Kitab sərgisi

"Yuxarıdan çağırıb demişdilər ki, ya o hissəni çıxar, ya da..." - Əlibala Hacızadənin qızı ilə müsahibə

Əməkdar jurnalist Asya Hacızadə, yazıçı Əlibala Hacızadənin qızı

Əməkdar jurnalist Asya Hacızadə, yazıçı Əlibala Hacızadənin qızı

29 sentyabr 2025
# 10:00

Kulis.az "Atamın xatirəsi" layihəsindən Ülvi Bahadırın yazıçı Əlibala Hacızadənin qızı, Əməkdar jurnalist Asya Hacızadə ilə müsahibəsini təqdim edir.

– Əlibala bəy xatirinizdə necə qalıb?

– Ən əziz ata, ən gözəl insan kimi. Müasir düşüncəli insan idi, ancaq adət-ənənələrə də hörmətlə yanaşırdı. "Olar-olmaz"ları var idi. Riayət eləməyəndə bir baxışı kifayət idi. Valideynlərin ən böyük tərbiyəsi öz nümunəsidir. Özləri necədirsə, övladları da o tərbiyədə böyüyür.

– Üç uşaq olmusunuz. Ona hansınız daha çox bənzəyirsiniz?

– Xasiyyətcə mən daha çox oxşayıram. O qayğılarını, fikirlərini evdə çox bölüşməzdi. Daha çox böyük bacımla məsləhətləşərdi. Atam ona həmişə “erudit” deyərdi. Ancaq biz nə desək də, həmişə öz fikrində qalırdı. O nə deyirdi, qəbul edirdik.

– Yazıçı Əlibala Hacızadə ilə ata Əlibala Hacızadənin hansı fərqləri var idi?

– Evdə necə idisə, çöldə də elə idi. Başqalarına necə yanaşırdısa, bizə də elə yanaşırdı. Heç kimə fərq qoymurdu. Çox həssas adam idi. Dünyanın gedişatına üsyan eləyirdi. Onun həyatında və yaradıcılığında hər şey ikitirəlidir. Bir dəfə ondan soruşdular ki, öz portretinizi necə təsəvvür edirsiniz? O da demişdi ki, bir gözüm ağlayır, bir gözüm gülür. Mən onun nə ağladığını, nə də şikayət etdiyini görmüşəm. Ancaq çox kövrək insan idi. Onu hər şey qəhərləndirə bilərdi.

– Dövrünün ən məşhur yazıçısı idi. Bu populyarlıq onu narahat etmirdi?

– Əksinə, bu, onu xoşbəxt edirdi. Əvvəllər internet yox idi. Onu küçədə görəndə çox sevinirdilər. Deyirdilər ki, biz sizin kitablarınızın üstündə nə qədər qazan yandırmışıq. Birnəfəsə oxunurdu.

Bir dəfə bir qızın atamın kitabını oxuyandan sonra şəkəri qalxıb, xəstəxanaya aparıblar. Həmin vaxt atam da orada olub. Mədəsində problem var idi, əməliyyat etmişdilər. Pəncərənin qabağında söhbət edəndə atam soruşub ki, bura necə düşmüsən? O da deyib, bir kitab oxumuşam, şəkərim qalxıb. Hansı kitab olduğunu soruşanda atamın kitabının adını çəkib. Atam “Əlibala Hacızadəni görsən, ona nə deyərsən?” soruşanda deyib ki, öpüb-qucaqlayaram. Atam “Mən Əlibala Hacızadəyəm” deyəndə az qalıb ürəyi getsin. Sonra o qızın evinə gedib, həyat yoldaşı ilə tanış olub. Qız uşaq olanda atası xəstələnib. Uşaqdan banka qoymasını istəyib. O da qoyub, kişi də bankanın altında keçinib. Uşaq da qorxudan şəkər olub. Atam sonradan bu əhvalatı hekayə kimi işləyib.

Kitablarını əl altından satırdılar. Heydər Əliyev pambıqçı qızlarla görüşəndə ondan atamın kitablarının çap olunmasını xahiş etmişdilər.

– Bu qədər kitabı satılan yazıçının adicə şəxsi kabineti də olmayıb...

– Tiraja görə hamı elə bilirdi ki, atam milyonçudur. Bəzən vəziyyətimiz yaxşı olsa da, həmişə orta səviyyədə yaşamışıq. Atam maaşla dolanan adam olub.

Abbas Zamanov onun müəllimi olub. Bir dəfə onun üçün kitabını imzalayanda yazmışdı ki, əziz dostum milyonçu Əlibalaya. Sonra atam da məclisdə görüşəndə ona demişdi, sən məni yaman pis vəziyyətə salmısan, bilmirəm yoldaşıma nə cavab verim? Bilirsiniz, onun əlində pul qalmırdı, gələn kimi xərcləyirdi.

– Şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib. Buna görə onu Əfqanıstana göndəriblər.

– Mən doğulan kimi göndərdilər. Adətən ikiillik göndərirdilər, ancaq atam işində çox yaxşı olduğuna görə, vaxtını iki il də uzatdılar. Sonra da gəlib Şərqşünaslıq İnstitutunda işinə davam etdi.
Orda başına bir xeyli maraqlı hadisə gəlib. Bir gün rus generalı əfqan hərbçilərə paraşüt təlimi keçirmiş. Axırda general soruşdu ki, kiminsə sualı var? Bir nəfər də irəli çıxıb deyib ki, paraşüt açılmasa, bizə təzəsini verəcəklər? Onlar da xeyli güləndən sonra deyiblər ki, əlbəttə, verəcəklər. Əgər sağ qalsanız...

Ancaq orada çox darıxırdı, çünki vətənə bağlı adam idi. Orada xeyli qürbət şeirləri yazıb.

Ordan gələndən sonra “İtkin gəlin”i yazdı.

– O, uzun müddət çap olunmayıb. Səbəb nə idi?

– SSRİ dağılandan sonra bütün sahələrdə böhran yarandı. Keçid dövrü idi. Ona görə uzun müddət çap olunmadı.

Bir dəfə Esmira Çərkəzqızına müsahibəsində demişdi ki, əvvəllər nəşriyyatlara kitab verirdin, pulunu alırdın, indi kitab verəndən sonra üstündə pul da istəyirlər. İş adamı Gülağa Tənha bu müsahibəni oxuyandan sonra atamla görüşüb oncildliyini çap etdirmişdi.

– Xalq yazıçı olmaması onu narahat edirdi?

– Xeyr. Hər yerdə onu Xalq yazıçısı kimi təqdim edirdilər. Çünki heç kim belə bir yazıçıya ad verilməməsinə inanmırdı. O, fəxri ada layiq idi. Mən 10 ilə yaxın Heydər Əliyevin ətrafında işləmişəm, onu xarici səfərlərdə müşayiət etmişəm. Özü də dəfələrlə Prezidentlə görüşüb. Prezident də onun kitablarını oxuyub. Ancaq o, Prezidentə yaxınlaşıb "bu kitabların müəllifi mənəm" deməyib.

– Bir əsərindən sonra onu işdən çıxarıblar.

– Bəli. “Vəfalım mənim” çap olunandan sonra onu işdən çıxartmışdılar. Sonradan o, Mərkəzi Komitəyə ərizə yazmışdı, yenidən bərpa etmişdilər. Böyük elmi işçi idi. Onu kiçik elmi işçi etmişdilər. Maaşını azaltmışdılar. İşdən çıxması üçün təzyiq eləyirdilər. Ancaq o təslim olmadı, heç yerə getmədi.

– O əsərin belə qarşılanması nə ilə bağlı idi?

– Deyirdi ki, elə bil o əsərin qəhrəmanları canlanıb üzərimə gəldilər. Bəziləri o romanı oxuyub özünü görmüşdü. Halbuki, ad çəkilməmişdi. Ancaq yenə də narahat olanlar var idi.

Ancaq bu barədə evdə heç nə danışmırdı. Hər şeyi ürəyində yaşayırdı. Ancaq kaş deyəydi...

– Dostları kimlər idi?

Nahid Hacızadə, İlyas Tapdıq, Oqtay Rza. Bu adamlar bizə tez-tez gəlib-gedirdi. Ətrafı geniş idi.

– “İtkin gəlin” ilk Azərbaycan serialıdır. Təklif necə gəldi?

Rejissor Lütfi Məmmədbəyli atama demişdi. O da ssenari yazmışdı. O serial məhdud imkanlarla çəkilib. Təəssüf ki, onu indi göstərmirlər.

– Ancaq davamı gəlmədi.

– Bəli. Təklif gəlmədi. Ancaq onun əsərləri əsasında film və seriallar çəkilsə, maraqla qarşılanar.

– Sizin ən çox sevdiyiniz əsəri hansıdır?

– “Təyyarə kölgəsi”. Bu roman onun şah əsəridir. Ancaq o, “İtkin gəlin”i şah əsəri hesab eləyirdi. “Təyyarə kölgəsi” uzaqgörən əsərdir. Atam SSRİ-nin dağılacağını çoxdan hiss eləmişdi. Əsər senzura dövrü olmasına baxmayaraq, çap olunmuşdu.

– Senzuraya görə hansısa yerləri çıxarılıb?

– Bəli, çox olub. Orada bir yer var:

"Gəmilər bizim neftimizi aparır".

"Yuxarı"dan çağırıb demişdilər ki, ya o hissəni çıxar, ya da yaz ki, uzaqlara aparır.

– Sonradan latın qrafikasında senzura olunmuş versiyada çap olunub, yoxsa ilkin versiyada?

– Yox, dəyişdirilmədi. Olduğu kimi qaldı. Çünki belə sevilmişdi.

– Soyadı səhv eləmirəmsə, “Hacıyev” olub?

– Düzdü, “Hacıyev” olub. Əsərlərini həmişə Həmid Araslıya göstərirdi. O da atama demişdi ki, sən şeiri də yaxşı yazırsan, ancaq səninki nəsrdir. Qovluğun üstündəki “Hacıyev”i pozub üstündə “Hacızadə” yazmışdı. Ondan sonra da atam Əlibala Hacızadə olub. Ancaq biz hamımız “Hacıyev” gedirik. Bircə mən jurnalistika sahəsində olduğuma görə “Hacızadə” etmişəm.

– Hansınızınsa şairlik, yazıçılıq qabiliyyəti olub?

– Bacımın istedadı var idi, ancaq istiqaməti başqa idi. Ancaq yazsaydıq, o bizə dəstək olardı mütləq. İstəyərdi ki, davamçıları olsun. Bir dəfə mənim yazılarımı oxuyub zarafatla demişdi ki, mən sənin yazdıqlarını yaza bilmərəm, mən də demişdim ki, mən də sənin yazdıqlarını yaza bilmərəm.

– Jurnalist olmaq sizin seçiminiz idi, yoxsa onun?

– Onun. Mənim heç ağlıma da gəlməzdi ki, nə vaxtsa jurnalist olaram. Uşaqlıqdan rəsmlər çəkirəm, ancaq hansısa sahədə olacağımı dəqiq bilmirdim. Hamı atama deyirdi ki, Asyanı rəssamlığa yönəlt. Axırda Qaqarin adına kluba apardı. Orda Məsmə müəllim mənimlə çox maraqlanırdı. Sonradan xəstələndim, baş qarışdı, anam aparmadı məni. Sonra başqa bir rəssamın yanına apardılar. Sən demə, rəssamlar paxıl imiş. O, mənim qol-qanadımı sındırdı. Onun yanından çıxandan sonra başa düşdüm ki, mən heç vaxt rəssam ola bilmərəm. Sonradan jurnalistikaya qəbul olundum. Ancaq rəssamlığı da atmamışam.

– Evinizə tez-tez qadınlardan məktublar, zənglər gəlirdi. Ananız qısqanmırdı?

– Əlbəttə, qısqanırdı. Ancaq sonradan o da qəbul elədi. Anam da atam kimi hər şeyi ürəyinə salırdı. Yəqin ki, o da qısqanclığını ürəyində daşıyıb.

Atama da əvvəl qəribə gəlirdi. Zəng eləyib məsləhət alırdılar, həyatlarını danışırdılar ki, kitab yazsın. Başa düşürdü ki, bu, qaçılmazdır.

– O zənglər, məktublar əsərlərinə təsir eləyirdi?

– Əlbəttə. Orda yazılanları əsərlərinə gətirirdi. Onun əsərlərində yazılanların çoxu həyatdan götürülüb.

– O məktublar indi sizdə durur?

– Xeyr. Çoxdan itib-batıb. Çox adam deyir ki, elə bil mənim həyatımı yazıb.

– Bəs Əlibala bəy necə, qısqanc idi?

– Çox. Təzə evlənəndə anamı işləməyə qoymayıb. Sonradan razılaşıb. Anam kitabxanada işləməyə başladı.

– Necə tanış olublar?

– Atam Abbasəli Sarovlu ilə birgə oxuyurdu. Abbasəli də anamın bibisi qızı ilə evlənmişdi. Bir gün Abbasəli ilə qatarla gedəndə anam da orada olub. Tanış olublar. Bir müddət sonra da evləniblər.

– Xəstəliyi var idi?

– Xeyr. Atam da, anam da sağlam idilər. Qəfildən onkoloji xəstəliyi olduğunu öyrəndik. Mən həmin vaxt Moskvada “Azərtac”ın xüsusi müxbiri idim. Dedilər, əməliyyat olunmalıdır, kəsək, baxaq, sonra bağlayarıq. İnanmadım. Moskvaya gətirdik, bir neçə xəstəxanaya apardıq. Xəstəxanaların birində Samir Əliyev adlı həkim var idi, dedi, kəsməyin, artıq gecdir. Yenə də ürəyimdə xal qaldı. Sonra bir neçə xəstəxanaya da apardıq. Gözlərindən oxuyurdum, bilirdilər, əməliyyatdan sağ çıxmayacaq. Bir xəstəxanada bizə qiymət oxudular. İşçilərdən biri zəng edib qiyməti soruşurdu, ona deyirdilər beş min. Qulaqlarımızla eşidirik, o da bizə deyirdi on min. Sağollaşıb çıxdıq oradan. Atam çox həssas idi. Deyirdik, yüngül problemdir. Samir Əliyev zəng edib dedi ki, əməliyyat eləməyin, aparın evə, Allah nə qədər ömür verib, yaşasın. Yaxşı ki, eləmədik, Bakıya qayıtdıq. Ondan sonra iki il yaşadı. Anam qəfildən rəhmətə getdi. Atam anama görə yaşayırdı. Anamdan sonra sındı, müqavimətini itirdi, 50 gün sonra dünyasını dəyişdi. Anamı dəfn edəndə qəbirqazan dedi, burada bir yer də var, bəlkə, götürəsiniz. Atam da başa düşdü ki, bu yer onundur. O yeri götürdük, atam da elə orada torpağa tapşırıldı.

– Xəstəxanada vəfat elədi, yoxsa evdə?

– Evdə. Bir müddət xəstəxanada müalicə olundu, ancaq son aylarda evdə idi.

– Sonradan əməliyyat etdirmədiyinə görə peşman oldunuz?

– Xeyr. Gərək birinci dəfə “kəsməyin” deyiləndə Bakıya qayıdaydıq. Oradakı həkimlər çox sərtdir. Biz xəstəliyini gizlədirdik, ancaq necə var elə də deyirdilər. Düzdü, atama açıq-aşkar demədilər, ancaq səs tonlarından duyuq düşmüşdü. Həkimlər qiyməti qaldıranda eşidib pərt olmuşdu.

– Əlibala bəy hazırda burda olsaydı, ona nə demək istəyərdiniz?

– Ata, bağışla, qiymətini bilməmişəm...

Foto: Rüfət Müstafayev

# 544 dəfə oxunub

Oxşar xəbərlər

Ağdamda Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olundu

Ağdamda Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olundu

10:45 29 sentyabr 2025
Jurnalist onu söyən aktyora kəllə atdı

Jurnalist onu söyən aktyora kəllə atdı

10:30 29 sentyabr 2025
Tanınmış aktrisa əri ilə birlikdə  intihar etdi

Tanınmış aktrisa əri ilə birlikdə intihar etdi

10:18 29 sentyabr 2025
"Nə sərvət topladım, nə də ailə qurdum..." - Azad Mirzəcanzadə kiminlə qürur duyurdu?

"Nə sərvət topladım, nə də ailə qurdum..." - Azad Mirzəcanzadə kiminlə qürur duyurdu?

10:10 29 sentyabr 2025
“Gucci” ailəsinin həyatı seriala çevrilir

“Gucci” ailəsinin həyatı seriala çevrilir

10:10 29 sentyabr 2025
Mələkxislət xanımlar, fahişələr, cadugərlər  və  feministlər... - Servantesin "qadınları"

Mələkxislət xanımlar, fahişələr, cadugərlər və feministlər... - Servantesin "qadınları"

09:20 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər