“Yeni gün”-Çağdaş rus nəsri

“Yeni gün”-<span style="color:red;">Çağdaş rus nəsri
18 noyabr 2014
# 13:12

Çağdaş rus ədəbiyyatının istedadlı simalarından olan Vladimir Varava (1967) Voronej şəhərində yaşayır, fəlsəfə elmləri doktoru, professordu. O fəlsəfəylə ədəbiyyatın vəhdəti haqqında 10-dan artıq kitabın müəllifi, Andrey Platonovun tədqiqatçılarından biridi. V.Varavanın povest və hekayələri də yazıçı-filosofun dünyaya və həyata fəlsəfi baxışını aydın göstərir.

Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində Varavanın “Yeni gün” hekayəsini təqdim edir.

Səhər açılmadı. Həmişə gündəlik hadisələrin baş verdiyi adi həyat başlamadı. Dan yerinin söküldüyü məqam yetişəndə də artıq möhlətinin çatdığından utanmayan gecə davam eləyirdi. Günəş çıxmadı, səma da elə axırıncı qürub çağından sonrakı vaxtda olduğu kimi qaranlığıydı. Zülmət, sakitlik və azacıq soyuq tutqun torpağın bütün məkanında qərar tutmuşdu. Saat səkkiz oldu. Erkən yay üçün bu artıq əsl gündüz idi: belə vaxtda işıq dünyanı aydın, şəffaf qüvvəsilə doldura-doldura bütün gücüylə alışıb-yanır.

Amma bunlar həmin səhər baş vermədi, indi ona səhər də demək olmazdı. Saat üçə yaxın, nədənsə ilk xoruz banının eşidilmədiyi məqamda bu dünyada uzun, cəsarətli ömür yaşamış qocanı xoşagəlməz hiss bürüdü. O adətən, həmişə mehriban hənirində gecə soyuğunun və əbəs yaşanmış həyatın izləri yox olan günü və Günəşi tezliklə qarşılamaq üçün çətin, yuxusuz gecədən canını qurtarıb həmin vaxtacan yatağından qalxırdı. İşıq qurtuluş idi; qəlbində ümidin oyanması üçün bircə sısqa şüa bəs eləyirdi. Hətta, belə heydən düşmüş, az qala ölmüş qəlbdə o ümid dönə-dönə alovlanırdı. Bu da möcüzəli xoşbəxtlik idi.

Qoca bir dəfə də olsun, vaxtını ötürmədən dan yerini qarşılamağa çıxırdı. O güney səmtində yaşadığı böyük çölün o biri tərəfində ilahi işığın necə səssiz, təntənəli halda çıxdığını görüb uşaq kimi sevinirdi. İlk işıq həmişə müəyyən qədər qeyri-adi – azacıq sərin, bozumtul, qaranlığa yüngülcə həmləydi. Həmin məqamda onu bir qədər qorxu bürüyürdü; elə bil, zaman dayanır, Yer kürəsi Kainatın, həyatı xatırladan heç bir şeyin olmadığı dərin quyusunun dibinə düşürdü. Amma bir an sonra aləm alışıb-yanan şüalarla işıqlanır, o işıqda hər şey görünür, həyati görkəm alırdı. Havanın günəşli, ya da tutqun olmasının əhəmiyyəti yox idi; Günəşin işığı dünyanı gecə zülmətinin əsarətindən xilas eləyib göz önündə canlandırırdı. Bu o qədər sevinc doğuran, eyni zamanda elə təbiiydi ki, qocanın qəlbi qısa müddətə cevinclə dolur, bunun da gücü başlanan günə tab gətirməyə bəs eləyirdi.

Yeni gün başlananda qoca işığın zülmət üzərindəki bu qələbəsinə özünün də cüzi aidiyyatını duyurdu. Əlbəttə, bütün ilahi hadisələr onun iradəsindən kənarda baş verirdi. O bunu insani hüdudlarda kamilləşmiş müdrikliyilə anlayırdı. Amma yox, məhz iradə, işığa və həyata iradə vardı, məhz buna görə də gündəlik həyat başlayanda qoca qəlbinin sakit sevincinə bürünürdü, guya, özünün dünyanın hakimi, ağası, hökmdarı olduğunu təxəyyülündə canlandırıb bir qədər əylənirdi. Bu, Yer üzündə yaşayan, hər yeni günə fərəhlənən insanın sevinciydi. Qoca dərk eləyirdi ki, artıq ömür möhləti tükənir. Amma hər yeni səhər onda əvvəlki həyat qüvvəsini və adi mövcudluq iqtidarını qısa müddətə də olsa, dirçəldirdi.

Həmin səhər gəlib çıxmadı. Səhər açılmır, Günəş çıxmırdı. Artıq oyanmış qoca xoruz banını eşitməyəndə qəlbində bu vaxtacan tanış olmayan anlaşılmaz, qəfil narahatlıq duydu. “Nə baş verə bilər axı?” – O öləziyən nəzərlərilə qaranlıq, ulduzsuz səmaya, qatı geçə zülmətinə bürünmüş güclə görünən torpağa baxırdı. Adətən həmin vaxtacan gecənin sərini çəkilib gedir, yerini asta-asta hənirlənən istiyə verir, isti də Günəşin çıxacağını əvvəlcədən hiss eləyə-eləyə artıq torpağın gözəgörünməz gizlənclərindən çıxır, onu büllura oxşayan şehlə örtürdü. İstinin olmaması narahatlığı artırırdı, həmin həyəcan da artıq fəlakət öncəduyumuna çevrilmişdi.

Qocanın əlləri adət eləmədiyi tərzdə əsirdi. Çoxdan unudulmuş duyğu onu, elə bil, güclü şimşək zərbəsilə məhv eləmişdi. Uzaq uşaqlıq çağlarında anasının ölümündən xəbər tutanda da bu cür olmuşdu. Onda zaman dayanmış, dünya-aləm dibsiz uçuruma yuvarlanmışdı. Qoca evin ətrafına hərləndi, alaqapıdan çıxıb adəti üzrə dan yerinin ağarmasını qarşıladığı çölə yollandı. Hələ Günəşin doğmağına bir qədər vardı, amma o, elə bil, anlaşılmaz qüvvənin təkanıyla daha evdə qala bilmirdi.

Çölün üzərində göz işləməz zülmət, sanki uzaq, yad aləmlərdən gəlmiş qəribə sərinlik vardı. Gecə torpağın doğma ənginliklərində möhkəm, çarəsiz halda qərar tutmuş sükunətli rahatlığında donub qalmışdı. Qoca əşyaların cizgilərini güclə görürdü. O, əlini irəli uzadıb anlaşılmaz, əlacsız, köməksiz halda araladığı barmaqlarını çətinliklə seçirdi. Dünyanı keçilməz divar kimi tutmuş ağaclar onun qarşısında nəhəng qara kütlə dayanmışdılar. Onların qatı zülmətində Yer üzünün adi sakini üçün dəhşətli, dözülməz bir şey gizlənmişdi.

Quşların erkən yay çağına xas olan çikkiltisi eşidilmirdi. Qeyri-adi sakitlik vardı; adama elə gəlirdi ki, sükut dünyanın lap səssiz-səmirsiz, unudulmuş, xarabalığa çevrilmiş naməlum bir guşəsindən gəlir. Qoca sanki son gizli duasını oxuya-oxuya səmaya baxıb orda yaxınlaşan səhərin əlamətlərini görmədi; Kainatın sonsuz ənginliklərindən ona yalnız zülmət boşluq baxırdı.

Qocanı qorxu bürüdü; o üzün ömür yaşamış, həyatında çoxlu bədbəxtlik, dərd-sər görmüşdü. Tez-tez ölümcül təhlükənin onu bir göz qırpımında məhv eləyəcəyi vəziyyətlərə düşmüşdü. Amma, hər halda, mövcudluğunun ən ağır dəqiqələrini arxada qoyub qocalanacan yaşamışdı. Bu da onun ruhunu möhkəmləndirmişdi. Qəlbi boş deyildi, bununla belə, cəsur idi. Tez-tez qocaya elə gəlirdi ki, daha dünyada heç şey onu qorxutmaq iqtidarında deyil. Üstəlik, qorxu və inciklik duymadan istənilən anda asanlıqla ölə bilərdi. Uzun müddət ehtiyac içində yaşaçaq vərdişi qocaya heyifsilənib-eləmədən həyatla vidalaşmağa imkan verirdi. Bununla belə, qəlbində gündən-günə alovlanan son ümid həmişə onu həyatda saxlayır, naməlum qüvvəsilə yeni günü gözləməyə, ömür yükünü şikayətlənmədən, qəzəblənmədən daşımağa məcbur eləyirdi.

Bu həm də adi insan mövcudluğuydu, adama elə gəlirdi ki, o mövcudluğun qarşısını dünyada heç bir qüvvə almağa qadir deyil. Həmişə hardasa yaxınlıqda gizlənmiş, dəhşət burulğanına atmaq üçün sadə həyatı xəyanətkarcasına pusan qorxunc qüvvələr birləşsələr də, ən müqəddəs və sadə şeyi yerindən tərpədə bilməmişdilər, naməlum, çox qədim nizamla yoluna qoyulmuş, gündən-günə, nəsildən-nəslə dəyişməz dövriliklə baş verən qanunu poza bilməzdilər. İnsan mövcudluğunun xırdalanmış, adi həyatı beləcə aramsız axıb gedirdi.

Amma burada da daha qorxulu, qorxunun özündən də dəhşətli bir şey vardı. Onun son ümid imkanını əlindən alan nəsə mövcud idi. Qoca fikirləşirdi ki, əməlli-başlı götür-qoy eləyəndə, ola bilməz ki, Günəş çıxmasın. Düşünürdü ki, bu bütün dünyanı məhv eləyən ağlagəlməz fəlakət olardı. Təbiət qanunlarının dəyişməzliyi imkan verməzdi ki, yeni səhər açılıb Günəş çıxmasın. Axı gündüz ona görə gündüzdü, gecə deyil. Həm də əgər Günəş çıxmasa, onda səhər də açılmamalıdı. Onda, ümumiyyətlə, heç şey olmaz. Üstəlik, zaman da olmazdı, onda da o heç doğulmazdı, bu dünyada da kimsə yaşamazdı.

Qocanın fikri sürətlə dünyanın yaradılışının lap əsaslarına, heç bir əvvəli-axırı olmayan, amma hər yerdə gözişləməz, hüdudsuz sonsuzluq hökm sürən dərinliklərinə və əngünliklərinə uçurdu. Həmişə hər şey vardı, başlıcası da bu idi, belə düşüncələrdə günahkar olmayan fikirləri haralaracan gedib çıxmağa qadir idi. Əgər vardısa, onda var və olacaq. İşıq yox ola bilməz, aləm yox ola bilməz. Bu çox sadə və təkzibedilməzdi.

O başqa vaxt belə başdansovdu fikirləri ələ sala bilərdi.Bu cür şeylər barədə heç düşünmürdü də, həmişə mövcudluğun əzablı-sevincli zərurətinə boyun əyirdi. Həyatın qayğıları belə şeylər barədə düşünməyə imkan vermirdi. Onun bədbəxtliklərə və harahatlıqlara həssas qəbini heç vaxt “niyə” və “necə” sualları həyəcana gətirmirdi. Amma indi inanılmaz, əvvəllər baş verməyən, uzun və çətin ömür yaşamış insanı heyrətlənməyə, sarsılmağa, ümidsizləşməyə məcbur eləyən nəsə baş verirdi. O görürdü ki, səhər açılmayıb, aləmsə mövcuddu, ətrafındakı şeylər özlərinin başlıca mahiyyətlərini itirməyiblər. Yalnız zülmətin hərəkətsiz kütləsi dünyanın üzərindən asılıb qalmışdı.

Bəlkə hələ tezdi?! – Artıq dəhşətdən sıxılmış şüurundan zəif xilasedici fikir keçdi. Yrəyi sürətlə, qarmaqarışıq halda döyünməyə başladı, nəfəsi daraldı. Bəs adamlar? – Ağlına qorxunc kəşf gəldi. Bir neçə saat sonra, onun kəşfi hamıya məlum olanda dünyada nə baş verəcəyini təsəvvüründə canlandırdı. Onda Yer üzünü necə qarmaqarışıqlıq, necə qorxu bürüyəcək! Qoca dünyanın üzərində hökm sürən zülməti qovmaq üçün nəsə eləmək, hansı tədbirisə görmək istəyirdi. Amma o neyləyə bilərdi axı? O məlum şeyə inanmadan, Günəşi çıxmağa çağıra-çağıra, yalvara-yalvara səmanın qaranlıq dibsizliyinə dönə-dönə baxırdı.

Səma da nədənsə ulduzsuz idi. O hələ dünən axşam yatmazdan əvvəl zamanları, mısafələri, məkanları, faciələri olan dərkolunmaz kainata uşaq sadəlövhlüyülə min dəfələrlə heyrətlənə-heyrətlənə ulduzllu səmaya necə baxdığını xatırlayırdı. Amma o sadəcə bütün bunlara uşaq kimi təəccüblənirdi, heç vaxt hər şeyin niyə başqa cür yox, belə olduğu barədə fikirləşmirdi. İndisə ulduz da görünmürdü. Təbiət göy üzünə qalın bulud pərdəsi çəkəndə belə olur. Səma, elə bil, qara məxmərdən toxunmuşdu, yumşaq parçası işığın bütün əlamətlərini udurdu. Yalnız Günəşin çıxmalı olduğu yerdə bir anlığa parıldayan uzaq ulduzun zəif ziyası peyda oldu, o da çox qısa müddət, bir göz qırpımı qədər çəkdi. Uzaqlarda ağlayan uşaq səsi və it hürüşü eşidildi, xoşagəlməz əks-səda kimi bütün ətrafa yayıldı. Adamlar tezliklə yuxudan oyanacaqlar, bəs onda necə olsun? Onlar nə görəcəklər, nə deyəcəklər?

Qoca kədərli ümidsizliklə xatırladı ki, hələ dünən gündüz və işıqlıydı, Günəş şüalarına bürünmüş geniş çöllər, mavi sularının bütün canlılara həyatverici sərinlik apardığı çay, çayın sahilində uşaq gülüşü vardı. Özünün qayğılarıyla, sevinclərilə birgə adi həyat vardı. Günəş hər dəfə öz mövcudluğuyla bəzən yorğunluq və ümidsizlik duyğusu yarada-yarada öz işini itaətlə başa vururdu. Hətta, bəzən donqultu da eşidilirdi, həmin donqultuda Günəşin işıq saçdığı, onun şüaları altında heç nə baş vermədiyindən doğan qəzəb çalarları vardı. Amma bu yeknəsəq, yorucu, bununla belə, hər cür dərdlərə və faciələrə tab gətirməyə imkan verən işıq idi. Hamı bilirdi ki, yeni gün başlayacaq, bütün keçmiş kədərlər, faciələr həmin günün səhər sevincində əriyib itəcək.

O dan yerinin ağarması lap yaxınlaşanacan hərəkətsiz dayandı, amma bir dəyişiklik baş vermədi. Qoca saata baxıb gördü ki, artıq günortadı, amma adamların narahatlığından, vurnuxmasından doğan səs-səmir eşidilmirdi. Dünyadan heç nəylə müqayisə olunmayan sükut axırdı. Soyuq, qaranlıq gecə uzanırdı, nədənsə məlum oldu ki, indi həmişə beləcə olacaq.

Qoca uzaqlarda naməlum qımıltı sezdi, başa düşdü ki, adamlardı, onun kimi məsələnin nə yerdə olduğunu dərk eləyib, barışıb, öz talelərinə qail olublar. Bəzilərinin ümmidsizcəsinə başlarını yuxarı qaldırıb səmaya baxdıqları, bəzilərinin əllərini yuxarı qaldırdıqları, bəzilərinin sakitcə diz çöküb kədərlə dua elədikləri görünürdü.

Qəribəydi, hər şeyi şirin yoxluq zülmətinə bürüyəcək həyat yox olmamış, ölüm də gəlib çıxmamışdı. Yox, həyat davam eləyir, yeni gün də başlayırdı, amma bu Günəşin çıxmadığı ilk gün idi.

# 1399 dəfə oxunub

Müəllifin son yazıları

# # #