Kitab sərgisi

Rəşid Behbudovun səhnəyə çıxmağa qoymadığı bacısı oğlu

Rəşid Behbudovun səhnəyə çıxmağa qoymadığı bacısı oğlu
26 sentyabr 2025
# 11:00

Bu gün tanınmış müğənni Cəfər Behbudovun anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Cəfər Ağaəli oğlu Behbudov 17 avqust 1951-ci ildə Bakı şəhərində teatr rejissoru Ağaəli Məstanov və aktrisa Nəcibə Behbudovanın ailəsində anadan olub. Onlar ailədə iki uşaq olublar: bacısı Firuzə və Cəfər.

***

Lakin sonralar onun valideynləri ayrılıb. Onların ailəsinin dağılmasına səbəb isə Cəfərin atasının Nəcibə xanıma etdiyi saysız-hesabsız xəyanətlər olub. Onlar rəsmi şəkildə boşandıqdan sonra Nəcibə xanım Cəfəri atasının soyadından çıxararaq öz soyadına keçirib.

Cəfər Behbudov Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 70-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olub.

***

Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnıları da həmin dövrlərdə populyarlıq qazanıb.

Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə çıxış edib, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa edərək, klip çəkdirib.

***

Cəfər Behbudova ən böyük uğuru 1980-ci ildə ifa etdiyi Tofiq Quliyevin "Zibeydə" mahnısı gətirib. Bundan başqa "Bəyin oğurlanması" filmində kino işçilərinin axşam vaxtı istirahət etdikləri zaman səsləndirilən mahnını da o ifa edib.

Cəfər Behbudov iki dəfə evli olub. Onun Viktoriya və Səidə adlı qızları var. Cəfər bəyin ikinci evliliyi özündən yaşca çox böyük xanımla olub.

***

Cəfər Behbudov Xalq artisti Rəşid Behbudovun bacısı oğlu olub. Nəcibə xanımın Rəşid Behbudovdan bir neçə dəfə xahiş etməsinə baxmayaraq, xanəndə bacısı oğluna heç bir köməklik göstərməyib. Bunu isə onun Cəfəri qısqanması ilə əlaqələndiriblər. Bu barədə müğənni Sərxan Sərxan da müsahibəsində deyir:

"Cəfər Behbudov çox istedadlı adam idi, qəşəng səsi vardı. Amma dayısı Rəşid müəllim nə isə ona kömək etmirdi. Bilmirəm niyə. Cəfər həm də yaxşı insan, fağır oğlan idi. Biz onunla bir-iki dəfə Azərbaycanın rayonlarına, Qarabağa qastrollara getmişdik. Rəşid müəllim onu bir az qısqanırdı. Dayday idi də, gərək kömək edəydi".

Məşhurluğunun ən yuxarı pilləsində olarkən gənc müğənni ölkəni birdəfəlik tərk edərək taleyini Ukrayna ilə bağlayıb. Onun Bakıdan getməsinə isə bəzi adamlar səbəb olur. Müğənni müsahibələrinin birində bu haqda deyir:

"Nə deyim, necə danışım... İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Əslində, mən Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Çoxları elə bilir fəxri ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt Mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gedirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim. Buna baxmayaraq, mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər. Qoy hamının yadında necə qalmışamsa, elə də xatırlanım. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə".

Kiyev kənarında şəxsi mənzilində yaşayan müğənni uzun illər Ukraynada fəaliyyət göstərən restoranlarda oxuyub pul qazanıb. Ömrünün son illərində isə özünə qapanıb, mətbuata müsahibələr verməkdən imtina edib, yaxın qohumları ilə belə əlaqələrini minimuma endirib.

***

Azərbaycanı tərk edəndən sonra anası həmişə onun geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. O, hər gün oğlunun divardakı şəklinə baxaraq onun nə zamansa geri qayıdacağına ümid edib. Və ömrünün sonuna kimi, ölənə qədər oğlunun yolunu gözləyib.

***

Müğənni sonuncu dəfə Bakıya 1999-cu ildə anasını itirən zaman gəlib. Bundan sonra yaxınlarının və doğmalarının heç biri ilə görüşməyib. Anasının məzarını isə internet vasitəsi ilə ziyarət edib. Cəfər Behbudov ömrünün sonlarına yaxın xərçəng xəstəliyinə tutulub. O, 26 sentyabr 2019-cu ildə Kiyevdə vəfat edib. Özünün xahişi ilə Kiyevdə dəfn olunub.

# 200 dəfə oxunub

Oxşar xəbərlər

Kleopatranın itmiş məzarı tapıldı?

Kleopatranın itmiş məzarı tapıldı?

12:34 26 sentyabr 2025
Məşhur sənətçilər İsrail filmlərinin boykotuna etiraz etdilər

Məşhur sənətçilər İsrail filmlərinin boykotuna etiraz etdilər

11:48 26 sentyabr 2025
"Xankəndinin azad edilməsinə indi də inanmıram" - Yazıçılar müharibədən öncə Qarabağ haqqında nə düşünürdü?

"Xankəndinin azad edilməsinə indi də inanmıram" - Yazıçılar müharibədən öncə Qarabağ haqqında nə düşünürdü?

11:25 26 sentyabr 2025
Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

11:05 26 sentyabr 2025
Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı - Bülbül

Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı - Bülbül

11:00 26 sentyabr 2025
“Leyli və Məcnun” film-operasının  çəkilməsi təklif olundu

“Leyli və Məcnun” film-operasının çəkilməsi təklif olundu

10:53 26 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər