Zarafat - Mario Benedettinin hekayəsi

Mario Benedetti

Mario Benedetti

30 sentyabr 2022
# 18:20

Kulis.az Uruqvay yazıçısı Mario Benedettinin "Zarafat" hekayəsini Mahir Qarayevin tərcüməsində təqdim edir.

Mühacir italyan ailəsində doğulmuş görkəmli Uruqvay yazıçısı Mario Benedetti (1920-2009) ilk təhsilini Montevideodakı alman məktəbində, daha sonra «Miranda» liseyində alıb. Maddi səbəblər ucbatından ailəsi Buenos-Ayresə köçdüyü üçün liseyi bitirə bilməyib, təhsili yarımçıq qalıb. 1945-ci ildə təzədən Montevideoya qayıdıb və həftəlik «Marça» qəzetində işləyib. Hərbi çevrilişin baş verdiyi 1973-cü ildə Uruqvayı tərk edib, Argentinada, Kubada, İspaniyada uzun müddət mühacir həyatı yaşayıb.

Yazıçıya ilk uğuru «Montevideolular» adlı hekayələr toplusu gətirib. Həmin hekayələrdən birini təqdim edirik.

Zarafat

Armando əvvəl inanmadı, sonra inansa da, buna ciddi yanaşmadı. Eşitmə qabiliyyəti onu aldatmamışdı: telefonda yad səslər aydınca bilinirdi. Hərdən tıqqıltı səsləri də gəlirdi, elə bil domino oynayırdılar, hərdən də boğuq vızıltılar eşidilirdi. Nə məsələ olduğunu heç cür anışdıra bilmədi, amma telefonunu, həqiqətən, harasa qoşmuşdular.

O, tanışlarının “sirli nəzarət” sözüylə ifadə etdikləri qorxunu heç vaxt ciddi saymamışdı. Sirli nəzarət ha! Özü də belə bir balaca ölkədə! Nə nefti var, nə qalayı, nə misi. Olanı tək mer-meyvədir ki, o da uzaq şimal ölkələrini qətiyyən maraqlandırmır. Düzdür, ölkənin yunu da vardı, əti də; mütəxəssislərin fikrincə, hər halda, bu məhsullara tələbat duyulur. Amma bu sakit burjua dövlətində, bu ifrat məmur ölkəsində nə sirli nəzarət? Yox, belə şey ola bilməz! Mümkün deyil!

Amma, hər halda, telefonu harasa qoşulmuşdu. Bu nə zarafatdı görən? Belə baxanda, telefon danışıqlarının məzmunu heç də məqalələrinin məzmunundan məxfi deyil. Fərq təkcə ondadır ki, telefon danışığında Armandonun üslubu bir qədər başqadır, lazım olduğu dərəcədə incə deyil. Telefonda o hətta duzlu ibarələr işlətməyi də özünə rəva görə bilər, loru dildə desək, özünə sərbəstlik verir, necə deyərlər, başını açıb buraxır. Amma dostu Barreyro onu sakitləşdirib əminliklə deyirdi: “Sən heç nəyin başını buraxmırsan, narahat olma, bilmək istəyirsənsə, bəzən lap söyüş də tərif kimi səslənə bilər”.

Nə qədər ki, bu ölkədə telefon danışıqlarının dinlənilməsi, sadəcə, gülünc ehtimal idi, Armando özləri üçün əyləncə fikirləşib, məzəli bir oyun qurdu: Barreyro – bu sirdən agah olan yeganə adam – Armandoya zəng vurdu və dostlar bir-birinin sözünü kəsə-kəsə Birləşmiş Ştatlar barədə, Conson barədə, Si-ay-ey barədə cürbəcür lətifələr danışmağa başladılar.

– Dayan, – arada Barreyro ona hətta irad bildirdi, – bir az asta danış, yoxsa stenoqraf yazıb çatdıra bilmir. Sən o yazığı işdən qovdurmaq istəyirsən?

– Nə danışırsan! – Armando cavab verdi. – Bəyəm yazan stenoqrafdır, maqnitofon yoxdu orda?

– Düz deyirsən, əslində, maqnitofon olmalıdır, amma, deyəsən, xarab olub, işləmir, ona görə, əvəzində stenoqraf oturdublar, nə bilim, bəlkə də, xarab olmayan başqa cihaz quraşdırıblar.

– Gəlsənə, biz o cihaza ciddi bir şey barədə xəbər verək, ora hansısa vacib sirr ötürək ki, dəlil-sübut olsun. Razısan?

– Yaxşı. Məsələn, deyək ki, üsyan hazırlanır.

– Yox, məncə, üsyan xəbəri bir qədər tezdir...

Kafedə görüşərkən dostlar sabahkı telefon danışığının ssenarisini quraşdıra-quraşdıra şaqqanaq çəkir, gülməkdən uğunub gedirdilər.

– Necə bilirsən, bəlkə, adlar da çəkək?

– Yalançı adlar?

– Hə də, özümüzdən uyduraq. Ya da yox, uydurma olmasın, yaxşısı budur, onların adlarını götürək. Məsələn, Pedro qoy Podriges Larreta olsun, Anibal – Agerrondo olsun, Andree – Texera olsun, Xuan Karlos isə – Beltran.

Və dostlar şifrə haqqında danışıb razılaşandan bir neçə gün sonra, nüfuza bir tikə də xələl gətirməyən söhbətin ortasında nəsə təzə bir şey eşidildi.

Təzə deyəndə ki, heç nə, Maruxa zəng vurmuşdu, iki daşın arasında imkan tapıb, adətən, özünü atılmış və yararsız hesab edən gəlinlərin söylədiyi sözləri birnəfəsə onun cəmdəyinə döşəməyə başlamışdı: “Sən mənə getdikcə daha az vaxt ayırırsan. Gör məni axırıncı dəfə kinoya apardığın vaxtdan nə qədər keçib?! Hətta sənin qardaşın Tito da öz Seliyasına sən mənə göstərdiyindən daha çox diqqət göstərir” və sairə və ilaxır.

Armando bir anlığa unutdu ki, ona qulaq asırlar.

– Başa düş, mən bu gün gələ bilmərəm, iclasım var.

– Yenə siyasət? – Maruxa soruşdu.

Bu vaxt Armando kənar səs eşitdi: telefonda kimsə öskürdü, sonra pauza verib daha iki dəfə öskürdü.

– Sən öskürürsən? Naxoşlamısan? – Maruxa soruşdu.

Armando sanki yuxudan ayıldı.

– Hə, – sakitcə cavab verdi.

Telefonu qoşulandan bəri Armando ilk dəfəydi qorxuya düşürdü.
– Amma mənə cavab vermədin: sənin iclasın siyasi iclasdır?

– Yox ey, yox! Sadəcə, kişi yığıncağıdır.

– Hə, təsəvvür edirəm, orda bir-birinizə necə iyrənc şeylər deyəcəksiniz, – Maruxa deyinə-deyinə dəstəyi asdı.

Amma düz deyirdi. Qardaşı Tito öz nişanlısına qarşı, həqiqətən, çox diqqətli idi. Ümumiyyətlə, qardaşının xəmiri ayrı mayadan tutulmuşdu. Armando onun səliqəsinə, sanbalına həmişə həsəd aparırdı. Tito necə də yaxşı işləyir, nöqsansız-qüsursuz görünür, fikrini həmişə dəqiq çatdırır! İntəhası Seliya bu uğurlardan heç də hayıl-mayıl deyildi, əksinə, öz qüsursuz nişanlısı ilə tez-tez məzələnirdi. Hətta bir dəfə hökm eləmişdi ki, ona Titonun uşaqlıq şəklini göstərsinlər. “Baxmaq istəyirəm, – demişdi, – yəqin, o, altı aylığında da qalstuk taxırdı...”

Tito siyasətlə məşğul olmurdu. “Orda çirkabdan başqa heç nə yoxdur”, – deyirdi. Armando qardaşını qınamırdı – orda, həqiqətən, çirkab xirtdəyə çıxırdı. Bununla belə, siyasət onu maraqlandırırdı. Qəttəzə namizəd, pis qazanmayan, son dərəcə zəhmətsevər və çalışqan, öz çalışqanlığından qürur duyan və bunu hər vəchlə nümayiş etdirən Tito isə bazar günləri mütləq kilsəyə baş çəkir, həftəsonu istirahətindən heç vaxt qalmır, üstəlik, anasına pərəstiş edirdi. Və aydındır ki, Tito bütün ailənin qürur yeri, əziz-xələfiydi. Hələ birlikdə məktəbə getdikləri vaxtlardan onu həmişə Armandoya nümunə göstərərdilər.

Barreyro ilə telefon danışıqlarında Armando tez-tez siyasi məsələlərə toxunub duzlu zarafatlar edirdi. Amma qardaşıyla belə mövzularda heç vaxt danışmırdı. Yalnız bir dəfə onun yanında ölkədəki vəziyyəti kifayət qədər kəskin tərzdə xarakterizə etmişdi. Tito müdaxilə edib saymazyana demişdi: “Başa düşmürəm ki, sənin bu çirkaba batmış adamların arasında nə işin ola bilər. Axı onlarda bir tikə vicdan yoxdur. Hamısı da eyni bezin qırağıdır – istər sağçısı olsun, istər solçusu, istər mərkəzçisi”.

Titonun, həqiqətən, hamısından zəhləsi gedirdi, heç birini görən gözü yox idi. Bu da Armandonu heyrətə gətirir, qardaşına hörmət aşılayırdı. Özündə belə müstəqil mühakimə qabiliyyəti hiss etmirdi. Fikirləşirdi: “Necə bir iradən olmalıdır ki, bu boyda narazılığın təsirinə düşməyəsən. Bir halda ki, kənarda sakitcə dayana bilir, görünür, Tito, həqiqətən, çox güclü adamdır”.

Öskürək daha bir neçə dəfə təkrarlandı: kimsə bir dəfə öskürəndən sonra pauza verib daha iki dəfə boğazını arıtlayırdı.

Bəlkə, bu, təhlükə barədə xəbərdarlıqdır?

Armando əndişələndi, amma qərara gəldi ki, bu barədə heç kimə heç nə deməsin. Nə Titoya, nə atasına (hərçənd qoca ataya etibar etmək olardı), nə də, heç şübhəsiz, ən yaxın dostu olan Barreyroya.

– Bilirsən nə var, gəl bu telefon oyununu qurtaraq.

– Niyə ki?

– Deyirəm daha bəsdir, yordu məni.

Barreyroya isə, əksinə, oyun cox maraqlı gəlirdi. Amma dərinə gedib mübahisə etmədi.

Armandonu həbs etdikləri axşam heç bir hərcmərclik gözlənil¬mirdi. Nə tələbə çıxışları vardı, nə fəhlə mitinqləri; hətta həmin gün “Penyarol” koman¬da¬sının oyunu da yox idi. Şəhərdə tam sakitlik idi; hava mülayim keçirdi, nə istiydi, nə soyuq. Belə hava Mentevideoda yalnız aprel aylarında olur.

Gecəyarısından keçmiş Armando Südedale küçəsiylə gedirdi, meydana çatmağa az qalmışdı ki, iki polis agenti onu saxlayıb sənəd tələb etdi. Şəxsiyyət vəsiqəsi Armandonun üstündə idi. Vəsiqənin etbarlılıq müddətinin bitməsi polislərdən birinin gözündən yayınmadı. Həqiqətən də, Armando bütün semestr ərzində hazırlaşırdı ki, gedib müddəti uzatsın, amma münasib vaxt tapmamışdı.

Onu polis şöbəsinə apardılar. Armando bütün bunların adi anlaşılmazlıq olduğuna qəti şübhə eləmir, səhlənkarlığa görə ürəyində özünü qınayırdı.

“İndi hər şey aydınlaşar...” – arada özünə təskinlik verirdi.

Amma heç nə aydınlaşmadı. Elə həmin gecə onu iki nəfər sorğu-sual elədi. Hərəsi də öz üslubunda: biri nisbətən nəzakətlə davranır, zarafata salıb ötüşdürürdü, o biri isə söyüşlə danışır, əməlli-başlı kobudluq edirdi.

– Telefonda nə danışırdınız, niyə ağzınıza gələni çərənləyirdiniz? – birinci polis ədəb-ərkanla soruşub, dəcəl uşağa baxan kimi, onu mehribancasına süzdü.

O biri polis dərhal mətləbə keçdi:

– Beltran kimdi?

– Prezident.

– Səninçün yaxşısı bu olar ki, özünü gicliyə qoymayasan. Soruşuram: Beltran deyəndə siz kimi nəzərdə tuturdunuz?

Armando susurdu. Bilirdi ki, indi dırnaqlarının altına iynə soxacaq, kürəyinə siqaret basacaq, yaxud cinsi orqanlarını toka verəcəklər. Deyəsən, bu dəfə məsələ ciddi idi. O, dəhşət içində artıq hamısını göz altına almışdı. Fikirləşirdi ki, əgər işgəncə-filan varsa, deməli, onun vətəni, həqiqətən, böyük dövlətlər cərgəsinə qoşulub. Amma işgəncələrə dözəcəyinə əmin deyildi.

– Biz zarafat edirdik...

– Bəs belə de, – qaba polis dilləndi. – Zarafatı biz də bacarırıq! Hə, indi görərsən necə bacarırıq.

Zərbə burnunun üstündən tutdu. Başında sanki nəsə qopdu, gözündən yaş gəldi. İkinci zərbəni qulağının dibindən tutuzdurdular...

– Biz heç kimi nəzərdə tutmurduq, – o, burtəhər mızıldandı. – Ağlımıza gələn adı deyib, zarafatlaşırdıq.

Qan köynəyinə süzülüb üst-başını batırmışdı. Armando əliylə burnunun qanını sildi, ağrı dözülməz idi.

– Deməli, zarafatlaşmaq istəyirdiniz?

Bu dəfə polis onu sifətinə ağır zərbə ilişdirdi. Armandonun alt dodağı bir andaca pırtlayıb şişdi.

– Nə gözəl! Gördünmü?!

Ardınca dizlə qurşaqdan aşağı vurulan kəskin zərbə.

– Bəs tokun, şiddətli cərəyanın dadını bilirsən?

Hər dəfə cərəyan sözü qulağına dəyəndə Armandonun ayaqları iflic olurdu. “Elə eləmək lazımdı ki, bu əclaf döyməyə davam eləsin, başı buna qarışsın, – çarəsizlikdən düşünürdü. – Onda, bəlkə, toka vermək yadından çıxar”.

Dodaqları sözünə baxmasa da, Armando bütün gücünü toplayıb söydü:

– Zibilin biri!

Bu söz üzə tüpürmək kimi bir şey oldu, quduzlaşmış polis lap özündən çıxdı, amma tez də toxtayıb rişxəndlə gülümsədi.

– Ay-hay! Bunun bicliyinə bax! Elə düşünmə ki huşsuzam. Sən hələ südəmər çağasan. Elə bilirsən yadımdan çıxıb? Yox, lap yaxşı yadımdadır.

– Əl çək ondan, – nəzakətli polis işə qarışdı. – Əl çək, yəqin, dediyi düzdür.
Bu söz qəbul olunmuş qərar kimi qəti səsləndi. Armando rahat nəfəs aldı. Amma bu vaxt ayaqları qatlandı, huşunu itirib yerə çökdü...

Maruxa özü istəməsə də, hər halda, bu hadisədə müəyyən dərəcədə günahkar idi. İndi o, bütün gününü Armandonun çarpayısı böyründə keçirirdi. Ona dərman içirdir, qayğısını çəkir, öpüb-əzizləyir, gələcək həyatları barədə uzun söhbətlərlə təngə gətirirdi. Armando üzdə zarısa da, qəlbinin dərinliyində Maruxanın yanında olmasına sevinir, hətta fikirləşirdi ki, tezliklə evlənməsi pis olmazdı. Ağlına gələn bu qəribə fikirdən dərhal da xoflanırdı: “Məni orda çox əzişdirdilər, bəlkə, başımda nəyisə zədələyiblər?”

Yanağını sığallayan Maruxanın isti əlləri qəfildən donub qalanda Armando gözünü açdı. Çarpayının qırağında bir neçə adam dayanmışdı: atası, anası, Barreyro, Tito, Seliya.

– Sənin susmağa necə gücün çatdı? – Barreyro bu işə məəttəl qalmışdı.

Armando təzədən izah eləməyə başladı ki, bərk vursalar da, cəmisi bir neçə zərbə vurublar.

– Bilmirəm toka əl atsaydılar, özümü necə aparardım...

Anası ağladı. Yazıq arvad düz üç gündü ağlayırdı.

– Qəzetdə söz veriblər ki, assosiasiya yazılı etiraz bildirəcək, – atası dedi.

– Bütün bu notaların, protestlərin nə xeyri var? – Barreyro hirslənib qızışdı. – Onun sifətinə vurublar, burda daha heç nəyi dəyişə bilməzsən.

Seliya əlcəkli əlini Armandonun çiyninə qoydu. Armando ağrısa da, özünü, az qala, cənnətdə hiss edirdi.

Barreyronun arxasında dayanmış Tito həmişəkindən daha susqun idi. Birdən Maruxa ona tərəf döndü:

– Hə, indi buna nə deyə bilərsiniz? Yoxsa yenə əvvəlki kimi sakitsiniz?

Tito gülümsündü, sonra özündən razı halda əminliklə bildirdi:

– Mən Armandoya həmişə demişəm ki, siyasət çirkin işdir.

Və öskürdü. Özü də üç dəfə. Əvvəlcə bir dəfə, sonra isə pauza verib daha iki dəfə.

Tərcümə: Mahir Qarayev

# 1496 dəfə oxunub

Oxşar xəbərlər

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

19:03 16 aprel 2024
"Coker"  filminin treyleri izlənmə rekordu qırdı - Video

"Coker" filminin treyleri izlənmə rekordu qırdı - Video

19:00 16 aprel 2024
93 yaşlı rejissor son filmini çəkəcək

93 yaşlı rejissor son filmini çəkəcək

18:50 16 aprel 2024
"Rust"  faciəsinin məhkəməsi başa çatdı - Foto

"Rust" faciəsinin məhkəməsi başa çatdı - Foto

18:30 16 aprel 2024
Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

18:00 16 aprel 2024
Sviftin mahnıları yenidən "TikTok"da

Sviftin mahnıları yenidən "TikTok"da

17:30 16 aprel 2024
#
#
# # #