Şou proqramlarına göstərilən "qırmızı vərəqə"

Şou proqramlarına göstərilən "qırmızı vərəqə"
18 mart 2026
# 12:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Dünən gecə bir xəbər oxudum. Özəl telekanallardakı göz yaşı, duyğu istismarı və bayağılıq üzrə rekord qıran bəzi banal verilişlər nəhayət ki, efirlərdən yığışdırılır.

Bu xəbəri illərdir efir məkanında "reytinq" adlı bütə qurban verilən milli zövqün, mənəviyyatın və peşəkar jurnalistikanın qələbəsi kimi oxudum.

İllərdir Azərbaycan teleməkanında bir "şou fəlakəti" hökm sürürdü. Ekrana çıxan hər kəs özünü xilaskar, hər studiyanı isə məhkəmə zalı sanırdı. Axır ki, o gözlənilən "qırmızı vərəqə" göstərildi.

ATV və ARB-də səs-küylü bayağılıq və banallıq estafeti dayandırıldı. Zaur Baxşəliyevin "Bizimləsən"i, Xoşqədəm Hidayətqızının "Səni axtarıram"ı, Zaur Kamalın hay-küylü şouları arxivə göndərilir.

Bu verilişlər sadəcə proqram deyil, sanki bir toplumsal yaraya duz basma mərkəzləri idi. İnsanların şəxsi faciələrini, ailə dramlarını, göz yaşlarını saniyə-saniyə satıb, qarşılığında reklam dəqiqələri qazanan "mənəviyyat hərracı"na çevrilmişdilər. Aparıcı və ekspertlərin qeyri-peşəkarlığı, qonaqlarla yuxarıdan aşağı danışmaq tərzi, efir etikasına sığmayan davranışları artıq bir "norma" halına gəlmişdi.

Kulis.az da daxil olmaqla xeyli media orqanları vaxtaşırı orda baş verənləri yazır, tənqid edirdi.

Bu qərar sadəcə bir neçə verilişin bağlanması deyil, həm də efirdəki "banallıq diktaturası"nın süqutudur. Biz illərdir efirdə ağlayan anaların göz yaşından bəhrələnən "xeyriyyəçilik" maskasını, ara müğənnilərinin mənasız davasını intellektual müzakirə kimi təqdim edən yüngüllüyü, ciddi ictimai problemləri şoulaşdıran bayağılığı izləməyə məhkum edilmişdik.

Aparıcıların özlərini toxunulmaz, hər şeyi bilən "mütəfəkkir" kimi aparması isə bu faciənin komik tərəfi idi.

Bu "reytinq canavarları"nın içində ən çox tənqid olunanlar və cəmiyyətin əsəb sistemini sınağa çəkən fiqurlar isə ən çox "ictimai yardım", "xeyriyyəçilik" kimi müqəddəs anlayışları bir şou elementinə çevirənlər idi.

Onların verilişlərində musiqi tərtibatı belə insanın psixologiyasına hücum etmək üçün seçilirdi. Ən ağır ailə faciəsi olan bir qadını studiyanın ortasına çıxarıb, kameranı onun göz yaşlarına fokuslamaq jurnalistika deyil, "emosional istismar"dır.

Aparıcı özünü qanundan, məhkəmədən və polisin işindən üstün tutan bir "ədalət ilahəsi" kimi təqdim edirdi. İnsanların dərdini həll etmək deyil, o dərdi efirdə "bişirib" tamaşaçıya sırımaq əsas məqsədə çevrilmişdi.

Cəmiyyətə xeyriyyəçilik lazım idi, amma bu, kiminsə şəxsi reklam kampaniyasına çevrilməməli idi.

Başqa biri isə efir məkanına "məhəllə uşağı" leksikonunu və aqressiv, ironik, bəzən isə təhqiramiz münasibəti gətirdi. Onun verilişlərində qonağa verilən suallar, xüsusən də, bölgələrdən gələn sadə insanlara və ya gənc müğənnilərə qarşı sərgilədiyi yuxarıdan aşağı münasibət peşəkar etikanı "qəbrə qoyub fatihəsini oxumaq" idi.

"Kiminlə gəldin?", "Cibində nə qədər pul var?", "Maşınının markası nədir?", “Sevgilin kimdir, sənə nələr alır?” kimi suallarla tamaşaçının diqqətini intellektdən uzaqlaşdırıb, ən ibtidai hisslərə – paxıllıq və marağa yönəldirdi.

Bu verilişlərin bağlanması göstərir ki, artıq "pult" tamaşaçının əlindən alınır və dövlət/kanal rəhbərliyi səviyyəsində bir "etik filtr" işə düşür. Və bu filtrə cəmiyyət olaraq çoxdan ehtiyacımız var idi.

Bu verilişlərin yığışdırılması oxucu və tamaşaçı zövqünün reanimasiyadan çıxarılması üçün ilk ciddi və son dərəcə lazımlı addımdır. Amma ehtiyatlandığım bir məsələ var: Gedənlərin - daha doğrusu göndərilənlərin yerinə başqa adla eyni "zaurizm" gələcəksə, heç nə dəyişməyəcək.

Televiziya təkcə əyləncə deyil, həm də maarifləndirmə, mədəniyyət və estetik tərbiyə yeridir.

P.S. Maraqlı məsələ sosial şəbəkələrdə istifadəçilərin bu verilişlərin bağlanması barədə xəbərləri böyük sevinc hissi ilə qarşılamalarıdır. Verilişlərin bağlanması xəbərinə “bayram bayrama qarışıb”, “bu günün ən gözəl xəbəridir”, “Sizi şad xəbər olasınız” məzmunlu minlərlə şərhlər yazılıb.

Sosial şəbəkələrdə bu verilişlərin bağlanmasının əleyhinə olan şərh tapmaq mümkün deyil. O zaman haqlı bir sual yaranır: bəs bu verilişlərə baxanlar kimlər idi? Əgər minlərlə tamaşaçı verilişlərin bağlanmasına bu qədər sevinirsə, onlar reytinqlərdə necə ən üst sıralarda idilər?

Bu verilişlərlə bağlı həmişə bir daşdan keçən arqument olub: “Xalq belə istəyir, ona görə belə edirik”. Axı xalq sosial şəbəkələrdə başqa söz deyir…

# 1847 dəfə oxunub

Oxşar xəbərlər

"Niyə əqidəni dəyişdin?!" - Balaəli Kəramətə elə sözlər dedi ki...

"Niyə əqidəni dəyişdin?!" - Balaəli Kəramətə elə sözlər dedi ki...

18:30 19 mart 2026
“Mücrü”dən bayram sürprizi – 500 kitab pulsuz paylanacaq

“Mücrü”dən bayram sürprizi – 500 kitab pulsuz paylanacaq

15:42 19 mart 2026
Məşhur model əməliyyat olunacaq

Məşhur model əməliyyat olunacaq

15:09 19 mart 2026
“XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması Səməd Vurğun”  mövzusunda tədbir keçirildi

“XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması Səməd Vurğun” mövzusunda tədbir keçirildi

14:01 19 mart 2026
Ovçu qışqırığı - Uilyam Qoldinqin hekayəsi

Ovçu qışqırığı - Uilyam Qoldinqin hekayəsi

13:55 19 mart 2026
"Maska"  bu tarixdə başlayır

"Maska" bu tarixdə başlayır

13:53 19 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər