutmağın alınmaz.
Səni nə sevdam, nə də
könlün rahat buraxmaz,
Ey könül, ruh adamı,
klassik filmdi bu
“Sevənlərin ağrısı”..
Mən əvvəlcə bir dərin,
şipşirin yanğı ollam.
Müasir cərrahiyyə,
genetik ağrı ollam.
Qəlpə-qəlpə olarsan
“Ah-ah”, “of- of”, “hissbəhiss”
Dönüb bərpa olarsan
sonra da sarğı ollam.
Qanamasız-filansız
düyünlərin ağrısı..
Bu gecə səhərəcən
Dodağına doymadan
gülüşümü buraxdım.
Bəs niyə milyon dəfə
körpücük sümüyündə
öpüşümü buraxdım?..
Çiyinlərin ağrısın..
***
Deyin, dönməsin daha, daha gərək yoxdu, yox.
Ayrılığı öyrədir qəhvəyi şərfi, bilsin..
Nə mən ona yar oldum, nə o mənim adamım,
Aradakı eşqi də biryolluq şərti bilsin..
Daha yoldan gözümü yığdım, küçə pişiyi ,
Sən də düşün son balan hardasa itkin düşüb..
Məni yol polisləri bu gecə sərxoş tutub,
Sənin də qonşulara cıyıltı nitqin düşüb..
Etmə, küçə pişiyi, sənə də rəhm etmərəm,
Əzizlərəm, oxşaram, ataram bir küncə bax..
Daha mənim dan yerim tabut qaranlığıdı,
O mən, mən o, mən şərab, möhtəşəm üçküncə bax..
Evim oydu bilirdi, yuvam idi, damımdı,
Uçurdu hər şeyimi, daha sonsuz qəmimdi..
O mənim hər şeyimdi, axı mənim hamımdı,
Susma küçə pişiyi, yoxluğu da mənimdi..
Dırnağının qan izi çəkilərmi, çoxdu, çox..
Divarların bağrını aşsa, sınarmı boynun?
Deyin, daha gəlməsin, daha gərək yoxdu, yox,
Onun eşqi üçündü min pişiklik oyunum..
***
Heç kim bilməsin bu eşqi
Tanrıdan gizlin olmasın..
Başqa könlə gedən yola
Heç zaman iznin olmasın..
Bir ömürlük! Nə bir anlıq!
O mənəm sənə qurbanlıq.
Nəfəs alan heç bir varlıq
Nişanlın, sözlün olmasın..
Mən varam, mən, sənə qanad.
Göz yaşlarını yola at.
Məni başına dola, at
Başqa bir nəzrin olmasın..
Bu yer sənin, bu göy sənin..
Sənsiz dağılmış köy sənin..
Mənim olan hər şey sənin
Almasan, üzrün olmasın..
Mənəm bağrına açılan
Baş qoyan ayaq ucuna..
Mənsiz ağrına, acına
Bir an da dözmün olmasın..
Mənim hər şeyim sənindi
Olsun, bir mənin olmasın.
Min dərd versin Tanrı mənə
Sənin bir dərdin olmasın..