Bu kitabı oxumaq üçün 200 milyon il lazımdır

Bu kitabı oxumaq üçün 200 milyon il lazımdır
9 aprel 2025
# 10:41

Görkəmli fransız yazıçısı, şairi, dramaturqu, riyaziyyatçısı və nəhayət filosofu Raymond Keno 1903-cü ildə Fransanın Havr şəhərində anadan olub. Birinci və İkinci dünya müharibəsi onun həyatından qatar kimi keçib gedib.

Keno ilkin yaradıcılıq çağlarında sürrealizm cərəyanına qoşulsa da, sonralar ondan uzaqlaşaraq özünəməxsus bədii üslublar yaratmağa girişib. Yaradıcılığının ikinci, ən qaynar dönəmində o, müxtəlif modern cərəyanlarla maraqlanmış, bədii dilin sərhədlərini genişləndirməyə çalışaraq oxuculara yeni təcrübələr təqdim etmişdi. Kenonun yaradıcılığı yalnız Fransız ədəbiyatında deyil, dünya ədəbiyyatında da dərin izlər buraxıb.

Onun yaradıcılığında yeniliklərlə bərabər, dilin sadəliyi, yumor və ironiya da xüsusi yer tutur. Keno, "Stil məsələləri" adlı əsərində bir araşdırmaçı kimi ədəbi dilin imkanlarından, bütün yeniliklərin dilin qatlarında gizləndiyindən bəhs etmişdi.

Keno "Zazi Parisdə" modern romanı ilə də böyük şöhrət qazanmışdı. Yazıçı bu romanda Parisin küçələrində dolaşan Zazi adlı gözəl və səfil qızın aşıb-daşan macəralarını qələmə alıb.

Bu əsərlərindən sonra Raymond Keno özünün ən məşhur - "Yüz min milyard şeir" adlı kitabı ilə interaktiv ədəbiyatın əsasını qoyub. Səhifələri dilik-dilik kəsilmiş "Yüz min milyard şeir" sonetlər kitabı 1961-ci ildə çapdan çıxıb. Bu qeyri-adi kitabın ideyası Raymond Kenonun özünə məxsusdur.

Kitabda, hər biri 14 sətirdən ibarət 10 sonet verilib. Səhifələri diliklənmiş kitabın hər səhifəsində bir sonet və hər diliyin üstündə isə sonetin bir sətri mövcuddu. Bu poeziya nümunələri elə qurulub ki, hər bir sonetin uyğun misrası digər sonetin uyğun misrası ilə ahəngdar səslənir və sonetin qafiyə sistemi pozulmur. Odur ki, kitabı vərəqləyərkən hər sonetin sətri digər sonetlərin istənilən sətri ilə əvəz oluna bilir və beləcə sonsuz sayda sonet yarana bilir. Yəni, kitabı sonsuz variantda vərəqləyərək yüz min milyarddan artıq müxtəlif sonet yaratmaq mümkündür. Kitabın əsas xüsusiyyəti onun interaktiv olmasıdır. Belə ki, oxucu özü müxtəlif variantlar seçərək yeni sonetlər yarada bilir. Bu xüsusiyyətinə görə də əsər XX əsr ədəbiyyatında yeni cərəyanın - "interaktiv ədəbiyyat"ın ilk nümunələrindən sayılır.

Raymond Kenonun bu qeyri-adi kitabı öz müasirləri tərəfindən müxtəlif cür qarşılanmışdı. Bəziləri kitabı ədəbiyyatda yeni bir istiqamətin başlanğıcı hesab edərək yüksək qiymətləndirmiş, digərləri isə onu sadəcə bir əyləncə, oyun adlandırmışlar.

Lakin zaman keçdikcə "Səhifələri dilik-dilik kəsilmiş sonetlər" kitabı öz dəyərini qazanmış və interaktiv ədəbiyyatın ən mühüm nümunələrindən biri kimi qəbul edilmişdir. Bu kitab, həmçinin müasir dövrdə də oxucular tərəfindən maraqla qarşılanır. Şairin bu ideyası bir çox yaradıcı insanlar üçün ilham mənbəyi olmaqda davam edir.

Keno bir zamanlar öz ixtirasını "şeir istehsalı maşını" adlandırıbmış. Doğrudan da istənilən adam kitabın sətirlərinin yaratdığı mümkün kombinasiyalarla heç kimin oxumadığı yeni-yeni sonetlər yarada bilir. Kenonun öz hesablamalarına görə, bu kitabı tam oxuyub başa vurmaq üçün bir insana - fasiləsiz sutkalıq oxu şərti ilə - iki yüz milyon il lazım olardı.
Bu möcüzə adam 1976-cı ildə Parisdə vəfat edib. Hazırda Avropanın bir çox ölkəsində Kenonun bu sonetlər kitabı əsasında yaranan müxtəlif sonetlərdən ibarət kitablar nəşr olunmaqdadı.


# 748 dəfə oxunub

Oxşar xəbərlər

Tanrının yaratdığı "Qadın" adlı nəğmədən - Sara Selcanın yeni şeirləri

Tanrının yaratdığı "Qadın" adlı nəğmədən - Sara Selcanın yeni şeirləri

11:30 14 may 2025
Allahsızlar qanmayanda hansı yolla qandırasan?! - Tərlan Salehin şeirləri

Allahsızlar qanmayanda hansı yolla qandırasan?! - Tərlan Salehin şeirləri

13:00 13 may 2025
Hər qarışında şəhid ruhu... - Fazil Əsəd

Hər qarışında şəhid ruhu... - Fazil Əsəd

10:10 13 may 2025
Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

13:30 10 may 2025
"Deyəsən, gedənlər qayıtmayacaq" - Ən gözəl müharibə şeirləri

"Deyəsən, gedənlər qayıtmayacaq" - Ən gözəl müharibə şeirləri

10:00 9 may 2025
Daha məndən sevgi umma, əzizim... – Günün şeiri

Daha məndən sevgi umma, əzizim... – Günün şeiri

18:39 7 may 2025
# # #