Kitab sərgisi

"Xankəndinin azad edilməsinə indi də inanmıram" - Yazıçılar müharibədən öncə Qarabağ haqqında nə düşünürdü?

"Xankəndinin azad edilməsinə indi də inanmıram" - Yazıçılar müharibədən öncə Qarabağ haqqında nə düşünürdü?
26 sentyabr 2025
# 11:25

Kulis.az "Vətən müharibəsindən öncə Qarabağın azad olunacağına inanırdınızmı?" sualına ədəbiyyat adamlarının münasibətini təqdim edir.


Xalq yazıçısı Kamal Abdulla:

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən Ulu Öndərə inanırdım. Prezident İlham Əliyev mənim inamımı qətiləşdirdi. İnanırdım ki, Qarabağ qaytarılacaq, biz də ora qayıdacağıq".

Rəşad Məcid:

"Qarabağın qayıdacağına həmişə inanmışam.

Həm qəzetdə, həm çıxışlarımda və müsahibələrimdə Qarabağ barədə danışmışam.

“Qarabağ” FK-nı 2009-cu ildən bəri dəstəkləyəndə də demişəm ki, futbol klubunun beynəlxalq arenada görünməsi Ağdam və Qarabağ adlarını gündəmdə saxlayacaq.

Şuşanı, Laçını isə tez-tez yuxuda görürdüm".

Elnarə Akimova:

"Mən həmişə Qarabağın ermənilərdən azad olunacağına inanmışam. Bəlkə də ədəbiyyatçı ruhumdan irəli gələn gələcəyə romantik baxışımın burda rolu olub. Ya da metafizik bir inamla hər şeyin özünə qayıdacağına ümidimi üzməmişəm. Azacıq ümudsizləşən kimi Xocalıdakı o məşum səhnələr gəlirdi gözümün önünə, belə bitə bilməz deyirdim.

Bu inamı ölməyə qoymayan həm də dövlət başçımızın Qarabağ məsələsində daim güzəştsiz davranmağı idi. Azərbaycan ordusunun gücü artmışdı, hərbi modernləşmə aparılmışdı, kadr və təlim potensialı yüksəlmişdi. Üstəlik, diplomatik müstəvidə də mövqelərimiz güclənirdi. Dövlət başçısının ardıcıl və qətiyyətli çıxışları, beynəlxalq səfərlərdə Qarabağın işğal altında olması faktının daim vurğulanması torpaqlarımızın azad olunacağına inamı gücləndirirdi. Burda xalqın iradəsi amilini də unutmamalıyıq.

Soljenitsın yazırdı ki, "əgər bir millətin mənəvi qüdrəti tükənibsə, onu heç bir hökümət xilas edə bilməz". Doğru fikirdir, bütün müharibələri qalib edən xalqın içindəki milli intibah ruhudur. Bu gün az qala yuxu kimi görünən, cəmi 44 günə qazanılan zəfərlərimizi göz önümüzə gətirəndə heyrət etməmək olmur. Əlbəttə, bu misilsiz savaş əzminin səsi tarixin çox-çox sonralarından eşidilib daha aydın, daha uca vurğu ilə əməl cizgisi kəsb edəcək. Amma bu gün də baş verənləri sağlam zəka və şüur ilə analiz edəndə görmək çətin olmur. Bu müharibə bizə düşüncədə, ovqatda millət kimi qürurlu olmağın bütün səviyyələrini yaşatdı. Biz ölkə, ordu və xalq miqyasında vahid mənəvi məkan yarada bildik. Bütün dünyaya qalib olmaq necə olur, torpağın sahibi necə olur, ləyaqətli müharibə aparmaq necə olur bunu göstərdik".



Salam Sarvan:

"Düzü, düşüncələrim diletant idi: elə bilirdim, dünya gücləri torpaqlarımızı hərb yoluyla almağa imkan verməz, sülh yoluyla isə ciddi güzəştlərə getməli olacağıq. Amma sanki birdən-birə möcüzə baş verdi. Qarabağ ətrafında illərlə qurulmuş hərbi istehkamları da, diplomatik istehkamları da, informasiya istehkamlarını da eyni vaxtda dağıtmağımız ağılasığmazdı. Hətta bəzi məqamları məntiqi saymağa çalışsaq belə, Şuşanın alınması əməliyyatı möcüzə idi ki, möcüzə".

Şərif Ağayar:

"Qarabağın azad ediləcəyinə ümidim yox idi. Tamam itib getmişdi. Bəlkə, haradasa, Ağdamın, Füzulinin, Cəbrayılın qayıdacağı uzaq ehtimal kimi ağlıma gələ bilərdi, Şuşa və Laçın isə heç vaxt. Xankəndinin azad edilməsinə isə indi də inanmıram. Gedib gəzdim, gördüm, amma yenə də inanmıram. Elə bilirəm, yuxudayam".

Samirə Əşrəf:

"Mən Qarabağsızlığı gec anladım. O zaman anladım ki, artıq yazmağa başlamışdım. 2010-cu ildə atam dünyasını dəyişəndən sonra həyatımda nəyinsə çatmadığını hiss elədim. Böyüdüm. O vaxta qədər başqa mövzular haqqında yazsam da, atamın ölümündən sonra məhz Qarabağ barədə yazmaq fikrim qətiləşdi. Doğrudan da, yaş yaş üstə gəldikcə anladım ki, yurdsuzluq ağrısını başqa heç nə ilə ovutmaq, üstünü örtmək mümkün deyil.

Ümidsiz idim. Torpaqlarımızın işğaldan azad olunacağına inanmırdım. Fikirləşirdim ki, azad olunsa da, biz o günləri görməyəcəyik.

İnternet texnologiyaları ilə aram yaxşı deyil, Vətən müharibəsindən iki il əvvəl öyrəndim ki, "Quql məp" proqramına daxil olaraq Cəbrayıla baxa bilərəm. Beləcə proqramı yükləyib daxil oldum və xəritəni böyütdüm, böyütdüm, küçəmizi, məhəlləmizi, evimizi gördüm. Təbii ki, dağıdılıb yandırılmışdı.

Xəritənin həmin hissəsini – küçəmizi, məhəlləmizi, evimizi çəkib saxladım və balaca bir uşaq oyuncağını gizləyən kimi mən də o şəkli gizlədim. Yol gedəndə, tək qalanda telefonu açıb o şəklə baxırdım, sakitləşirdim.

Qarabağı düşünmək mənim üçün ağrılı idi. Biz qarabağlılar ağır yollardan keçdik. Bir anın içində hər şeyimizi itirdik. Qalan bircə canımızın sağlığı oldu, bir də qəhum-qonşun. Onlar da hərəsi ölkənin bir yerinə səpələnib. Uzun müddət qohum-qonşularımızın xəbər tuta bilməmişdik.

İlk vaxtlar qayıdacağımıza ümidimiz var idi. Anam mühasib işləyirdi. Bir həftə Saatlıda, bir həftə Bakıda yaşayırdı. Deyirdi ki, Saatlıda stolları birləşdirib onların üstündə yatırıq. Elə bilirdi qayıdacaq, ona görə işini itirmək istəmirdi. Ancaq 4-5 ildən sonra torpaqların qayıtmayacağını başa düşdü. Buna görə işdən çıxdı.

Müharibədən sonrakı dövr isə tamamiylə başqa bir fəsildir. Bu periodda az qala 10-15 dəfə Cəbrayıla gedib-gələn adam kimi deyə bilərəm ki, sanki hansısa xatirə abidəsini yad etməyə gedirəm. Orada diri olan heç nə qalmayıb. Mənim bütün keçmişim dağım-dağımdır. Ən pisi odur ki, artıq valideynlərim də vəfat ediblər. Öz keçmişim haqqında mənə məlumat verəcək insanlar yoxdurlar. Sahib olduğum yeganə şey 13 illik yaddaşımdır.

O yerlərə gedirsən, sakitləşirsən, ağlayırsan və başa düşürsən ki, sənin həyatından 28 il yoxa çıxıb. Hara gedib, necə gedib, bilinmir. Sadəcə olaraq bu zaman yoxdur.

13 yaşında həyatında kadrı kəsiblər, bir də gətirib 43 yaşında birləşdiriblər.

Mən öz həyatımı belə təsəvvür edirəm".

Ulucay Akif:

"Düzünü desəm, işğalda olduğu illərdə Qarabağın taleyi haqqında qəti nələrsə düşündüyümü xatırlamıram. Deyim ki, Qarabağın nə vaxtsa azad olunacağına inanırdım, şübhəm yox idi, yalan olar. Hətta "Qarabağ" futbol klubunun Avropada uğurlu çıxışları başlayandan sonra bir çox azərbaycanlı kimi bu komandanı özümə təsəlli yerinə çevirmişdim.

Ancaq torpaqlar azad edildikdən sonra 2022-ci ildə Şuşaya, "Vaqif Poeziya Günlər"inə dəvət olundum. Orada şeirlərimdən birini səsləndirməliydim. 2016-cı ildə dərc olunmuş ilk kitabımdakı şeirləri vərəqlədim və bir şeirim rastıma çıxdı:

bax, sevgilim,
yeni günəşin rəngi sezilir üfüqdəki buludlardan,
yeni günəşə hazırlaşır yeni səhərimiz,
yetim qalmış ölkəmiz, yetim şəhərimiz.

sən də ümidlərini geyin ruhuna,
gülümsə. Günəşli günlərin xətrinə, gülümsə.
bax, yumurtadan cücə çıxırmış kimi,
yeni şəhər çıxır bu şəhərin uçqunları altından.

bəlkə görə bildik, bəlkə görmədik,
bəlkə isitmədi bizi o günəş,
amma kim deyir ki, kərpic hörmədik
həmin şəhər üçün, həmin günəşçün.

qalx daha, sevgilim, qalxmaq vaxtıdır,
daha dizlərimiz qanamayacaq.
Qalx! Bizdən sonrakı nəsillər üçün,
Savaş olmayacaq, qan olmayacaq!
inan, qəbrimizə qonan quşlar da,
susuz qalmayacaq, ac olmayacaq.

Bu şeiri nə düşünərək, hansı duyğularla yazdığımı indi də xatırlamıram, amma Qarabağlı günlərimiz başlayandan sonra anladım ki, bu şeirim elə bu günlərə yazılıbmış.

Şeir bizim şüuraltımızdan xəbər verir.

Deməli, mən şüuraltımda həmişə bu günlərə inanmışdım. Elə Vaqifin məqbərəsi qarşısında şeirimi səsləndirəndə də əlimi uçmuş evlərə tərəfə uzadıb daha ürəkdən demişdim bu misraları:

"bax, yumurtadan cücə çıxırmış kimi,
yeni şəhər çıxır bu şəhərin uçqunları altından".

# 220 dəfə oxunub

Oxşar xəbərlər

Kleopatranın itmiş məzarı tapıldı?

Kleopatranın itmiş məzarı tapıldı?

12:34 26 sentyabr 2025
Məşhur sənətçilər İsrail filmlərinin boykotuna etiraz etdilər

Məşhur sənətçilər İsrail filmlərinin boykotuna etiraz etdilər

11:48 26 sentyabr 2025
Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

11:05 26 sentyabr 2025
Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı - Bülbül

Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı - Bülbül

11:00 26 sentyabr 2025
Rəşid Behbudovun səhnəyə çıxmağa qoymadığı bacısı oğlu

Rəşid Behbudovun səhnəyə çıxmağa qoymadığı bacısı oğlu

11:00 26 sentyabr 2025
“Leyli və Məcnun” film-operasının  çəkilməsi təklif olundu

“Leyli və Məcnun” film-operasının çəkilməsi təklif olundu

10:53 26 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər