Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi
10 iyul 2024
# 13:25

Kulis.az Eminquey Akifin yeni yazısını təqdim edir.

“Səhər saat yeddidə, qırmızı nol yeddidə,
Dal qapını açdılar, qızı götürüb qaçdılar,
Ay Telli, Telli oğlan,
Ay şirin dilli oğlan..”

Qeyd: 2000-ci ilə kimi populyarlıq qazanmış adi mahnı idi. 2000-ci ildən isə artıq cinayət hesab olunur və Telli oğlanların qara günləri başlayır.. Qırmızı "nol yeddi"yə isə iş düşmür.

Əvvəllər ata-anası şirinçay qarışdırmayanda qızı ya xalçaya, ya da ağ mərəfəyə büküb qaçırardılar. Qızın oğlanda könlü var idisə xoşbəxt olurdu, yox idisə qaynananın süpürgəsi, nəslin bala verən camışı. Qızın valideynləri bir neçə il düşmənçilik edib sonra vəziyyətlə barışırdılar.

Güzəran dəyişdikcə, qızqaçırtmanın mahiyyətindəki “zor” “könüllü”ləşməyə başladı. Yəni oğlanın imkanı yoxdursa toy etməyə, qızı ailə ilə razılaşıb qaçırtdı. Belə olduğu halda, qızın valideynləri də cehiz verməyəcək, əlavə xərclərdən azad olacaqdı. Bu həm də qızqaçırtmanı adət kimi yaşatmaq, cinayət məcəlləsindən xilas etmək idi. İndi isə keçirik o biri məsələyə, “no oçen vajnı” məsələyə - qız qaçıran qazinin özünü yandırmasına.

Əvvəla onu deyim ki, belə getsə, azərbaycan dilində yandırmaq, yanmaq kimi sözləri qazi sözü ilə əvəzləyəcəyik. Ona görə yox ki, bu adamlar özlərini on milyonluq xalqın milli heysiyyatına, namusuna görə odun-alovun içinə atıb. Ona görə ki, bu adamların həyatı hələ də qaydasına düşməyib. Biri özünü işsiz qaldığına görə yandırır, digəri təqaüd almadığına görə... Səbəblərin sırasına yenisi əlavə olundu – qız qaçırtdığına görə!

Deməli, cəlilabadlı Elnur adlı qazi Masallı rayonundan bir qızı evlənmək üçün qaçırdıb... Sonra da qızın anası oğlanı məhkəməyə verib ki, evdə olmamışam, qızımın başını aldadaraq evdən aparıb. Əslində isə, qız özü də razı imiş, amma sonra nə baş veribsə, məhkəmə günü qız da şikayətçi olub. Və qazidən 1000 manat bir, 10 000 manat da bir təzminat tələb ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi Emil Şəmmədov Elnurla danışıb, ona tutulmayacağını deyib, sakitləşdirib. Üstündən on dəqiqə keçməmiş xəbər gəlib ki, Elnur özünü Məşğulluq İdarəsinin qarşısında yandırıb. Hadisə belədir.

Özümü bayrağa bürüyüb, səsimin titrək yerinə salıb “Qazilər özünü yandırır, hanı dövlət?!” deyə bilərdim, amma situasiya o qədər absurddur ki... Qız qaçırdasan, o da səhərsi məhkəmədə üzünə dura, üstəgəl on bir min manat da təzminat istəyə. Əgər bu məsələnin bilmədiyimiz başqa tərəfləri varsa, heç, yox, əgər məsələ elə budursa, ayıb olsun! Qızını qaçırdıb, qaçırdıb da. Sağ-salamatdır, yanındadır.

Ay ana, deyək ki, cəzalandırmaq istəyirsən, adam da qazidən on bir min manat pul istəyər? On bir min manatı alıb nə edəcəksən? Qızına cehiz alıb qazi olmayan, imkanlı ailəyə verəcəksən?

Ay bacı, qoşulub qaçmışdın da, nə oldu birdən-birə fikrin dəyişdi?

Ay qazi qardaşım, özünü yandırmaq istəyirsən, başa düşdüm, bəs niyə Məşğulluq İdarəsinin qarşısı? Niyə adamları məşğul edirsən?

Ay Emil bəy, dəqiq bu qazimiz təzminat puluna görə yandırıb özünü?

Ümumiyyətlə, adam intihar etmək üçün niyə özünü yandırsın axı?!

Özünü yandırmaq intihar cəhdinin ən ağırı olduğu qədər həm də ən yüngülüdür. Ölmək istəyirsən, nə çox göydələn, get, özünü at. O qədər belə edəcəksiniz ki, butulka ilə benzin ala bilməyəcəyik daha.

Özünü yandırdın, bilirsən nə oldu? Özünü yandıran qazilərin sırasına adın yazıldı. İndi sənin özünü yandırmağın barədə danışan adamlar birbaşa Cəlilabad rayonun icra hakimini hədəf alırlar. Xəbərin detalları kütləni maraqlandırmır. Çünki bu vaxta qədər özünü yandıran qazilər dolana bilmədikləri üçün, dəyər görmədikləri üçün yandırıblar. İndi isə vəziyyət əksinədir. Sən dövlətdən yox, xalqdan zərbə yemisən. Uğrunda vuruşduğun Suqovuşan alınanda sevinən, ağı qaradan yaxşı seçən adamlar indi səndən on bir manat təzminat tələb edirlər. Bəli, onlar ağı qaradan yaxşı seçirlər.

Məsələnin oyun olduğuna ona görə daha çox inanıram ki, bir adam Cəlilabaddan Masallıya qız qaçırtmağa gedirsə, deməli, bu qəfil baş verməyib. Qızı qaçırdana qədərki proses var. Və məlum, qızın ailəsi razı olmayıb. Regionu nəzərə alsaq, qızın ixtiyarı özündə deyil. Anlıq qərar verib, qoşulub qaçıb, daha sonra isə ailəsinin qorxusundan o da şikayətçi olub.

Elnur, sən qarasan, qardaş. Qapqara! Qaraların başına nələr gəlib tarix boyu, bilməmiş olmazsan. Qarasan, Qarabağ uğrunda vuruşmusan, indi də özünü yandırıb qaraltmısan. Məncə, ağ olmaq vaxtıdır, birinci sən başlamalısan gedişi. Həyatın heç bir oyunu Suqovuşandakı düşmən gülləsindən öldürücü deyil. Nə üzünə duran qız, nə də on bir min manat təzminat istəyən anası. Heç kim sənə qazi olduğun üçün qız verəsi deyil, bu həqiqəti başa düşməlisən.

Vəssalam!

# 3059 dəfə oxunub

Oxşar xəbərlər

Fahişələrə haqq qazandıran filmimiz

Fahişələrə haqq qazandıran filmimiz

15:00 11 iyul 2024
Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

21:00 8 iyul 2024
Taksi kasıbın harasına yaraşır?

Taksi kasıbın harasına yaraşır?

16:00 8 iyul 2024
Ətirlər ehtiraslandıra bilərmi?

Ətirlər ehtiraslandıra bilərmi?

12:00 4 iyul 2024
# # #