"Qatarda" başlanıb "Sabah"a uzanan "Ömrün yolları"... - Tanınmış rejissor 80 yaşında

"Qatarda" başlanıb "Sabah"a uzanan "Ömrün yolları"... - Tanınmış rejissor 80 yaşında
13 aprel 2026
# 15:10

Bu gün tanınmış teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlunun 80 yaşı tamam olur.

Kulis.az bu münasibətlə yubilyarı təbrik edir və Dövlət Film Fondunun onunla bağlı sosial şəbəkə hesabında paylaşdığı materialı təqdim edir.

Azərbaycan incəsənətinin inkişafında mühüm xidmətləri olan Ramiz Həsənoğlu 80 yaşını qeyd edir. Yubiley yaşı münasibəti ilə Ramiz müəllimi ürəkdən təbrik edirik. Ona möhkəm cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.

Cəmiyyətin maariflənməsində, estetik zövqünün formalaşmasında, mənəvi dəyərlərin qorunmasında sənətin mühüm rolu var. Bu mənada mənəvi üstünlüyündən yaradıcılığına pay bölən sənət adamlarının üzərilərinə böyük missiya düşür. Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu da quruluş verdiyi televiziya tamaşalarında, filmlərində ictimai davranış qaydalarını nizamlayan yüksək mənəvi dəyərləri önə çəkmiş, insani keyfiyyətlərin, müsbət xüsusiyyətlərin zəruriliyini qabartmışdır.

Səmimi yaradıcılığında müxtəlif həyat hekayələrini maraqlı, koloritli kompozisiyada təqdim edən, rejissorluq qabiliyyətini, yaradıcı heyətin potensialını təsdiqləyən, tamaşaçılara sevdirən Ramiz Həsənoğlunun sənətin sirlərini dərindən bilməsi, parlaq istedada, tükənməz sənət eşqinə malik olması heç də təsadüfi deyildi. 1946-cı il aprelin 13-də də İrəvan şəhərində, sənətkar ailəsində dünyaya göz açan gələcəyin tanınmış rejissorunun anası Azərbaycan milli teatr sənətində bənzərsiz rolları ilə sənətsevərlərin rəğbətini qazanan Əməkdar artist Ətayə Əliyeva, atası bir sıra teatrlarda aktyor kimi çalışmış, müxtəlif aparıcı teatrlarda bədii-quruluş hissəsi müdiri vəzifəsində işləmiş, Teatr İnstitutunda uzun illər pedaqoji fəaliyyət göstərmiş Əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir.

1948-1949-cu illərin teatr mövsümündə Ətayə xanım Gəncə Dram Teatrına dəvət edilmiş, buna görə də ailə Gəncə şəhərinə köçmüş, daha sonra Bakıya yerləşmişdir (1956). R.Həsənoğlu burada orta məktəbi bitirmiş (1965), həmin ildə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi işləmiş, burada Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan sənətin sirlərini öyrənmişdir.

1960-70-ci illərdə forma, məzmun etibarı ilə mənalı, maraqlı sənədli filmlər, televiziya tamaşaları ərsəyə gətirən rejissor (“Onuncu planet”, “Gülər”, “Firuzə”, “Parlaq tale”, “Günəşlə görüşənlər”, “Ötən ilin son gecəsi”, “Yollar görüşəndə…” və s.) məhsuldar yaradıcılığı ilə pərəstişkarlarının sayını daha da artırmış, rəğbətini qazanmışdır. Peşə təcrübəsi toplamaq məqsədilə 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu 1978-ci ildə uğurla bitirmişdir. 1980-90-cı illərdə quruluş verdiyi televiziya tamaşaları (“Qatarda”, “Ömrün yolları”, “Evləri köndələn yar”, “Topal Teymur”, “Günahsız Abdulla”, “Ordan-burdan”, “Yaşıl eynəkli adam”, “Qonşu qonşu olsa…”, “Ac həriflər”, “Fatehlərin divanı” və s.) R.Həsənoğluya geniş şöhrət qazandırmışdır.

R.Həsənoğlu həmçinin Musiqili Komediya Teatrında “Məzəli əhvalat”, Milli Akademik Dram Teatrında “Brüsseldən məktublar” (H.Həsənov), “Generalın son əmri” (V.Səmədoğlu) tamaşalarına quruluş vermişdir. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Ailə” bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülmüşdür.

Xalq yazıçısı Anarın ssenarisi əsasında 2007-ci ildə Azərbaycan şairi, repressiya qurbanı Hüseyn Cavidin keşməkeşli həyatının son dövrlərini əks etdirən “Cavid ömrü” bədii filminə quruluş vermişdir. 2012-ci ildə Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz iz qoyan, Azərbaycan dramaturgiyasının banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və çoxşaxəli irsindən bəhs edən “Sübhün səfiri” filmini ekranlaşdırmışdır.

Uzun illər Azərbaycan Televiziyasında “Sabah” Eksperimental Yaradıcılıq Emalatxanasına rəhbərlik etmiş, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru olmuşdur.

# 653 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyora şok etiraz: Qadınlar onu kafedən qovdular

Məşhur aktyora şok etiraz: Qadınlar onu kafedən qovdular

15:30 31 may 2026
"Bizim Cəbiş müəllim"in "Makedon"u vəfat etdi

"Bizim Cəbiş müəllim"in "Makedon"u vəfat etdi

15:00 31 may 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır..."- İngilis şairdən deyimlər

"Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır..."- İngilis şairdən deyimlər

14:00 30 may 2026
"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

13:00 30 may 2026
"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

12:10 30 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər