#

Məşhur yazıçının oğlu: “Atamı öldürmək istəyirdilər...” – Müsahibə

<span style="color:red;">Məşhur yazıçının oğlu:  “Atamı öldürmək istəyirdilər...” – <span style="color:red;">Müsahibə
13 may 2019
# 09:00

Kulis.az “Atamın xatirəsi” layihəsindən şair Ağa Laçınlının oğlu jurnalist Oqtay Qorçu ilə müsahibəni təqdim edir.

- Ənənəvi sualımız: layihəyə dəvət olunanda ilk yadınıza düşən nə oldu?

- Düzünü deyim, həmişə atamla bağlı yadıma düşən ilk şey nəsihətləri, öyüdləri olur. Həmişə hardasa atamdan söz düşəndə bir az da övlad məsuliyyəti duyuram. Qəribə bir utanc hissi keçiririəm. Bilmirəm, utanc demək olarmı buna. Atamın danlaqları, dedikləri yadıma düşür.

- Ən çox hansı öyüdünü xatırlayırsız?

- Şəxsi həyatdakı öhdəliklər, özünü necə aparmalı, insanlara münasibət. Götürək elə ədəbiyyat aləmindən. Bəzən mübahisələrimiz olanda deyirdi ki, sənin yanaşman düzgün deyil. İntriqa nəsli onlara uyma, qoşulma. Mental xüsusiyyətli adam idi, yəni atam üçün keçmişi olmayanın gələcəyi də olmazdı. Əsas prinsipi bu idi. Ona görə də bütövlükdə bir Azərbaycan keçmişinin, tarixinin içində baş verənləri, siyasi-ictimai hadisələri, ədəbiyyat hadisələrini, ünlü simalara çamur atmağın qətiyyən tərəfdarı deyildi.

- Dediniz, utanc hissi keçirirəm... Bunu bir açardınız...

- Bu yaşıma gəlmişəm, 47 yaşım var, hələ də hesab edirəm ki, atam zəhmətkeş, alicənab, canıyanan adam idi. Atamın hətta ən çətin dövrlərində ailəsi, ətrafı üçün etdikləri mənim üçün unudulmazdı. Bilmirəm, sosial durum belədi ya insanın xarakterindən asılıdı. Mən edə bilmirəm və atam kimi olmadığıma görə utanıram.

- Üç oğlu vardı... Hər üç oğul da ədəbi, jurnalistika mühitində tanınır. Sizlə necə idi münasibəti?

- Beş övladı var, üç oğan, iki qız. İmkan düşəndə hamısı ilə vaxt keçirirdi. Sonbeşiyimiz bacımla daha çox vaxt keçirirdi. Onunla yoldaşlıq eləməyi çox sevərdi. Mənimlə münasibətinə gəldikdə... Yoldaşlarından eşitmişdim ki, atam məndə öz cavanlığını görürmüş.

- Deyəsən, ən çox Fəxri Uğurlu ilə bir yerdə vaxt keçirirdi.

- Fəxri bizim böyük qardaşımızdı. Fəxri ilə Azər (jurnalist Azər Qaraçənli nəzərdə tutulur – red) arasındakı münasibətində, mənə elə gəlir, fərq var idi. Mənlə açıq olmaq istəyirdi. Öz sirlərini bölüşürdü. Hətta cavan olmağıma baxmayaraq mənim dediklərimi qəbul edirdi.

- Evdə necə biri idi, qadağalar qoyurdumu?


- Səmimi, səbrli, baməzəliyi, şəfqəti öz yerində olan adam idi. Amma atamın içində kür Ağa da var idi. Qəzəblənəndə, hirslənəndə onu sakitləşdirmək çox çətin olurdu. Yeniyetmə çağlarımızı deyim... Təbii, hamı ailədə görür ki, ata övladı danlayır. Ancaq mənim atamın danlağı bir az fərqli olurdu. Tay-tuşlarımın ataları eyni cür danlayırdı onları, mənim atam isə tamam başqa sözlər deyirdi. Daha doğrusu, ümumi sözlər demirdi, yeri gələndə qapaz da ilişdirirdi. Onun uşaqlarından umacağı vardı. Deyirdi ki, əgər sən bunu eliyirsənsə deməli bilərəkdən eləyirsən, yeniyetməliyi, gəncliyi bəhanə gətirirsən. Atama min dəfə də desəm ki, bilmədən elədim o, inanmırdı. Çünki mənə bələd idi.

- Ən çox hansı uşağını danlayardı?

- Atadan danışanda mən şablon ifadələrin əleyhinəyəm. Deməzdim, ciddi münaqişələrimiz olub, amma ən cəzalı övlad mən olmuşam. (gülür) Ətrafdakı mühitin təsirindən çox ehtiyatlanardı. Yeniyetməlik çağını xatırlayıram, yaşıdlarım müxtəlif təbəqələrin uşaqlarıydı. Bunlardan hansınınsa atasınınmı, qardaşınınmı kriminal aləmə aid olmağı atamı narahat edirdi. Halbuki bu, mənim üçün adi bir şey idi. Atamsa narahat olurdu, deyirdi, uzaq gəz, adımız çıxar. Atam mənim haqqımda bütün məlumatları bilirdi. Evdə olmadığım vaxtlarda belə atam hər şeydən agah olurdu. İndiyəcən atamın bu sirrini sağlığında da, vəfatından sonra da anlaya bilməmişəm. Bu sirrini dəfələrlə soruşmuşdum, amma cavab vermirdi.

- Maraqlıdır...

- Bizim evimizin qapısını ömründə polis döyməyib. Uşaq dalaşması üstündə polisə şikayət etməyin tam əleyhinə idi atam. Bir dəfə belə bir şey olmuşdu. Onda da atam əsəbləşmişdi. Deməli, mərhum bir sahə müvəkkili vardı. Atama bir ziyalı kimi çox hörmət edirdi. Ondan soruşdum ki, atam mənim haqqımda sizdən soruşur. Təcrübəli polis olsa da birdən çaşdı. Sonra dedi ki, mən sənin atana hesabat verənəm? İşim gücüm yoxdu? Bəlkə də atam ondan da soruşurdu.

Bunlara baxmayaraq, mən həmişə özümü azad və sərbəst hiss edirdim. Ancaq o görünməz nəzarət mexanizmi həmişə üzərimdə gəzişirdi. Məhz bu səbəbdən öz-özümə müəyyən sərhədlər cızmışdım, o sərhəddi keçməyə qorxurdum. Sonradan anladım ki, o da bir ata borcunun, ata xüsusiyyətinin təcrübəsidir.

- Bəs sizlə zarafatlar edirdimi?

- Gözəl xatirələrimiz olub. Əlbəttə ki, şirin zarafatlar eləyirdi. Amma dostlarının yanında olunan zarafat qabardılanda bundan narahat olurdu.

- Kimlər idi dostları?

- Atamın ədəbiyyat aləmində çox dostu vardı. Ümumiyyətlə kimləsə konfilikti olduğunu eşitməmişəm. Evdə Saday Budaqlının, şairlərdən Ramiz Rövşənin, Eldar Baxışın, Aqil Abbasın kitablarını görmüşəm. Atam gələcək nəsil üçün estafet olacaq gənclərin olmasına çox sevinirdi. Şahmarın vəfatına çox yandı. İstedadlı yazıçı idi. Həm yaşlı, həm də gənc nəsil arasında bir körpü yarada bilmişdi. Atamın görünməz bir sərhəddi vardı, amma bir də görürdün özündən yaşca balacayla səmimi olurdu. O zarafatlaşdığı adamlar da, sağ olsunlar, heç vaxt səddi keçmirdilər.

- Evinizdə hansı yazıçı-şairlər olurdu?


- Bir az uzaqda yaşayırdıq. Tez-tez gəlmirdilər, amma yaxın bildiyi dostları gəlirdi. Rəhmətlik Zəlimxan Yaqubla yoldaşlığı vardı. Musa Ələkbərli ilə çox gözəl dostluğu tutardı. Mənim də bir qazancım odur ki, atama görə o adamlarla ünsiyyətdə olmuşam. Şəkər Aslana çox böyük qiymət verirdi. Mərhum şairimizi deyirəm, atam ona şeir də həsr etmişdi. Şəkər Aslanın adına küçə yoxdu, atam o şeirin adını “Şəkər Aslan küçəsi” qoymuşdu. Dostları haqqında deyirdi ki, bunlar imam kimi adamlardı. Hüseyn Ariflə çox gözəl münasibətləri olmuşdu. Musa Yaqubla, Məmməd Aslanla həmçinin. Aşıqların içində Aşıq Şəmşirlə, Mikayıl Babayla. Mikayıl Baba ilə məni də görüşdürüb. Sonra onu universitetə dəvət elədi, mən məktəbli idim. Tədbir keçirtdi. Bəzi tələbələr aşıq sənətinə qəribə baxırdı. Aşıq sənətinə qarşı fikirlər vardı. Bir ara belə bir təbliğat vardı ki, aşıq şeiri köhnəlib. Atam bu barədə çox narahat olurdu. Onun prinsipi bu idi: ədəbiyyatın ki kökündə xalq yaradıcılığı, folklor durmur, o məhvə məhkumdu.

- Atanızla bağlı heç unudulmayan bir hadisə varmı? Gülməli hadisə da ola bilər, kədərli də…


- Bir şairimiz vardı, ruhu şad olsun, Vilayət Rüstəmzadə. Atamın gənclik yoldaşı olmuşdu. Onunla yoldaşlıq edirdim. Atamla onun türklər demiş, sıcaq xatirələri vardı. Bir dəfə Vilayət müəllimlə gəzəndə atamla üz-üzə gəldik. Mən bunu xatirəmdə də yazmışam. Dedi ki, Vilayət, Oqtaya filan şeyi danışmadın ki. Vilayət müəllim qayıtdı ki, mən hələ heç nə danışmamışam. Vilayət müəllimin atamla bağlı xatirələri vardı, mənlə bölüşmüşdü. Atam güldü, bildi ki, danışıb, dedi, bizdən olan bizlə getsin də, danışma (gülür).

- Ağa Laçınlını şair kimi nə vaxt kəşf elədiz?

- Bəzi şairlər övladlarına öz kitablarını oxudurdular. Yəqin çoxları fikrimi təsdiq edər. Mən heç vaxt atamdan təzə kitabı çıxanda və yaxud qəzetdə bir şeiri çap olunanda eşitməzdim ki, desin bunu oxu. Əlyazmalarını işləyəndə bəzən çağırardı. Fikrimizlə hesablaşardı. Fəxri olsun, mən olum, Azər olsun... O qədər ürkək idi ki, bu barədə bir bəndin üzərində günlərlə işləyərdi. Atamın "Ümid", "Balta", "Üzük" adlı şeirlərini çox sevirəm. “Mənim gecələrim” şeiri var, 70-ci ildə yazılıb. Özünə də demişdim. Bəlkə də mənim ovqatımdadı. Ən gözəl şeirlərindən biri idi.

- Ananızla tanışlıq tarixçəsi necə olub?

- Atamla anamın dədə-babası dost olublar. Anam Ağdamın Quzanlı kəndində doğulub. El-oba dostluğu ulu babalara qədər gedib çıxıb. Ata kəndim Oğuldərə idi. Allahverdi Yüzbaşı mənima ana babamın qohumum olub. Onun adına orda yer vardı. Deyirdilər, Allahverdi Yüzbaşının yurdu. Arandan yaylağa köç eliyə-eliyə dədə-baba dost idilər. Sonra tale elə gətirib ki, atamın əmisi Əhmədlə mənim babam Musa yaxın dostluq ediblər. Anam ata-anasının əleyhinə gedib. Onu istəmədən nişanlayıblar. Həmin adam da dul olub. Atamla anam da çoxdan bir-birlərinə könül vermişdilər. Nişan xəbərini alan kimi atam anamı qaçırdıb. Deməli, birbaşa təyyarə ilə qaçırır Moskvaya, oradanda Nalçikə gedirlər, səhv eləmirəmsə. 1967-ci ildə Bakıya qayıdırlar. Atam Moskvaya bələd idi. Həm əsgərlikdə olmuşdu, həm də əsgərlik çəkə-çəkə Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdi. Sonra "Ədəbiyyat" qəzetində işə düzəlir, şöbə müdiri olur. Köhnə Sovetskidə anamla kirayə qalırlar. Atam yaxşı insanları heç vaxt unutmurdu. Kirayə verən şəxsi də həmişə elə xatırlayırdı ki, mənə qəribə gəlirdi.

- Qızı qaçıranda oğlan tərəf ayaqlandı?

- O tərəf qol-budaqlı, hikkəli nəsil idi. Atam tək olmayıb, kömək eliyiblər. Hətta atamı öldürmək istəyiblər. Ən çox anama görə qorxurmuş, özünə görə yox. Mən bir dəfə özündən soruşmuşdum. Deyir, el-obanın adəti var axı, qızını əlindən alırsansa, biabırçılıqdı artıq. Gec də olsa bir müddətdən sonra barışırlar. Bu işdə böyüklərin də barmağı olur. Əsas da bayaq dediyim kimi atamın əmisi Əhmədin...

- Oqtay bəy, ata kimi uşaqlarına yoxsa, yaradıcılığına çox vaxt ayırırdı? Bunları bölə bilirdi?

- Bütün fikri-zikri o idi ki, ailəsinə əlindən gələni eləsin. O qədər yazılmamış mövzuları, arzuladığı işləri vardı ki, heç birini çatdıra bilmədi. Bir də ki, illərlə üzərində işlədiyi poeması vardı. Poema deməyək, mənzum roman idi. Demək olar, tamamlaya bildi. Atam həm də Homer yaradıcılığında türk izləri axtarırdı. Bununla bağlı Türkiyəyə də səfər eləmişdi. O iş də yarımçıq qaldı. Atamın ilk elmi işi bayatılar barədə olub. 70-ci ildən universitetdə işləməyə başlayıb. Mən düşünürəm ki, çox böyük işlər görə bilərdi...

- Bir söhbət eşitmişəm. İstəyirəm, sizdən dəqiqləşdirim. Cabir Novruzun oğlu o vaxt Abşeronun icra başçısı idi. Ağa müəllim də ev üçün müraciət eləmişdi. Amma alınmamışdı deyəsən. Bu söhbət nə dərəcədə doğrudu?

- Atam heç kimdən inciyən deyildi, sadəcə deyib ki, imkan olarsa bəlkə torpaq sahəsi verilsin. Sonra elə oldu ki, aldı. Atam qələm adamlarından həmişə pozitiv şeylər danışırdı. Bir də görürdün deyir: “Nəbi Xəzri üçün darıxıram”. Deyirdi ki, Məmməd Aslan yadıma düşdü. Adi insanlar belə yadına düşürdü.

- Yaradıcılıq prosesi necə idi, yazanda sakitlik istəyirdi?

- Təbii ki, sakitçilik istəyirdi, amma səs-küydə də işləmək bacarığı vardı. Uşaqlıqda şeirlərin cırıb eləyirdik. Dəfələrlə görmüşdüm toran qovuşanda keçərdi masa arxasına yazmağa.

- Bildiyim qədər antisovet yazıları da olub…


- Çox idi. Atam üçün adi yanaşma idi. Bəzi qələm adamlarından fərqli olaraq vətənpərvərlik mövzusunu şüara çevirmirdi. Vətən sevgisini öz içində yaşayırdı. Atam bir şeirində təxminən belə deyirdi: “Azadlıq o insana qənim olur ki, insan özü azad olmur”. Atam müstəqilliyimizin əldən getdiyini bu cür izah edirdi. Yəni deyirdi, daxilən azad olmadıq. O şeiri mətbəədə tələbələrin hesabına çıxmışdı. Şeir başqa-başqa kitablarda müxtəlif variantlarda gedib. Cırmışdılar. Tələbələr gizlincə paylayırdılar.

Atam daha çox təbiət şairi idi. Ürəklə deyə bilərəm ki, atam xalq dilini, el dilini çox yaxşı bilirdi. O, Azərbaycan türkcəsinə xidmət etmiş şairlərdəndi. Hətta ləhcə sözlərinə qədər... Çünki o Azərbaycanın bütüb bölgələrinə bələd idi. 2006-cı ildə “Azərbaycan” şeiri yazdı. Səməd Vurğunun, Məmməd Arazın, Almas İldırımın “Azərbaycan” şeirini böyük qiymətləndirirdi.

- Ağa Laçınlının son anlarını necə xatırlayırsınız?

- Ölümündən bir gün qabaq otağına yaxınlaşanda gördüm ki, pəncərə açıqdı, səs gəldi, atam qalxıb dik oturdu çarpayıda. Qışqırdı ki, dədə, dədə, getmə, gəlirəm. Rəhmətlik atasına, babama “dədə” deyirdi. Amma heç vaxt sayaqlamırdı. Xəstə də deyildi. Sonra yuxudan oyandı, dedim niyə elə qışqırırdın? Soruşdum görüm yadındadı ya yox. Dedi, dədəm yuxuma girmişdi. Mən də heç ardını gətirmədim ki, həyəcanlanmasın. Atam elə bil məni sehrlədi. Aramızda bir söhbət də olmuşdu. Mənə dedi ki, gəlmisənsə, bu sənə vəsiyyətimdi. Fəxri evdə yox idi. Elə bil o bir saatlıq söhbətdə mənim bir ömürlük planımı cızdı. Kimlərlə münasibət qurmağımı, kimlərə sərhəd qoyacağımı və s. Dedi, narahat olarsan ki, atamı incitmişəm, səndən heç bir incikliyim yoxdu.

- Sizinlə son söhbəti idi?

- Bu söhbət 2007-ci ildə olmuşdu. O vaxt da rəhmətə getdi. Demişdi, hamınızı Fəxriyə, Fəxrini də sizə tapşırıram. Düşündüm ki, bu yaxşı sözlərdi, amma son olduğunu qətiyyən ağlıma gətirməmişdim. Təbii ki, səhhətində problemlər olmuşdu, amma yaxşılaşmışdı.

- Nə baş verdi bəs?

- Kiçik bacıma “anam” deyərdi. Bacımla da yoldaşlığı vardı. Sübhdən durub bacımla harasa gedəsi idi. Atam son vaxtlar ibadət eləyirdi, namaz qılırdı. Bacıma deyib, hazırlaş, mən bir az da uzanım. Mən də yuxulu idim, qalxırdım. Bir səs eşitdim. Kimin ağlına gələrdi ki… Azər bir dəfə girib otağa, görüb yuxuda gülür. Hesab edib ki, yuxu görür. Gülüş dodağında qalmışdı. El sözü var: quş kimi uçmaq. Həqiqətən quş kimi uçdu. Bir az da fatalist idi. Atamda olan o inanc məndə də var. Bəzi şeylər həm ruhən sənə keçir, həm də genetikdi. Atam Tanrı nizamından kənar heç nə düşünmürdü. Həmişə belə olub. Alın yazısına inanırdı. Atam düşünürdü ki, insanın əsl azadlığı ruhi azadlıqdı. O da Tanrı hüzurunda. Ölümdən sonrakı həyat...

Hər bir övlad üçün valideynin ölümü gözlənilməzdi. Həmişə zarafatla deyirdi, nəslimizdə hamı peyğəmbər yaşına çata-çatda ölüb. Atam faciəli bir nəslin yetirməsi idi. Ən uzun yaşayan əmisi 80 yaşında öldü. Nadir bir tapıntı idi. Atam bunu həmişə onunla əlaqələndirirdi ki, əmisi həm çar Rusiyasında, həm də Sovet imperiyası dövründə yaşadı. Bu iki dövr arasında nəslimizin başı bəlalı olub. Repressiyalar, itkinlər, müharibələrin apardığı insanlar...


# 6953 dəfə oxunub

Müəllifin son yazıları

# # #