İlham Qəhrəmanla görüş olub

 İlham Qəhrəmanla görüş olub
21 oktyabr 2019
# 15:03

Bazar günü Laçın Rayon Mədəniyyət İdarəsinin Qala kəndində yerləşən Malıbəy Kənd Mədəniyyət Evində şair İlham Qəhrəmanın 60 illik yubileyi ilə bağlı Laçının bir neçə kənd mədəniyyət evinin birgə hazırladığı “Laçınlı ziyalılarla görüş” adlı tədbir keçirilib. Laçınlı ziyalılar, yerli mədəniyyət işçiləri və Qarabağ müharibəsi veteranları tədbirə toplaşanlar arasında olublar.

Dövlət Himninin dinlənilməsi və Qarabağ döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsindən sonra Malıbəy Kənd Mədəniyyət Evinin rəhbəri Elyana xanım Məmmədova tədbiri açıq elan edib. O, əvvəlcə toplaşanlara İlham Qəhrəmanın yaradıcılığından, təzə nəşr olunan “Şairin vətəni segidir” kitabından söz açıb. Şeirlərinin əllaməçilikdən uzaq, sadə dildə yazıldığını, fikrini oxucuya çatdırmaq üçün uğurlu obrazlı deyimlərdən yerli-yerində istifadə etdiyini deyib. Elyana xanım daha sonra çıxışında İlham Qəhrəmanı aydın vətəndaş mövqeyi ilə seçilən bir şair kimi xarakterizə edib, onun qələminin vətənin ağrı-acılarına şeirin diliylə işıq tutduğunu xüsusi vurğulayıb.

Daha sonra çıxış edən Pircahan Kənd Mədəniyyət Evinin rəhbəri Rübabə İbadova İlham Qəhrəmanın 60 yaşa əliboş gəlmədiyini, şəxsi yaradıcılığıyla bərabər bir folklorşünas kimi Laçın folklorunu, Sarı Aşığın və Aşıq Alının irslərini toplayıb tərtib etmək kimi xeyirxah işlərindən tədbir iştirakçılarına məlumat verib. Rübabə xanım fikrinə davam edərək deyib: şair hansı mövzuda yazmasından asılı olmayaraq oxucular onun şeirlərindəki axıcılığın və şirinliyin şahidi olur. Ona görə də şairin yaradıcılığında özlərinə doğmalıq hiss etdiklərini qeyd edib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev toplaşanlara öz çıxışında keçdikləri döyüş yolundan və gəncləri vətənpərvər ruhda yetişdirməyin vacibliyindən danışıb. Ali Baş Komandanın Vətənin ərazi bütövlüyü uğrunda döyüş əmri verəcəyi zaman veteranların yenə də gənc əsgərlərimizlə bir sırada olacağını və düşmənə gücümüzü göstərə biləcəyimiz belə bir günü səbirsizliklə gözlədiklərini deyib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Rasim Hüseynov öz çıxışında İlham Qəhrəmanı gənclik illərindən tanıdığını, onun yaradıcılığını maraqla izlədiyini və şair dostuna xoş arzularını bildirib.

Daha sonra Aşıq Pəri Məclisinin gənc üzvü aşıq Nabat öz məlahətli səsində şairin şeirlərini oxuyub. Malıbəy Kənd Mədəniyyət Evinin “Ritm” rəqs qrupunun körpələrdən ibarət üzvlərinin çıxışları, Aşıq Pəri Məclisinin daha bir üzvü qiraətçi Dürdanə Sadıqovanın ifasında şairin şeirlərinin səsləndirilməsi maraqla qarşılanıb. Tədbirdə gənc aşıqlar Fariz Kəlbəcərli və aşıq Məmməd Laçınlının çıxışları da yer alıb.

Tədbir boyu həm mədəniyyət xadimləri, həm də 713 saylı batalyonun veteranlarının çıxışları olub.

Tədbirin sonunda söz alan İlham Qəhrəman əvvəlcə belə bir tədbir üçün Laçının mədəniyyət xadimlərinə və toplaşanlara öz təşəkürrünü bildirib və şeirlərini oxuyub.

Yekunda xatirə şəkilləri çəkilib.

# 3436 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər