"Bu dünyada hər şey çox vaxt planlaşdırılmadan olur..." - Faiq Xudanlı

"Bu dünyada hər şey çox vaxt planlaşdırılmadan olur..." -  Faiq Xudanlı
14 avqust 2026
# 11:25

Kulis.az Faiq Xudanlının “Bu dünyada hər şey, görünür, elə, çox vaxt planlaşdırılmadan olur” adlı yeni yazısını təqdim edir.

Çingiz Əlioğlunu, Çingiz müəllimi həyat yolumu dəyişən əvəzsiz insan kimi ömrüm boyu xatırlayacam, daha doğrusu, hər atdığım addımda özünü xatırladacaq. Onun fəaliyyətimdə oynadığı əvəzsiz rolunun düşünürəm məhz indi yazmağın məqamıdır və yəqindir ki, hər insanın həyatına belə, sehirli toxunuşları olub.



Çingiz Əlioğlunun kimin həyatında hansı rol oynadığını deyə bilmərəm, ancaq tanıdığım Çingiz müəllimə hamı hörmət edirdi, sevirdi. Onun duruşu, məxsusi səs tembri, danışıq tərzi, şəxsi-insani keyfiyyətləri, dünyaya münasibəti, cəsarəti və nəhayət, özünəməxsus yaradıcılığı sayğını sakitcə tələb edirdi.

Mədəniyyət Nazirliyində Çingiz müəllimi ilk dəfə görəndə və mənimlə qeyri-adi dərəcədə səmimi danışıqda həyəcandan tərləmişdim. Mətbuatdan tanıdığım, bir neçə şeirini oxuduğum dəyərli bir ziyalı ilə ünsiyyətimə inanmırdım. Özlüyümdə şübhələnirdim ki, belə bir insan Çingiz müəllim ola bilməz. Ancaq həqiqət idi, onunla səmimi söhbət etmiş, mənə öz dəstəyini və məsləhətlərini vermişdi.

Həyatımın bir neçə dönüş ziq-zaqında onun varlığı şəxsim üçün şans olduğunu sonralar dərk etdim. Həmin məqamların mümkün olanlarını qısa formada qeyd edək ki, dəyərli ziyalımızın kiçik, lakin dəyərli, görünməyən tərəfləri də aşkar olsun.


O vaxt dövlət qulluğuna imtahan vermiş, yüksək nəticə ilə keçsəm də işə götürülməmişdim. Təsəlli olaraq dövlət qulluçusu kimi ehtiyat kadrlar siyahısına daxil edilməklə, nazirliyin tabe müəssislərindən birinə işə təyin edilmişdim. Qısa müddət sonra təyin olunduğum işdən çıxaraq Bakı Dövlət Universitetində işə başladım. İki ildən artıq idi Bakı Dövlət Universitetində çalışırdım ki, Mədəniyyət Nazirliyindən zəng edərək yenidən nazirliyə dəvət etdilər. Yəqin çoxunuz inanmırsınız, elə mən də inanmazdım, əgər olanları şəxsən yaşamasaydım. Hazırda mənə zəng edən də, nazirliyə çağıran dəyərli insan da şükürlər olsun ki, sağdı və olsun bu yazdıqlarımı da oxuyacaq. Gərək haqqı unutmayasan, daim xatırlayasan, xatırladasan. Düzünə qalsa, heç onda nazirlikdə işləmək fikrim belə yox idi, ancaq maraq üçün dəvəti qəbul edib Mədəniyyət Nazirliyinə getdim. Görüşməli olduğum rəhbərliklə görüşdüm. Olanlara proses kimi baxır, ürəyimdə axırda yəqin deyəcəklər ki, “uyğun olmadınız” məqamını gözləyirdim. Prosesi axarına buraxmış, sonunu bildiyimi zənn edərək davam edirdim. Beləcə, rəhbərliklə görüşlərin ardınca şöbəyə gətirdilər və nəhayət, Çingiz müəllim otağında məni qəbul etdi. Burada ancaq ikimizin arasında olan söhbəti istərdim qeyd edim.

- Hə, demək o cavan oğlan sənsən, özün də filosof (pafos, bir az da ironiya ilə).
(Haqqımda olan bütün sənədləri, tərcümeyi - halımı incələdiyini hiss etdim.)
- Xeyir müəllim, filosof deyiləm, ixtisasca fəlsəfəni bitirmişəm.
- Aspiranturanı bitirmisən də, özün də Bakı Dövlət Universitetində işləyirsən, deyək ki, əməlli başlı filosofsan. Müdafiə etmisən?
- Müdafiə etməmişəm, ancaq işlərimi bitirib təhvil vermişəm, gözləyirəm.
- Hə, bax bu yaxşı oldu. Mütləq müdafiə etməlisən (qəfil nədənsə münasibəti dəyişdi).
- Eşitmişəm hərə bir söz deyir, deyəsən istəmirlər sənin bura gəlməyini?! Özlərinə gülürlər. Heç nəyə fikir vermə, sən burda işləməlisən, başa düşürsən nə deyirəm?! Deyək ki, müdafiə elədin, müəllim işlədin bu əla, ancaq sən dövət qulluqcusu olmalısan, ardınca istəsən dərs də deyə bilərsən. Mən özüm də arada dərs deyirəm.
- Nə deyim müəllim, açığı sizinlə görüşəcəyim ağlıma gəlməzdi. Həmişə sizi televizorda görmüşəm, şeirlərinizi oxumuşam. Sizinlə belə danışacağıma inanmazdım. (bu sözləri deyəndə onsuzda burada işləməyəcəm, işimdən razıyam, ancaq içimdə dövləq qulluqcusu olmaq arzusu da yenidən doğurdu)
- Hələ çox danışacağıq. Bax bir də deyirəm heç nəyə fikir vermə möhkəm ol. Burda, deyək, bəzi sözlər eşidirəm, mənim də belə şeylərdən xoşum gəlmir kişi olmaq lazımdı. Narahat da olma, hər şey də yaxşı olacaq. Özün də maraqlı adama oxşayırsan ha, familiyan da Xudanlıdır. İlk dəfədir belə familya ilə eşidirəm.

Bir qədər də ordan-burdan, sorğu-sual.


Gənclik ədası ilə girdiyim otaqdan, izaholunmaz əhvalda çıxdım. Çingiz müəllimin avtoritet basqısını üzərimdə hiss edirdim. Sanki hökm oxumuşdu və mən bu hökmü icra etməli idim. Bir sözlə düşündüyümün əksinə dövlət qulluğuna keçdim. Uzun illər Mədəniyyət Nazirliyində çalışdım. Xarici səfərlərdə Çingiz müəllimi yaxından tanıyır, bir başqa məziyyətlərini kəşf edirdim. Moskvaya ezam olunduqda isə onun yüksək nüfuzunun şahidi kimi fəxr edirdim. Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçirilən Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında Çingiz müəllimin şəxsi nüfuzunu hər addımda hiss edirdim. Təsadüfi deyildi ki, sərgi çərçivəsində MDB ölkələrinin beynəlxalq “Kitab sənəti” müsabiqəsi hər il Azərbaycan nəşriyyatların bir sıra kitabları yüksək yerlərə layiq görülürdü. O dövrdə Rusiya Federasiyası ilə münasibətlər elə də xoş deyildi. Azərbaycana və azərbaycanlılara qarşı xüsusi itələyəci münasibət fonunda, Çingiz Əlioğlunun iclaslarda və şəxsi görüşlərdə sərt, cəsarətli çıxışlar etməsindən qürurlanardım. Azərbaycan stentinə yaxınlaşan nüfuzlu rəsmi şəxslər onun təsir dairəsində olduğunu hiss edirdim. Bildirim ki, MDB ölkələrinin Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin sədri üzv ölkələrin nümayəndələri arasından növbəli formada seçilməli olduğu halda, hər il müstəsna olaraq Çingiz müəllim müəyyən edilirdi. Bir hadisəni danışmaq istəyirəm və ola bilər bu hadisə sadə görünə bilər, lakin işin içində olan adamlar bilir ki, bu elə də sadə məsələ deyil.

Deməli, Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçirilən MDB ölkələrinin Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin qalibləri böyük bir salonda elan edilir. Tədbirdə Rusiya elit rəhbər heyəti, nazirlər, nazir müavinləri və sair iştirak edir. Bu vaxt Ermənistan tərəfinin təqdim etdiyi kitab birinci yerə layiq görüldüyü səhnədən səsləndirilir. Çingiz müəllim ayağa qalxaraq, mikrafonsuz giriş sölərini söyləyir və bildirir ki:
- Münsiflər heyətinin sədri kimi mən bu kitabı ümumiyyətlə görməmişəm, bu kitab qalib seçilməsi necə ola bilər?

Zala qəribə bir sükut çökür, o isə danışır. Mən yerimdə bilmirəm necə reaksiya verim. Həyacanla sonu gözləyirəm. Mənə elə gəlirdi ki, orda rus milliyyətindən olanların hamısı bizə nifrət edir, amma Çingiz müəllimdən qorxurlar deyə bizə heçnə edə bilmirlər. Kürsüdən rəhbər şəxslərdən biri söz alaraq sükutu pozur və bildirir ki, bu məsələyə sonra baxılar. Tədbirdən sonra rəsmi ayaqüstü ziyafətdə ən mötəbər şəxslər Çingiz müəllimə yaxınlaşaraq bir sıra məsələləri müzakirə etdiyini gördükdə rahat nəfəs almağa başladım. Bəlkə də beynəlxalq tədbirlərdə bənzər hadisələrə bəsit məsələ olaraq baxıla bilər. Lakin burada cəsarət, özgüvən və intelektual səviyyə olmadan keçinmək sadəcə mümkün deyil.

Həyatıma, düşüncələrimə böyük təsiri olan daha bir hadisəni qeyd etmək istərdim. Belə ki, Tehran Vəliyevi kitabla, tərcümə işi, nəşriyyat işi ilə uzaqdan yaxından məşğul olan hər kəs tanıyır və ya tanımalıdır. Əvəzsiz insan, təcüməçi və şəxsimin ömrümcə minnətdar olacağım Tehran Vəliyev ara-sıra tərcümə sifarişlərini qəbul edirdi. Onu tanıyan bilən bilir ki, dövlət işini şəxsi işlərinə heç vədə qatmazdı. Sakit, həlim, bir qədər də tərki-dünya adamı idi Tehran müəllim. Həmin vaxt Çingiz müəllim Tehran müəllimə qazax yazarı Nemət Kelimbetovun kitablarını tərcümə üçün verərdi. O tərcümələrdən biri də Nemət Kelimbetovun “Ümidimi itirmək istəmirəm” gözəl əsər, möhtəşəm tərcümə ilə Tehran müəllim Azərbaycan oxucusuna təqdim edib. Qarşınıza çıxsa, mütləq oxuyun. Əsər tərcümə və nəşr olunduqdan sonra Nemət Kelimbetovun “Türk xalqlarının qədim ədəbi abidələri” kitabını da Tehran Vəliyev tərcümə etməli idi. Təəssüf ki, ömür vəfa etmədi. Tehran müəllim rəhmətə gedəndən bir müddət sonra, Çingiz müəllim məni görəndə yanına çağırıb dedi:

- İstəyirəm kitab tərcümə edəsən. Bacararsan?
- Nə kitabı müəllim?
- Kitab də, kitab bilmirsən nədi?
- İndiyə qədər tərcümələrim hissə-hissə olub, o da dissertasiya işim ilə bağlı. Mən ayrıca kitab tərcümə edə bilmərəm axı.
- Niyə eləmirsən, edərsən eee, amma özünü çətinə vermək istəmirsən.

Bir neçə gün sonra yenə çağırdı, kitabı göstərdi. Mənə də maraqlı gəldi, tərəddüd edə-edə dedim - yaxşı, müəllim, çalışaram. Cavab gecikmədi.

- Ədə, nə çalışaram, işi üzərinə gütürürsənsə, etməlisən. Kitabdan bir az da tərcümə elə gətir baxım. Qonorarın da olacaq. Şikayətlənirsiniz ki, maaşımız azdı, əziyyət çəkin qazanın də.
Bir neçə gün sonra iş yoldaşım Elbəy Əli ilə məni birlikdə çağırdı.
- Kitabı iki hissəyə bölürəm, vaxt azdı tərcümə edib gətirin.
İkimiz də razılaşdıq, sonra birlikdə müzakirə etdik və tərcüməyə başladıq. Asan tərcümə olunacaq kitab deyildi, elə incə detallar var idi ki, adi tərcümə işə yaramırdı. Tərcümənin üzərində əsasən gecələr işləyirdim. Əlavə kitablar oxumalı oldum – türk, yunan dastanları, nağılları, qədim tarixi və ədəbi kitablar. Oxuduqca tərcümədən çox həmin kitabların içində qalırdım. Günlərlə oxuyur, ancaq bir cümlə belə tərcümə edə bilmirdim.

Çingiz müəllim tərcümə olunan hər cümləni demək olar müzakirə edir, bəzən istiqamət verərək, məsləhətlərini verirdi. Beləliklə tərcüməni bitirib, Elbəy müəllimlə müzakirə etdikdən sonra təhvil verdik. Kitab Çingiz müəllimin rəhbərliyi ilə nəşr olundu, təqdimatı da oldu. Verilən tərcümə işin öhdəsindən gələ bilmək duyğusundan xoşbəxt olmuşdum. Qonorarımızı alanda Çingiz müəllim artıq ürəyindən əməliyyat olunmuşdu. Ağır ürək əməliyatından yeni çıxmasına baxmayaraq müəllim bizi unutmamış, yanına çağırıb qonararımızı vermişdi. Siz də yəqin edərsiniz ki, nə qədər maddiyyata ehtiyac olsa da, keyfiyyətli tərcümə işi ilə fəxr etməmiz bizə yetərli idi. Lakin Çingiz müəllim səhhətinin elə ağır məqamında belə verdiyi sözü yerinə yetirməsi üçün göstərdiyi davranış mənə əsl məktəb kimi gəlir, sözünün ağası ola bilmək məktəbi.

Allah Çingiz müəllimə rəhmət eləsin, məkanı cənnət olsun. “Bu dünyada hər şey, görünür, elə, çox vaxt planlaşdırılmadan olur”.

Bu dünyada həqiqətən hər şey görünür, bilinir və necəsə yazılır, yazılmalıdır da. Olur ki, görünəni görmək, bilinəni bilmək, yazılanı oxumaq istəmirik.

Çingiz müəllimdə bu dünyaya planlaşdırılmadan gəldi, planlaşdırılmadan yaşadı və planlaşdırılmadan bu dünyadan köçdü.

# 153 dəfə oxunub

Oxşar xəbərlər

"Məzhəb dövlətin ideoloji sütununa çevriləndə..." - Şah İsmayıl tarixi şəxsiyyətdir, yoxsa müqəddəsləşdirilmiş sima?

"Məzhəb dövlətin ideoloji sütununa çevriləndə..." - Şah İsmayıl tarixi şəxsiyyətdir, yoxsa müqəddəsləşdirilmiş sima?

12:00 14 avqust 2026
Tanınmış musiqiçi  vəfat etdi – Səbəb

Tanınmış musiqiçi vəfat etdi – Səbəb

11:50 14 avqust 2026
Bakıda gənc rəssamların sərgisi açıldı

Bakıda gənc rəssamların sərgisi açıldı

10:50 14 avqust 2026
“Şirvannəşr"in xatirələrdə yaşayan binası - Coşqun Xəliloğlu

“Şirvannəşr"in xatirələrdə yaşayan binası - Coşqun Xəliloğlu

10:30 14 avqust 2026
12 min illik ərazidə qazıntı işləri başladı

12 min illik ərazidə qazıntı işləri başladı

18:00 13 avqust 2026
Milli Kitabxananın təqdimatında:  “Əfzələddin Xaqani Şirvani” elektron məlumat bazası

Milli Kitabxananın təqdimatında: “Əfzələddin Xaqani Şirvani” elektron məlumat bazası

16:10 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər