Qızıma görə anamı da, həyat yoldaşımı da zəlzələyə qurban verdim - Ömər Xəyyam

Qızıma görə anamı da, həyat yoldaşımı da zəlzələyə qurban verdim - Ömər Xəyyam
7 dekabr 2023
# 13:03

Kulis.az Ömər Xəyyamın "Ya zəlzələdən ya vəlvələdən" adlı yeni yazısını təqdim edir.

Telefonuma bildiriş gəlir.
Yelda ağlayır.

Dəhlizdə qarğaşadır.

Onu qucağıma alıb həyətə qaçmaq istəyirəm.
Qaçmıram.

Həyat yoldaşımla qızımı yanğın pilləkənlərinə ötürüb evə qayıdıram. Şalvarımı aşağı çəkib tumanımı yoxlayıram. Görürəm, qara tumanım yaxşı vəziyyətdədir. Fəqət corabımın sağ tayı süzülüb… Corablarımı dəyişib qapını bağlayıram…

İşdi də… olmadı elə, oldu belə.

Niyəsə zələzələdə, yaxud maşın qəzasında ölənlərin ayaqqabısının bir tayı ayağından çıxır, şalvarları da… deyərsən, ruh çıxandan sonra şalvarları da bellərində durmur…

Şəkillərdə, videolarda görmüşəm, di gəl, mənim keçəndəfəki zəlzələdən sonra qəribə vərdişim yaranıb.

Keçən dəfə zəlzələ olanda nə həyat yoldaşıma, nə də anama xəbər vermişdim; instinktiv, refkektiv, şüurlu-şüursuz - ya zəlzələdən ya vəlvələdən anamı da, həyat yoldaşımı da unutmuşdum, qızım Yeldanı qucağıma götürüb dəhlizə qaçmışdım.

Şükür, Allah rəhm etdi. Ölüm-itim olmadı, hamı sağ-salamat evinə qayıtdı.

Əvvəl qırmızı tumuşumun ağ xallarına qonşular gülmüşdülər, Yelda diksinib ayılmışdı, qorxub ağlamışdı, sonra da qırmızı kərpiclərin altındaca unutduğum anamgil qızımı onlardan daha əziz tutduğuma görə mənnən məzələnmişdilər, demişdilər, bəs elə bil filan yerdən muncuq tapıbsan.

Mən də utanmışdım, demişdim, Allah bizi bağışladı, siz də məni bağışlayın.

Bağışlanmışdım, fəqət sarımtıraq həqiqət qırmızı kərpic kimi başıma düşmüşdü.

Birinci dəfə deyil ki...

Yeddinci sinifdə oxuyurdum…

Palçıqlı payız günüdü, anamla bazarda toyuq satırıq...

Bu Leyladı - istədiyim qız, bu da anası... Bizə tərəf gəlirlər.

Utanıram.

Yox, yox. Boylu-buxunluyam, uzun saçlarımı jeleləmişəm, pal-paltarım da təmizdir, təzədir, Üstəlik, dərslərimdə əlayam, birinciyəm, şəklim də şərəf lövhəsində, fəqət... Atam ölüb...

Atam ölüb, anam bazarda toyuq satır, mən utanıram.

Səssizcə sivişdim... uzağa... lap uzağa... - deyərsən, anamın mənim kimi, mənim adda oğlu yoxdu, heç olmayıb da.

Leyla anama necə baxmışdı, anası nə demişdi, görən? Yəqin toyuğun qiymətini saldırmaq istəmişdi, anam da hündürboy, yekəpər qadının qabağında yumağa dönmüşdü, balacalaşmışdı, balacalaşmışdı, başını aşağı salıb susmuşdu...

O gündən Leylanın üzünə baxa bilmədim, o gündən toyuq əti yemirəm...


Səhər anam zəng vurub, deyir, pensiyam yığılmışdı, yarısına dərman aldım, yarısına toyuq-cücə yemi, Elvin Bakıya gəlir, 25 manat da sənə göndərirəm.

Atamı min dəfə, anamı iki dəfə öldürmüşəm, fəqət atam ölübən, anam böyüklüyüynən, igidliyiynən məni diri tutdu, ölməyə, sınmağa qoymadı.

Belədir, belə olub, belənçi yaşayırıq: bizim atalarımız, bizim analarımız, bizim oğullarımız, bizim qızlarımız...

Zaman bizi atamıza, anamıza çevirir, yaşayırıq, yaşlanırıq, uşaqlar böyüyür... uşaqlar böyüdükcə biz ölürük...

# 2382 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #