"İnanmasan, olmalı olan əsla olmayacaq..." - Xulio Kortasarın "Xana- xana oyunu" romanından bir hissə

"İnanmasan, olmalı olan əsla olmayacaq..." - Xulio Kortasarın "Xana- xana oyunu" romanından bir hissə
26 avqust 2026
# 10:00

Bu gün görkəmli argentinalı yazıçı Xulio Kortasarın doğum günüdür.

Kulis.az onun "Xana-xana oyunu" romanından bir hissəni Nadir Qocabəylinin tərcüməsində təqdim edir.

Səhərlər zəngli saatın zəhlətökən cığırtısının belə qovub ayıqlığın aydınlığı və kəskinliyi ilə əvəz edə bilmədiyi yarıyuxulu vəziyyətdə onlar gördükləri yuxuları ətraflıca bir-birinə danışırdılar. Başlarını toxunduraraq, ayaqlarını və əllərini dolaşdıraraq bir-birini sığallayır və gecənin şüursuz saatlarında yaşadıqlarını xarici aləmin sözləriylə bir-birinə çatdırmağa çalışırdılar.

Talitanın yuxuları və danışdığı yuxudan asılı olaraq sıxılan, yaxud gülümsəyən dodaqları, hekayəsini qüvvətləndirən jestləri və nidaları və gördüyü yuxunun səbəbi və mənasıyla bağlı sadəlövh fərziyyələri Treveleri – Oliveyranın gənclik dostunu ovsunlayırdı. Sonra onun danışmaq növbəsi çatırdı və bəzən yarıya çatmamış arvadının əlləri onun əllərinə sığal çəkməyə başlayırdı və onlar yuxudan sevişməyə keçir, yenidən yuxuya gedirdilər, sonra da hər yerə gecikirdilər.

Talitaya, onun yumşaq, yuxulu səsinə qulaq asan Treveler arvadının yastığa dağılan saçlarına baxaraq təəccüblənirdi: bu, necə ola bilər? O, barmağıyla Talitanın alnına, gicgahına toxunur («İrene xala mənim bacım idi, deyəsən, beləydi, ancaq əmin deyiləm»), sanki, başının bir neçə santimetrliyində maneə hiss edirdi («Mənsə kövşənlikdə çılpaq idim və ağappaq bir çay gördüm, o nəhəng dalğalarıyla şahə qalxmışdı…»).

Onlar baş-başa yatmışdılar, fiziki baxımdan yan-yanaydılar, hərəkətləri, pozaları da təxminən eyniydi, eyni otaqda, eyni balışların üzərində nəfəs alırdılar, həmin qaranlıqda, həmin zəngli saatın çıqqıltısı altında, oyanmanın hər ikisi üçün eyni olan küçə və şəhər mənbəyində, hər ikisi üçün eyni olan maqnit şüalanmasında, eyni növ qəhvə və ulduzların eyni düzüldüyü gecə də onlar üçün, bir-birinə sarılaraq yatanlar üçün eyniydi, ancaq buna baxmayaraq, onlar fərqli yuxular görür, tamamilə bənzərsiz şeylər yaşayırdılar və biri gülürdü, eyni vaxtda o biri qorxu içində qaçırdı və o, yenə cəbrdən imtahan verməliydi, o biri isə bu zaman ağ daşdan olan şəhərə gəlmişdi.

Talitanın səhər hekayəsində sevinc də səslənə bilərdi, kədər də, ancaq Treveler uyğunluq aramaqdan yorulmurdu. Necə ola bilərdi ki, gündüzləri hər şeydə bir olsunlar, gecələr isə mütləq uyğunsuzluq baş versin və insan yuxuda dözülməz dərəcədə tənha olsun? Bəzən Treveler Talitanın yuxusuna girir, ya da əksinə, Talitanın obrazı Trevelerin gördüyü kabusu bölüşürdü. Ancaq onlar oyanandan sonra bu barədə danışmaq lazım olduğunu bilmirdilər: «Bu vaxt sən mənim əlimdən tutub deyirsən…»

Və Treveler müəyyən etdi ki, o, Talitanın yuxusunda arvadının əlindən tutub danışdığı zaman öz yuxusunda onun ən yaxın rəfiqəsilə yatır, ya da «LasEsterlas» sirkinin direktoruyla danışır, yaxud da La-Plata körfəzində üzür. Başqasının yuxusuna xəyalət kimi girmək onu tikinti materialı səviyyəsinə endirirdi və bu zaman o hətta gecə görüntülərinin vacib dekorasiyaları olan bütün bu fiqurları, naməlum şəhərləri, vağzalları və giriş pilləkənlərini görmək imkanından da məhrum olurdu.

Talitaya lap yaxınlaşaraq, barmaqlarını və dodaqlarını onun üzünə və başına toxunduraraq Treveler hiss etdi ki, bu dəfolunmaz maneə uçurum kimi keçilməzdir, bu məsafəni sevgidə də aşmaq mümkün deyil. Uzun müddət o, möcüzə gözləmişdi, ümid etmişdi ki, gözəl səhərlərin birində Talita ona elə bir yuxu danışacaq ki, eyni yuxunu o da görmüş olacaq. O bunu gözləyirdi, buna nail olmağa çalışırdı, bütün mümkün analogiyaları köməyə çağıraraq uyğunluq tapır, tanımaya apara biləcək oxşarlıq axtarırdı.

Yalnız bircə dəfə (ancaq Talita buna zərrə qədər əhəmiyyət vermədi) onlar oxşar yuxu görmüşdülər. Talita anasıyla birgə gəldiyi və hərəsinin özüylə bir stul gətirməli olduğu mehmanxana haqqında danışdı. Bu zaman Treveler öz yuxusunu xatırladı: mehmanxanada vanna otağı yox idi və yuyunmaq üçün məhrəbayla vağzaldan keçib getmək lazım idi.

O dedi: «Biz təxminən eyni yuxunu görmüşük: vanna otağı və stulların olmadığı mehmanxananı». Talita güldü: çox gülməlidir, qalxmaq lazımdır, artıq gecdir, ayıbdır, bu qədər yatmaq olar? Treveler inanır və ümid edirdi, ancaq getdikcə daha az.

Yuxular təkrarlanırdı, ancaq hər kəsinki ayrı-ayrılıqda. Başlar bir-birinə toxunaraq yuxulayırdı və hər birində fərqli səhnələrdə fərqli pərdələr qalxırdı. Treveler gülümsünərək düşünəndə ki, o və Talita Laval küçəsindəki qonşu binalarda yerləşən iki kinoteatr kimidirlər, ümidini itirirdi.

Artıq ürəkdən arzuladığı şeyin baş verəcəyinə inanmırdı və bilirdi ki, əgər inanmırsa, deməli, heç olmayacaq. O bilirdi: inanmasan, olmalı olan əsla olmayacaq, inansan da, demək olar ki, olmayacaq...

# 738 dəfə oxunub

Oxşar xəbərlər

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları

"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları

17:00 12 oktyabr 2026
Konsert - İtaliyanın Nobel mükafatçısından hekayə

Konsert - İtaliyanın Nobel mükafatçısından hekayə

16:00 12 oktyabr 2026
"Xalx qız verib quda qazanır, biz də qada qazandıq..." - Elçinin  "Kaşeyin taleyi" povestindən

"Xalx qız verib quda qazanır, biz də qada qazandıq..." - Elçinin "Kaşeyin taleyi" povestindən

12:30 11 oktyabr 2026
"İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir..." - Fransua Moriakdan sitatlar

"İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir..." - Fransua Moriakdan sitatlar

10:30 11 oktyabr 2026
Gülən balıq -  Süleyman Rəhimovun əfsanəsi

Gülən balıq - Süleyman Rəhimovun əfsanəsi

10:00 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər