Bakının payızları - İlhamə Həkimoğlunun hekayəsi

Bakının payızları - İlhamə Həkimoğlunun hekayəsi
17 oktyabr 2025
# 17:05

Kulis.az İlhamə Həkimoğlunun yeni hekayəsini təqdim edir.

Yarıqaranlıq otaq. Şərfinə bürünmüş gənc, gözəl və hüznlü bir qadın pəncərə qarşısında dayanıb küçəni seyr edir. Çöldə külək uğuldayır. Pəncərədə yağış damlaları var. Çöldə çətir tutmuş insanlar tələsə-tələsə gedirlər. Gözləri uzaqlara dikilmiş qadın pıçıltılı səslə özü ilə danışır.

Adını qoya bilmədiyim bir hiss var içimdə. Sonuncu dəfə 5 il öncə belə döyünmüşdü ürəyim. Onu itirəndə...

Nəsə olacaq sanki.. Ürəyim islanmış quş kimi çırpınır, küçəyə dartır məni...

Qadın tərəddüd içində var-gəl edir, ani qərarla güzgü qabağına keçir, saçlarını darayıb toplayır, paltosunu götürüb qapıdan çıxır.

Metro stansiyası. Stansiyada çoxlu sayda insan var. Sıxlıqdır.

Qadın qatarın gəlməsini gözləyir. Qatar dayanır. İtələyə- itələyə insanlar düşüb-çıxırlar. O tərpənmir. Düşən sərnişinlərdən biri ( kişi) anidən dayanır, insanların arasında onu görür. İtirməmək üçün adamların arasından boylanır. Amma çox cəsarətlə deyil, ehtiyatla. Kişi artıq hərəkət etmir. Sevgi, həsrət, daha ona yad olan keçmiş bir doğmasını tapmış kimi baxır ona. Bayaqdan telefonuna baxan, ətrafdakı insanların itələmələri arasında qalan qadının gözləri anidən ona sataşır. Ətrafdakı hərəkətlilik donur sanki. Göz-gözə gəlirlər. Baxışırlar. Hər ikisinin gözləri dolmuş kimidir. Gözləri ilə, iç səsləri danışır.

Qadın:

- İçimdəki bu günkü fırtınanın səbəbi sənmişsən. Sən idin ruhumu küçəyə dartan? Hardaydın bu vaxtacan? Yaxınlaşım? Bəlkə tək deyil. Bəlkə unudub məni, heç tanımır. Yox, bu tanımır baxışları deyil. Necəsən. Əzizim? Görəsən yaxınlaşım?

Kişi:

- Görəsən, yaxınlaşım? Heç dəyişməyib. Baxışları həmişəki kimi mehribandır, şəfqətlidir. Amma hüznlüdür. Görəsən, xoşbəxtdir? Bir zamanlar işıq saçardı gözləri.

Xatirələr canlanır gözlərində - Birlikdə əl-ələ bulvar gəzmələri, yağışda ayaqyalın qaçmaları, sarı payız xəzəllərini bir-birlərinin başlarına tökmələri. Birdən- birə hər yer qaranlığa bürünür və müharibə kadrları görünməyə başlayır. Oğlan hərbi libasdadır.

Oğlan onu qucaqlayıb saçlarından öpür, hərbi maşına qaçır. Müharibə səhnələri görünür. Kişi ağır yaralanır, kadr qaralır.


Kadr yenidən metro stansiyasına dönür. Bir neçə qatar keçir sürətlə. Onlar isə insan selinin içində heykəl kimi dayanıb bir-birlərinə baxırlar. Qadını kimsə itələyir və o sanki yuxudan ayılır. Geriyə, kişiyə bir baxış atır və eskalatora gedir. O öndədir, kişi arxada. Gəlib gəlmədiyini öyrənmək istəyir, amma geri baxmır.

Növbəti məkan küçə.

Yağış çiləyir. Qadın gedir. Kişi ona çatır və salam verir. Hərbiçi qazidir. 1 qoltuq ağacına söykənib. Üz-üzə dayanırlar. Hiss olunur ki, deməyə sözləri çox olsa da, danışa bilmirlər.

Yenə iç səsləri danışır

Kişi: "Həmişə görüşdüyümüz yer. Bura sənsiz çox gəlmişəm".

Qadın: "Mən də".

Kişi: "Sənsiz ölmədim, yaşadım, amma səninlə bir başqa cür olardı hər şey. Müharibə çox arzuları yarımçıq qoydu".

Qadın: "Sanki dumanlı dənizdə tənha üzən sərgərdan, yolunu azmış gəmiydim, sən həm yaxın idin, həm uzaq. Bəs hardaydın, hardaydın? Səni çox axtardım, çox gözlədim"...

Kişi: "Əvvəl gəlməyə imkanım olmadı, sonra üzüm.

(Müharibədə kontuziya almış kişinin xəstəxana görüntüləri. Gah yataqdan diksinib oyanır, gah otaqdakı əşyaları dağıdır. Başı sarıqlıdır. Həkim sakitləşdirir. “Yaxşı olacaqsan, amma zamana ehtiyac var” deyir. Kişi gah intihara cəhd edir, gah da bu sahildə tək-tənha dənizə baxır)

Gələ bilmədim. Sənə ziyan vurmamaq üçün gələ bilmədim öncələri. Bir dəfə isə dünyam yenidən qaraldı. Qapınızdan keçərkən vağzalı eşitdim... Son ümidim də öldü".

Qadın: "Müharibədə heç kim sağ çıxmırmış. Ehhh, Sən mənim həmişə əlçatmazımsan".

Yağış güclənir. Leysan altında islanmış cütlük asta-asta yolayrıcına qədər gedirlər. Sonra yollar ayrılır.

# 1603 dəfə oxunub

Oxşar xəbərlər

Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

11:30 22 mart 2026
Pandemik mələk - Orxan Fikrətoğlunun hekayəsi

Pandemik mələk - Orxan Fikrətoğlunun hekayəsi

11:00 21 mart 2026
"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə

"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə

11:00 20 mart 2026
"Əşrəf, bəxtin gətirib, sənin heybəni ağzınacan doldurublar..." - İsmayıl Şıxlının "Dəli Kür" romanından bir hissə

"Əşrəf, bəxtin gətirib, sənin heybəni ağzınacan doldurublar..." - İsmayıl Şıxlının "Dəli Kür" romanından bir hissə

17:00 17 mart 2026
"Biz heç nəyi məsləhət qədər səxavətlə paylamırıq" - Laroşfukodan  aforizmlər

"Biz heç nəyi məsləhət qədər səxavətlə paylamırıq" - Laroşfukodan aforizmlər

14:30 17 mart 2026
Öksüz, yaxud son busə - Əli bəy Hüseynzadənin hekayəsi

Öksüz, yaxud son busə - Əli bəy Hüseynzadənin hekayəsi

11:52 17 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər