"Sən yolunu kəsənlərdən intiqam alımısan" - Şərqlə Qərb arasında qalan yazıçı

"Sən yolunu kəsənlərdən intiqam alımısan" - Şərqlə Qərb arasında qalan yazıçı
5 fevral 2024
# 18:00

Kulis.az Nəriman Əbdülrəhmanlının "Rüstəm İbrahimbəyov: Şərqlə Qərb arasında" adlı yeni yazısını təqdim edir.


1.

Unudulmaz insan, Ustad Rüstəm İbrahimbəyovla ömrünün son iki ilində davamlı ünsiyyətimiz oldu…

Bu ünsiyyət də kino tariximizlə bağlı uzun illər üzərində çalışdığım layihəni – “Azərbaycan kino sənəti tarixi” üçcildliyini - Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim eləməyimlə başladı. Qurumun katibi rejissor Əli İsa Cabbarov subordinasiya gərəyi layihəmi sədrə göndərmişdi, narahatlıq içində nəticəni gözləyirdim. Heç iki həftə keçməmişdi ki, Ustad Moskvadan zəng elədi:

- Necəsən, köhnə dost? – dedi. – Layihənlə ətraflı tanış oldum, düzünü deyim, bu qədər sanballı işlə qarşılaşacağımı gözləmirdim. Heç Rusiya kinosunun tarixi də belə ətraflı araşdırılmayıb. Məncə, başqa bir ölkədə də belə bir tədqiqat yoxdu. Amma bir məsləhətim var, tələsmə, dördüncü cildi, müstəqillik dövrü kinomuzun tarixini də yaz. Bunu sənə mən sifariş verirəm. Nəşrindən də narahat olma, o mənim boynuma…

Mənə də elə bu cür yüksək səviyyədə zəmanətdən başqa bir şey lazım deyildi. Materiallar əlimin altında olduğundan, dördüncü cildi cəmi üç aya tamamladım, sonra isə nəşrə məsul olan Əli İsa Cabbarovun, dizayner Rəsul Həsənin də iştirakıyla ortaya dördcildlik kino tariximiz çıxdı.

Rüstəm İbrahimbəyov kiçik, amma tutumlu ön söz yazdığı o nəşri mədəniyyətimizdə mühüm hadisə kimi dəyərləndirir, hətta dövlət mükafatına təqdim olunması ilə bağlı da düşünürdü.

- Əlbəttə ki, razılaşmadığım müəyyən məqamlar var, - deyirdi, - amma bu sənin subyektiv mövqeyindi, məqbul sayıram. Ümumiyyətlə isə, kino tariximizə, dövrlərə, mərhələlərə, mövzulara, şəxsiyyətlərə, filmlərə münasibətini düzgün sayıram, məncə, ən vacibi də budur…

Sonra böyük hörmətlə yanaşdığı görkəmli rejissor və kino təşkilatçısı Həsən Seyidbəylinin 100 illik yubileyilə bağlı kitab tərtibini sifariş elədi…

Ardınca ittifaqın rüblük “Rakurs” informasiya bülleteninin nəşri ideyasını irəli sürdü, gerçəkləşdirməyi də Əli İsa Cabbarovla mənə həvalə elədi…

Daha neçə-neçə ideyaları vardı, gerçəkləşdirmək üçün məqam gözləyirdik…

2.

Rüstəm İbrahimbəyovun mənimlə bağlı işlətdiyi “köhnə dost” ifadəsinin tarixçəsi var…

Əslində, ilk dəfə 1983-cü ildə üz-üzə gəlmişdik. Onda Rüstəm İbrahimbəyovun şöhrəti artıq nəinki Azərbaycanıın, hətta SSRİ-nin də hüdudlarını aşmışdı, kitabları nəşr olunur, pyesləri tamaşaya qoyulurdu, adını Azərbaycan kinosuna “Bir cənub şəhərində”, “Risqin strategiyası”, “Ad günü”, “Bir ailəlik bağ evi”, “İstintaq”, “Anın quruluşu”, “İşgüzar səfər” filmləri ilə yazdırmış, ssenariləri (o cümlədən, Valentin Yejovla birgə yazdığı “Səhranın bəyaz günəşi”) SSRİ-nin bir sıra kinostudiyalarında ekranlaşdırılmışdı, Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına, Lenin komsomolu, Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülmüş, bir il əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, SSRİ Kinematoqrafçılar İttifaqının katibi seçilmiş, kinomuza gətirdiyi bir çox yeniliklərlə yanaşı, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna Azərbaycan üçün göndərişlə yer ayrılmasına nail olmuşdu.

Mən də dostum Nizami Abbas sayəsində “kino adamı” olmuş, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdindəki ssenari-kinoşünaslıq kursunu bitirmiş, hətta təyinatla getdiyim Daşkəsən rayonunda çəkilən “Qocalar… Qocalar…” filmində unudulmaz Şahmar Ələkbərovla kadra da düşmüşdüm. Buna görə də 1983-cü ildə ssenari-kinoşünaslıq ixtisası üzrə qiyabi şöbəyə göndərişə haqq qazanmaq üçün müsabiqədə iştirak eləmək qərarına gəlib, komissiyaya “Rüstəm İbrahimbəyovun kinodramaturgiyası” adlı yazımı göndərdim.

Əlbəttə ki, müsabiqə komissiyası sədrinin məhz Rüstəm İbrahimbəyov ola biləcəyi heç ağlıma da gəlməmişdi. Kinostudiyada keçirilən seçimdə növbə mənə çatanda Ustad ayağa qalxdı:

- Bu cavan oğlanı imtahana çəkmək mənim üçün etik cəhətdən düzgün olmaz, - dedi. – Ona görə də çıxıram, komissiya üzvləri nə qərara gəlsələr, hörmətlə yanaşacağam…

Komissiya üzvlərisə işimi məqbul saydılar, ÜİDKİ-dəki ssenari-kinoşünaslıq üzrə imtahanlara mərhum şair Həsən Meracla birgə gedəsi olduq…

Amma həmin ilin kurs rəhbəri, kinoşünas Marat Vlasovun bizim Nadejda İsmayılovanın tələbə yoldaşı olduğundan, Nadejda xanımın qaynı Rafiz İsmayılovun qızının da əlavə müsabiqəylə imtahanlara göndərildiyindən, əslində, məsələnin irəlicədən yoluna qoyulduğundan yalnız son məqamda xəbər tutduq. Mobil telefonun olmadığı bir vaxtda Rüstəm İbrahimbəyovu tapmaq da ağlagəlməz məsələydi, yəni, taleyimlə barışmaqdan başqa çıxış yolum yox idi…

Söhbətlərimizin birində bu faktı sözarası xatırladanda o, fikrini yarızarafat-yarıciddi, amma özünəxas dəqiq tərzdə bildirdi:

- Yaxşı ki, o vaxt məni tapmamısan, kinoinstututa da girməmisən, çünki elə olsaydı, dördcildliyi yaza bilməzdin. Əslində, sən taleyindən, həm də yolunu kəsənlərdən intiqam almısan, bu intiqamın da, razılaş ki, kinomuzun xeyrinə olub…

3.

Rüstəm İbrahimbəyov təkcə yaradıcılıqda deyil, həyatda da fövqəladə intuisiyaya, ümumi məsələlərdə başlıca, əsas məqamı dərhal sezmək və gerçəkləşdirmək qabiliyyətinə malik insan idi. Səksəninci illərin ortalarında o, artıq mövcud quruluşun olduğu kimi qalmayacağını dərk eləyirdi. AKİ-nin 1987-ci yanvar plenumunda köklü dəyişikliklər siqnalı vermişdi, sonra seçilən yeni idarə heyəti, qurumun birinci katibi Rasim Balayevlə birgə ağrısız - daha doğrusu, mümkün qədər az ağrılı - dəyişiklik yolları axtarırdı. Kinostudiyanın 1989-cu ildən tam özünümaliyyələşdirmə və özxərciniödəmə modelinə keçməsi də qarşıya ciddi problemlər çıxarır, bir tərəfdən də kommersiya prinsiplərinə əsaslanan müstəqil studiyalar yaranırdı.

Onda Rüstəm İbrahimbəyov sovet kino məkanında başıca fiqura çevrilmişdi, SSRİ Kinematoqrafçılar İittifaqı yanında yaradılmış Milli Kinematoqraflar Şurasının (MKŞ) sədriydi, milli kinematoqraflarının mənafeyini müdafiə etmək, kino istehsalıyla bağlı yeni modelin layihəsini konkret yerli şəraitlərə uyğunlaşdırmaq, mümkün qədər ağrısız-acısız tətbiqi üçün müdafiə mexanizmləri hazırlamaq yolları axtarırdı.

Onda o, Nikita Mixalkov, Rolan Bıkov, Sergey Solovyov, Lev Qureviç, Tolomuş Okeyev, Konstantin Şerbakov kimi məşhur kinematoqrafçılarla ASK (Amerika-sovet kinotəşəbbüsü) yaratmış, ABŞ şəhərlərində yenidənqurma dövrü sovet sənədli filmlərindən ibarət “Aşkarlıq” festivalı təşkil eləməyə nail olmuşdu, film istehsalı ilə yanaşı, kinoprokat, beynəlxalq turizm, biznes, tibb və tikinti sahəsində də fəaliyyətini genişləndirməklə, Azərbaycan mədəni irsinin təbliğiylə bağlı planları da vardı. Bakıda Şərq folkloru üzərə ixtisaslaşmış, “təkərlər üzərində” fəaliiyət göstərən, kino çəkilişi üçün bütün avadanlıqları və şəraiti olan xüsusi avtobuslara malik müstəqil “Şərqfilm” studiyasının, “Azərbaqycan Milli Adət-ənənələri” Mərkəzinin yaradılması yönümündə də işlər görmək niyyətində idi.

Həmin vaxt bir müddət başçılıq elədiyi qurumda işlədiyimə görə, Rüstəm İbrahimbəyovun sovet prinsiplərindən can qurtarmaq, amma onilliklərlə formalaşmış əlaqələri qoruyub saxlamaq və yeni müstəviyə keçirmək, Azərbaycan kinosuna işgüzar ab-hava gətirmək üçün necə inadla mübarizə apardığının şahidiyəm.

O cəhdlərin bəziləri gerçəkləşdi, bəzilərisə elə layihə olaraq da qaldı…

4.

Müstəqillik illəri Rüstəm İbrahimbəyovun kino yaradıcılığının beynəlxalq arenada daha geniş nüfuz qazandığı dövrdü...

Həmin dövrdə onun rejissor Nikita Mixalkovla birgə ssenarisini yazdığı “Urqa - məhəbbət ərazisi” (1991) filmi Venesiya festivalının baş baş mükafatına layiq görüldü, sonra isə “Oskar” mükafatına təqdim edildi...

Duetin növbəti “Günəşdən usanmışlar” (1994) lenti Kann festivalının Baş Mükafatını və “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatını qazandı...

Onların Rusiya-Fransa-İtaliya-Çexiya birgə layihəsi olan “Sibir bərbəri” (1998) filmi böyük maraqla qarşılandı, Rusiya Federasiyasının Dövlət mükafatı ilə dəyərləndirildi...

Rüstəm İbrahimbəyovun ssenari müəllifi və prodüseri olduğu irimiqyaslı Qazaxstan-Fransa birgə layihəsi - “Köçəri” (2005) filmi qazax kinosunun tarixinə yazıldı...

İlk Azərbaycan-ABŞ birgə ekran işi olan “Dağıdılmış körpülər” lenti, Aleksandr Proşkin, Sergey Bodrov, Mixail Kalatozişvili, Işıl Özgentürklə birgə layihələri onun “ekran ərazisi”ni daha da genişləndirdi...

Rüstəm İbrahimbəyov rejissor kimi film çəkdi, prodüser qismində ekran əsərlərinin yaradılmasına rəhbərlik elədi, festivalların, müsabiqələrin, forumların təşkili üçün əlindən gələni əsirgəmədi...

Bununla belə, o, Azərbaycan kinosundan da uzaq düşmədi, sənət dostları Rasim Ocaqov və Oleq Səfərəliyev üçün də ssenari yazmağa macal tapdı...

5.

Rüstəm İbrahimbəyov, xüsusilə müstəqillik dövründə, rus dilində yazmasıyla bağlı qərəzli ittihamlarla üzləşmişdi...

Zaman-zaman eyni ittihamlar qırğız Çingiz Aytmatov, qazax Oljas Süleymenov, özbək Timur Pulatova… qarşı da səslənib…

Bu məntiqlə irland Semyuel Bekketi və yəhudi Alber Kamyunu fransızca, rus Vladimir Nabokov və yapon Kazuo İşiquronu da ingiliscə (siyahını istənilən qədər uzada bilərəm) yazmaqda günahlandırmaq olar…

Məncə, insanda başlıca milli mənsubiyyət əlamətini yalnız ruh büruzə verir. Rüstəm İbrahimbəyov da ruhən öz xalqının oğluydu, Aəərbaycan mədəniyyətini inkişaf etdirmək, dünyaya tanıtmaq üçün əlindən gələni əsirgəmirdi.

Müstəqilliyimizin ilk və ağrılı illərində o, Azərbaycan kinosunun təşkilati cəhətdən təkmilləşməsi, özünü dünya ekran sənətinin bir hissəsi kimi hiss eləməsi üçün ölçüyəgəlməz işlər gördü, dövlət başçıları ilə xoş münasibətlərindən kinonun xeyrinə istifadə elədi: 1995-ci ildə Dünya Kinosunun 100 İlliyi Fondu Azərbaycan nümayəndəliyinin açılmasına, Nazirlər Kabinetinin birgə tədbirlər proqramının yerinə yetirilməsi və Dünya kinosunun 100 illiyi Fondunun Azərbaycandakı nümayəndəliyi ilə bağlı məsələlər haqqında qərar verməsinə nail oldu; kino haqqında qanunlar paketinin hazırlanması, Azərbaycanın “Birgə film istehsalı haqqında” Avropa Konvensiyasına qoşulması, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”ının qəbul edilməsi, festival və müsabiqələrin keçirilməsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının “Qızıl Çıraq” mükafatlarının təsis olunması… Rüstəm İbrahimbəyovun o dövrdəki fəaliyyətinin bir hissəsidi…

Kinoprosesin fasiləsizliyini və canlılığını qoruyub saxlamaq üçün onun nəzərdə tutduğu tədbirlərdən biri də “Kino Evi” layihəsinin gerçəkləşdirilməsi idi. “…Kinokompleks zonasında qədim Bakının arxitekturasına uyğun 3-4 mərtəbəli evlər bütöv ansambl təşkil edəcək, - deyirdi. - Kompleksə mehmanxana, qonaq evləri, mağazalar və butiklərin daxil edilməsi nəzərdə tutulub. Görünüşü Filarmoniyanı xatırladacaq Kino Evində filmlərin nümayişi və konsertlərin verilməsi üçün zal olacaq…” O, “Kino Evi”nin tikintisi üçün yer ayrılmasına nail olmuşdu, tikintiyə başlamaq üçün maliyyə mənbələri axtarırdı…

“Şərq-Qərb” kinofestivaliyla Azərbaycanın Avrasiya kino mərkəzlərindən birinə çevrilməsinə, milli mədəniyyətimizin geniş miqyasda təbliğ olunmasına nail olmuşdu...

“İbrus” teatrı və kinoşirkətini böyük inadla müstəqil yaradıcılıq yoluna çıxarmışdı…

Uğurlu işləriylə yadda qalan Beynəlxalq Kino Məktəbinin yaradılması da onun ideyasıydı…

Son illərdə “Kino Muzeyi”nin yaradılmasına böyük əmək sərf eləyir, açılışını görməyi arzulayırdı…

6.

Kino, teatr, təşkilati və ictimai işlər Rüstəm İbrahimbəyovu ədəbiyyatdan, daha doğrusu, Azərbaycan ədəbiyyatından, müəyyən qədər uzaq salmışdı. Söhbətlərimizdə bununla bağlı ağrı duyduğunu hiss eləyirdim: mənə tez-tez çağdaş ədəbi proses, yeni nəsil yazıçılar barədə suallar verir, ədəbiyyatımızın ümumi mənzərəsini aydınlaşdırmağa can atırdı…

Moskvada kitabları nəşr olunur, pyesləri tamaşaya qoyulurdu, oxucular isə onun dogma dilində sonuncu kitabını, az qala, iyirmi il əvvəl görmüşdülər, bu səbəbdən də pyesləriylə yanaşı, hekayə və povestlərinin, romanının dilimizdə sanballı nəşrini gerçəkləşdirməyi çox arzulayırdı…

Əvvəlcə pyeslərinin toplandığı, “Köhnə və yeni” adlandırdığı ikicildliyinin rus dilində nəşrini naşir Şahbaz Xuduoğluya etibar elədi, nəticəsindən də çox razı qaldı. Toplu haqqında Rusiya tənqidçilərinin bir neçə sanballı resenziyası dərc olundu.

2006-cı ildə Azərbaycan dilində işıq üzü görmüş ikicildliyindəki texniki səhvləri aradan qaldırmaq, nəsr əsərlərini oxuculara iki kitabda təqdim eləmək arzusunu da elə həmin vaxt bildirib yardım istədi, mən də tərəddüdsüz razılıq verdim.

Bakıda olanda zəng vururdu, iş otağında saatlarla oturur, hekayə və povestlərini cümləbəcümlə oxuyur, düzəlişlər eləyirdik. “Bakı saqası” adlandırdığı, dilimizdə ilk dəfə işıq üzü görəcək dördhissəli “Günəş kələfi” romanını da beləcə, hövsələyla çapa hazırladıq.

Moskvada olanda axşamlar, ya da istirahət günləri işimizi elə telefonlaca davam etdirirdik. Bir dəfə hətta Los-Ancelesdən də zəng vurmuş, kitab üzərində iş üçün qəribsədiyini söyləmişdi.

Bir ildən artıq çəkən zəhmətimiz nəticəsində ortaya povestlərindən ibarət “Hava məbədi”, roman və hekayələrinin toplandığı “Günəş kələfi” kitabları çıxdı. Kitabların quruluşunu da, adını da Ustad özü seçmişdi, nəşrini böyük həyəcanla gözləyirdi...

Axırıncı dəfə son yeni ili ərəfəsində zəng vurdu, “qismət olsa, bu yaxınlarda qayıdacağını, Şahbaz Xuduoğlunu da dəvət eləyib kitabların nəşri məsələsini yoluna qoyacağını” söylədi. Təəssüf ki, bu niyyətini gerçəkləşdirə bilmədi...

Amma təəssübkeş naşir Şahbaz Xuduoğlu vədinə xilaf çıxmadı, Ustadın kitablarını Azərbaycan oxucusuna çatdırmağa vasitəçi oldu…

7.

Hətta indi, cismani yoxluğundan sonra belə Rüstəm İbrahimbəyov fenomeninin miqyasını müəyyənləşdirmək o qədər də asan deyil…

Bütün sadalananlara Rusiyanın bir sıra orden-medallarına, “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görüldüyünü, dörd dəfə Rusiya Dövlət mükafatını qazanmış yeganə mədəniyyət xadimi olduğunu da əlavə eləyə bilərəm…

2005-ci ildə layiq gördüyü “İncəsənət və Ədəbiyyat cəngavəri” ordenindən 2012-ci ildə Fransanın ölkəmizə qarşı tutduğu ədalətsiz mövqeyə etiraz əlaməti kimi imtina etdiyini də xatırlatmaq mümkündü…

Rusiya Kino Akademiyasının “Nika” mükafatını iki dəfə (bir dəfə Eldar Ryazanov adına “Şərəf və Ləyaqət” nominasiyasında) qazandığını da diqqətə çatdırmaq olar…

Beynəlxalq Antalya Kino Festivalında fəxri “Qızıl Portağal” mükafatına layiq görülən ekran ustalarından biri olduğunu da xatırlada bilərik…

Adının Eldar Ryazanov, Andrey Konçalovski, Martin Skorseze, Robert de Niro, Otar İoseliani, Frensis Ford Koppola, Pyer Rişarla… yanaşı çəkildiyini də fakt kimi təqdim eləmək çətin deyil…

Rüstəm İbrahimbəyov həyatının başlıca missiyasını mədəniyyətlər, xüsusilə Şərq və Qərb arasında etibarlı körpü qurulmasına xidmət göstərməkdə görürdü, bunun üçün, öz təbirincə desək, həftənin üç günü şərqli, üç günü qərbli olur, bir gün isə Şərqin hansı dəyərlərini Qərbə, Qərbin hansı dəyərlərini Şərqə çatdırmaq üzərində düşünürdü…

Onun 60 illik yaradıcılıq ömründə gördüyü ölçüyəgəgəlməz işlər isə mədəniyyətimizə və tariximizə miras kimi qaldı…

fevral, 2024.

# 1635 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #