Hər kəsin təriflədiyi, dildən-dilə gəzən o məşhur kitablar var ha... Oxuyub qurtarandan sonra adamda istər-istəməz belə bir sual yaranır: “Hamının ağızdolusu danışdığı, dahi əsər dediyi elə bu idi?” Doğrudan da, bəzən uğurlu piar, bəzən dövrün ideologiyası, bəzən də sadəcə kütlə psixologiyası adi, orta səviyyəli bir mətni göylərə qaldırır, miflər yaradır.
Biz də Kulis.az olaraq bu dəfə qərara gəldik ki, bu toxunulmaz “bütlərə” bir az fərqli tərəfdən baxaq və şöhrəti özündən böyük olan mətnləri müzakirə edək.
Qələm adamlarımıza “Dünya və yerli ədəbiyyatda ən çox şişirdilmiş hesab etdiyiniz əsərlər hansılardır?” sualı ilə müraciət etdik. Görək, yazıçılarımız hansı məşhur kitablara “şişirdilmiş” diaqnozu qoyurlar.
_1790233127.jpeg)
"Məncə, Kafkanın "Çevrilmə"si. Dünyada haqqında ən çox yazılan əsərlərdəndir. O qədər şöhrətə adekvat deyil. Azərbaycanda isə şişirtmə dövlət siyasəti səviyyəsində həyata keçirilib. Sovet dövründə elə məşhur sənət adamı tapmazsınız ki, qəsdən şişirdilməsin. Səməd Vurğundan tutmuş Bəxtiyar Vahabzadəyə qədər. Bəxtiyar müəllimin şişirdilmiş, hətta uydurulmuş mifi indi də müzakirəyə açıq deyil. Yazdıqları şöhrəti ilə üst-üstə düşmür. Orta səviyyəlilər dahi elan edilir. Biz aldanmağa, şişirtməyə, uydurmağa meylli xalqıq və zaman-zaman bu şakərimizdən ustalıqla istifadə edirlər. Bu gün də kimin kim olmasının təsdiqini başqasından gözləyirik. Təltiflər və fəxri adlar da buna görədir. Normal cəmiyyətlərdə yazıçı "üzən məzənnəyə" buraxılır, yəni halal-hümmət oxucu ilə üzbəüz qalır. Biz sadəcə yazılanı təqdim edib kənara çəkilməliyik. Dəyəri oxucu verməlidir. Təəssüf, bizə aid olan, hətta taleyimizi müəyyən edən heç nəyi seçə bilmirik."
_1790233216.jpeg)
"Su köpüklərinin missiyası nədirsə, "Ədəbi köpüklər"in missiyası da elə odur. Ədəbiyyatın öz sabun köpükləri, üfürülmüş şarları var. Olub, olacaq həmişə də. Məncə, Mirələmovlar müasir "Köpük fabrikləri"ndə süni üzvi sintez məhsuludur. Akademik Nizami Cəfərovun "Ədəbiyyat qəzeti"ndə bu su köpüyünə qoşa səhifəlik "məqalə"si də eyni kimyəvi tərkiblidir. Ola bilsin ki, müasir şair və nasirlərin 99 faizi də elə sabun köpüyüdür. Vəfatından sonra anında unudulacaqlar. Bayatlı Odər demiş: "Unudulacaq bütün nəğmələr, unudulacaq. İsa Məhəmmədlə unudulacaq".
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür, yaxud distillə edilmiş su?" şəklində sualınızı versəydiniz, kar qulaqlarımız üçün daha aktual və real səslənərdi. Müasir Azərbaycan ədəbiyyatından gələcəyə tək-tük isimlər, adlar qalacaq. Əzəl mübtəda, baş abzas isə elə bəndəmizə aid olacaq. Aldığı beynəlxalq mükafatlar siyahısında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDUEA) qərarı ilə "Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət" medalının olması göstərir ki, bizdəki sabun köpüklərin istehsalında Türkiyə türkçüləri də fəal iştirak edirlər.
Nizami Cəfərovun bu ittihamlara cavabı mətbuatda səslənib. Hüseynbala Mirələmovun niyə dərsliyə daxil edilməsi ilə bağlı səslənən irada N.Cəfərov belə cavab verib:
“Mən Hüseynbala Mirələmovu bu gün Azərbaycan ədəbiyyatında, xüsusilə Azərbaycan insanının məişəti, hissləri ilə bağlı məqamlarda müasir problemlər qaldıran yazıçı hesab edirəm. Eyni zamanda, Qarabağ problemi, bu günün insan psixologiyası, ailə münasibətləri, təbiət, ekologiya məsələlərinə münasibəti baxımından Hüseynbala Mirələmov ədəbiyyatda yeri görünən yazıçıdır. Ona görə də dərsliyə daxil edilib”.
Vacib detal: Mirələmovun Azərbaycan klassikləri sırasına daxil olması üçün vaxtilə klassiklər siyahısında ixtisarlar etmək də istəyiblər. Akademikimiz ixtisar kimi Nizami Gəncəvini məktəb dərsliklərindən çıxarmağı təklif edib. Bu haqda ayrıca məqaləm var. Orada mən akademikin bu təşəbbüsünü bəyənmişəm. Bircə şərtlə ki, o öz Nizami adını da ixtisar etsin."

"İdeoloji məqsədlə yazılmış zəif əsərləri şişirtmək daha çox sovet hakimiyyətinə xas cəhət idi. O vaxtlar kütləvi tirajla çap olunan, dərsliklərə salınan, mükafatlar alan nə qədər şeir, hekayə, roman, pyes var ki, indi heç kimin yadına düşmür, ədəbiyyat tarixinin zibilliyinə tullanıb. Azad cəmiyyətdə dəyərsiz sənət nümunəsini şişirtmək çətindir. Nə qədər maya qoysan da, ona-buna özünü təriflətsən də, zövq əhlini aldada bilməzsən. Bizdə də ədəbiyyat evinə dal qapıdan dürtülmüş, şişirdilmiş bir xeyli "yazıçı", "şair" var. Ola bilsin, kütləvi zövqü bir müddət aldada bilərlər, ancaq həmin müddət keçəndən sonra hamı hər şeyi anlayacaq."
"Mənə görə, bu, bir az çətin sualdır. Oxumadığım kitab haqqında danışsam, qeyri-peşəkarlıq olar. Oxuduğum əsərlər arasından isə şişirdilmiş hesab etdiyim kitab barmaqsayı ola bilər. Amma ümumən Azərbaycan ədəbiyyatını götürsək, Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı şişirdilmiş əsərdir. Onu oxumuşam, filminə də baxmışam. Hətta filmi romandan daha maraqlıdır. Anarın bundan qat-qat güclü əsərləri var. Azərbaycan ədəbiyyatından ilk ağlıma gələn, ən çox tirajlanan, böyük populyarlıq qazanan, amma təəssüf ki, o populyarlığa layiq olmayan əsər odur. Dünya ədəbiyyatından isə çox illər əvvəl oxuduğum Paolo Koelyonun "Kimyagər" əsərini misal göstərə bilərəm. Yeni mütaliəyə başlayanlar bu romanı böyük həvəslə oxuyurlar, amma mənə görə dəhşətli dərəcədə şişirdilmiş bir əsərdir. Bizim ədəbiyyatda keçmiş dövrlərdə ideologiyaya xidmət edən başqa şişirdilmiş əsərlər də olub. Məsələn, Süleyman Rəhimovun "Şamo" romanı və ya Əbülhəsən Ələkbərzadənin "Dünyanın qopduğu gün" əsəri kimi. “Şamo" öz dövrünə görə ideoloji baxımdan, cild-cild kitablarla həddindən artıq qabardılmışdı."

"Baxır bu qiyməti kim verir. Azərbaycan ədəbiyyatında elə ciddi şişirdilmiş əsər yoxdur. Oxucuların çox aldığı, sənətin olmadığı nəsr nümunələri var. Onlar da zamanla aradan çıxır. Əsl ədəbiyyatla oxucu istəyi üzərinə yazılmış mətnlər tərs mütənasibdir. Biri vaxt keçdikcə dəyər qazanır, digəri itirir. Bestsellerlərin çoxu bu həyatı yaşayır, zaman keçir, sənət olmadığı üzə çıxır. Dünyada Xalid Hüseynini misal çəkə bilərəm. Həddindən artıq şişirdilib. Ümumiyyətlə, konyuktur mətnlərin gələcəyi sual altındadır. Bizim nəsr nümunələrinin hamısı dəyərindən çox qiymətləndirilib. Biz nəsrdə dünya standartlarının çox aşağısındayıq. Cəlil Məmmədquluzadə, Mirzə İbrahimov, Süleyman Rəhimov və demək olar, hamı".

"Mən bu siyahıda birinci yerə Paulo Koelyonun “Kimyagər” əsərini qoyardım. Ən çox oxunan və satılan əsər olmasına rəğmən, bəsit dildə yazılmış nağıldan başqa bir şey deyil. Bu qədər şöhrət qazanmasının səbəbi şans, ya da yaxşı reklamdır. Ceyn Ostinin “Qürur və qərəz” romanını da “şişirdilmişlər” siyahıma əlavə edərdim. Düzdür, romanda o dövrün İngiltərəsində qadına münasibət, evliliklərin maddiyyat üzərində qurulması və bir çox məsələlər qabardılsa da, mənə görə çox şişirdilib. Eyni mövzuda bundan da maraqlı, güclü əsərlər var ki, bu qədər şöhrət qazana bilməyib, kölgədə qalıb. Ekzüperinin “Balaca şahzadə” əsəri də dəyərindən çox şişirdilmiş əsərdir. Fransızlar bu kiçik həcmli uşaq nağılını dünyaya şedevr əsər kimi təqdim edə biliblər. Ernest Heminqueyin “Əcəl zəngi” əsəri də bu siyahıya daxildir. Dünya şöhrətli əsərdə hadisələrin, məkanın təsviri o qədər kasaddır ki, oxucuda heç bir təsəvvür yarada bilmir. Ümumiyyətlə, mənim fikrimcə, bu yazıçının bütün əsərləri şişirdilib. “Qoca və dəniz” istisna edilə bilər. Müasir Azərbaycan ədəbiyyatında çox oxunan və satılan müəlliflər var: Rövşən Abdullaoğlu, Varis və Elxan Elatlı. Bu müəlliflərin əsərləri dəyərindən artıq şişirdilir."

"Maraqlı sualdır. Həm dünya ədəbiyyatında, incəsənətində, həm milli incəsənətdə, ədəbiyyatda şişirdilmiş əsərlər var, bəli. Bir-bir hansısa əsərlərin üstündə dayanmaqdansa, bunun səbəblərinə toxunmaq istərdim. Bu cür əsərlər adətən müəyyən ideologiyalara, siyasi, dini və s. məsələlərə aid olur. Ciddi hadisələrlə üst-üstə düşür. Həmin əsərlərin müəllifləri anı tutur, qəfil şöhrət əldə edirlər. Bizdə lap çoxdur. Adbaad hansını deyim? Şeirlər var, çox məşhurdur, amma içində nə poetika var, nə sənətkarlıq. Pafoslu, boğazdanyuxarı fikirlərlə doludur, amma hamı əzbər bilir. Dərsliklərdə var, efirlərdən düşmür, məşhur siyasətçilər tez-tez səsləndirir. Məncə, niyəsini izah etdim bir qədər."
"Paolo Koelyonun "Kimyagər" romanı. Əslində, pis roman deyil, sadəcə, məziyyətləri çox şişirdilib."