“Yazıçılarımız yerliçilik bəlasına tutulub”

“Yazıçılarımız yerliçilik bəlasına tutulub”
12 dekabr 2014
# 13:54

Bu günlərdə 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi, Gürcüstanda yaşıayıb-yaradan şair-publisist Tapdıq Yolçunun 55 yaşı tamam olub. Nəriman Əbdülrəhmanlının onunla söhbətini Kulis.az-ın oxucularına təqdim edirik.

- Ömrünün iki “5”-lə ifadə olunan yaşına çatmış şair-publisist Tapdıq Yolçu yaşadığı həyatı necə qiymətləndirərdi?

- İndilərdə qiymətləndirmə balları 10-filanla ifadə edilsə də, mən yenə hər bir olayın, əsasən, bizim öyrəncəli olduğumuz 5 bal sistemi ilə qeyd edilməsinə üstünlük verirəm. Bu mənada sualına belə cavab verərdim – bu yaşımın ilk yarısı “kafi”, ikinci yarısı isə “qeyri-kafi”! Bunun “niyəsini” bir qədər açıqlayım. Belə ki, ötən əsrin 80-ci illərinin sonunacan həyatda istədiklərimə əsasən nail oldum, ali məktəbdə təhsilimi başa vurdum, yaşadığım rayon qəzetində işləyirdim, şeir və publisistik yazılarımla mötəbər qəzet və jurnallarda vaxtaşırı çıxış edirdim, ilk şeirlər kitabımı o vaxtkı “Yazıçı” nəşriyyatına təqdim eləmişdim... Sonra məlum Qarabağ hadisələri baş verdi, cikinə-bikinə bələd olduğumuz möhtəşəm bir dövlət dağıldı və bütün bunlar mənsub olduğum yaradıcı nəsli elə bir şoka saldı ki, yenidən dirçəlib, ayılmağımız üçün, mən belə deyərdim, təxminən on ildən çox zaman kəsiyi gərək oldu. Səmimi sözümdür, şəxsən mən o illərdə belə düşünürdüm ki, Vətənin düşmüş olduğu o ağır illərdə “şeirmi zamanıdır?!” Zənnimcə, məhz, bütün səksənincilər bu səbəbdən bir aralıq “itirilmiş nəslə” çevrildi. Çinlilərin ən ağır bir qarğışı var – görüm səni keçid dövründə yaşayasan! Bizləri də, yəqin, taleyin qarğışı tutdu... Ancaq o da faktdır ki, bugünkü ədəbi mühitimizdə, doğrudan, istedadlı olan gənclərlə söz yarışında marafon yürüşünə qoşulub öz öncüllüyünü qoruyub-saxlamağa çalışan kifayət qədər həmyaşıdlarım var. Beləliklə, əlli beşimə verdiyim ortalama qiymət 2,5 olur. Bir şeirimdə dediyim ki, “yaşamadım, yaşlandım”...

- Şeirlərin necə doğulur: əvvəlcədən nəsə yazacağını hiss edirsən, yoxsa şeirlər qəfildən yaranır?

- Kimin necə yazdığını deyə bilmərəm, ancaq məndə qəfil yaranır. Təsirləndiyim hər hansı bir nədəndən sonra bulud kimi dolub-boşalıram. Onu da deyim ki, həmin “dolub-boşalma” əməliyyatı hər dəfə fərqli də ola bilir, belə ki, eyni sürəc gah bir neçə dəqiqə, gah bir neçə saat, gah da bir neçə gün sürə bilir.


- Bu yaşında “Taleyə sual” adlı bircə şeirlə toplun çap olunub. Taleyə verilən sualın cavabını almısan, yoxsa hələ gözləyirsən?

- Dünyada elə bir adam varmı ki, taleyinə verdiyi suala cavab tapa bilsin?! Bizim hər birimizin ömrü elə bu suala cavab tapa bilmək arzusunda olub, axırda da bir sonsuz boşluğa baş vurmaqla bitmirmi?!

- Tez-tez səfərlərdə olursan. Həmin səfərlər sənin poetik duyğularına təsir edir, yeni şeirlər yaranmasına səbəb olurmu?

- Bilirsən, bu an nəyi xatırladım – sovet dönəmində yazıçı və şairlərimizin “yaradıcılıq ezamiyyətlərinə” göndərildiyini yaxşı bilirsən, odur ki, o zamanın öndə olanlarının şeirlərinin sonunda filan tarix və “Peredelkino”, “Pitsunda”, “Şüvəlan” və bu kimi yer adlarına rast gəlirdik. O mənada mənim yazdıqlarımın da sonunda yazıldığı məkanı qeyd etdiyim yer adları çox müxtəlifdir. Yəni, əslində, heç də sevmədiyim, məcburən məşğul olduğum “işimlə” bağlı yollandığım hər səfərimdən ən çox qazancım da yazdığım bir neçə şeir və aldığım yeni kitablar olur (mən kitab alıb, oxumağı da yaradıcılıq hesab edirəm). Yeri gəlmişkən, onu da deyim və bunu sən də yaxşı bilirsən ki, mənim şəxsi kitabxanam çox zəngindir. Gürcüstandakı soydaşlarımız arasında bu cür sərvətə malik olanlar bir əlin barmaqları sayı qədərdir.


- Gözəl ənənələri və bənzərsiz söz adamları olan Borçalı – Tiflis ədəbi mühitində yetişmisən. Həmin mühit yaradıcılığına necə təsir göstərib?

- Nəriman, əzizim, sənə bir etirafımı açıq söyləyim – qeyd etdiyin mənada özümü heç də “Borçalı – Tiflis ədəbi mühitində yetişən” hesab etmirəm. Çünki orta məktəbi bitirəndən sonra həyat yolum ən əvvəl Sumqayıtdan keçdi. 1977-78-ci illərdə bu gənclik şəhərində ədəbi dərnəyə ayaq açdım və orada rəhmətliklər Şaiq Vəli və Akif Səmədlə tanışlığımız, dostluğumuzun təməlini qoyduq. Sonra bir neçə illik Bakı həyatı və əvvəl rəhmətlik Nüsrət Kəsəmənli və sonralar tələbəlik illərimin sonunacan ustad şairimiz, hamımızın sevimlisi və ağsaqqalı Məmməd İsmayılın rəhbərlik etdikləri ovaxtkı Yazıçılar İttifaqı nəzdindəki Gənc Ədiblər birliyində əsl yaradıcılıq məktəbi keçdim. Xüsusilə, M. İsmayılın vaxtında ədəbi birliyimizdə hökm sürmüş bir məqamı qeyd etmək istəyirəm – tutaq ki, indi, çox zaman kimin hansısa şeiri barədə kiçik tənqidi fikir söyləyəndə, o gündən səndən küsüb, gen gəzməyə başlayır. Ancaq o vaxt kimin şeirləri müzakirəyə çıxarılırdısa, bir də görürdün, ona ən yaxın hesab edilənin biri həmin şeirləri yerlə-yeksan elədi. Məsələn, özümlə bağlı bir məqamı heç vaxt unutmaram. Şeirlərimi oxuyub qurtardıqdan sonra bir neçə nəfər həm müsbət, həm də tənqidi fikirlərini söylədi və sonda sayğılı şairimiz Vaqif Bayatlı Ödər belə bir cümlə ilə müzakirəyə qoşuldu: “Tapdıq Yolçuzadə (o zaman bu imza ilə çıxış edirdim) 500 kilometri havayı gəlib-getmir!” İndi Bakıda o vaxtlardan məşğul olmaq istədiyi ədəbi tənqid sahəsində elə bir uğura imza atmamış bir nəfər qayıtdı ki: “Tapdıq o yolu təhsil arxasınca gəlir!” Vaqif öz sözünü eynilə bir də təkrar elədi və bununla M. İsmayıl müzakirəyə son qoydu. Yəni, dediyim odur ki, mən o cür azman şairlərin sınaqlarından keçib Borçalı – Tiflis ədəbi mühitinə dönmüşdüm. Digər tərəfdən, çox yaxşı bilirsən ki, ən əzizim olsa belə, mən hər zaman mütləq həqiqətin tərəfdarı olmuşam. Yəni, tutaq ki, “El bilir ki, sən mənimsən”i himn kimi bizlərə bəxş etmiş Səməd Vurğunu, “Kimə açım dərdimi, Dünya dolu adamdır” təəssübü çəkən Rəsul Rzanı, “Sən mənim qədrimi biləsən, deyə, Bu cavan yaşımda ölümmü indi” ləliyən Əli Kərimi, “İlahi, qəlbimə bir sevgi göndər, İlahi, yazıqdır məni sevənlər!” deyən Məmməd Arazı, “Yenə bu şəhərdə üz-üzə gəldik, neyləyək, başqa bir şəhərimiz yox”u yazan Ramiz Rövşəni, “Qəribik, şairim, qəribik, sözüm” söyləyən Vaqif Bayatlı Ödəri, “Qara çadrasını açıb bir azca, Havayı baxmadı o gözlər mənə” pıçıldayan Sergey Yesenini, “Harda gərəkdisə, orda yatmadın, Yatmadın, ay qız” hayqıran Robert Börnsü, elə “Qopam, qolaylanam, düşəm uzağa” danışan Arif Mustafazadə və “Bu gün gəlməsəm də, gələrəm sabah, Siz mənə, siz mənə bir ömrü halal eləyin” diləyən İsa İsmayılzadə qədər hər zaman öz həmyerlim saymışam və sayacağam da. Əksinə, kimlərin xətrinə dəysə də, bizlərdə deyildiyi kimi, kəsə-kərəmətinə bunu da açıqca bəyan edirəm: şəxsi mənafeyi üçün orda-burda, gərək oldu-olmadı, pafosla “canım Borçalı, qanım Borçalı” deyənlərin “yerlisi olmağı” heç vaxt arzulamamışam, elə bir niyyətim, umacağım da yoxdur...

- Yaşadığın yerdən Azərbaycan ədəbi mühiti necə görünür? Qələm dostlarının yaradıcılığını izləyə bilirsənmi?

- Bugünkü Azərbaycan ədəbi mühiti mənə ötən əsrin 20-30-cu illərində yaşanılmış yaradıcılıq sürəclərini xatırladır. Yəni, bu gün ana vətənimizdə çox maraqlı və istedadlı gənclər meydana atılıblar. Bununla yanaşı, ortada hələ “köhnə qvardiya” – altmış və yetmişincilər, eyni zamanda özünün ikinci gəncliyini yaşamaqda olan səksənincilər var. Yəni, bir tərəfdə Ə. Cavadı, C. Cabbarlını, H. Cavidi xatırladan “köhnələrdir”, digər tərəfdə isə yeni quruluşun S. Vurğunları, M. Müşviqləri, R. Rzaları “burada söz sahibi mənəm” deməkdədirlər. Əslinə qalsa, mən bu fikirdəyəm ki, o olaylar keçid dövrünə xas olan, normal bir sürəcdir. Bir də bilirsən, ortada nə baş verir, oradakılar bir qədər “yerliçilik” bəlasına düçar olublar və bu da ədəbiyyata fayda gətirəcək hal deyil. Ən çox xoşuma gələn, bəyəndiyim məqamlarsa, bilirsən nəditr? Slavyan Universitetində yaradıcılıq fakültəsinin açılması, ədəbi əsərləri təbliğ edən bir neçə saytın olması və xüsusilə, Nigar Köçərlinin “Əli və Nino” kitab mağazaları şəbəkəsinin varlığı və “Qanun” nəşriyyatının layihələri… Ancaq elə buradaca açıq söyləyim ki, sonuncuların əməyini Azərbaycan oxucusu heç də lazımınca qiymətləndirmir. Məsələn, belə bir fakt deyim: tutaq ki, hər dəfə mən Tiflisə gedib, kitab mağazasında alış-veriş edərkən, günün istənilən vaxtında, kassa önündə, ən azı, 3-4 nəfərdən sonra dayanmalı oluram. Bu hal, əminəm ki, “Əli və Nino”nun satıcılarına yuxu təsiri bağışlayar… Deyirik, 9 milyonuq, əzizlərim, bu ölkədə 9 min aktiv oxucu olsaydı, kitablarımızı öz xərcimizlə 500-1000 tirajla buraxmalı olmazdıq və aydındır ki, yazarlarımızın da böyük əksəriyyəti qələmi ilə ailəsini dolandırardı. Sualın ikinci hissəsinə gəlincə, əlbəttə, izləyirəm, həm də təkcə onların yaradıcılığını yox, maraqlı bildiyim və siz dostların da tövsiyə etdikləri müəlliflərin əsərlərini mütaliə edirəm.

- Gürcü ədəbiyyatının bugünkü vəziyyəti haqqında nə deyə bilərsən? Səncə ədəbi əlaqələrimiz hansı vəziyyətdədir?

- Ümumi vəziyyət heç də yaxşı deyil, desəm, yanılmaram. Burada yazarlar iki cəbhəyə bölünüblər, onlar həmişəki Gürcüstan Yazıçılar Birliyi və Gürcüstan Yazıçıları Milli Akademiyasında birləşiblər. Bir məqamı da xüsusi olaraq vurğulayım ki, həmin birliklərin heç biri dövlət tərəfindən maliyyə yardımı almır. Birincilərin orqanı olan “Literaturuli qazeta” (“Ədəbiyyat qəzeti”) 2 həftədə, ikincilərinki “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) həftədə bir dəfə öz zoruna çıxır. Konkret olaraq yazıçılara gəldikdə, deyə bilərəm ki, özlərini “modernist” adlandıran Laşa Buğadze, Dato Turaşvili və Beso Xvedelidze, əsasən, beynəlxalq təşkilatlara bağlı olan QHT-lər tərəfindən maliyyələşdirilərək, çox nəşr olunur və oxunurlar. Yaşlı nəslə mənsub olanların bəziləri öz hesablarına kitablarını çap etdirirlər. Məsələn, gürcü sərbəst şeirinin öncüllərindən olan, çox maraqlı şair Besik Xaranauli Duşeti rayonunda doğma kəndində oturub, öz hesabına kitabını buraxdırır. Sovet dönəmində gürcü ədəbiyyatının başqa dillərə tərcümə edilməsi ilə planlı şəkildə məşğul olan mərkəz çoxdan tarixin arxivinə atılıbdır. Digər dillərdən tərcümələr də yalnız nəşriyyatların öz risqləri ilə tək-tük işıq üzü görür. Yəni, bizimkilərlə müqayisədə burada vəziyyət xeyli acınacaqlıdır. Yeri gəlmişkən, elə buradaca onu xatırladım ki, ədəbiyatımızın yaxın dostu, “Koroğlu” eposumuzu, “1001 bayatı”mızı, Nizamidən tutmuş bir çox klassik və müasir şairlərimizin əsərlərini gürcü dilinə çevirmiş Zezva Medulaşvilinin bu il dekabrın 20-də 75 yaşı tamam olur. Çox gözəl bilirəm ki, buradakı yaradıcı qurumlardan heç biri ona layiq olduğu yubiley tədbiri keçirmək iqtidarında deyil. Yenə bizim müvafiq təşkilatlarımızın bu işdə təşəbbüsdə bulunması, məncə, çox yerinə düşərdi. Çünki o azman kişinin bizim ədəbiyyatımız qarşısında göstərmiş olduğu 50 illik xidməti hələ də lazımi şəkildə qiymətləndirilməyib...

- Səncə, qələm adamının iddiası olmalıdırmı? Sən özün yaradıcılıqda iddialısanmı?

- Qələm adamının mütləq iddiası olmalıdır, əks təqdirdə onun söz aləmində nə işi var?! Təbii ki, bu yolda mən də iddialıyam. Ancaq bir məsələ də var ki, bəzi yazanlar ortalığa iddiası yox, təkəbbürü ilə atılırlar. Bax elə həmin təkəbbür sahiblərinin çatışmayan cəhəti ondan ibarətdir ki, ustad bir ədibin rəhbərlik etdiyi hər hansı yaradıcılıq dərnəyində “döyülüb, bişib” çıxmayıblar. Misal olaraq, bizim o vaxtkı gənclər birliyində nələrin baş verdiyinə dair bir nümunə söyləyim: rəhmətlik Akif Səmədin hamımızın ən yaxşı hesab etdiyimiz bir şeirinin müzakirəsi zamanı rəhbərimiz M. İsmayıl demişdi ki, burada “Nə olsun ki” ifadəsi yerinə düşmür. İnan ki, həmin sözləri necə dəyişmək üzərində şəxsən mən də uzun zaman baş sındırmışdım... Və üzün illər ötəndən sonra ölümündən sonra mənə gəlib çatan kitabında Akifin həmin beyti belə yazdığını gördüm:

Dərd ha deyil, düşmür çiçək,

Badamdan Akif Səmədə.

Diqqət yetirdinmi, şeirin məna yükü nə dərəcədə artdı?! Bax, əsl ustad göstərişi, səni daha doğru yola düzənləməsi budur! Ancaq bu gün sən gəl özlərini “postmodernist-filan” adlandıran və əslində, dilimizin ən adi qrammatik qaydalarını bilməyənlərin yazdığı nə barədəsə mənfi fikir söylə... Ən azı səninlə düşmən olacaqlar... Demək istədiyim də odur ki, belələri artıq iddialı yox, təkəbbürlüdürlər və son nəticədə bunun zərbəsi onların özünə dəyir...


- Həyat qayğıları səni hansı arzularındsan aralı salıb?

- Bəli, bu mənim üçün ən ağrılı sual oldu. Sən bircə onu söylə ki, həyat qayğıları məni hansı arzularımdan aralı salmayıb?!

Saylı saraylarda say olmalıydım,

...Ola bilmədim...

Şairliyimdən yana, ali təhsilli jurnalist kimi daxili potensialımı və necə bir qələm sahibi olduğumu sən də yaxşı bilirsən, bəzi bilməli olanlar da! Ancaq... Dostumuz İbrahimxəlilin iki il əvvəl Mediforum.az saytında haqqımda yazmış olduğu “Tapdıq Yolçunun Lilo romanı (Ucqar havası)” adlı essesindən bir sitat gətirim: “Bütün hallarda mən Tapdıq Yolçunun Borçalıda rusların “Arqumentı i faktı” misallı bir gündəlik qəzetin redaktoru vəzifəsində olmasını daha təqdirəlayiq bilərdim. Ən azından. Nə isə...” Bu “nə isə”...yə onu da əlavə edim ki, bu gün Gürcüstanda tək mən yox, onlarla samballı ziyalımız “tələb olunmaması” səbəbindən dolanışıq qazancını bazarlarda xırda ticarətdən çıxarmaq məcburiyyətindədir... Gəl, belə edək - bu yubiley müsahibəmdə “sandığı” bağlı saxlayaq. Onsuz da bu, elə bir aktual məsələdir ki, bir-iki cümlə ilə onun axırına çıxammarıq. Bir də, kim bilir, tale yolum bu səmtə yön almasaydı, bəlkə elə indiyəcən yaxşı-pis nə yazmışamsa, heç onları da yaza bilməzdim... Yəni, həyatda istədiyimə çatıb, xoşbəxtin birisi olsaydım, bu cür dərdli şeirlər yaza bilərdimmi?! Sən heç xoşbəxt şair tanıyırsanmı? Tanrının şairləri dünyanın dərdini çəkmək üçün yaratdığı fikrindəyəm.


- Bildiyimizə görə xeyli çap olunmamış şeirlərin var. Növbəti kitabını nə vaxt nəşr etdirmək fikrindəsən?

- Bəli, 2007-ci ildə öz hesabıma 200 səhifəlik birinci kitabımı Tiflisdə nəşr etdirdim, onların xeyli hissəsini dost-tanışlara hədiyyə etsəm də, bir qismini nəğd pulla özümdən alanlar oldu və sən özün də canlı şahidsən ki, Bakıda birgə təhvil verdiyimiz kitab mağazalarında da onlarla kitabım satıldı. Yadındadı, hələ sən belə bir fikir də söylədin: “Kitabının bu qədər satılacağını heç gözləmirdim”. Mən də qayıtdım ki, qağa, ömrüm boyu qazancımın xeyli hissəsini kitab alışına sərf etmişəm, bunun qarşılığını verənlər də olmasınmı?! İndi də əlimin altında ondan, ən azı, iki dəfə artıq ortaya qoyulmağa layiq hesab etdiyim şeirlərim var. Nə deyim? Sən bir xasiyyətimi də yaxşı bilirsən ki, mən kimsədən maddi yardım istəyən deyiləm, odur ki, nə vaxt ailəmin dolanışığı üçün lazım gəldiyindən artıq pulum olanda növbəti kitabımı da nəşr etdirəcəm... İnşallah, təki sağlıq olsun!

# 1144 dəfə oxunub

Müəllifin son yazıları

# # #