Şimşək - İmir Məmmədlinin hekayəsi

Şimşək - İmir Məmmədlinin hekayəsi
13 noyabr 2023
# 10:19

Kulis.az İmir Məmmədlinin "Şimşək" hekayəsini təqdim edir.

Gözəl may axşamı idi. Bəli, may idi, yay deyildi. Yay axşamı idi, desəm, yalan demiş olaram, bir hərflik yalan. Yalanın yekəsi, balacası olmaz, istər bir hərflik olsun, istər bir cümləlik, yalan yalandır. Bəzi bir hərflik yalana bir cümləlik yalan belə çatmaz. Elə bu yalan kimi. Bir hərflikdir, amma ilin fəsillərinin yerini dəyişməyə qadir olan yalandır.

Yay yox, may olduğunu dəqiq hardan bilirəm, yay olsa, biz tələbə yataqxanasında deyil, rayonda - öz doğma yurd-yuvamızda olardıq.

Biz isə hələ də yataqxanadaydıq. "Biz" deyəndə həm tələbə yoldaşım, həm də otaq yoldaşım Şakirlə özümü nəzərdə tuturam.

Hə, gözəl yay axşamı idi, oturmuşduq otaqda, Şakir həmişə olduğu kimi, kitab oxuyurdu, mən isə həmişə olduğu kimi olmasa da, pəncərənin yanında durub tələbələrin iki-bir, üç-bir gedib-gəldikləri küçəni seyr edirdim.

Buna "bekarçılıq" da deyirlər, "istirahət" də. Bilmirəm, mənim o zamankı vəziyyətim hansından idi.

Bilirsiniz, fikir axını insandan deyil, insan fikir axınından asılıdır. Fikirləşdim, münasib bir həmsöhbət olsa (əlbəttə, qız olsa, daha yaxşıdır), çıxıb, bağda oturub söhbət eləyərdim.

Birdən, hardansa, niyəsə, sinif yoldaşım Məlahət yadıma düşdü. Bilirdim ki, orta məktəbi bitirdikdən sonra o da məni kimi paytaxta gəlib, mərkəzin qaynar yerində yerləşən mağazalardan birində satıcı işləyir. Deyə bilmərəm ki, oğlanlarla oturub-durmağa meyilli olduğunu eşitmişdim, ya haqqında bunabənzər nəsə bilirdim, yox, heç nə bilmirdim, heç nə eşitməmişdim, bir onu bilirdim ki, bu qəşəng sinif yoldaşım şəhərdədi.

Bəs xəyalən həmsöhbət (qız) arayaraq, niyə məhz Məlahət yadıma düşdü, niyə onun qara gözləri gəlib gözümün qabağında durdu? Bilmirəm, fələyin işlərini bilmək olmaz. Bəlkə də, həmin əsnada, Məlahətə oxşar tələbə qız gəlib-keçdi küçədən, bəlkə də, kimsə "Məlahət" deyə, kimisə çağırdı? Hər necə oldusa da, yadıma düşdü və özümdən asılı olmayaraq, yəni qeyri-ixtiyari dedim:

- Məlahətə zəng edim, vaxtı varsa, görüşək, haradasa, bağda oturub laqqırtı vuraq.

Görünür, bu kəlməni xeyli ucadan dedim. Şakir gözünü kitabdan ayırıb üzümə zillədi.

- Məlahət kimdir? - ani pauzadan sonra soruşdu.

- Məlahət mənim sinif yoldaşım olub. Çox yaxşı qızdı...

Şakir kitabı yana qoydu.

- De, rəfiqəsini də götürsün. Darıxıram, mən də sizinlə birlikdə çıxardım.

- Əla fikirdir, deyərəm, özü kimi qəşəng rəfiqəsi varsa, onu da götürsün, - bunu deyib qapıya tərəf yönəldim ki, gedim tələbə yataqxanasının yeganə telefonundan zəng edib niyyətimizi Məlahətə çatdırım.

- Dayan, - Şakir arxamca səsləndi, - ağlıma gözəl ideya gəldi, - bağ-mağ boş şeydir. De, bura gəlsinlər. Bu xudmani otaqda romantik bir axşam təşkil edə bilərik - iki qız, iki oğlan!

- Bura gəlsinlər?

- Hə, qızlar gələnə qədər, biz çıxaq, yolun o tərəfindəki ərzaq dükanından çörək, kolbasa, pendir, yanında da bir şüşə qırmızı şərab alaq. Maqnitofonumuz da var, yeyib-içib, rəqs edib, əylənə bilərik.

- Əla ideyadır! - deyib çıxdım.

Əllərim əsə-əsə Məlahətin nömrəsini yığdım. Hər şeylə maraqlananlar əllərimin niyə əsdiyini soruşmamış, özüm deyim ki, bir az həyəcanlı idim, məktəbi bitirəndən Məlahətlə danışmamışdım. Qaldığı evin telefonunu da bir başqa sinif yoldaşımız qızdan götürmüşdüm. Götürəndə düşünmüşdüm, bilmək olmaz, bir də gördün o qız mənə hardasa, lazım oldu. İşin gedişatı göstərir ki, gümanım məni aldatmamışdı, düz düşünmüşdüm.

Xəttin o başında Məlahətin cingiltili səsi eşidildi.

- Alo!

- Salam, Məlahət!

- Salam. Kimdir?

- Tanımadınmı, mənəm.

Adımı deməyə ehtiyac qalmadı, Məlahət məni tanıdı.

- Nə yaxşı yadına düşdüm.

- Sən həmişə yadımdasan...

-Yaxşı, bir...

- Ciddi sözümdür.

- İnanmıram.

- İnan!

- Yaxşı, eləsə, bəs niyə indiyə qədər zəng eləmirdin?

- İndi zəng elədim ki, görüşək.

- Görüşək?

- Hə, rəfiqələrindən birini də götür, tələbə yataqxanasına gəl, otaq yoldaşım - qəşəng bir oğlan da var, səni onunla da tanış eləyərəm.

- Deyirsən, rəfiqəmi də götürüm?

- Hə, də, kişi məclisində tək darıxarsan.

Araya gərgin sükut çökdü.

- Nə bilim, vallah...

- Bilməyə ehtiyac yoxdur, rəfiqəni də götür gəl, dostumla birlikdə gözləyirik.

Yenə gərgin sükut.

- Yaxşı, gələrik. İndi saat neçədir? Altıya qalıb on beş dəqiqə... saat səkkizin yarısında görüşək, yataqxananın girişində bizi qarşıla.

- Oldu, danışdıq.

Dəstəyi asıb otağa qayıtdım.

Şakir artıq saxlama köynəyinə ütü çəkirdi.

- Nooldu?

- Gəlirlər.

- Əjdahasan!

- Amma əjdahanın bir şərti var, sinif yoldaşımla münasibətdə qırmızı xətti keçmək mənə yaraşmaz. Belə ki, babam demiş, şərti şumda kəsək ki, xırmanda dava düşməsin.

- Mən istənilən şərtə razıyam.

- Sinif yoldaşım sənə, rəfiqəsi mənə.

- Danışdıq!

Sonra adama beş-on manat atışdıq, gedib ərzaq dükanından dediklərimizi aldıq, ortası şərablı gözəl bir süfrə açdıq.

Sonra xəyalımızda olmazı plan qura-qura, oturub qızları gözlədik.

Sonra mən gedib tələbə yataqxanasının girişində qızları qarşıladım.

Sonra qızlar gəlib çıxdılar. Vədələşdiyimiz vaxtdan cəmi üç dəqiqə ötürdülər.

Məlahətlə çox isti görüşdük, onu bağrıma basıb, üzündən ehmalca öpərək qulağına pıçıldadım, "sinif yoldaşı dediyin bacıdır". Bunu dedim ki, işini indidən bilsin, seçimini düz eləsin.

İnsafən, deməliyəm ki, Məlahətin rəfiqəsi çox cazibəli, suyuşirin qız idi, görən kimi quşum qondu, onun əlini sıxıb adımı deyəndə, elə bil qızın incə barmaqları ovcumun içini qıdıqladı. O da öz adını dedi:

- Seva!

Səsi də özü kimi yapışqanlı idi.

Otağa gəldik. Qızları Şakirlə, Şakiri qızlarla tanış elədim.

Gözlərindən duydum, sinif yoldaşım Şakirin çox xoşuna gəldi. Məlahəti də, əvvəlcədən yönəltmişdim deyə, otağa girən kimi meylini Şakirə saldı.

Biz süfrə arxasında əyləşəndə, artıq şər qarışmışdı. Yedik-içdik. "Yedik-içdik" deyəndə ki, qızlar, demək olar ki, yemədilər, dedilər, biz təzə şam eləmişik, axşam çox yemirik ki, çəkimiz artmasın. Amma qırmızı şərabdan imtina etmədilər, süzdükcə içdilər, içdikcə süzdülər.

Bir vaxtdan sonra Şakirin maqnitofonu işə düşdü, həzin musiqi sədaları otağa yayıldıqca dumanlı başlara təsir elədi.

Durduq qızların belindən sarılaraq rəqs elədik. Məlahət də, Şakir də işlərini əvvəlcədən bilən adamlar kimi yerlərindən duran kimi bir-birinə tərəf getdilər, heç bizə tərəf baxmadılar. Bir müddət sığınıb yapışaraq rəqs etdikdən sonra Məlahət dedi:

- Gəlin, işığı söndürək. Qaranlıqda oynayaq, belə daha romantik olar.

Dediyi kimi də elədi, cümləni tamamlayar-tamamlamaz, qapının yanındakı düyməni basıb işığı söndürdü. Otağımız birinci mərtəbədə yerləşdiyindən içəriyə yalnız küçədəki gecə çıraqlarının işığı düşürdü. Bu da doğrudan da, romantik bir ovqat yaradırdı.

Gecənin qaranlığından xoflanan adamlar kimi bir-birimizə daha da sarıldıq, elə sarıldıq ki, otağın alatoranlığında kənardan baxan adam elə bilərdi, otaqda dörd nəfər yox, ikicə adamdı, hər biri ortalıqda özü üçün fırlanır.

Bir müddət beləcə rəqs elədik. Başlarımız, bədənlərimiz bir-birinə elə yapışmışdı, deyərdin, bunları bir-birindən ayırmaq heç vaxt mümkün olmayacaq. Amma...

Amma intimliyin pik məqamında gözlənilməz bir hadisə baş verdi.

Sakir qəflətən qızı buraxdı, otağın qaranlığında sürətli addımlarla eyvana tərəf yönəldi, eyvanın şüşəli qapısını açıb çıxdı, sonrasa, məhəccərdən tullanıb, arxaya baxmadan getdi. Hara getdi, bilmədik, arxasınca baxa-baxa qaldıq.

Çaş-baş qalmış Məlahət işığı yandırdı. Heç nə demədi, bizə ötəri bir nəzər saldı. Sonra işığı yenidən söndürdü.

- Artıq gecdir, gedə bilmərik, burada qalmalı olduq, - dedi. Sonra soruşdu: - Onun çarpayısı hansıdır?

Gözümlə Şakirin çarpayısına işarə etdim.

Dinib-danışmadan donunu çıxardı və yorğan altına girdi.

- Gəl, yanıma uzan! - Sevaya əmranə səslə deyib, divara tərəf çəkildi.

Mən də öz çarpayımda üzüdivara uzanıb yatdım.

Aradan nə az, nə çox, düz əlli bir il keçdi.

Bu dəfə may axşamı yox, yay axşamı idi, işdən yorğun-arğın gəlib nəvələrimin hay-küyündən yayınaraq öz otağıma çəkilib kompüterin qabağında qurdalanırdım. Birdən telefonuma zəng gəldi, zəngin səsindən bildim ki, vatsapıma zəng edirlər. amma nömrəni tanıya bilmədim. Deyəsən, xaricdən idi. "Yes"düyməsini basıb açdım.

- Alo!

- Salam!

- Salam! Kimdir?

- Mənəm, Məlahət?

Qulaqlarıma inanmadım, amma səsini tanıdım.

- Məlahət?

- Bəli, mənəm. Necəsən? Nə var, nə yox?

- Sağ ol, yaxşıyam. Sən necəsən? Haralardasan?

- Mən Kanadadayam. Artıq neçə ildir, bura köçmüşük.

Kanadada olduğunu eşitmişdim, sinif yoldaşlarımızdan kimsə mənə demişdi.

- Kanadada neyniyirsən? Nə işlə məşğulsan?

- Burda da satıcı işləyirəm. Yoldaşım inşaat işlərinə baxır. Uşaqlar da burdadırlar, hərə bir işlə məşğuldur. Nəvələr oxuyur.

- Nə yaxşı yadına düşdüm?

- Səndən bir şey soruşmaq istəyirəm. Bu sual bir ömürdür məni rahat buraxmır, Şakirdən soruşmusanmı, nə deyir, o gecə niyə qaçdı?

- Sözün düzü, o hadisəni çoxdan unutmuşam, soruşduğum yadımda deyil. Telefon nömrəsini verim, özün soruş. Vatsapı da var.

Gərgin pauza.

- Yaxşı ver, soruşum. Cavabı bilməsəm, bu sual məni qəbrə qədər izləyəcək.

Şakirin telefonunu ona verdim, xudahafizləşib telefonları qapatdıq.

İki gündən sonra Məlahətin zəngi yadıma düşdü, qəribə də olsa, mən də maraqlandım, görəsən, Şakir Məlahətin cavabında nə dedi?

Etmədim tənbəllik, Məlahətin vatsapına zəng vurdum. Salam-kəlamdan sonra söhbəti məsələnin üstünə gətirdim.

- Şakirə zəng elədin?

- Elədim.

- Nə deyir, o gecə niyə qaçdı?

- Deyir, qaçdığım yadımdadır, amma niyə qaçdığımı bilmirəm.

Məlahətlə bu söhbətimizdən sonra xeyli vaxt keçdi. Bir gün hiss etdim ki, bu sual mənim də yaxamdan yapışıb, rahat buraxmır. Olmadı. Bir axşam telefonu götürüb Şakirin nömrəsini yığdım. Hal-əhval tutduqdan sonra, guya sözarası soruşdum.

- O gecə niyə qəflətən, qızı buraxıb getdin?

Araya çökən gərgin sükut xeyli çəkdi. Şakir haçandan-haçana dilləndi:

- Bilirsən ki, o vaxt mənim evlənmək, ailə qurmaq yaşım idi. Universitetə də gec daxil olmuşdum. Məlahəti görəndə bildim ki, axtardığımı tapdım. Daha doğrusu, bəxtim məni tapdı. Amma sonra... Hər şey musiqidən oldu... Yüz ilin sevgilisi kimi o köksümə sığınanda... ələlxüsus da, işığı söndürüb, başını başıma söykəyib, ehtiraslı nəfəsiylə boynumu pöşüləyəndə içimdə, daha doğrusu, onurğamda nəsə şimşək sürətiylə yanıb söndü, anladım ki, ömrümdə ilk dəfə qənşərimə çıxan bəxtim məni yaman yerdə yaxaladı... onun əlindən canımı qurtarmağın yeganə çarəsi tez çıxıb getməkdir... Getməsəm, ömürlük qalacam və həmin şimşək məni hər gün yandıracaq... tamam kül olana qədər məndən əl çəkməyəcək... Amma sonra, sonra yox ey, eyvanın məhəccərindən çölə atılan kimi peşman oldum, lakin artıq geriyə yol yox idi.

- İndi də peşmansan?

Yenə gərgin sükut.

- Hə, peşmanam... Çox peşmanam... əsl ömür o şimşəyin odunda yaşamaqdır...

Sonra sağollaşıb telefonları qapatdıq, amma bilmirəm, o sual məni daha çox narahat edirdi, yoxsa, bu cavab...

# 1325 dəfə oxunub

Oxşar xəbərlər

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
# # #