"Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır..." - Azad Yaşarın şeirləri

"Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır..." - Azad Yaşarın şeirləri
10 aprel 2026
# 15:00

Bu gün şair, tərcüməçi Azad Yaşarın doğum günüdür.

Kulis.az müəllifi yubiley yaşı münasibətilə təbrik edir və onun şeirlərini təqdim edir.

1961-ci il aprelin 10-da Bakı şəhərində anadan olub. Əli Bayramlıdakı (hazırda Şirvan) 2 saylı məktəbdə orta təhsil alıb. İlk mətbu əsəri 1980-ci ildə “İnşaatçı” qəzetində işıq üzü görən “Gözlərimin günahı” şeiridir.

1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirdikdən sonra Əli Bayramlıdakı müxtəlif təşkilatlarda memar, dizayn qrupunun rəhbəri, şəhərin baş memarı və baş rəssamı vəzifələrində işləyib. 1991-ci ildə müstəqil Azərbaycanda ilk ədəbi qrup sayılan “BACA”nın 3 yaradıcısından biri olub.

1993-2001-ci illərdə Rusiyada fəaliyyət göstərən “İDİL” türk inşaat şirkətində memar və müdir müavini vəzifələrində çalışıb. Vətənə döndükdən sonra bədii yaradıcılıqla daha ciddi şəkildə məşğul olub. 2001-ci ildə ədəbi prosesi canlandırmaq məqsədiylə həmfikirləriylə Azad Yazarlar Ocağının (AYO) təsis edib və “Alatoran” qəzetinin 2 daimi yazarından biri olub.

2002-2004-cü illərdə “Space” telekanalında redaktor, 2004-2016-cı illərdə isə DSMF-nin mətbu orqanı “Pensiyaçı" qəzetində Baş redaktor, sonra ƏƏSMN-nin “Sosial həyat” jurnalında məsul katib vəzifələrində çalışıb.
Sonrakı dövrdə əsasən sərbəst yaradıcılıqla məşğul olub, yerli nəşriyyatlarla tərcüməçi və redaktor kimi əməkdaşlıq edib. 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olub. 2022-ci ilin oktyabrında isə AYB-nin XIII qurultayında Birliyin İdarə Heyətinə üzv seçilib. 2024-cü ildən “Azərbaycan” jurnalında Tərcümə şöbəsinin müdiri vəzifəsində işləyir.

Şeir və rəsmlərinin bir arada toplandığı “Hamı və Heç kim” (2003) və “Konsept” (2016), habelə irfan hikmətləri barədə “Bu da keçər” (2015) adlı kitabları Bakıda çap olunub. “Gözlüğün uykusu” adlı şeirlər kitabı isə 2019-cu ildə İstanbulda işıq üzü görüb.
Bədii əsərləri indiyədək 12 xarici dilə çevrilərək, ədəbi antologiya, jurnal, qəzet və saytlarda dərc olunub.

Dünya ədəbiyyatını təmsil edən 900-dən çox yazarın ən müxtəlif janrlardakı (şeir, nəsr, dram, esse, nəzəri) əsərlərini ana dilimizə çevirərək, onların təbliğinə nail olub. Rəsm və xəttatlıq işlərinin müəllifi kimi 3 respublika sərgisində iştirak edibdir. Yazıb-çevirdiyi 20-dən çox kitabı öz vəsaiti ilə çap etdirməklə, naşirlik fəaliyyəti ilə də tanınır.

Hamı və Heç kim

Bütün günü
nə qədər adam sordu kefimi
ağızucu cavab verdim "yaxşıyam" deyə.
…Heç kim görmədi başımdan qalxan tüstünü.
Heç kim bilmədi ki necəyəm.


Həndəsi edam

Şair dostum İsmayıl Bayramoğluna

Şaquli bir müstəvi –
yəni polad gilyotina bıçağı –
ona perpendikulyar yerləşən müstəvini,
yəni bədənimi,
boğaz nahiyəsində kəsdiyi zaman
bir alma misalı diyirlənəcək kürə –
başım olacaq.


Mənim sonum

Övladı olmayanlara "sonsuz" deyirlər

Mənim sonumdur sənin əvvəlin
sən mənim sonumsan –
mən sənin əvvəlindim.
Mənim sonum,
səni düşünürəm
məndən başlayan sonu düşünürəm.

Tək səndə deyil
süzdüyüm göylərdə, yaşadığım mövsümlərdədir,
oxşadığım çiçəklərdə,
yazdığım şerlərdə, çəkdiyim rəsmlərdədir
mənim davamım, mənim sonum.

Hər kəs sonunu tapınca axtarır,
axtarır,
özünü axtarır hər şeydə -
hər kəs tapmasa da.

Mənim balam, mənim sonum,
uzat sonumu,
sonunu,
sonumuzu,
uzat, gözümün işığı,
dünyanın son duracağına qədər,
yaşat könlümüzün odunu, gözümüzün işığını.

Sən mənim təskinliyimsən, mənim sonum.
Yaxşı ki, sən varsan
yaxşı ki, sonsuz deyiləm
yaxşı ki sonum var –
bəlkə də belə yaxşıdır.


Varlığın üç şərti

Statistika nəyi, necə və nə üçün hesabladığını
daha yaxşı bilir,
amma
xəstəliklər, qəzalar və bəlalardan daha çox
adamlar
həddini və yerini bilməməzlikdən
itirir canını, yəni ölür.
Yazıya pozunun olmaması da
bunun üçüncü şərtidir.


Qarşıdakı ümidsizlik

Verəcəyim sədəqəylə
yolun qırağında, oturduğu yerdəcə mürgüləyən
və hər şeydən əlini üzən dilənçini
ona boy verməyən bu yoxsulluqdan
qurtarmayacağımı bildiyimdən
əlimdəki qəpik-quruşu
onu oyatmağa dəymədiyi üçün
səssizcə
əski mis qaba qoyuram.


Təbəssüm missiyası

Təbəssümümü öldürmək istəyənləri
elə təbəssümümlə də
“öldürmək” istərdim
mən.


Payızda ağaclar

Yarpaq-yarpaq soyunur ağaclar
yarpaq-yarpaq ağlayır ağaclar...
Yarpaq göz yaşına bənzər,
süzülən damlaya bənzər üzülən yarpaq.
Sapsarı göz yaşlarıyla ağlayır ağaclar,
sakitcə ağlayırlar,
günahsız yerə döyülən uşaqlar kimi,
için-için.

Torpağa, ürəklərinə axıdırlar göz yaşlarını,
bilirlər – olacağa çarə yox,
dərdli-dərdli ağlayırlar.
İnsana bənzəyirlər ağaclar
ağlayanda da,
güləndə də…


Kədər dağları

Dağlara qar yağıb.
Dağlar uyuyur qar altında.
İstidə.
Onlardan qat-qat ucadır
sinə dağlarım –
nə qədər qar yağa örtməz.

Sinəmə çəkilənlər
adi dağ deyil –
qar altda yatmaz.

Soyuqdan donacaqlar zavallılar!


Qrafik şer

Təmiz qar.
Bəyaz qar.
Gözünün qarasını ağardacaq qədər bəyaz qar.

Sağır zülmət.
Kor zülmət.
Gözünün ağını qaraldacaq qədər qara zülmət.


Gözlərin – qarlı bir gecə.
Mən – ... zülmətdə günlərlə yol arayan
zavallı yolçu.


Suiqəsd

Orada
otağın küncündə
köhnə kresloda oturan və
bərəlmiş gözlərini tavana zilləyən adam
gözlərini tavandan ayıra bilməyən adam
baxışlarından asıb özünü
tavandan asıb özünü
asıb özünü
asıb


Zülmətdən işığa keçid

Qaranlıqda yazdığım şeir
əl havasına yazdığım şeir
ağ qoçla qara qoçun davasına
yazdığım şeir
fikrimin işığında yazıram səni.
İşıqda yazıram səni.


Birinci ağlıma gələn

İndi də
harada və neçə yaşımda oluramsa-olum,
“qaranquşun qarğışı yerdə qalmaz”
deyimini eşidəndə
uşaq ikən
binamızın girişindəki
qaranquş yuvasını bilərəkdən dağıtdığım zaman
quşların qopardığı haray-həşir
və bundan düz üç gün sonra
sevimli nənəmin dünyadan köçdüyü olur
birinci ağlıma gələn.


Məhşər intizarında

Beynim itkin misralar
ağ kağızın işığına çıxara bilmədiyim
qərib fikirlər məzarlığıdır.

İntizarla
bir Məhşər gününü gözləyirəm.


Tənhalığın sonu

Dəniz də tək idi,
sahil də,
dənizin sahilindəki insan da.

“Yığışaq” dedilər "ulduz-ulduz göyün altına".
Görüşdülər.
İsinişdilər.
Sevişdilər.

İndi dənizin sahili,
sahilin insanı vardı,
insanınsa həm dənizi,
həm də sahili.

Elə bəxtiyardılar ki...
Onların sevdasına
ulduzlar göydə öpüşürdü dodaq-dodağa,
yarpaqlar... yerdə
və dilim-dilim işıqda yuyunurdu sular.


Daşın öz dilində

Hər gün salam verirəm,
dinməzcə keçir.

Bu gün vermədim,
qayıtdı ki:
– Adam-zad saymırsan, nədir?!
– Səni adam sayıb da yanıldığım yetər.
Daşa daş dilində salam verərlər –
S Ü K U T L A ! – dedim.


Əllərim

Əllərim
ağlı, qaralı, sarılı bütün əllərə bənzər
insanlığın dünənini,
bu gününü yaşadığına.

Əllərim
özümünkülərə bənzər
ən çox –
ömrümün dünənini, bu gününü
mənimlə ortaq daşıdığına.


Adam bu kimsəsizlikdə

Adam bu kimsəsizlikdə ölə bilər
bu qaranlıqda...
hələ pərdələr çəkilidirsə,
üstəlik, qapı da kilidlənibsə arxadan,
qonşular səsini duyacaq qədər
yaxında deyilsə,
kölgələr qaynaşırsa divarda
ürək
əldən düşər bu kimsəsizlikdə,
yatar
bir daha oyanmadan…

Adam bir kimsəyə tapşıra bilməz
gözünü göynədən acını,
yarımçıq mahnısını
və bir də
bir də… sevdasını.

Adam canını belə tapşırammaz
bu kimsəsizliyə
bu qaranlıqda.

Tapşırammaz işığı zülmətə.
Tapşırammaz.


Qocalanda deyəcəklərim

Bir vaxtlarım vardı –
qəzəblənəndə dişlərim oyulurdu,
mən də danışırdım, gülürdüm,
həsrətsiz,
acısız şeirlər yazırdım,
yuxular görürdüm sevda dolusu,
iynənin gözündən keçirirdim sapı…

Bir vaxtlarım vardı –
çağırsam – dönməz,
dönsə – elə yaşayammaram,
zaman həmin zaman deyil.

Bir vaxtlarım vardı
sanki bayaq ötdü.
Bir vaxtlarım vardı –
öldü!!!
İndi danışıb-gülməsin,
sevda şeirləri yazmasın –
ölənlərə yasaqdır axı bunlar.

Bir vaxtlarım vardı
bütün itirdiklərimiz kimi əziz –
tapılsa, göz üstə qoyulası...
sanki bayaq ötdü
(öləsən, canım,
lap nağıl kimi danışıram).

Bir vaxtlarım vardı –
yorulmaram haqqında danışmaqdan.


Hind bütü

Hamar, geniş alnı – durğun bir gölün aynasıdır.
Alnındakı xal – Üçüncü, yəni AĞIL GÖZÜdür.
Düz biçimli burnu – Ruhundakı tarazlığa işarədir.

Yumulu gözləri hər şeyin ardını görür.
hər qıpırtını eşidən palaz qulaqları
az qala çiyninə qədər düşüb.
Susmaqdan ətli dodaqları az qala bitişib.

Qurduğu bu bardaş pozasındaca yola salıb O
yüz illəri və nəsilləri.
Bir də ki
Hər Şeyi bilirsə
və duyduqlarını paylaşacaq Bir Kimsə yoxsa -
Susmaq – Sonuncu Çarə deyilmi?!


Dost bildiklərimiz

Dünyanın bu qarışıq vaxtında,
dostlar –
artıq işimiz düşən
və bizdən işi keçən adamlardan ibarətdir
daha çox.

Yerdə qalan məqamlar isə
işin
texniki özəllikləri də sayıla bilər:
yəni
xahişlərin sinusoid üzrə təkrarlanma tezliyi,
xoş impulslar,
gözlənilən fayda,
eyni yüklü cərəyanların qarşılıqlı cazibəsi
və sair və ilaxır


Söz dueli
(daxili dialoq)

Birinci səs:
“Bu Ağa-Qul dünyasının eşiyində
sən ad seçdin -
Azad YAŞAR.

Ötkəmsənsə, indi buyur
ömür boyu
ADINDAKI İŞİ başar”.

İkinci səs:
“Yahu, bunu başarsam kimə nə
və heç başarmasam belə
ondan
yenə kimə nə?!”


Qırx yaş

Bu yaşda
yenidən,
başqa türlü yaşamağa başlamaq
gec olduğu qədər
başladığımız işləri bitirmədən ölmək də
tezdir.


Ağılla Ürəyin söhbəti

AĞIL:
“Sənin arzuların imkana sığmır”.

ÜRƏK:
“İmkana sığana "arzu" deyilməz.
Arzu – fikir deyil,
sərhədə baxmır.
Bu fərqi ağıllar... anlaya bilməz”.


İkinci ömürdən imtina

Deyirəm mənalı ötüşsün
ömrümün
ayları,
illəri,
günləri…

Bir möhləti puç edənlərə
təkrar
ömür paylansa bir gün –
özümünkünü
almayım geri.

Ağac

Meyvəsini verdiyi insan
kölgəsini verdiyi insan
balta çalıb kökünə...
Yıxılıb,
böyrü üstə qalıb ağac.
Vermək istədiyi,
verə bilmədiyi
"niyə" sualı kimi
qıvrılıb,
qovrulub,
qanrılıb ağac.
Baltada…
dəmirbaşlı qardaşını tanıyıb ağac!
Xəyanətdən qıc olub, quruyub ağac.


Belə danışıb gülməyimə baxmayın

Belə danışıb gülməyimə baxmayın...
siz məni axşamüstüləri
uşaq kimi evimiz üçün
anamın üzü, atamın səsindən ötrü
köyrələndə görün –
tanımazsınız məni, tanımazsınız, vallah
(amma özümə nə qədər bənzəyirəm onda).

Baxmayın belə gülüb-danışdığıma...
deyirlər, hər şeyi bilir –
amma bəlkə Allah da bilməz –
bu qəriblikdə nələr çəkdiyimi...

Gördüyünüz hələ mən deyiləm...
Çox görməyin danışıb-gülməyimi mənə –
bilməzsiniz hər halda
necə çətin olur...
ağlamalı ikən gülmək.


Şüşə

Şüşə soyuq gözlərlə mənə baxır.
Yaxınlaşıram –
ilıq nəfəsim oxşayır onu,
toxunuram –
puçur-puçur tərləyir xəcalətdən,
bayaq mənə
soyuq yanaşdığı üçün.


Sirr

Qonşuda bir uşaq doğuldu.
Ölü.
Eşidənlər, bilənlər,
gələnlər, gedənlər oldu
hamı hüzünlü, yaslı.
Ağladılar da.

Amma bu dəfə
kimsə deyə bilmədi
"yaxşı", yoxsa "pis" adam olduğunu ölənin –
nə gerçəkdən, nə də yalandan.
Heç kəs tanıya bilməmişdi onu,
adı belə qoyulmamışdı.

Olmamış... ölmüşdü bu insan –
dünyaya sirr gəlib,
sirr də getmişdi.


Saatlar

Başımın üstündə saat.
Gözümün önündə saat.
Qolumda saat.

Səs-səsə verib
bir-birinə ayaq uydurub
nəsə oxuyurlar.

Dayan, dayan…
ömrün köç mahnısıdır deyəsən
ya da şirin nağıl.
Bəlkə də bu anın hökmü.
İndi bacarırsan, gəl, ayır!

Hər nədirsə,
lal-mat qulaq verməkdən özgə
çarəm qalmayır.


Ölümdən sonra yazılan şeir

İndi yuxu kimi gəlir mənə:
içimdən başladı deyəsən,
ən əvvəl yaddaşım daşlaşdı,
yaddaşım dondu.

Sonra isə
artıq xatırlamırdım özümü belə,
üzümü belə.


Kəpənək

Pürrəng çayın rənginə aldandı
yəqin çiçək sandı,
qovdum, gedib bir az dolandı,
yenə döndü, mən deyən doğrunu dandı,
özü bilənə getdi, bildiyi – yalandı...
Gecikdim qovmağa, Allah, amandı –
qondu,
yandı,
qandı!
Kəpənək ki kəpənək!

Lap adamlar kimi nadandı!


Çiçəklərlə nəzakətli davranış qaydası

Çiçəkləri bəlkə də dərməməli,
eləcə budağında qoxlamalıyıq.
Bunun üçün
biz onlara sarı əyilməli,
deməli, onlara baş əyməliyik,
onlarsa
– qarşılıq olsun deyə –
ətirlərini
əsirgəməməlidirlər bizdən.

Hər şey eynilə
göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır –
yəni əl dodaqlara deyil,
dodaqlar ələ sarı yönəlir –
ÖPƏN
ÖPÜLƏNİN ayağına gəlir.


Avtomobil qəzası

Bir tərəfdə – sərxoş sürücü,
digər tərəfdə – dörd nəfərlik ailə.
Hamısı ölü.

Bir yanda xıncım-xıncım əzilmiş iki maşın,
o biri yanda – yıxılmış iki ev, iki tifaq.
Bir yolu könüllü bölüşə bilmədikləri üçün
bir ölümü paylaşıblar məcburən.

Az əvvəl
gicgahlarında atan al qırmızı,
isti qan
indi tökülüb qara, soyuq asfaltın sinəsinə.
Bayaqdan yarışdıqları o dəli küləklər
“bizi ötənin min qanadı gərək” deyə
indi təskinlik verirlər onlara,
saçlarına sığal çəkərək.

Saatlarının əqrəbləri
irəli getsə belə,
artıq onlar nə göstərə bilər ki,
keçmişdən başqa?!

Diri ikən dinlədikləri kaset
hələ də bitməyib:
bir oynaq hava yayılır ətrafa,
sözləri də tərs kimi kefdən, səfadan.

Diqqətlə ətrafa baxanda,
nəinki sevinən şeytanın rəqsini görər,
hətta dəli qəhqəhələrini belə eşidərsən
bu həndəvərdə.


Torpağın yuxusuymuşuq
(meditasiya)

Torpaq uyuyurmuş hamımızda.
Torpaqdan yoğrulubmuşuq, demə.
Torpağın yuxusuymuşuq, demə.
Hamımızı görəcəkmiş torpaq,
qara torpaq örtəcəkmiş ağ üzümüzü,
hamımızı görəcəkmiş,
hamımıza çatacaqmış
hamımıza çatacaqmış növbə.

Torpağın yuxusuymuşuq, demə

başqa da heç nə…


Yaşam nəğməsi

Yaşamın sonu ölümdür.
Hamı
bunu bilərək yaşayır.
Elə isə niyə yaşayır –
bir halda ki yaşamın sonu ölümdür?!

Nəğmənin sonu sükutdur.
Bunu hamı bilir
və hər kəs öz nəğməsini oxuyur
kimi kədərli, kimi şən.
Elə isə niyə oxuyur –
bir halda ki… Yox!

Nə olsun nəğmənin sonu sükutdur?!
Nə olsun yaşamın sonu ölümdür ?!
Hələ ki sağıq,
gəlin, yaşam nəğməsini oxuyalım
ölümə qarşı,
sükuta qarşı!


Pantomimik şikayət

Kor
və Sağır DİVARın
sükutla dediklərini
anlada bilməz bəlkə də
Gözü – pəncərəsi,
Dili – qapısı olan divarlar…


Yerini bilmədiyimiz vətən

Bu qədər də
dar düşüncəli olmayaq, gəlin:
axı VƏTƏN –
RUHumuzun AZAD olduğu YERdir.

Xəmirimizin yoğrulduğu,
doğulduğumuz bir dağ kəndi və ya şəhər,
çörəyini yeyib, suyunu içdiyimiz,
uğrunda yaşadığımız, öldüyümüz
və bir gün də
maddilikdən qopub,
sonsuz maviliklərə millənəndə
ömür külümüzün harayasa sovrulduğu bir yer... deyil.


Ümidsizlik zülməti

Bir zəif ümid
qala divarı tək qalın,
keçilməz qaranlıqda
gülümsəyən zəncinin dişləri kimi
işardı
və həmişəlik... yox oldu.


Həyat

Ondan:
“ölüm qədər də vəfalı deyil,
izləməz kölgə kimi qarabaqara bizi”
deyə küsməyin.

Onun işi –
çırtlamaqdır hər an
tumurcuq tək içimizdə,
ayaqlar altda sürünmək deyil.


Paradoks

Yolun sonu mənzildir
yarıda qırılmasa.
Yaşamın sonu ölümdür
harada qırılsa.


Qəribə qoxusu var pulların

“Xoşbəxtlik pulda deyilsə, onu qonşunuza verin”.
Jül Renar

Qəribə qoxusu var pulların.
Bilmirsən tər qoxusudur onlara qarışan,
yoxsa...
Axı hələ də zəhmətin ölçüsüdür pullar,
fərq etməz –
əli qabarlı işçinin alın təri,
ya dizləri əsən oğrunun kürəyindən
gedən soyuq tər,
qorxu təri...

Bilmirsən qan qoxusudur onlara hopan,
yoxsa...
Axı hələ də onlarla batırılır qanlar
(keçmişdə qanla yuyulsa da),
alınır, satılır canlı insanlar.
Gözünüzü döyməyin –
“qan pulu” sözünü eşitməmisiniz yoxsa?!

Bilmirsən kir qoxusudur onlara hopan,
yoxsa...
Axı, pullar əl çirkidir həm də,
lap dünən kəsilsə də.
Pullar var əski kimi –
sürtüldüyündən,
üzü üzlər gördüyündən.
Pullar var əskidən də betər –
boğulmaqda olan haqqın ağzına dürtüldüyündən!

Pullar var şamşax – dik qoy,
adamdan yaxşı gəzsin, yerisin,
getsin, gətirsin,
dilə dilədiyini –
bir su içim saatda yetirsin,
xoşuna gəlməyənləri
lap aradan götürsün,
nə fərqi varmış canlı, ya cansız...

Nə qədər üzü pis olsa da,
insanın bu ucuz vaxtında
xoşbəxtlik hələ ki puldadır həm də.

Odur ki, pul kisənizin ağzını açıb
yoldan ötənə paylamayın –
hələ üstəlik taleyiniz sınıqsa,
tavanınızdan damırsa,
ümidləriniz corabınız kimi yamaq-yamaqsa,
çaşıb küyə gedərsiniz ha,
bilməyənlər qoy bilsin –
çox baməzə kişi olub
Jül Renar.

# 106 dəfə oxunub

Oxşar xəbərlər

Eyni günlərdən ömrüm qabarladı... - Maarif Soltanın şeirləri

Eyni günlərdən ömrüm qabarladı... - Maarif Soltanın şeirləri

13:30 10 aprel 2026
Həmid Herisçi: "Xarici turistlərə bələdçi işləyim?"

Həmid Herisçi: "Xarici turistlərə bələdçi işləyim?"

11:26 10 aprel 2026
"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

16:00 9 aprel 2026
"Səni ya ədalət, ya qan hərləyir!.." - Akif Azalpın şeirləri

"Səni ya ədalət, ya qan hərləyir!.." - Akif Azalpın şeirləri

15:00 7 aprel 2026
Doğma musiqi - Ümmügülsüm

Doğma musiqi - Ümmügülsüm

13:45 3 aprel 2026
Soyuq Sibirdəki ağ qadını bilirəm - Əkbər Qoşalının şeirləri

Soyuq Sibirdəki ağ qadını bilirəm - Əkbər Qoşalının şeirləri

12:20 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər