Sənsiz ürəyimi əzir ayrılıq - Nəriman Həsənzadə

Sənsiz ürəyimi əzir ayrılıq - Nəriman Həsənzadə
25 iyun 2024
# 16:00

Kulis.az Nəriman Həsənzadənin "Qayıt" şeirini təqdim edir.

Tək çəkə bilmirəm can əzabını,
Sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
Bəxtimə çıxıbsan, qarşıma sən çıx!

Tək sənin səsinə həsrətəm evdə,
Susub dinləsəm də dostu, tanışı.
Oğul-qız yanında mən təkəm evdə, -
Başqadır həyatda həyat yoldaşı.

Uşaqlıq yoldaşım, gözümün nuru,
Könlümün həyanı, ülfəti sənsən.
Qalxsam, ailədə ata qürurum,
Yıxılsam, dizimin taqəti sənsən.

Həyat çox sınadı xeyirdə, şərdə,
Mən dara düşəndə ilk həyanımsan.
Sən "Nabat xalanın çörəyi"ndə də
Mənim Fərəh adlı qəhrəmanımsan.

Yayın istisində - sərin günlüyüm,
Qışda od nəfəsin hərarət verir.
Mənim məğrurluğum, ərköyünlüyüm
Ancaq sənə görə, sənə görədir.

Qayıt, adamları təzədən tanıt,
Səhvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın!" -
Bir də təkrar elə bu həqiqəti.

Evimin bəzəyi, qayıt evinə,
Pəncərə, döşəmə eləcə durur, -
Nə qədər silirəm toz basır yenə,
Sənin sildiyintək heç təmiz olmur.

Bəzən qohumların yanır ürəyi,
Deyirlər, gəl çay iç, çörək ye hərdən.
Sənin bişirdiyin dadlı xörəyi
Mən tapa bilmədim o süfrələrdən.

İlhamım, qələmim danışan deyil,
Qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir, ancaq elə bil, -
Özgənin evinə gedirəm sənsiz.

Qoşa hacıleylək yuvası olur,
Heç qaranquşu da tək qoymur həyat.
Bütün canlıların dünyası olur -
Sən mənim dünyamsan, dünyama qayıt

# 1914 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər