Seyf yeyən icra başçısı - Zamin Hacı yazır...

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

30 iyun 2022
# 09:00

Kulis.az Zamin Hacının "Hərənin öz ağacı" adlı yazısını təqdim edir.

Xatirə müsabiqəsi haqda oxuyanda çox sevindim, çünki təvazökarlıq çıxmasın, xatirələrə bir yazı janrı kimi, ayrıca yer verməyin həmişə tərəfdarı olmuşam, hətta 1990-cı illərdə çalışdığım qəzetlərin birində buna adi rubrika açmışdım.

Zəhmətkeşlərimizə müraciət eləmişdim, onlar da kamali-ədəblə öz xatirələrini yazıb göndərirdilər, çap eləyirdik.

O çağlar, yeni müstəqillik qazanan mətbuatımızda olduqca maraqlı, məzmunlu janrlar, rubrikalar vardı.

Məsələn, mənim yadımda gəlir, jurnalist Samirə Əhmədbəyli “Yeddi gün” qəzetində uşaqlara sualları verib, cavablarını dərc edirdi. Bir dəfə “Yer kürəsi nədir?” sualına uşaqlardan biri “Yer mənim topumdur” cavabını vermişdi. Gör üstündən 20 ildən çox keçib, heç mən o cavabı unudurammı? Bəs həmin uşaq indi hardadır, bəlkə, futbolçu olub?

Ancaq bizim xatirə rubrikasının ömrü elə də uzun olmadı. Həm camaat xatirələrin ağını çıxartdı (məsələn, elə adam vardı məktəbdə dərslərini yaxşı oxumadığını xatirə kimi yazıb göndərirdi), həm də baş redaktor, deyəsən, mənim bu istiqamətdə necə deyərlər, “xaltura” və fırıldağa əl atdığımı güman elədi. Fikirləşirdi xatirələrin çoxunu özüm, uydurma adamların əvəzindən quraşdırıram. Deyəsən, elə belə olurdu, ancaq nəyi pisdir? Əsas xalqın maraqlı xatirə oxuması deyilmi?

Hər nəsə, bizim xatirə projemiz batıb getdi. İndi elan edilən müsabiqə isə ən əsası, pul mükafatı baxımından xalqın diqqətini çəkmişdir. Üstəlik, vətənpərvər proje idi, Qarabağı xatırlamaq təklif olunmuşdu. (Hindistan səfirimiz Tamerlan Qarayev oranı fəth edib qayıdanda bir “Qarabağ evi” düzəltmişdi və məcburi köçkünlərdən evlərinin açarlarını yığırdı. Muzey qayırmaq istəyirdi. Görəsən, o açarların axırı necə oldu?).

Lakin mükafatlandırma mərasimindən bəzi narazılıqlar vardır. Deyir qaliblərdən biri hansısa rayon icra hakimiyyətində xırda vəzifədə çalışırmış, niyə onu seçmişlər?

Əcəb narazılıqdır. Niyə, balam, icra hakimiyyətindəkilər nostaljiyə qapıla bilməz? Əksinə, itirilmiş və qazanılmış torpaqlarımız istiqamətində ən çox xatirələri olanlar elə icra hakimiyyəti işçiləridir. Yadıma gəlir, torpaqlarımız işğal ediləndə neçə icra başçısı son damla puluna qədər döyüşdü, qəhrəmancasına həlak oldu. Ümumi şöbənin müdiri düşmənin əlinə keçməsin deyə içində qiymətli sənədlər, yaşayış yerindən arayışlar, pensiya qaimələri olan seyfi yemişdi. İcra başçısının müavini özünü yorğanın altına atıb ölmüşdü.

Bunlar hamısı, əslində, savadsızlıq əlamətidir. Bizim jurnalistlər arasında elələri var ki, hətta pələnglə aslanın fərqini bilmir, lakin utanmazcasına gedir zooparkdan reportaj yazır. İndi sən bunlara xatirə müsabiqəsini necə bəyəndirəcəksən?

Gülləri, çiçəkləri, bitkiləri, böcəkləri də tanımırlar. Halbuki, beynəlxalq yazıçılıq standartlarına görə özünə hörmət qoyan hər bir qələm adamı ən azı 30 ağacın və çiçəyin adını bilməlidir. Bilmədikləri üçün dərəbəylik yaranır. Azərbaycan xalq yazıçılarından birinin yapon əzgili ilə hind qozunu ayırd etməkdə çətinlik çəkdiyini köhnə yazılarımdan birində göstərmişdim. Hazırda isə başqa aktual problemə toxunmaq istəyirəm.

Problem nədir? Bizim yazıçı və şairlər arasında ağaca söykənib şəkil çəkdirmək dəbdir. Bu, bir növ ədəbiyyat aləmimiz üçün pasport şəkli kimi vacib, qanuni, rəsmiləşdirilmiş addımdır. Oxşar sənədləşmə işləri başqa peşələrimizdə də var, məsələn, bioloq alim mütləq taxıl tarlasına soxulub bir qucaq otu yolmalı, əlində tutub kameraya poz verməlidir. Ya da ovuclarını birləşdirib buğda dənələrini barmaqları arasından xəlbirləməlidir. Drijorsansa çubuqla, rəssamsansa saqqallı (mənim şəklim aldadıcıdır), bəstəkarın da mütləq toyda sağlıq deyən yerdə, sintezator çalanla qarmonçalanın fonunda şəkilləri olur.

Ədəbiyyat xadimlərimizin qismətinə də ağac düşüb, türkün məsəli. Hansı şairin ağacla şəkli yoxdursa, onun yaradıcılığı şübhə doğurur. Burada rəngarəng pozalarla rastlaşırıq. Bəzi ədiblərimiz ağaca əlini, bəzisi dirsəyini söykəyir, üçüncülər ağacı qucaqlayır, dördüncüsü budaqdan sallaşır və sairə. Janrdan asılıdır. Örnək üçün, şairlər adətən ağacın yarpağını yolur, nasirlər isə kəsib kötüyündə oturmağa üstünlük verirlər. Tənqidçilər budaqdan-budağa tullanırlar.

Lakin burada əlaqədar orqanların üzərinə mühüm vəzifələr düşür. Ağacla şəkil çəkdirməklə iş bitmir, vacibdir ki, hər kəs özünə uyğun ağacı seçsin.

Məsələn, yaxşı olar vətənpərvər, patriot, Qarabağ, ordu, sərhəd, köçkünlər, ulu Turan, sulu Araz, şuluq düşmən kimi temalarda yazan şairlərimiz xan çinara, dədə palıda, qarağaca söykənsinlər. Yoxsa Süleyman Rüstəmin “Təbrizim” şeirində absurd mənzərə yaradılmışdı:

“Arxların kənarında söyüdlər,
Söyüdlərin kölgəsində igidlər”.

Harada görünüb igid özünü kölgəyə, özü də söyüdün altına versin?

Qadın şairələr, xüsusən onların nisgilli, yanıqlı, ağrılı, qanlı-qadalı növləri söyüd, gilənar, vələs-mələs, nar, xar tut ağaclarını qucaqlayaraq şəkil çəkdirsin. Cürbəcür sarmaşıq və kol bitkiləri də yararlıdır.

Satirik şairlər qoz, fındıq, postmodernistlər kivi, kinqan, calaq armud, milli yazarlar Eldar şamı, sərvə üstünlük verməlidir.

Beynəlxalq mövzulara üz tutan ədiblər, tərcüməçilər, hekayələri xarici portallarda çap ediləcək müəlliflərimiz evkalipt, palma, oleandr kolu, kaktus, baobab (bulvarda yerini bilirəm, kimə lazım olsa), Sokotra əjdaha ağacı, Kaliforniya sekvoyyası, İran xurması ilə fotolar çəkdirsə məqsədə uyğun olardı. Yoxsa sən Xaçmazda gilasla şəkil çəkdirib dünya arenasına çıxacağını zənn edirsən. Adama deyərlər ki, bu nə ağacıdır?

Bu istiqamətdə nəbatat bağı ilə birgə araşdırmalarımız davam edir, hələliksə yazını bir mahnı ilə bitirirəm:

“Yada düşər xatirələr,
həzin-həzin ağlaram,
mən bu eşqi gəncliyimdən bir xatirə saxlaram”.

Şəkildə: müəllif Afrikada savannada şəkil çəkdirməyə ağac axtararkən.


# 1226 dəfə oxunub

Oxşar xəbərlər

# # #