Sevgilisini qaçırmaq istədiyi üçün 8 illik həbs edildi - Məhkəmənin qəddar qərarının səbəbi nədir?

Sevgilisini qaçırmaq istədiyi üçün 8 illik həbs edildi - Məhkəmənin qəddar qərarının səbəbi nədir?
26 sentyabr 2025
# 14:13

Kulis.az Orxan Həsəninin "Hakimin qərarında məntiq axtarışları" yazısını təqdim edir.

Bakıda sevgilisini oğurlamaqda ittiham olunan gəncin məhkəməsi baş tutub.

Təfərrüatları oxuduqca adam dəhşətə düşür!

Demək, rayondan şəhərə fəhlə işləməyə gələn oğlanla şəhərli qız sevgili olur. Evlənmək istəyirlər. Qızın anası bu izdivaca razılıq vermir. Nəhayət cavanlar qovuşmaq üçün qaçmaq qərarı alırlar. Qaçırlar, lakin bir az getdikdən sonra qız bu addımın düzgün olmadığını düşünüb, xüsusilə də anasının xəstəliyini xatırlayaraq oğlandan onu geri qaytarmasını xahiş edir.

Bu zaman sevgililər arasında mübahisə yaranır. Nə baş verdiyini anlamağa çalışan sürücü isə (oğlanın dostu) qəfil idarəetməni itirərək əks yola çıxır. Elə bu vaxt polis maşını saxlayaraq hər üçünü şöbəyə aparır. Orada saxlanılan şəxslərin nəyə görə mübahisə etdikləri məlum olur.

İstintaq orqanı ilkin dindirmələrdən sonra bu əməli adam oğurluğu kimi qiymətləndirir. Hər ikisi barəsində həbs qərarı verilir.

Nəhayət, qız məhkəmə prosesindəki son sözlərində hələ də oğlanı sevdiyini deyir, onunla evlənmək istədiyi üçün azadlığa buraxılmasını xahiş edir. Bu vaxt oğlan da şüşə qəfəsdən sevgilisinə səslənərək azadlığa çıxan kimi onunla evlənəcəyini deyir.

Buna baxmayaraq hakim oğlanın 8 il, sürücü dostunun 6 il 9 ay həbslə cəzalandırılması barədə hökm çıxarır.

Ürək dağlayan hekayədir!

Mövzu qıtlığından əziyyət çəkən yazıçılarımız, rejissorlarımız buyursunlar, yazsınlar, çəksinlər. Bundan daha yaxşı, daha drammatik, daha təsirli süjeti haradan tapacaqlar? Belə şeylər həmişə ələ düşmür.

Süjetdə nə axtarsan var.

Sevgi, sədaqət, sevinc, kədər, dilemma, çıxılmazlıq, imtina – hər şey.

Bütün yaxşı əsərlərin oxucuya təqdim elədiyi univerisal anlayışlar.

Saf insan hislərinin quru, soyuq qanunlarla mübarizəsi.

Gəlin məsələnin nə qədər absurd olduğunu ifadə eləmək üçün məhkəmə təcrübələrinə müraciət edək.

Demək,

Əgər istintaq müəyyən etsə ki, qız həqiqətən könüllü gedib, heç bir zorakılıq, təhdid və ya məcburiyyət olmayıb, onda işdə cinayət tərkibi sübut olunmaya bilər və hakim bəraət qərarı çıxarar. Əgər zorakılıq və ya ailənin razılığı olmadan qızın aparılması sübuta yetirilərsə, şikayəti geri götürməsi işin xitamına səbəb olmur, oğlan cinayət məsuliyyətindən azad edilmir. Hakim məntiqi olaraq cəza təyin etməlidir. Praktikada çox vaxt belə hallarda iş məişət konteksti ilə yumşaldılır, yüngül cəza və ya şərti məhkumluq tətbiq olunur.

8 il?

Budur yumşaq qərar?

Cavan bir aşiqin həyatından səkkiz ili kəsib atmaq.

Demək, sevginin cəzası bu imiş.

Qanunların hisləri yoxdur, o, heç kimi ayırmır, hamıya bərabər baxır, onun üçün fərqi yoxdur sən kimsən, kimin dayısı oğlusan, əgər cinayət varsa, cavabı kimi cəza var, amma axı qanunlar insanlar üçündür. Mahiyyətdə onların yaxşı, ədalətli yaşaması üçün yazılıb və bu ədaləti qanunlara baxaraq təmin edən hakimdir və hakim də insandır.

İnsandır və təkcə qanunlardan yox, ədalətli qərar vermək üçün həm də öz vicdanından kömək umur. Buna məhkəmə prosesində “hakimin daxili inamı” deyilir və hakim bəzən ədalətli qərar üçün bu daxili inama əsaslanır.

Təkcə Azərbaycan yox, bu, dünya təcrübəsində də kifayət qədər geniş yayılıb.

Beləliklə, vəziyyət daha da absurdlaşır və hakimin qərarındakı məntiqi başa düşməyə çalışırsan.

Görəsən, nə üçün cavan bir aşiqin həyatından 8 il dırnaq kimi qopub düşdü?

Mənim bu barədə bir neçə versiyam var.

Versiyalarım həqiqət olmaya bilər, sadəcə ehtimaldır.

Əvvəldən deyim ki, sözlərim Quran ayəsi deyil və hökm çıxarmıram.

Birinci növbədə, təsəvvür edək ki, hakim sevgililərlə ünsiyyətdə olub, onlara baxıb, onları analiz edib, ər-arvad kimi yaraşdırıb, sevgililərin bir-birinə uyğun olub-olmadıqlarını, əgər evlənsələr, taleyin onları hansı oyunlara atacağını sezib.

Görəsən, onlar bu oyunlardan diri çıxacaqlarmı?

Həyat onların üstünə dolanışıq dərdiylə, qısqanclıqla, məişət problemləriylə, “başqasının arvadı geyinir, mən niyə geyinmirəm”lə, “bəs nə vaxt məni o bahalı restoranlara aparacaqsan”la gələndə yenə bir-biriləri üçün belə göz yaşı tökəcəklərmi?

Doğrudanmı, beş ildən, on ildən sonra peşman olmayacaqlar, həyata və bir-birinə küsməyəcəklər? Onlar kimi sevgiləri də kifirləşməyəcək.

Hakim bunları düşünə bilər.

Hər şey ola bilər.

Necə ki, hər şey olur.

İş bununla bitmir.

Mən yenə öz ehtimallarıma davam edir və bu qərarın məntiqini anlamağa çalışıram.

Şahid olduğumuz bədbəxt hadisələr bizə ən çox ona görə təsir edir ki, o hadisələrin öz başımıza gəldiyini təsəvvür edirik.

Eyni məntiqlə...

Hakim məsələni o qədər dərindən analiz eləyib ki, qızı öz qızı bilib. Kim öz qızını fəhləyə ərə verər?

Bu riktorik sualdır.

Əgər öz qızını fəhləyə ərə versə, onu hansı gələcək gözləyəcək? Paltar yumaqdan əlləri büzüşəcək, vaxtından əvvəl qocalacaq, saçları ağaracaq, gərək nə qədər ömrü varsa, o qədər qızına kömək əli uzatsın, yeri gəlsə, evinin bazarlığını eləsin. Hər dəfə qızını görəndə ürəyi dağlanacaq, elə qızı da yaşı artıqca öz səhvini başa düşəcək, ehtiyac sıxıb-sıxıb onun içində sevgini məhv edəcək, onda qızı həyatı dərk edəcək.

Əlbəttə, ehtiyaclar insanın həyatı dərk etməyinə daha da kömək olur.

Beləliklə, hakim başa düşüb ki, dərhal bu iki cavanı ayırmaq lazımdır.

Bunu onların gələcəyi üçün etməlidir. Bədbəxtliyin miqyası böyümədən üstünə düşməlidir. Əgər hər ikisi sivil həyatda olsa, yenə bir-birindən ayrılmayacaqlar, yenə məşum bədbəxtlik reallaşacaq, ona görə araya səkkiz illik bir məsafə atıb.

Bu səkkiz ildə hər ikisi başa düşər ki, hakim necə haqlı idi.

Başa düşərlər ki, izdivac onlara bədbəxtlikdən başqa heç nə verməyəcəkdi.

Bəlkə, onda hakimi yada salıb, ona təşəkkür ünvanlayarlar.

Məsələnin başqa bir tərəfi isə qızın valideynlərinin təzyiqidir.

Əsasən, konflikt olan işlərdə hakim məsuliyyəti öz üstündən atmaq üçün inisiativ almadan qanunlar hərfbəhərf nə deyirsə, onu tətbiq edir, vəziyyəti, şəaiti nəzərə almır. Bu mənada qanunlar çərçivəsində hər şey yerli-yerində görünür.

Bəs ədalət?

Bəli, qərarın qanunlara uyğun olması ədalətli olması demək deyil.

Valideynlər hakimə təzyiq edə, hakim isə təzyiqə yenik düşə bilər. Valideynlər qızlarını sevginin gətirəcəyi bədbəxtliklərdən qorumaq istəyirlər, başa düşüləndir, ancaq bu müdafiəni cavan bir aşiqi səkkiz il həbsə yollamaqla eləməkləri...

Necə də qəddar addımdır!

Bizə isə ümid etmək qalır...

Ümid edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı, əgər müraciət olunubsa, Apellasiya Məhkəməsində ləğv olacaq və gənclər azadlığa buraxılacaqlar.

Deyəcəklərim bu qədər.

# 318 dəfə oxunub

Oxşar xəbərlər

Sözün köynəyindən keçən adam - Nəriman Əbdülrəhmanlı

Sözün köynəyindən keçən adam - Nəriman Əbdülrəhmanlı

15:34 26 sentyabr 2025
Bakıda məşhur türk aktyorlarla görüş keçirilib

Bakıda məşhur türk aktyorlarla görüş keçirilib

15:10 26 sentyabr 2025
Rafet El Roman  Bakıya gələcək

Rafet El Roman Bakıya gələcək

14:53 26 sentyabr 2025
Rəşid Behbudovun səhnəyə çıxmağa qoymadığı bacısı oğlu

Rəşid Behbudovun səhnəyə çıxmağa qoymadığı bacısı oğlu

14:20 26 sentyabr 2025
Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

12:40 26 sentyabr 2025
Kleopatranın itmiş məzarı tapıldı?

Kleopatranın itmiş məzarı tapıldı?

12:34 26 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər