Ağaclar yandırır yarpaqlarını - Səfər Rzasoylunun şeirləri

Ağaclar yandırır yarpaqlarını - Səfər Rzasoylunun şeirləri
5 noyabr 2023
# 12:04

Kulis.az Səfər Rzasoylunun şeirlərini təqdim edir.

Payız... Sən... Payız...

Ağaclar yandırır yarpaqlarını,
Baharın vəfasız məktublarıtək.
Çinarlar oxunmur - varaqlarını
İtirmiş min ilin kitablarıtək…

Əsir, o şəhərdən küləklər əsir…
Payızlar üstünə dağılır saçın
Küləklər içindən sən çağırırsan.
Mən hansı ağacın yanına qaçım,
Hər ağac altında sən ağlayırsan…

Əsir o şəhərdən küləklər əsir….
Yağışı, yarpağı,buludlarıyla,
Öz ögey,öz doğma adamlarıyla,
Tanrlm bəlkə onun addımlarıyla
Əsir, o şəhərdən Küçələr əsir
Pəncərəm gözümə inanmasa da…

Bəlkə də bu külək Səs yağışıdı
Geyinir bu şəhər Səs yağışında
O uzaq şəhərin küçələrini,
Tini, döngəsini, gecələrini,

Evi, pəncərəsi, işıqlarını,
Küləyi, buludu, yağışlarını—
Sənin şəhərinə dönür bu şəhər
Əsir o şəhərdən Gecələr əsir…

Əsir bu şəhərə durna səsləri
Tökülən yarpağı öz teli bilir.
Ağaclar utanır çılpaqlığından—
Düşən axşamları təsəlli bilir…

Əsir o şəhərdən küçələr, məni
Bəlkə tanrıdan çox sən saxlayırsan.
Mən hansı ağacın yanına qaçım ?
Hər ağac altında sən ağlayırsan..

Əsir o şəhərdən küçələr əsir…
Əsir o şəhərdən gecələr əsir…
Əsir o şəhərdən Kölgələr əsir..


Payız

Günlərim küləyə çevrilir ,bacı…
“yarpaqlar çiçəyə çevrilir,bacı.”
Divarlar kürəyə çevrilir,bacı—
Qardaş kürəyinə,dost kürəyinə…

Öz yay yuxusundan oyanır külək…
Hələ ağaclarda payızın yazı
Hələ yarpaq-yarpaq öz qarğışını
Yağdırıb ağaclar söymür payızı…

Bir azdan ağacın quş yarpaqları
Külək hürküsündən uçub gedəcək—
Başlayar meşənin yarpaq qarları—
Qırmızı, çəhrayı, qızılı-sarı…

Diksinib yıxılır yarpaqlar bir-bir
Axtarır kor kimi yenə ağacı…
Günlərim küləyə çevrilir ,bacı
Mən dəli oluram bu axşam çağı—

Dava-dava oynayan uşaqlar kimi
Kimsə elə bil ki, Yer kürəsini
Qoyub qabağına komputer kimi,
Özünün bilinməz, görünməz ,sirli
Zaman əlləriylə, barmaqlarıyla
Oynadır, oynadır taleyimizi…

Günlərim küləyə çevrilir, bacı
Mən tikə-tikəyəm, mən yarpaq- yarpaq
Ağac budağından uçub gedirəm
Bu zalım dünyadan küləklər kimi
Mən də gizlin-gizlin qaçıb gedirəm.

Aç, aç pəncərəni, çiçəyim, bacı,
Bəlkə də yanına bir Səfər yarpaq
Sənin pəncərəndən uçub qonacaq,
Sənin tellərinə - öpər saçını…

Günlərim küləyə çevrilir, bacı…
”yarpaqlar çiçəyə çevrilir, bacı.”
Bəlkə dirilirəm,
Bəlkə ölürəm ?
ürəyim Ürəyə çevrilir, bacı.

# 1144 dəfə oxunub

Oxşar xəbərlər

Yuxu ölümün məşqidir -  Harivanş Ray Baççanın şeirləri

Yuxu ölümün məşqidir - Harivanş Ray Baççanın şeirləri

17:00 26 aprel 2024
Sən narın yağış kimi... - Günün şeiri

Sən narın yağış kimi... - Günün şeiri

16:00 24 aprel 2024
İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

16:30 22 aprel 2024
“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

15:00 21 aprel 2024
Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Günün şeiri

Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Günün şeiri

13:00 20 aprel 2024
Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

17:00 19 aprel 2024
# # #