Nazirlik nəyə görə Saday Budaqlıya mükafatı verdi? - Nəriman Əbdülrəhmanlı

Nazirlik nəyə görə Saday Budaqlıya mükafatı verdi? - Nəriman Əbdülrəhmanlı
13 noyabr 2023
# 12:00

Bu gün yazıçı, tərcüməçi Saday Budaqlının doğum günüdür.

Kulis.az Nəriman Əbdülrəhmanlının "Sadaq Budaqlı: Ömrün yolüstü söhbəti" adlı yazısını təqdim edir.

Proloq əvəzi

“...dediyi sözlər yalan deyildi, sözlər ana bətnindəki körpə idi, canlı idi, ağrılı idi, sevimli idi. Bu körpəni o, aylarla canında gəzdirmişdi, sabahına inana-inana gəzdirmişdi. Amma gecikmiş hisslərinin içində çücərməsi üçün çox vaxt lazım olmuşdu...”

“Şəbəkə”

...Özünü çox-çox sonralar tanımışam. Amma 1977-çi ildə ilk hekayəsini oxuyanda Sözün havası məni vurmuşdu. Onda heç bilmirdim ki, ilk yazısını üzə çıxaran Saday Budaqlının cəmi-cümlətanı 21 yaşı var, özü də “ədəbiyyat adamı” (o vaxt filologiya və jurnalistika fakültələrində oxuyanların hamısına potensial yazıçı kimi baxırdıq) deyil. Şəxsən tanıyanda isə artıq gənc yazıçılar arasında klassik sayılırdı: Bakıda və Moskvada kitabları nəşr olunmuşdu, “Nedelya” həftəliyinin və “Drujba narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mükafatlarını, üstəlik, M.Qorki adına Ümumittifaq mükafatını almışdı. Sonra hekayələri və povestləri, “Çat” adlı nəsr toplusu nəşr olundu və nə yazdısa, mənə ilk hekayəsindəncə tanış olan havasını saxladı...

I. Deyilməyən sözün arxasınca

“...Eşidəcəyi sözləri, deyilməsə də, eşitmişdi. Əsas deyilməyən sözlərdi...”

“Zədə”

Səhv eləmirəmsə, Saday Budaqlına rastıma çıxan ilk hekayəsi “Uduş” idi. Başlanğıc cümlələrindəncə üslubun, duyumun, hissin təzəliyiylə diqqətimi çəkmişdi. Hələ üzdən tanımadığım yazıçı Vaxtın, Zamanın “sovet ədəbiyyatı qarşısında qoyduğu tələbləri” ustalıqla görməzliyə vura bilmişdi. Hekayənin personajları yonulu-ütülü yox, kələ-kötür, gerçək həyatdakı kimiydilər. Sadayın dili, yazı tərzi, Sözə münasibəti təzəydi, “mitili çıxmış” sözlərin yox, deyilməmiş, amma deyiləcək Sözlərin arxasınca yol başlamışdı Bu haqda sox-çox sonralar deyəcəkdi:

“Sözə qarşı çox tələbkaram. Görünür, həm də tənbələm. Beynimdə çox şeylər var, otursam, yazaram. Amma özümü oturmağa məcbur eləyənəcən mənimki mənə dəyir. Ürəyimcə işləyə bilmək üçün həmişə özümə yaxşı şərait arzulamışam. Bir az qayğısızlıq, bir az imkan, bir az da daxili rahatlıq, sərbəstlik. Həyatımı da o cür qurmağa can armışam, həmişə rahatca oturub yazmağa can atmışam. Çünki yazanda əbəs yerə yaşamadığımı hiss eləyirəm. Bircə bu, mənə mənəvi toxtaqlıq gətirir...”

Sonra hələ tanımadığım Saday Budaqlının “Bürkü”, “Firuzə qaşlı sırğa”, “Günorta”, “Qırxıncı otaq” və s. hekayələrini, “Mədət” (“Zədə”), “Şəbəkə”, “Fevral” povestlərini oxudum (hətta “Qırxıncı otaq”ın və “Zədə”nin motivləri üzrə hələ çəkilməmiş, bəlkə də çəkilməyəcək bədii filmin ssenarisini də yazdım), onun “tənbəlliyinin” alt qatında Söz qarşısında məsuliyyət gizləndiyinin fərqinə vardım. Saday Sözə bələdliyiylə gündə bir hekayə yaza bilər, amma bu, onun yaradıcılıq kredosuna yaddı, üstəlik, atüstü yazılmış həmin yazılar Sadayın əsərləri olmayacaq, Çünki Saday Budaqlı yazdığının ağrısını çəkə-çəkə, Sözün, duyğunun çalarlarını görə-görə, qəhrəmanlarını öz köynəyindən keçirə-keçirə yazır; ola bilsin ki, ağ kağızla təkbətək qalanda nədən başlayacağını yaşadığı həyat kimi dəqiq bilsə də, harda, nəylə bitirəcəyini bilmir, intiutiv olaraq Sözün arxasınca gedir...

Qələm dostlarından birinin dediyi kimi, “...onun yazdıqları nə az, nə çox, həyatın bir parçasıdı. Heç bir povestinə, heç olmasa, özündən uğurlu sonluq, yaxud faciəvi final quraşdırmır. Onun üçün konkret “pis” və konkret “yaxşı” yoxdu...”

II. İllərin qorxulu anları

Yazıçılıqla ciddi məşğul olanda, hekayə və povestlərini qələmə alanda, mükafatlara layiq görüləndə, səhv eləmirəmsə, Saday Budaqlı otuz yaşlarında olub, “Yazıçı" nəşriyyatında redaktor işləyib, Moskvada “Uduş” (1984), Bakıda (1985), “Döngə” və “Çat” (1987) adlı nəsr topluları nşr olunub. Sonra keçid dövrünü AYB Qazax bölməsinin rəhbəri kimi başa vurdu. Ardınca da ömrünün on beş ilini Azərbaycan radiosuna sərf elədi, Moskvada “Torpaq” adlı kitabı (2000) işıq üzü gördü. 2009-cu ildə M.Bulqakovun “Master və Marqarita” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə, respublika Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə" mükafatına layiq görüldü. 2009-cu ildən də həyatı “Xəzər” jurnalı və Azərbaycan Dövlət Tərcümə Mərkəziylə bağlıdı. Bu illər ərzində “Qoca”, “Əclaf”, “Yağmursuz havalar”, “Dəli” kimi hekayələrini qələmə aldı, 2015-ci ildə eyniadlı hekayəsinin də yer aldığı “Yolüstü söhbət” toplusunu nəşr edildi...

Saday Budaqlının 1980-ci illərin axırı – 1990-cı illərdə qələmə aldığı hekayələrdə fəhmlə duyduğu “qorxulu anlar” açıq-aşkar özünü büruzə verir. Elə o anlar da “belə şeylərə qarışmaqla o qədər də arası olmayan” Saday Budaqlının bədii nəsrdən soyuyub publisistikaya üz çevirməsinə səbəb olmuş, daxilindəki vahiməni bu yolla yasalamağa çalışmışdı.

O “qorxulu anlar” acı bağırsağa dönüb uzandıqca xalqımızın taleyində, o sıradan Saday Budaqlının həyatında silinməz iz qoydu. Şübhəsiz, həmin dövr olmasaydı, Sadayın romanını, povestini, hekayələrini oxuyacaq, bəlkə də səhnə və ekran yaradıcılığının şahidi olacaqdıq...
Amma o, olana da şükür eləməyi, taleylə barışmağı bacarır...

III. Sözün havası içində

...Mənə görə, hər bir yazıçı öz personajının az-çox prototipidi, onların düşüncələrində, davranışlarında, duyğularında, hətta görkəmlərində belə, müəllifin cizgiləri var. Bu anlamda yaş fərqlərinə baxmayaraq (“Zədə”nin, “Firuzə qaşlı sırğa”nın, “Qırxıncı otaq”ın, “Dəli”nin qəhrəmanları təxminən öz yaşıdlarıdı) o personajların hamısı narahat, vasvası, dərinə gedən, yaşadıqları ömrün illərini, aylarını, anlarını saf-çürük eləməyi xoşlayan, səhvlərindən peşman olub əzab çəkən, həyatın mənasıyla bağlı öz düşüncələrini bölüşən adamlardılar. “Şəbəkə” və “Fevral”dakı qocalar da, “Zədə”dəki Mədət də, “Qırxıncı otaq”dakı oğlan da canlarını keçirdikləri ömrün illüziyalarından qurtara bilmir, çox vaxt pislə yaxşı arasında seçim eləməkdə aciz qalırlar...

“Öz hisslərimi qələmə almağa qorxmuram. Hər hansı bir hissi keçirirəmsə, beynimdə nə - yaxşı-pis olmasının dəxli yoxdu – deməli, başqaları da eyni hissləri yaşayırlar, onlara da müəyyən naqolay fikirlər yad deyil. Yazıçı gərək ağ kağız qarşısında səmimi ola, dərin qatlara gedə bilə, qəlbinin astarını çevirməyi bacara...”

Saday Budaqlı sözün, fikrin, süjetin cilasına, tutumuna və sanbalına görə, heç kəsə bənzəmir, hekayət və düşüncənin hüdudlarında tamamilə ozünəxas əsərlərin müəllifidi. Ədəbi tənqidin alışdığı – dəqiq başlanğıcı, süjet xətti, kulminasiya nöqtəsi, finalı olan – nəsrin çərçivəsindən elə ilk hekayələrindəncə kənara çıxan yazıçının söykəndiyi yeganə sənət ölçüləri bədii sözün imkanları, duyumun qüdrətidi. Bəlkə, bu səbəbdəndi ki, onun qələmindən çıxan əsərlər, hər şeydən əvvəl, müəllifin səmimiyyətini ortaya qoyur...

IV. Ağ kağız qarşısında səmimiyyət

Uzun illərdi ki, Saday Budaqlının irihəcmli əsər – romandımı, povestdimi, bilmirəm – işlədiyini eşitmişəm.
Hər dəfə bu barədə soruşanda “yavaş-yavaş irəlilədiyini” deyir, hər dəfə məzuniyyət götürüb Qazaxa gedəndə “Allah qoysa, bu yay bitirəcəyini” vəd eləyir, Bakıya qayıdanda “bir az işlədiyini” söyləyir.

Başa düşürəm ki, Saday özünü yazıya kökləmək üçün əziyyət çəkir, qələmindən yarımçıq, saxta və yerinə düşməyən bircə kəlmənin belə çıxmasına yol verməmək üçün cəhənnəm əzabı yaşayır.

Ağ kağız qarşısında səmimiyyət” onun yaradıcılıq prinsipinə çevrildiyinə görə, ortaya alaçiy, yazmaq xətrinə qələmə alınmış əsər çıxarmaq istəmir, “qabaqdakı adamların” – oxucuların sayıqlığı barədə fikirləşməyi ağlına belə gətirmir.
Ondan ötrü gündəlik həyatla həyat başqa-başqa şeylərdi, yaşam qnunlarıyla yaradıcılıq qanunlarını qarışdırmaq yolverilməzdi...

V. Vaxtın gətirdiyi peşmançılıq

Saday Budaqlı yazır ki, “adamlar göründüyü kimi deyillər”.

Heç özü də göründüyü kimi deyil. Zahirən sakit, rahat görünsə də narahatlığını, darıxmağını, bəzən də darılmağını duymaq o qədər də çətin deyil...
Səksəninci illərin sonunda qəfildən Bakıdakı işini buraxıb Qazaxa getdi, AYB-nin filialını yaratdı, “Sınıq körpü” ədəbi-bədii toplusunun bir neçə sayını hazırlayıb çap etdirdi. Yəqin, Səsin və Sözün eşidilmədiyi bir vaxtda öz missiyasını dərk elədiyindəniydi ki, ətraf rayonlarda – Borçalıda, Başkeçiddə, Qarayazıda, Qaraçöpdə, Qabalda, Tiflisdə... – yaşayan ziyalıları bir araya gətirmək üçün nüfuzundan, imkanlarından istifadə elədi. Həmin vaxtlar AYB-nin Qazax filialı regionun, sözün əsl mənasında, düşüncə mərkəzinə çevrilmişdi. Faydalı bir iş görmək xətrinə paytaxtdakı işini, evini, imkanlarını qoyub gələn Saday Budaqlı yaradıcılıqdan çox milli oyanış, maarifçilik, bağımsızlıq təbliğatıyla məşğuluydu...

Sonra hər şey qəfildən dağıldı. Ömrünün illərini sərf elədiyi iş diqqətsizlik və qayğısızlıq ucbatından yarımçıq qaldı...
Günlərin birində də Saday Budaqlı getdiyi həmin qatarla Bakıya, qələbəliyin və qayğıların ağuşuna qayıtdı...

VI. Hər şey başqa cür ola bilərdisə...

Hər hey başqa cür ola bilərdisə, Saday Budaqlı Politexnik İnstitutunu bitirməli, hardasa mühəndis işləməli, şübhəsiz ki, indikindən maddi cəhətdən qat-qat yaxşı yaşamalıydı, güzəran qayğılarıyla əlləşə-əlləşə yaşının üstünə yaş gətirməli, ömrünün axırınacan ağ kağızın xofundan xəbər tutmamalıydı...
Amma hər şey məhz bu cür oldu: Poltexnik İnstitutunda əl çəkib M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna getdi, “yazıçılıq oxudu”, hekayə və povestlərini çap etdirdi, mükafatlar aldı, Sözdən ötrü darıxa-darıxa yaşadı...

Bəlkə, bu səbəbdəndi ki, Saday Budaqlının hekayə və povestlərində qəhrəman saydığımız adamlar da həyat, ölüm, sevgi, nifrət hissələri keçirə-keçirə bir sualın cavabını tapmağa çalışırlar: “Hər şey başqa cür ola bilərdimi?” “Əgər hər şey başqa cür ola bilərdisə, deməli, heç nəylə öyünmək lazım deyil, nə də ki, heç nəyə təəccüblənmək...” Bu, yazıçının həmin suala tapdığı cavabdı.

Sadayın qəhrəmanları həyata münasibətdə yetərincə praqmatikdilər, hissi olanı yox, maddi olanı qəbul eləyirlər: “Nəyə ki, toxunursan, nəyi ki, görürsən, qalacaq; sevinməkdi, ağlamaqdı, alçalmaqdı – hamısı keçib gedən şeydi, unudulandı..”

Bəlkə, elə narahat olmaları, vurnuxmaları, ovqatlarının tez-tez dəyişilməsi də hissiylə maddinin hüdudlarını ayırd eləmək cəhdiylə bağlıdı. “Qırxıncı otağ”ın qəhrəmanı məhz o maddini tapmaqdan ötrü hissini yaşadığı yerə bir də gəlir...

Bəlkə, yazıçının özü də elə həmin duyğularla yaşayır...

VII. Sözə çevrilməyən duyğuların ağrısı

“...Elə şeylər var ki, sözə çevrilmir. Adamı ağladan-güldürən də həmin şeylərin köpüyüdü, gözə görünənidi; hamının fikirləşdiyi kimi nələrinsə, hansı hisslərinsə yekunu deyil, hansı hisslərisə gizlətmək üçün pərdədi...”

“Zədə”

Təbii ki, povestinin qəhrəmanı Mədətin içini gəmirən bu duyğu Saday Budaqlının öz ağrısıdı: Sözə çevirə bilmədiyi duyğular qələm adamını daha bərk ağrıdır. Görüşəndə, zəngləşəndə Sadayın o ağrısını hiss eləyirəm, bilirəm ki, Mədəttək yaddaşına, duyğusuna meh kimi toxunub keçən, bir-birinə bağlı olmayan sözləri, hissləri, çöhrələri tutub saxlamağa cəhd göstərir, elə bil, dartınıb yuxudan çıxmağa çalışır, yaşantılarını Sözə çevirməyə can atır, “işıqlı bir yazı” yazmaq üçün qovrulur.

“Hər ağır, içini-içalatını söküb-dağıdan yazıdan sonra adam istəyir ki, işıqlı bir yazı yaza. Duyğularını təzələmək, durulmaq istəyirsən. Pis heç nə yoxdu; əzəli, əbədi dünyadı, bir də insafsızcasına keçib-gedən ömrün qüssəsi”.

“Ağır, içini-içalatını söküb-dağıdan yazı”, səhv eləmirəmsə, “Şəbəkə”, “Zədə”, “Fevral” povestləri, “Firuzə qaşı sırğa”, “Qırxıncı otaq”, “Dəli” hekayələri, “işıqlı bir yazı” “Qoca”, “Yolüstü söhbət”, “Yağmursuz havalar” hekayələridi. Bununla belə, duyğuları təzələmək Saday Budaqlının Sözə münasibətinə zərrə qədər də xələl gətirmir, özünün “ən ağır” saydığı povest və hekayəsində belə, yetərincə işıq var...
Bu işıqsa onun içindən gəlir...

Epiloq əvəzi

“Adam ömrü boyu azadlığa can atır, amma yaşadıqca, əksinə, çərçivəyə düşür. Çərçivələrsə get-gedə daralır, axırda kiçilib olur qəbir boyda. Üstünü torpaqlayırlar, vəssalam, hər şey qurtarıb gedir...”

Amma hələ Saday budaqlı azadlığının sığışdığı çərçivənin daralmaması üçün əlləşir, heç olmasa, əsərlərində onu qoruyub saxlamağa çalışır...

Saday Budaqlının yaradıcılığı çoxdan ədəbiyyatımızın sanballı faktına çevrilsə də, hələ ədəbi tənqid onun povest və hekayələri haqqında əməlli-başlı söz deməyib, amma o, bundan darılmır, darıxmır, onu daha çox nədən ötrü yazdığı yox, niyə yazdığı maraqlandırır...

Saday Budaqlı ona görə yazır ki... yazmaya bilmir; həm də yalnız yazmaya bilməyəndə yazır, yazdıqlarını da ömrünün oxucularla “yolüstü söhbəti” sayır...

Yaza bilməyəndə Mixail Bulqakov, Yasunari Kavabata, Migel Delibes, Mario Varqas Lyosa, Qabriel Qarsiya Markes, Xuan Karlos Onetti, Kamilo Xose Sela, Kazuo İşiquro... kimi ədəbi korifeylərin əsərlərini eyni məsuliyyətlə dilmizə çevirir...

“Söz artıq deyilmişdi və sözün işığı hamının üzünə çilənmişdi..”

“Qırxıncı otaq”

sentyabr 2000 – sentyabr 2003

# 2001 dəfə oxunub

Müəllifin son yazıları

# # #