Yüz dollarlıq öpüşlər – Kurt Vonnequtun hekayəsi

Kurt Vonnequt, Amerika yazıçısı

Kurt Vonnequt, Amerika yazıçısı

9 yanvar 2022
# 11:00

Kulis.az məşhur Amerika yazıçısı Kurt Vonnequtun “Yüz dollarlıq öpüşlər” hekayəsini təqdim edir.

S: Dediyiniz hər şeyin burdakı stenoqraf tərəfindən qeyd ediləcəyini bilirsiniz?

C: Bəli, cənab.

S: Və dediyiniz hər şeyin əleyhinizə istifadə ediləcəyini də?

C: Bilirəm.

S: Adınız, yaşınız və ünvanınız.

C: Henri Corc Lovel, otuz üç, Quzey Pensilvaniya küçəsi, nömrə 4121, İndiana-İndinapolis ünvanında yaşayıram.

S: Peşəniz?

C: Bu gün günorta saat ikiyə qədər Ohyodakı “Qarşılıqlı Kasko və Təzminat’’ şirkətinin İndianapolis şöbəsində qeydiyyat bölməsinin müdiri idim.

S: Sirkl Toverdə?

C: Bəli.

S: Məni tanıyırsınız?

C: İndianapolis polis şöbəsindən detektiv çavuş Corc Millersiniz.

S: Bu ifadəni vermək üçün zor tətbiq edilib sizə? Zor tətbiq edilərək təhdid edilmisiniz və ya hər hansı bir fərqləndirmə alacağınıza dair kimsə sizə söz verib?

C: Xeyr.

S: Bu gün günorta saatlarında Verne Petri adlı şəxsə telefonla hücum etmisiniz?

C: Bəli. Telefonun dəstəyi ilə kəlləsinə vurmuşam.

S: Neçə dəfə zərbə endirdiniz?

C: Bircə dəfə. Amma var gücümlə çırpdım.

S: Verne Petri ilə aranızdakı münasibət nədir?

C: Verne Petri mənə görə dünyadakı bütün səhv şeylərdir.

S: Yox, Verne Petri ilə ofis daxilində əlaqəniz nədir?

C: İkimiz də yuxarı səviyyə idarəçiləri hesab olunuruq. Fərqli şöbələrdəyik. Nə o mənim müdirimdir, nə mən onun.

S: Vəzifə artımı ilə bağlı aranızda hansısa rəqabət olub?

C: Xeyr. Sahələrimiz tamam fərqlidir.

S: Onu necə təsvir edə bilərsiniz?

C: Olar ki, hisslərimi də ifadə edim? Ya ancaq qeydə alınması üçün rəsmi məlumatlarla tərif etməliyəm?

S: İstədiyiniz kimi edin.

C: Verne otuz beş yaşında, cüssəli, çəhrayı sifətli, gombul kişidir. Yumşaq turuncu saçları və qunduz kimi uzun iki qabaq dişi var. Qırmızı jilet geyinir və ard-arda, fasiləsiz siqar çəkir. Hər ay ən azı on beş dollarını açıq-saçıq jurnallara xərcləyir.

S: Açıq-saçıq jurnallar?

C: Man About Tovn, Bull,Vital, Vigor. Başa düşdünüz, məncə.

S: Yəni deyirsiniz ki, Verne Petri hər ay otuz beş dollarını bu cür jurnallara sərf edir?

C: Ən azı o qədər, bəli. Bu jurnallar, adətən, əlli sentə satılır və Vernenin hər nahar fasiləsindən əlində bir dənə belə jurnalla qayıtdığını görürəm. Bəzən əlində üç jurnal olur.

S: Qadınlardan xoşunuz gəlmir?

C: Əlbəttə, gəlir. Qızlar üçün ürəyim gedir. Evliyəm. İki balaca qızım da var.

S: Vernenin belə jurnallar almağı sizi niyə əsəbiləşdirir?

C: Əsəbiləşmirəm. Sadəcə, bu mənə bir az anormal vəziyyət kimi gəlir.

S: Xəstəlik kimi?

C: Açıq-saçıq şəkillər Verne üçün narkotik kimi bir şeydir. Hər kəs ara-bir belə şəkillərə baxa bilər, amma Verne qucaq dolusu jurnal alır. Onlara sərvət yatırır. O şəkillərdən hansınınsa altında “gəl oynayaq, balaca” kimi yazılar varsa, şəkildəki qızın bunu onun üçün dediyinə inanır.

S: Evlidir?

C: Çox gözəl, sevimli bir qadınla evlidir.

S: Bu jurnallarda qadın şəkillərindən başqa nəsə yoxdur?

C: Var, əlbəttə. Siz heç baxmamsınız?

S: Mən sizdən soruşuram.

C: Hamısı bir-birinə oxşayır. Hamısının içində bir dənə böyük ölçülü, çılpaq qız şəkli olur. Adətən, orta səhifələrdən birində olur bu. Jurnalı elə bu cür böyük ölçülü həmin şəkil satdırır. Xarici avtomobillər, qonaq otağı dekorasiyası, qadın ticarəti ilə əlaqəli yazılar da olur. Verne üçün bu jurnalları vərəqləmək ordakı qızlarla münasibətdə olmaq kimi bir şeydir. Tipik Smokin nəsli.

S: Bağışlayın, sonuncu söz necə oldu? Smokin nəsli?

C: Bu mövzuda da yazılar var elə. Smokin nəsli, bəli.

S: Siz də bu jurnalları çox oxumusunuz sanki.

C: Masalarımız yanaşı idi. Jurnalları hər yana səpələyirdi. Nə vaxt ofisə əlində jurnalla gəlsə, az qala jurnalı gözümə soxurdu. Hər dəfə də eyni şeyi deyirdi.

S: Nə deyirdi?

C: Qeydiyyatçı xanımın yanında o sözü deyə bilməyəcəm.

S: Üstüörtülü şəkildə deyə bilməzsiniz?

C: Verne jurnaldakı qız şəkillərini göstərib “mən bu körpəni öpmək üçün yüz dollarımdan məmnuniyyətlə keçərdim’’ - deyirdi. Üstüörtülü dedim ha.

S: Bu sizi narahat edirdi?

C: Bir-iki ildən sonra artıq əsəblərimi pozmağa başlamışdı.

S: Niyə?

C: O lənətə gəlmişin dəyər anlayışının necə geridə qaldığını, onun necə şərəfsiz olduğunu gördüyüm üçün.

S: Siz insanları düz yola çəkən, dəyər anlayışını, mənəvi dünyasını zənginləşdirmək istəyən Tanrı zadsız?

C: Xeyr. Heç ibadətkar da deyiləm.

S: Həmin gün günortadan sonra nə baş verdiyini danışın.

C: Verne Petri yenə jurnallardan birini açıb masasında otururdu. Ortadakı həmin o böyük şəkil olan səhifə idi. Qızın əynində nazik gecəlik vardı. Verne şəklə baxa-baxa telefonu dinləyirdi. Əliylə telefonun danışdığımız, yəni, səs gedən hissəsini qapatmışdı. İşarə ilə mənə də dinlə dedi. Barmağıyla üç göstərdi, yəni üçüncü xəttə qoşulmalısan.

S: Üçüncü xətt nədir?

C: Şirkətdə üç telefon xətti var. Ətrafa baxanda bütün işçilərin üçüncü xətti dinlədiyini gördüm. Mən də dinlədim. Xəttin o başında telefon zəng çalırdı.

S: Zəng Pati Li Minotun Nyu-Yorktakı telefon nömrəsinə idi?

C: Bəli. Həmin vaxt bunu bilmirdim, amma Verne jurnaldakı həmin qadının çılpaq şəklini göstərdi, sonra da xanım Haklemanın masasına işarə etdi.

S: Xanım Haklemanın masasında nə vardı?

C: Xanım xəstə olduğu üçün həmin gün işə gəlməmişdi. Şirkətin qapıçılarından biri onun masasında oturmuşdu və telefonla zəng edən o idi.

S: O adamı tanıyırdız?

C: Binada görmüşdüm. Adını da bilirdim. Geyiminin üzərində Henri yazılmışdı. Sonra tam adının Henri Barker olduğunu öyrəndim.

S: Onu təsvir edə bilərsiniz?

C: Henrini? Yaşından qoca görünür. Qırx beş yaşlarında görünür. Amma, deyəsən, məndən daha cavandır. Çox yaraşıqlıdır. Əvvəllər idmançı olduğu hiss olunur. Tezliklə keçəl qalacaq, saçları seyrəlib. Sifəti qırışlıdır. Dərdli adama oxşayır.

S: Yaxşı, demək Nyu-Yorka zəng edildiyini eşitdiniz.

C: Bəli. Və qəfildən asqırdım. Hamı dik atıldı. Kimsə “sağlam ol’’ - dedi və bu Verneni hirsləndirdi.

S: Nə etdi?

C: Qıpqırmızı oldu və bizə acıqlandı. “Kəsin səsinizi’’ - dedi. Gözəl bir təcrübənin bir yığın axmaq tərəfindən korlanacağı fikri onu əsəbiləşdirmişdi. “Çənənizi yumun, ya səsinizi kəsin, ya da dinləməyin. Mən dinləmək istəyirəm’’ - dedi. Xəttin o ucunda kimsə zəngə cavab verdi. Qulluqçu qadın idi. Operator ondan nömrəni soruşub dəqiqləşdirdi, o da “bəli” dedi. Şəhərlərarası operator “zənginiz bağlandı’’ - deyincə, Henri qulluqçu qadınla danışmağa başladı. Henri çox gərgin idi. “Xanım Melodi Pfitzerlə danışa bilərəmmi’’ - dedi. Qulluqçu qadın “səhv düşmüsünüz, burda elə adam yoxdur’’ - dedi. Peti Li Minotun nömrəsi deyil bu? – Henri soruşdu.

S: Peti Li Minot kimdir?

C: Bilmirsiniz ki?

S: Qeydə alınır, ona görə soruşuram.

C: Bayaq dedim axı. Jurnaldakı çılpaq qadın. Jurnalda onun şəklinin altında “noyabr ayının əbədi qadını’’ yazılmışdı. Tez-tez televiziya proqramlarında da görünür.

S: Telefon söhbətini danışın.

C: Henri qulluqçu qadından onu telefona çağırmasını xahiş edirdi. Qulluqçu soruşdu ki, xanım sizi tanıyır? Henri - başını işlətsə, tanıyar – dedi. Hardan tanışsınız? – Liseydən. İnanmıram ki, xanım lisey tanışına vaxt ayıra - qulluqçu israrlı idi. Onunla evli idik – Henri dilləndi – bəlkə danışmaq istəyəcək. Elə bu dəm Verne mənim qoluma vurdu.

S: Sizi vurdu? Yəni birinci onun hücum etdiyini iddia edirsiniz?

C: Kaş ki, iddia edə bilsəydim. Yəqin bu işdən sıyrılmaq üçün yaxşı bir vəkil tutsam, ilk elə bu detaldan yapışar. Yox, təəssüf ki, hücum etdi deyə bilmirəm. Düzdür, ağrıtdı, amma o bunu sadəcə diqqətimi çəkmək mənasında etdi.

S: Qulluqçu qadın evli olduqlarını eşidəndən sonra nə dedi?

C: O telefonu qoyub getdi və mən “bir saniyə’’ - dedim. Bu hərəkətim Verneni cinləndirdi.

S: Telefonda etdiyiniz bu zarafat onu əsəbiləşdirdi?

C: Bəli. Qəzəblə mənə baxdı və “yaxşı da, ağıllı bala, illərdir sənin cənnət səsini eşidirəm, amma indi ağzını yum, çünki mən bir azdan Peti Li Minotun səsini eşidəcəm. Sənin bunu pozmana imkan verə bilmərəm. Bu danışığın pulu mənim cibimdən çıxır, imkan ver, qulaq asım’’ – dedi.

S: Danışığın pulunu Verne ödəyirdi?

C: Bəli. Zəng etmək onun fikriydi. Jurnaldakı şəkli Henriyə göstərib. “Belə bir balacanı öpmək üçün yüz dollar xərcləyə bilərdim’’ deyib. Henri də deyib ki, mən illər öncə bu qadınla evli idim. Verne buna inanmadığı üçün iyirmi dollardan mərc gəliblər.

S: Verne sizə o cür hirslənəndə cavab vermədiniz?

C: Xeyr, sadəcə, dinlədim. Özümü bir eşq hekayəsini məhv etmiş kimi hiss etdim. Lağlağının yeri deyildi. Peti Li Minot dəstəyi götürdü, xəttin o ucundan – alo, kimdir? Fred, sənsən - dedi.

S: Fred kimdir?

C: Mən nə bilim. Yəqin dostu, tanışı, kimsə onunla zarafat edən biridir. Henri dedi ki, xeyr, mən həqiqətən Henrinin özüyəm. “Əgər həqiqətən Henrisənsə, nəyə zəng vurmusan?” – qız cinləndi. Bu qədər illər ərzində sən məni itirib-axtarmadın, - Henri cavab verdi - bəlkə atıb getdiyin uşağının taleyi sənə maraqlı olar deyə zəng etdim.

S: Qadın nə dedi bəs?

C: Bir az susdu, sonra qışqırdı ki, “kimsiniz siz? Mənimlə zarafat edirsiniz, yoxsa bu şantajın yeni üsuludur? Televizora çıxıb haqqımda danışacaqsınız? Cəhənnəm olun. Nə istəyirsiniz, edin. Mən bunu heç vaxt gizlətməmişəm. On altı yaşında liseydə oxuduğum vaxt Henri adlı bir oğlanla evlənmişdim. Hamilə qaldığım üçün evlənməyə məcbur oldum. Get, bütün dünyaya car çək, vecimə deyil’’. Qadın susdu və Henri – uşaq öldü, Melodi – dedi – o körpə sən çıxıb gedəndən iki il sonra öldü.

S: Necə yəni?

C: Uşaqları var imiş. Qadın ərini və körpəni tərk edib gedib. İki il sonra uşaq ölüb. Qadınınsa bundan heç xəbəri də yox idi. Uşağının başına nə gəlib maraqlanmayıb heç. İllər ərzində bir dəfə olsun itirib-axtarmayıb. Porno jurnalların əbədi qadını, ehtiraslı kişilərin xəyallarını bəzəyən o qadın nə dedi, bilirsiniz? Dedi ki, mən həyatımın o hissəsini silib atmışam, təəssüf edirəm, amma vecimə də deyil.

S: Qadın belə deyəndə Verne Petrinin reaksiyası necə idi?

C: Heç bir xüsusi reaksiya vermədi. Qunduz dişlərini qıcayaraq xəyallara dalmışdı. Yəqin ki, fikrində o qadınla özünü bir yerə təsəvvür edirdi.

S: Sonra?

C: Heç nə, qadın dəstəyi asdı. Ofisdə Vernedən başqa hamımız sarsılmışdıq. Yasa batmışdıq sanki. Henri ayağa qalxıb başını yellədi. Verne pulu ona uzadıb – buyur, iyirmi dolların - dedi. İstəmirəm, çox sağ ol - Henri dilləndi – pis bir yuxu idi sanki. Kaş ki zəng etməzdim. O pul ondan gəlib kimi hiss edirəm, ona görə də lazım deyil. Ona bir ev tikmişdim. Öz əllərimlə tikmişdim. Yenə nəsə demək istəyirdi, amma fikrindən daşınıb ayaqlarını sürüyə-sürüyə ofisdən çıxdı. Sonra yarım saat zad ofis elə bil morqa çevrildi. Hamı özünü pis hiss edirdi. Heç birimiz danışmırdıq. Verneyə baxdım. Junalı açıb gözlərini yenə həmin şəklə zilləmişdi. Göz-gözə gəldik. “Bəxtəvər, – dedi – bu möhtəşəm qadınla evli olduğu üçün, onunla yatdığı üçün çox bəxtəvərdir. Onun səsini eşidəndən sonra onunla yatmaq üçün min dollardan da keçərəm’’.

S: Siz də qalxıb onun kəlləsinə vurdunuz?

C: Bəli.

S: Öz telefonunun dəstəyi ilə?

C: Bəli. Düz təpəsinin ortasına ilişdirdim. Yerə sərildi. Onun dünyadakı pisliyi, səhv olan hər şeyi təmsil etdiyini düşünürdüm həmin vaxt.

S: Dünyada səhv olan şey nədir?

C: Hamı bir şeyin şəklinə önəm verir. Heç kim həmin şeyin mahiyyətinə varmır.

S: Əlavə etmək istədiyiniz başqa nəsə var?

C: Bəli. Qeydə keçsin, mən əlli altı kiloyam, vurub yerə uzatdığım Verne isə ən azı doxsan kilodur və məndən otuz santimetr də uzundur. Onu yerə sərə bilmək üçün silaha ehtiyacım vardı və əlimə telefon keçdi. Amma xəstəxana xərclərini ödəməyə hazıram.

Tərcümə: Fəridə

# 2223 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
# # #