Mən necə noutbuk aldım - Hafiz Hacxalıl

Hafiz Hacxalıl

Hafiz Hacxalıl

4 dekabr 2021
# 18:02

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Hafiz Hacxalılın “Mən necə noutbuk aldım” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Qələmlə yazmağa vərdiş eləmişəm. Düzü, qələmlə yazılanların “dadı”, “duzu” kompüterdə yazılanlardan çox fərqlidir. Ürəyin dilini barmaqlar daha yaxşı bilir, nəinki klaviatura.

Günlər keçdikcə kompütersiz keçinməyin çətin olduğunu anladım. Çünki operativliyi təmin etmək, internetin imkanlarından yararlanıb yazıları və yaxud digər sənədləri yazmaq, lazımi ünvanlara göndərmək üçün noutbuk almalıydım.

“Pulumu yığıb kompüter almağa gedirəm”,- deyəndə isə ortaya nəsə çıxırdı. Ya uşaq xəstələnir, ya da ki, qazpulu, işıqpulu yığmağa gələnlər arzumu ürəyimdə qoyurdular. Bir müddət beləcə davam etdi. Ta polis polkovniki Sadiq Gözəlov məni yanına çağırıb: “Novruz bayramı ilə bağlı tədbir olacaq. Məni ora dəvət ediblər. Özün bilirsən ki, çıxa bilmirəm. Sən gedib iştirak edərsən”,-deyənə qədər.

Vaxt itirməmək üçün metroya düşdüm. Neftçilər stansiyasına çatanda artıq hava qaralmışdı. Taksilərdən hansına yaxınlaşdımsa tıxacı bəhanə edib tədbirin keçirildiyi məkana 5 manata aparacaqlarını dedilər. Çar-naçar, cibimdə 4 dənə əlli qəpiklik yola düzəldim. Yerihayüyür gəlib çatdım. Tədbir hələ başlamamışdı.

Güc strukturlarının və digər qurumların mətbuat xidmətlərinin rəhbərlərinin oturduğu masada əyləşdim. Ölkənin tanınmış media nümayəndələri, deputatalar, sənət adamları da tədbirdə iştirak edirdilər.

Aparıcının Novruz adət-ənənəsinə uyğun olaraq iştirakçılar yumurta döyüşdürəcəyini, sürprizin isə noutbuk olacağı fikrini səsləndirməsi ilə canımdan keçən giziltini heç bir sözlə ifadə edə bilmirəm. İnanın noutbuk deyəndə ürəyim elə döyündü ki, elə bildim səsini hamı eşitdi.

Ofisiant gətirdiyi yumurtalardan hərəyə birini verdi. Mənə düşən yumurtaya baxanda nəinki yumurtaya, bütün toyuqlara nifrət elədim. Belə balaca yumurta olar? Qanım qaralmışdı. “Bəxt gözəl şeydi, bizimki burda da gətirmədi”,- deyib tərs-tərs ofisianta baxdım.

“Döyüş” başlamışdı. Masamızdakı 15 nəfərin yumurtasını “məğlub” etmişdim. Hə, onu da deyim ki, tədbirin keçirildiyi məkanda 15 masa vardı və hər masada da 15 nəfərin əyləşməsi üçün yer ayrılmışdı.

Güc strukturlarının mətbuat xidmətlərinin rəhbərləri mənə elə həsədlə baxırdılar ki...

Görünür cavan bir oğlana uduzmaq onlara çox ağır gəlmişdi. Bəlkə də içərilərində eləsi vardı ki, qalib yumurtanı almaq üçün mənə pul da təklif eləyərdi.

Masalardakı qaliblər müəyyənləşdi. Bu dəfə mübarizə 15 nəfər arasında gedirdi. Deputatlar, jurnalistlər bu “döyüş”dən zövq alsalar da mən o halda deyildim. Bir yumurta ilə noutbuk sahibi olmağım mənə dünyanın 9-cu möcüzəsi kimi gəlirdi. Vaxtın necə keçdiyindən də xəbərim olmadı. Sonda iki qalib qalmışdıq: mən və Milli Olimpiya Komitəsinin rəhbər şəxslərindən biri. (Adını çəkmək istəmirəm) Hörmət əlaməti olaraq birinci onun “zərbə” endirməsini istədim. O isə mənim bu təklifimi taktiki gedişim kimi qiymətləndirib etiraz etdi. Birinci “zərbə”ni mən endirəsi oldum və...

Yumurtasının sınması ilə razılaşmayan “rəqib”im yenidən vurmağımı israr etdi. Mənzərə çox ağır idi: Sınmış yumurta və məğlub Milli Olimpiya Komitəsinin yetkilisi. “Məğlubiyyət”lə barışmadığı aydınca hiss olunurdu.

Tədbirin təşkilatçıları da pərt olmuşdular. Sanki onun məğlub duruma düşməsi böyük bir faciəyə yol açmışdı. Halbuki həmin şəxsin mənim kimi yüzlərlə gəncə ən son model noutbuk almağa imkanı vardı...

Özümdən başqa kimsə sevincimə sevinmirdi. Birdən ofisiantın: “Qardaş, sənə seçmə yumurta verdim ki, qalib olasan. Yəqin ki, şirinliyi olacaq”, - deməsi ilə cibimdəki qəpiklərin cingiltisi ürəyimin döyüntüsünü eşidilməz etdi.

Zorla gülümsəyib olacaq,- dedim.

Bu iki manatı ofsianta versəm, bəs onda mən evə necə gedəcəyəm? Və yaxud da o, deməzmi ki, gör hardan gəlib, amma cibində beş manatı belə yoxdur. Dərd məni götürmüşdü. Sevincdən əsər-əlamət qalmamışdı.

Ofsiantın gözündən oğurlanıb məkandan ayrıldım. Gedəcəyim ünvana gediş haqqı üçün 6 manat istədilər. Razılaşdım. Mənzil başına çatanda dükanda işləyən dostumdan 6 manat alıb gediş haqqını ödədim.

Həmin gün bizdə bayram idi, əsl Novruz bayramı. Qalib yumurtanı isə əlimdən yerə qoymurdum. Hələ səhər işə getməyə cibimdə pulum da qalmışdı - 4 dənə əlli qəpiklik.

Yeri gəlmişkən, məğlub etdiyim həmin adamın sonradan polis polkovniki Sadiq Gözəlova zəng vurub guya mənim cığallıq etdiyimi, daha doğrusu, onun yumurtasının baş tərəfindən deyil, böyründən vurub sındırdığımı deməsini isə yazmaq istəmirdim. Yazdım, çünki yazmasaydım, qalib yumurtanın mənə qazandırdığı və bu yazını yazdığım noutbukun haqqına girmiş olardım.

# 2158 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
#
#
# # #