"Gözlərimə doldurmuşam yağışı..." - Günün şeiri

"Gözlərimə doldurmuşam yağışı..." - Günün şeiri
15 oktyabr 2025
# 10:12

15 oktyabr tanınmış şair Nüsrət Kəsəmənlinin anım günüdür.

Kulis.az bu münasibətlə onun "Biri vardı, biri yox" şeirini təqdim edir.

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü, tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımdan biri vardı, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox…

Uzaq gəzdi əmi, dayı, bibilər,
Sözarası mənə "evlən" dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: "biri vardı, biri yox!"

# 1819 dəfə oxunub

Oxşar xəbərlər

"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının  şeirləri

"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının şeirləri

15:00 13 oktyabr 2026
“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

13:00 13 oktyabr 2026
"Alnımın qırış yerindən taleyin çaparı keçir..."  - Əlisəmid Kürün şeirləri

"Alnımın qırış yerindən taleyin çaparı keçir..." - Əlisəmid Kürün şeirləri

11:50 13 oktyabr 2026
"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

15:00 9 oktyabr 2026
Bizə "ölümün adamları" deyirlər...  - Məşhur seneqallı şairdən şeir

Bizə "ölümün adamları" deyirlər... - Məşhur seneqallı şairdən şeir

14:00 9 oktyabr 2026
"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

12:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər