Sevdiyim qızı verməsələr, qaçıracam!

Sevdiyim qızı verməsələr, qaçıracam!
4 fevral 2025
# 11:32

Kulis.az Ulucay Akifin “Ya mənimsən, ya da qara torpağın” köşəsini təqdim edir.

İmişlidə hadisə olub. Qız qaçırtmağa görə üç nəfəri tutublar. Məsələ də çox sadədir: qızı verməyiblər, oğlan da qərar verib ki, qızı qaçırıb məcburi evlənsin.

Bizim üçün çox adi bir şeydir bu. Çox sadədir, heç təəccüblənmirik, təbii ki.

Qızın oğlanda könlü olmayıbsa, bu hadisə biabırçılıq və cinayətdir.

Yox, qızın oğlanda könlü olubsa, o da oğlanla evlənmək istəyibsə, bu lap betər biabırçılıq və daha böyük cinayətdir. Deməli, Azərbaycanda gənclərin öz istəkləri ilə evlənməyinə icazə vermir valideynlər, deməli, valideynlər üçün övladları, sadəcə, bir əşyadır.

Təbii, belədir, Azərbaycanda valideynlər üçün övladlarının fikirləri, istəkləri, arzuları, xəyalları vacib deyil, əsas öz istəkləri, öz arzularıdır. Onlar üçün övlad, sadəcə və sadəcə, gələcəyin qarantıdır, qocalığına investisiyadır.

Bir tikə çörək veriblər, bezlərini dəyişiblər, əvəzində bütün ömürlərini girov qoymaqlarını tələb edirlər. Bircə addım onların istəyindən kənara çıxsan, verdikləri südü, bir tikə çörəyi haram edirlər.

Bu şeylər haqqında o qədər danışmışıq, yazmışıq ki, adam eyni məsələləri təzədən deməyə utanır da. Elə bil divara danışırsan, özün deyib, özün eşidirsən, heç kimə təsir eləmir. Amma bizim öhdəmizə düşən bunları dəfələrlə də olsa demək və yazmaqdır.

Hər şey bir yana, biz azərbaycanlıların yaxşı bir xasiyyəti var axı: biz elə bilirik ki, dünyanın ən ali, ən mədəni, ən yaxşı xalqı bizik, kimsə bunun əksini deyəndə də dəli oluruq, heç cür qəbullana bilmirik.

İndi siz bir də bu hadisəyə avropalıların, digər sivil cəmiyyətlərin gözündən baxın.

Bir avropalıya deyirsən ki, bəs bizdə belədi də, qızı verməsələr, gedib qaçırırıq, lap qızın öz istəyi olmasa da, qaçırırıq, sonra evlənirik. Sizcə, bizə necə baxarlar?

Deyim də... Adama vəhşi, neandertal kimi baxarlar ki, hansı dövrdü, neçənci ildi, qız oğurlamaq nədir, zorla evlənmək nədir?

Bizim necəsə bəxtimiz gətirib, 2025-ci ilə müstəqil bir dövlətlə gəlib çatmışıq, öz ölkəmiz, himnimiz, gerbimiz, konstitusiyamız-filan da var, amma biz bu 2025-ci ildə bardaş qurub, altımıza mütəkkə də qoyub rahat bir yerdən oturmuşuq və qız qaçırmağa adi bir şey kimi baxırıq.

Sonra gəl o avropalıya başa sal ki, yox e, ay Con, ay Antuan, vallah, əslində, biz çox normal adamlarıq, Şərqdə ilk opera, ilk demokratik respublika, qadınlara seçki hüququ... Sadala ki, sadalayasan, o da “yes yes” deyib səni yola verə.

# 3959 dəfə oxunub

Oxşar xəbərlər

İlber Ortaylı vəfat etdi

İlber Ortaylı vəfat etdi

16:55 13 mart 2026
Yutub  ən böyük media şirkəti seçildi

Yutub ən böyük media şirkəti seçildi

16:30 13 mart 2026
Dünyanın ən varlı məşhurunun adı açıqlandı

Dünyanın ən varlı məşhurunun adı açıqlandı

16:00 13 mart 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:22 13 mart 2026
Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli

Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli

14:15 13 mart 2026
Murad Dadaşov xəstəxanalıq oldu

Murad Dadaşov xəstəxanalıq oldu

12:50 13 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər