Onun xeyirxahı – Hekayə

Onun xeyirxahı – Hekayə
23 iyul 2022
# 12:40

Kulis.az Cavid Quliyevin “Onun xeyirxahı” hekayəsini təqdim edir.

Qapı açılıb-örtüldü, yenə müəmmalı bir nəfər içəri girmişdi. Axı kimsə qapını aça bilməzdi, bu evdə ondan başqa heç kim yaşamırdı, qapını da arxadan açarla bağladığından əmin idi. Xüsusi qəddarlıqla törədilmiş cinayət səbəbilə ətrafa sıçrayıb laxtalanmış qan izi tək divarların yuxarısından aşağıya doğru süzülən, ürək bulandıran rütubət izlərinin olduğu balaca otaqdakı dözülməz üfunət burnunu az qala hissiyatsız hala gətirmişdi. Alacalanan gözlər otağın boğucu havasının da təsirilə qıyılıb öz yuvasının içinə qısıldıqca, qaxaca dönmüş bədən daşlaşmış əzələlərini açmaq istəyirmiş kimi tarım çəkilir, çuxuruna düşmüş gözlər sifətininin vahiməli şəkildə əyilməyinə, ağzının sanki gülürmüşcəsinə qulaqlarının dibinə doğru çəkilməsinə səbəb olurdu; bütün bu əzablar içərisində boğulan ahıl adam, yenə də qapının səsinə diqqətsiz qala bilməmişdi.

Yarıqaranlıq otağın içərisində çarpayıda uzanmışdı, ölgünləşib əbədi sükuta qərq olmağa hazırlaşan bədən, onu çulğayan nəhayətsiz əzab içində başını ehmalca sağa çevirib, gözləri ilə nəsə axtardı. Ölmək istəmirdi, bu əzabı dindirməyin bir yolu var idi; ən sadə, elə də ağır əziyyət tələb etməyən yol. Sola doğru çevrilmiş baş, yuvasına qısılıb qorxuyla ətrafa nəzər salan gözlər öz xilaskarını axtardı və budur, onu tapdı. Çarpayının yanında dayanan köhnə stulun üzərində qara ləkəli yaşıl qolsuz köynək, üzərində adda-budda ağımtıl ləkələrin nəzərə çarpdığı qara şalvar var idi. Stulun ayaqlarına ötəri nəzər salan adam, bir anlıq yuxarı – paltarlara baxsa da, tez əlini atıb, stolun ayağının yanında, yerdə dayanmış yarım litrlik butulkanı götürdü. Bir az əvvəl qıyğacı baxan gözlər bir anlıq hədəqəsindən çıxacaqmış kimi bərəldi. Butulkanı qaldırıb üzərinə yapışdırılan etiketin altından içinə baxmağa çalışdı. Sonra diqqətlə, içində nə olduğunu bilmədiyi müəmmalı bir qutunu açırmış kimi ehmalca butulkanın qapağını fırladıb açaraq əlindən yerə tulladı. Balaca, dəyirmi deşikdən otağın rütubətinə qarışan sərt, tünd qoxu beyninin hüceyrələrinə toxunub alacalanan gözləri bir anlıq özünə gətirdi. Çox düşünmədən butulkanı başına çəkib, sonuncu qurtumları da mədəsinə yola saldıqdan sonra ehmalca yerə qoydu. Getdikcə özünə gəldiyini hiss edirdi; lakin bu çox çəkməyəcəkdi. Qısa müddət çəkən bu aydınlıq məqamında gözü otağın girişinə sataşdı. Yarıaçıq, şüşələri yerində olmayan rəngsiz taxta qapının kandarında dayanmış, məxməri paltolu bir nəfər ona baxırdı. Bir anlıq qıyılan gözlər bu məxməri rəngli palto geyinmiş şəxsin simasına diqqətlə nəzər yetirdi və həmin anda müəmmalı şəxsi tanıdı; qızı yenə ona baş çəkməyə gəlmişdi. Cəld içəri daxil olan bu qadın çöldəki havanın sümüyə işləyən soyuğunu nəzərə almadan pəncərələri taybatay açdı və otaqdakı ağır mənzərədən diksinib, üzünə qəribə, əcaib bir şəkil verdi.

– Heç olmasa, hərdənbir bu pəncərəni aç, otağın havası dəyişsin, zəhər eləmisən yenə evi.

Ahıl kişi qızının hər evə gəldiyində danışdığı yeknəsəq sözlərdən birini də eşitdi; onun üzünə baxmayıb, gözlərini qarşıya zillədi. Aşağıda, divarın dibi ilə uzanan qırıq-qırıq döşəmə yaşmaqlarına dikilən gözlərdən mənasızlıq yağırdı. Atasına baxan Rəhimə bir anlıq kişinin çarpayıda, oturaq şəkildə yuxuya getdiyini zənn etdi. Əyilib ehmalca çiyninə toxundu.

– A kişi, ey, hara getdin yenə?

Kişi heç nə olmamış kimi baxışlarını dikdiyi yerdən çəkmədən, spirt iyi ilə dolub-daşan ağzını açıb heysiz şəkildə cavab verdi:

– Xoş gəlmisən.

– Bir az bazarlıq elədim. Qoymuşam soyuducuya. Bu zəhrimarı bir az azalt, heç olmasa mən gələndə az iç, sual verəndə də uçub gedirsən başqa yerlərə. Bilirsən ki, hər bazar günü buradayam da, barı bu gün içmə. İş orasıdır, bu zəhrimarın əlindən çətin ki, hansı gündə olduğumuz yadında qala. – Qocanın içində olduğu vəziyyəti normal olaraq qəbul edən qadın, rəhimli baxışlarla qocaya ani nəzər saldı, xəfifcə gülümsədi. - Bu gün nə etmisən?

Ahıl kişi halını pozmadan, dişi tökülmüş ağzının ağır tərpənişi ilə, yorğun səslə:

– Evdə olmuşam, - dedi.

– Soyuducuda kolbasa var, əlasından, yağlısındandır, dadına baxarsan, day durub camaatı yığma evə, olan qalanı da o kaftarlara paylama. – Qaşları anidən çatılan qadın acıqla dilləndi. – Yaxşı, indi qulaq as, çox vaxtım yoxdur, getməliyəm. Sənə bir şey deyəcəm, amma heç özüm də bilmirəm necə deyim, - ahıl kişinin yanında, çarpayıda əyləşmiş dolu bədənli, yumrusifətli bu qadın gözlərini yerə dikdi, sanki balaca uşaq kimi etdiyi səhvi dilinə gətirməyə utanırdı, başdan-başa ələngəyə dönmüş bu yaşlı kişinin azı iki qatı olmasına baxmayaraq, əndamına yaraşmayacaq şəkildə uşaq kimi gözaltı atasının üzünə baxırdı.

Ahıl adamın fikri isə tamam başqa yerdə idi. Qarşısındakı döşəmə yaşmaqlarını diqqətlə nəzərdən keçirən qocanın qırılmış hissələrdə, döşəmə ilə divar arasında uzanan xırda, öz tündlüyü ilə divarın rütubətli rəngini üstələyən qara haşiyələr nəzərini cəlb etdi. Gözləri yenidən qaralmağa başlayan adam, o balaca, qara boşluqlara baxdıqca dibsiz quyuya düşürmüşcəsinə bir anlıq özünü itirdi, daxilində yaranan həyəcan burulğanı bütün varlığını titrətdi. Həmin qara boşluqlar gözünün qarşısında böyüdükcə böyüdü, sanki onu özünə çəkib boğmaq istəyirdi. Yanında – çarpayıda əyləşmiş qızı isə nəsə danışırdı. Ahıl kişinin fikri tamam başqa yerlərdə idi. Bir az əvvəl başına çəkdiyi araq butulkası beynini əməlli-başlı dumanlandırmağa başlamışdı.

Deyəsən, bir neçə dəqiqə və ya bir neçə on dəqiqə keçdi və hər şey aydınlaşdı. Yanındakı qadın çıxıb getmişdi. Düz qarşısına baxan donuqlaşmış gözlər hər nə qədər ölgünləşmiş bədənə tabe olmaqla birlikdə sonsuz fəzada sərgərdan, qara kiçik daş kimi asılıb qalan hissiz beyninin mənasızlığını özündə əks etdirsə də, ətrafında baş verən hər şeyin fərqinə varırmış kimi qəmgin, hər şey qarşısında təslim olan, sonunda məğlubiyyətə düçar olmuş güclü insanın əlacsız baxışlarını ətrafa səpələyirdi; qızı bu gəlişinin sonuncu gəlişi olduğunu demişdi və ən azı uzun müddət gəlməyəcəkdi. Təəssüf dolu sözlər, məhzun səs tonu, gözlərdən süzülüb axan yaşlar kişinin tükünü belə qımıldatmadı, lakin müntəzəm olaraq görməyə öyrəşdiyi bir adamın bir anda qeybə çəkilməsi hissini dərk edərkən daxilən sarsıldı, içinə dolan yalnızlıq qorxusu bir anlıq nəfəsini boğub, gözlərini alacalandırdı, bu dəfə düşüncəsini qarışıq hisslərin öhdəsinə buraxdı . Hərçənd yenə gələcəyini, tez-tez yaxın qonşusunun vasitəsilə xəbər göndərəcəyini desə də, yoxluğundan geriyə qalan bu quru nişanələr ona daha da əzab verəcəkdi, bəlkə də bir daha heç vaxt onu görməyəcəkdi.

Sahib adlı bu yaşlı adam bir vaxtlar həyatının ən gözəl dövrünü də yaşamağı bacarmış, həyatdan zövq almış və ya almağa çalışmışdı. Bakıdakı orta məktəblərin birində tarix fənnindən dərs deyirdi. Maddi baxımdan lazımi qədər təmin olunmasa da, həyatından az-az şikayət edirdi və ya maddi təminatından şikayət etməmək üçün xərclərinə maksimum dərəcədə diqqət edir, əsas olaraq aylıq yemək təminatına, kommunal xərclərin ödənilməsinə fikir verirdi. Yerdə nə qalırdısa, o da olanda xeyir-şərin, pal-paltarın, sağlamlıqla bağlı problemlərin həll edilməsinə xərclənirdi. Beləcə bir çox maddi çətinlik içərisində yaşayan digər insanlar kimi yox yerdən xərc çıxarıb həyatını daha da dözülməz vəziyyətə gətirmək təhlükəsindən qorunurdu. Sevib evləndiyi həyat yoldaşı, bir qızı və oğlu var idi. O vaxtlar, hələ yenicə məsumiyyət dövrünün sonlandığı o günlərdə, həyatın mütəfəkkirlər tərəfindən reallıq adlandırılan əzablı tərəfinin gün üzünə çıxdığı zamanda ilk faciə oğlunun həyatdan qopması ilə baş verdi. Onu tutulduğu xərçəng xəstəliyindən xilas edə bilmədi. Yemək ehtiyacını zorla təmin edən bu çarəsiz adama arvadının hərdənbir gedib evləri təmizləyərək qazandığı beş-on manat da kömək edə bilməmişdi. Bu adam oğluna xüsusi məhəbbətlə bağlanmışdı, ona baxdıqda özünü görürdü, özünün etmək istəyib, lakin edə bilmədiyi işləri oğlu edəcəkdi. Ona hər baxdıqca özünü görməsi əslində hərdən məyusluq hissi ilə də nəticələnirdi, çünki yaşadığı həyatı oğlunun da yaşamasını istəmirdi, onun da özü kimi məğmun, uduzmuş, həyatdan yetərincə kam almayan şəxs olmasını istəmir, gözüaçıq, mübariz, hətta bir çox hallarda həyatın digər, daha qəddar üzü ilə qarşılaşan zaman lazımi qədər hiyləgər, fəndgir, kələkbaz olmasını arzu edirdi, çünki onun fikrincə real həyatda yalnız bu cür insanlar qalib gələ bilərdilər. Amma həyatın həmin qəddar üzü ilə mübarizədə olan Sahib öz missiyasını başa vurmamış, oğlunu bu yola çıxmağa hazır edə bilməmiş ağır məğlubiyyətə düçar oldu; özünün yuvarlandığı dibsiz uçurumda oğlu hələ dirçəlməmiş ayaqlar altında qaldı. Onun gözünün qarşısında şam kimi əriyərək yox olmasına bataqlıq içərisində çırpınan çarəsiz heyvan tək gözünü döyərək tamaşa etməkdən başqa çarəsi qalmadı. Bəlkə onu müalicə etmək üçün lazımi qədər maddi imkanı olsa, hətta həmin maddi imkandan istifadə edib onu xaricdə ən yaxşı xəstəxanalarda işləyən ən güclü həkimlərin yanına aparsaydı da oğlunu xilas edə bilməyəcəkdi; lakin etməklə etməmək arasındakı açıq-aşkar görünən fərqin indi də bu yaşlı adamın keçmiş dövrün qaranlıq səhifələrinə nəzər salanda daxili aləmində yaratdığı duyğular sanki beyninin içini didir, nəyisə edə bilməməyin peşmanlığı xəyalını rahat buraxmırdı.

Qızı oğlundan bir neçə yaş böyük idi. Oğlunun öldüyü vaxt onun on beş yaşı var idi; qızını elə sonuncu dəfə on beş yaşında olduğu dövrdə tam olaraq xatırlayırdı. Ondan sonra içkiyə qurşanmış bədbəxt adamın birdən-birə yerlə-yeksan olan həyatının dağıntıları altından qalanlardan biri də bu qız olmuşdu. İki ildə sonra arvadı vəfat etdi. Çəkdiyi əzabların ağrısı yuxusunda onu yaxaladı. Daha sonra işdən çıxarıldı, sərxoş həyat tərzi ilə iş yerində uzun müddət davam gətirməyəcəyi çoxdan ona məlum idi. Sonra düşdüyü bulanıq aləmlə evi arasında yeganə bağ olan qızının da əllərini özü buraxdı. Bir müddət onunla yaşadıqdan sonra baldızı gəlib onu evdən apardı; lakin necə apardı, hansı aralıqda gəldi və qızını götürüb necə getdi – xəbəri olmadı. Bir gün axşam dumanlı başla qapıdan içəri girəndə dəhlizdəki lampanın yanmadığını gördü. Bu dəfə içkinin dozasını həddindən artıq keçdiyinə görə gözlərinin qaraldığını zənn etdi. Bir az irəli gedib qaranlıq qonaq və yataq otağına nəzər yetirdikdən sonra evdə işığın yanmadığını anladı, qızını səslədikdən sonra bir cavab gəlmədiyini başa düşdü; bu son zərbə artıq onun üçün xırda bir şey olsa da, evdəki o məşum yalnızlığın verdiyi ilk iztirabı hiss etməyə çalışdı, sanki özü bunu istədi, amma nə qədər istədisə də mümkün olmadı, damarlarında dolaşan içkinin təsirindən korşalan hisslər buna imkan vermədi və sakitcə yatağına keçib özünü zorla çarpayının kandarına çatdırdı, qollarını açıb özünü yüksəklikdən aşağı buraxaraq intihar etmək istəyən adamlara xas şəkildə çarpayıya sərələnib qaldı.

Qızını bir müddət sonra baldızının evləndirdiyini bildi, bunu özü gəlib ona demişdi. Yenə bəxtindən əri pis adam deyildi, oğlanın ata-anası razı olmasa da, özü hərdənbir qızına atasının yanına gəlib-getməsi üçün icazə verirdi, o da həftədə bir dəfə atasının yanına gəlir, yüngül bazarlıq edib onun ac qalmamasına, özünü dolandırmasına çalışırdı, əvvəllər aparıb içkiyə verəcəyini bildiyi üçün pul vermirdi. Lakin həftə sonlarının birində evə gələndə qonşulardan atasının ona verdiyi yeməkləri içki ilə əvəz etmək üçün həyətdə yerləşən mağazalara getdiyini, evdəki ən xırda əşyalara qədər satmağa çalışdığını, yaxud yaxın ətrafdakı küçə sərxoşları ilə yemək müqabilində birlikdə içib elə küçədə də yıxılıb qaldığını xəbər tutduqdan sonra heç olmasa evdə özünə araqdan-filan alıb başını qatması üçün arabir ona az miqdarda pul da verməyə başladı. Hətta bundan əvvəl alkoqolizmdən müalicə etdirmək üçün xəstəxanaya da yerləşdirmişdi; lakin o qaçıb yenə də öz köhnə həyatına qayıtmağı seçmişdi.

... Qəfil başından qalxan ağrı qocanı diksindirdi. Hər iki əli ilə başını tutub möhkəm sıxdı. Nəfəsi daraldıqca dodaqları aralı qalan ağzından inilti ilə birlikdə bayıra şığıyan tüpürcək damcıları üstünə səpələndi. Yox, təzəcə “dərmanı”nı qəbul etmişdi, sanki ömründə sadəcə bir neçə dəfə ağzına içki dəyən insanlara xas olaraq daha artıq qəbul etməyin ona ziyan olacağını fikirləşib, təmiz qış havasını almaq üçün balkona çıxmağa qərar verdi, otaqdan çıxan zaman paltar dolabının yanındakı stulun üzərinə qoyulmuş bir onluq, bir də beşlik gözündən yayınmadı. Dəmir barmaqlıqları yağışın, qarın təsirindən paslanmış, sağa-sola əyilmiş məhəccərli balkona çıxan qoca tam olaraq xatırlamasa da, bir müddət soyuq havanı vecinə almadan balkonda, ayaq üstə vaxt keçirdi. Binanın paraleli ilə uzanan, yerdən hündürlüyü təxminən iki-üç metr olan, lakin geniş sahəni əhatə edən torpaq təpəciyinin üzərində yerləşən bağlardakı hündür ağacların yoğun budaqları, yarpaqları tökülməsinə baxmayaraq, təpəcikdən o tərəfdəki binaların görüntüsünün qarşısını kəsirdi. Qoca üçüncü mərtəbədə yaşamasına baxmayaraq, həmin hündürlüyü ötüb keçən ağacların budaqları arasından qarşı tərəfə baxmağa çalışdı, lakin başının dumanlanmasındanmı, ya başqa səbəbdən, heç nə görə bilmədi. Baxışlarını nə qədər aydınlaşdırmağa çalışsa da, qarşısında sadəcə həmin qış yuxusuna getmiş ağacları və səmada donub qalmış süd rəngi buludlardan qopub düşən ağımtıl parçaların aşağı enib, ağacların fonunda nəhəng pərdə şəklində sallanmasını gördü; sanki ağac maketlərinin olduğu böyük bir səhnənin qarşısında idi və arxadakı ağ pərdəyə bənzər başqa bir pərdə də bir azdan səhnənin qarşısını bağlayıb, bu möhtəşəm tamaşanı başlamamış bitirəcəkdi.

Soyuq havanın insanın içini vəcdə gətirən saflığı qocanın ciyərlərinə dolduqca, gümrahlaşdığını hiss etdi. Ətrafa daha ayıq baxmağa başladı, deyəsən, spirtin təsiri yavaş-yavaş keçirdi. Amma həyata ayıq baxmağı sevməyən bu miskin qoca tez də beynini əvvəlki vəziyyətinə qaytarmağı arzuladı. Geri dönüb, mətbəxə getdi. Açıq balkondan qonaq otağına daxil olan kimi vəziyyətinin bir qədər istədiyi istiqamətə doğru dəyişməsinə baxmayaraq, məqsədindən dönmədən özünü mətbəxə saldı. Sovet dövründən qalma köhnə soyuducunun qapısını açıb qapıdakı yarım litrlik butulkanı götürdü; içi boş idi. Əsəbləri dözməyən qoca butulkanı çıxarıb dəhlizə doğru tolazladı; düşüb birini almaq lazım idi. Bəs necə? Yataq otağındakı əskinaslar yadına düşdü, gecikmədən pulu götürüb özünü evdən çölə atdı. Blokdan çıxanda bədənini kəsən ayaz evdə, çarpayanın üzərində qalan paltosunu yadına salsa da, vecinə almadan qısaqol, solğun rəngli köynəkdə səkiyə çıxdı, çox qısa bir müddət ətrafı dinşədi, daha sonra əllərinə hovxura-hovxura yaxınlıqdakı mağazaya yola düşdü. Soyuğun təsirindən addımlarının sürətini getdikcə artıran ahıl adam blokun girişindən bir az aralanmışdı ki, özündən asılı olmadan binanın paralelində yolboyu uzanan, qocanın dayandığı səthdən iki-üç metr hündürdə olan geniş torpaq kütləsinə pərçimlənmiş dəmir pilləkənə nəzər yetirdi. Bu dəmir pilləkən o qədər dik qurulmuşdu ki, ilk baxışda pilləkənmi, yoxsa nərdivanmı olduğunu demək çətin idi. Qocanın soyuqdan titrəyən bədəni və qıyılan gözləri nəzərlərini qara rəngli dəmir pilləkənin aşağısından yuxarıya doğru apardı. Pilləkənin qurtaracağından qocanın yaşadığı məhəllədə və hətta kənar məhəllələrdə yaşayan insanlara məxsus bağların çəpərləri arasında dar bir cığır digər tərəfə doğru uzanıb gedirdi. Sonsuzluğa doğru uzanan dar cığıra baxan qoca qəflətən ağacların arxasındakı o ağ pərdədən qalxan qara bir nöqtənin gedərək böyüyüb ona doğru yaxınlaşdığını gördü; bu məqamda sanki qara nöqtənin təsiri ilə ətrafı öz çənginə alan bıçaq kimi iti ayaz qocanın qarşısında səmaya uzanan nəhəng çinar ağaclarının yoğun gövdələrini yalayaraq cansız budaqları sırayla, xəfifcə titrədib, qocaya doğru yaxınlaşmağa başladı. Gördüyü mənzərədən üşürgələnən qocanın bədəni içinə qısıldı, birdən-birə kiçilib sanki tamamilə yox olmaq istədi; həmin qara nöqtə isə buz kimi qabağına keçən nə varsa lərzəyə gətirən ayazla birlikdə ona doğru yaxınlaşmağa davam edirdi. Gözlərinin qaraldığını hiss edən qoca elə indicə yıxılacağını zənn etdi. Gərək bu soyuqda, belə nazik paltarda çölə çıxmayaydı deyə fikirləşdi, gül kimi evdə yatırdı. Hətta düşüncəsində gəlib onu oyadan qızının da qarasına deyinməyə macal tapdı. Geriyə qayıtmaq lazım idi – tez-tələsik qərar verdi; geri qaçmağa çalışsa da, ayaqları yerindən tərpənmədi. Axır ki, pilləkənin qənşərinə doğru yaxınlaşan bu qara nöqtə yaxınlaşdıqca, yavaş-yavaş insan siluetinə çevrildi, birdən-birə uzaqdan ona baxıb gülümsəyən simaya dönüşən bu qara nöqtə qocanı rahatlatmaq əvəzinə daha da vahimələndirdi; az qala ürəyi dayanacaqdı. Amma bir an sonra qoca hər şeyi başa düşdü; bu, sadəcə uzun, qara paltolu, qara ayaqqabılı, əlində qara çamadan tutan, qarayanız, qara rəngli eynək taxan, orta yaşlarda, hündür, arıq bir kişi idi. O, pilləkənin başında dayanıb qısa müddət qocanın üzünə baxaraq mehribanlıqla gülümsədi. Uzaqdan görsənən ağappaq dişlər az qala qocanın gözlərini qamaşdırdı. Üzü tərtəmiz qırxılmış, hərbçilərə məxsus səbatlı addımlarla yeriyən bu adamın çiyinlərinin düzlüyü ilə boy-buxunun hündürlüyü arasındakı ideal mütənasiblik qocanı heyrətə gətirdi; adam sanki yeriyən, hündür sütun idi.

Yüngül addımlarla pilləkənlərdən aşağı düşən bu naməlum adam qocaya yaxınlaşdıqca daha məhrəmliklə onun simasına baxırdı. Qocanın yanına çatanda az qala dodaqları qulaqlarının dibinə dirəndi. Onunla qabaq-qənşər dayanan kişi üzəri uzun, qara tüklər basmış, lakin çox incə görünüşlü əlini qocaya uzadıb salamlaşdı və gözlənilmədən danışmağa başladı.

– Sizi bu vaxtı narahat etdiyim üçün çox üzrlü hesab edin, cənab, lakin məhzun görünüşlü insanlara qarşı olan qayğıkeşlik hissimin və bundan irəli gələrək daim onlarla söhbət etmə ehtiyacımın qarşısını özümü bir xarakter olaraq dərk etməyə başladığım gündən ala bilmirəm, nə etmək olar, bu da mənim zəifliyimdir və bəzən, bütün əngin təcrübələrimə baxmayaraq, məni də gücdən salan bu cür, bir çox drammatik ssenarilərlə məşğul olmağı sevirəm.

Qoca qarşısında dayanmış bu gülərüz, qarayanız adamın dediyi sözlərdən, aydın və anlaşıqlı şəkildə deyilməsinə baxmayaraq, bir kəlmə də başa düşmədi. Bir anlıq yenə qarabasma gördüyünü zənn etdi. Lakin sonra qarşısındakı adamın ondan cavab gözlədiyini və yenə həmin, dəyişməz məhrəmliklə qara eynəyinin altından ona baxdığını sezdi. Yox, bu qədər də ola bilməzdi, həm də hələ içməmişdi və indiyə qədər ən ağır dozalardan sonra qarabasma deyilən şey görməmişdi, gördüyü ancaq anlaşılmaz yuxular olmuşdu; bir də ki, bu qədər aydın qarabasma ola bilməzdi. “Bu adam bu havada niyə qara şüşəli eynək taxır?” – qoca düşüncəsində öz-özünə sual verdi. Gözünü döyərək qarşısındakı qarayanız kişiyə baxdı və bir şey deməyin lazım olduğunu hiss edib, sakitcə dilləndi:

– Bağışlayın, amma mən.... mən... siz.. siz kimsiz? Mən başa düşmədim.

– Heyhat, elə bu da mənim əsas çatışmazlıqlarımdan biridir, cənab, – qarayanız kişi başını bulayaraq, qarşısındakı qoca ilə razılaşdığını ifadə edib, təəssüflə dilləndi, bir anlıq üzündən itən həmin gülümsəmə elə həmin anda da geri qayıtdı. - İnsanlar məni başa düşməkdə çətinlik çəkirlər, onlara kömək etmək istəsəm də, bəzən müsbət yekun nəticəni müşahidə etmək mənim üçün çox çətin olur. Hərçənd ilk tanışlıqlarda, möhkəm bağlara əsaslanan dostluqlar qurmaq çətindir, lakin dostluq hissi əslində özündə mübarizlik ünsürü ehtiva edir – bunu deyən kişi başını qocanın üzünə yaxınlaşdırıb sirrli bir şeyin üstünü açırmış kimi özünə inam hissi ilə düz onun gözlərinin içinə baxdı. - Bu ünsür antik yunandakı məşhur “aqon” idealını özü üçün əsas götürür, cənab, hə, hə, bu belədir. O qalın bığlı boş-boşuna deməyib ki, “Dostunda ən böyük düşmanını tapmalısan”. Qarşılıqlı münasibətlərdə, ələxsus da dostluqda rəqabət yeganə və dəyişilməz həqiqətdir. Bir çox adam bunu zarafat və ya cəfəng söz kimi başa düşə bilər. Lakin bu, həyatın özüdür, cənab, hə, hə; qəbul etsək də, etməsək də, bu belədir.

Qocanın bir az əvvəlki baş ağrısı daha şiddətli formada geri qayıtdı. Ağrıya dözməyən adam qəfildən boğuq səslə kişiyə çəmkirdi:

– Axı sən kimsən, nə cənab-cənab salmısan, qalın bığlı kimdir, nə baş-beynimi aparırsan?

Kobud cavab qarşısında təhərini heç vəchlə pozmayan adam, sağ əlini havada yelləyib, qısa bir an da olsa, eynəyinin altından gözləri ilə səmanı süzüb, peşmanlıqla dilləndi:

– Ah, çox-çox üzrlü hesab edin, salamlaşsaq da, özümü təqdim etməyi unutdum. Bəlkə bu da ikinci zəif cəhətim ola bilər, – bayaqdan gülümsəyən adam, bu dəfə şaqqanaq çəkdi. – Atilla Atakişiyev – sifətini ciddiləşdirib cavab verdi. - Yaxınlıqda yerləşən Gənc və Mübariz Şairlər Cəmiyyətində işləyirəm. Təxminən bir ay olar ki, qarşıdakı binaya köçmüşəm, köhnə evimdə ev sahibi ilə əməlli-başlı mübahisə etdik, düzdür, ona da müəyyən qədər haqq verirəm, amma hər şeyin də bir yeri var, o artıq çox ağ eləmişdi, cavabını almalıydı. Eynəyi bu yaxınlarda etdirdiyim əməliyyat üçün taxıram, həkim çox işığın hələ ki, ziyan ola biləcəyini dedi. – Kişi ciddi sifətinə azca məhrəmlik ifadəsi əlavə edib davam etdi: - Neçə gündür sizə uzaqdan tamaşa edirəm. Bayaq da qarşıdakı binada yerləşən mənzilimin pəncərəsindən balkon da dayanıb, ayaqüstü ətrafı seyr etdiyinizi gördüm, hətta sizə bir şey deyim, sanki uzaqdan da olsa mənə tamaşa etdiyinizi güman etdim. Üzünüzdən yağan əzabı, bir anlıq da olsa, elə bil, hiss etdim; bu həqiqətən də dözülməz bir iztirab idi. Dözümünüzə görə sizə hətta qibtə etməyə bilmirəm. Həmin an kömək etmə, dərdinizə şərik olma ehtiyacı hiss etdim, cənab. Eşidirsiniz? Həyatda bir çox məsələlərin həll yolu var, xahiş edirəm, bu qədər kədərlənməyin. “Ölümdən başqa hər şeyin çarəsi var” cümləsi nə qədər axmaqcasına deyilmiş bir cümlə olsa da, çox şeyin çarəsinin olduğunu etiraf etdiyi üçün müəyyən qədər qəbulediləndir, inanın mənə.

Qoca bir anlıq ayaqlarının topuqlarına qədər keyidiyini hiss etdi. Onsuz da məqsədinə hələ çatmamışdı, hələ bir bu adam da yolunu kəsib neçə dəqiqədir vaxtını aparırdı, hərəkətsiz qaydada yolun kənarında qalıb soyuqda titrəməsinə səbəb olurdu. Qarşısında dayanan müəmmalı adamın səfehliklərinə qulaq asdıqca əhvalı tamam pozulan qoca, birdən-birə evə gedib sadəcə yatmaq, başını dincəltmək istədi; içməyi-filan da tamam yadından çıxardı. Narazılıqla qarşısındakı kişinin eynəkli simasına bir anlıq nəzər salan qoca, onsuz da nə vaxtdır təmizləmədiyi ağ tüklər basmış cod sifətinə bir az da idbar şəkil verərək, nifrət saçan gözlərlə oradan uzaqlaşdı. Blokun girəcəyinə çatanda arxadan kişinin ona yaxınlaşdığını hiss edən qoca ilk olaraq təəccübləndi, daha sonra əsəbdən əzələləri gərildi.

– Sən axı məndən nə istəyirsən, nə düşmüsən arxamca? Yeri get, işinlə məşğul ol.

Üzündə yenidən həmin gülümsəmə ifadəsi olan qarayanız kişi eyni zamanda simasına yazıq ifadə verməyə çalışaraq dedi:

– Çox xahiş edirəm, əgər sizi incitmişəmsə, icazə verin səhvimi düzəldim. Əgər istəsəniz, sizin tək yaşadığınızı bilirəm, icazə verin qısa da olsa sizinlə həmsöhbət olum, bir az keçmişinizdən danışın, bəlkə sizə nəsə köməyim dəydi.

Qocanı kişinin birdən-birə belə üzlü davranması və cəsarətli təklifi heyrətləndirdi. “Bunun başı xarab olub, deyəsən. Bəlkə elə həqiqətən də dəlinin biridir. Harda gic var mənə rast olur” – qoca fikirləşdi.

– Çox xahiş edirəm, özünüzə yazığınız gəlsin, bir çox əzablar təsadüfi olaraq qarşımıza çıxmış və içində olduğumuz cəmiyyətin təsiri və əxlaq qaydalarının vasitəsilə pərakəndə şəkildə həyatımıza tətbiq edilmişdir.

– A kişi, bura bax, nə ağzına gələni danışırsan bayaqdan? – Qoca qarayanız kişini başından eləmək üçün qısa şəkildə xəbərdarlıq etməyə cəhd etdi: - Görürəm mədəni, ali savadlı insansan, yeri get işinlə məşğul ol, gərək bu yaşlı vaxtımda ağzımı açıb, ağır söz deyim sənə? Onsuz da içdiyim zəhrimar beynimi aparıb, bir də sən boş başımın içini qazıma. Yeri get, di sağ ol!

Qoca bloka daxil olub, addımlarını yeyinlətdi, sürətlə pilləkənləri qalxmağa çalışsa da, qarayanız kişi sürətli və iri addımlarla rahat şəkildə ona çatıb pilləkənləri qalxa-qalxa arxadan onu səslədi.

– Bilirsiniz.... Bilirsiniz...., – pilləkənləri sürətlə qalxan kişi tövşüməyə başladı, – həyatda çox vaxt insanlar yıxıldıqları elə ilk andaca təslim olmağı sevirlər, ya da bunları özlərinin labüd sonu olaraq qələmə verirlər. Lakin onlar unudurlar ki, yıxılmaq, durmaq və s. bunlar həyatın periodik dəyişilmələdir sadəcə, hə, hə - kişinin yüngül gülmə səsi tövşüyən nəfəsinə qarışdı, - əgər sən bu mərhələlərin biriylə belə oyunu bitirməyə çalışırsansa, deməli bütün bu proseslə problemin var, deməli yaşadığın ən xoşbəxt gündən də zövq ala bilməmisən, sadəcə imitasiya etməklə ömrünü keçirmisən, hadisələrin və ya insanların imitasiyasını etmisən və bu yanaşma ilk çuxurda büdrəyib yıxılmağına səbəb olub və həmin çuxuru da dərinləşdirən sənin qarşısını ala bilmədiyin ağırlığındır, orada, o dərinlikdə ilişib qalmısan.

Mənzilin qapısına çatan qoca çərənləyən bu adamdan xilas olmaq və son həmləsini etmək üçün geri qanrılıb kişinin üzünə qarşı bağırdı:

– Alə, sən nə sırtığ adamsan, neçə dəfə demək olar, çıx get yox, birbaşa dur bas bayıra buradan. Bu dəqiqə getməsən, evdə əlimə ne keçsə, çırpacam başına.

Qoca geri çönüb evə daxil oldu, qapının kişinin üzünə çırpdı. Yarıqaranlıq dəhlizdə bir addım atmamışdı ki, çöldən yad bir adama məxsus, tamamilə yeni, qətiyyətli, ciddi bir səs eşidildi:

– Qoca, qızının getməsi səni çox kədərləndirib, bilirəm. Oğlun, heyif ondan, həyatdan qopan hər insan başqa insanın ölümünə bais olmamalıdır.

Qocanın başından gizilti keçdi. Səsin bir anlıq sanki evin içindən, dəhlizdən gəldiyini zənn etdi. Yerindəcə donub qaldı, nə geriyə çönə, nə də dik şəkildə qarşısına baxa bildi. Aradan nə qədər vaxt keçdiyinin fərqinə varmadan geriyə çevrilib ağrı içərisidə qıvranan və dumanlanmış başla qapını açdı; həmin adam idi. Lakin bu dəfə ilk baxışda insanın içini üşürgələndirən və ağappaq dişləri sərgiləyən soyuq gülümsəmə yerini iti baxışlarla birgə daha mülayim təbəssümə vermişdi.

– Bir az qırmızı şərab içmək istəyərsiniz, cənab? Başınızdakı ağrı üçün faydalı olar.

Qoca, təəccüb dolu baxışlarla kişinin üzünə baxıb soruşdu:

– Sən.... sən kimsən? Hardan bilirsən?

– Haradan və ya necə bilirəm, kiməm, nəyəm, haradanam və s. – bunlar bu məqamda dünyanın ən mənasız suallarıdır. Sizə bir az dincəlmək lazımdır. Şərab, şərab içmək sizə çox yaxşı gələcək. Mən də sizə yoldaşlıq edə bilərəm.

Qocanın hissizləşən, soyuqdan büzüşən bədəni isinmək istəyirdi; öləziyən gözləri yenə dirilməliydi, təslimiyyət vaxtı gəlib çatmışdı. İndiyə qədər qarşısındakı bu qarayanız kişiyə dediklərini birdən-birə unudan adam, sanki heç nə olmamış kimi geriyə qanrılıb mətbəxə getdi. Lakin içki yox idi, ala bilməmişdi; kişinin gətirdiyi qırmızı şərabı arzuladı. Arxasınca mənzilə daxil olan müəmmalı adam qapını bağlayıb qocanın ardınca mətbəxə keçdi. Paltosunu əynindən çıxarıb stulun söykənəcəyindən asdı; altdan səliqəli qara frak geyinmişdi. Qoca başındakı ağrıya baxmayaraq, bu adamın hərəkətlərinə nəzər yetirməyə çalışırdı. Bir az əvvəl paltoda olan, indi isə qara, ağ altlıqlı frak geyinmiş adam qocanı daha da təəccübləndirməyə davam edirdi. “Bu adam bu geyimlə görəsən haraya gedirdi belə? Şairlər cəmiyyətində işləyənlər belə geyinir, deyəsən” – qoca bu aralıqda fikirləşməyə macal taparaq düşüncəsindən keçirdi. Kişi mətbəxin divarına söykənmiş stolun arxasında əyləşən qocanın qarşısında, geniş teatr səhnəsində öz rolunu şövqlə oynamağa başlayan aktyor kimi, çıxışına başladı. Cəld köhnə soyuducunun qapısını açıb iri bir butulka çıxardı. Butulkanın içindəki qırmızı şərab xalis qan rəngindən az qala fərqlənmirdi. Qoca sanki orada olduğunu bilirmişcəsinə kişinin çıxardığı qırmızı şərabı görəndə cin vurmuş kimi diksindi; oturduğu yerdən boylanıb soyuducunun içinə baxdı. Qocanın təəccübü qarşısında təhərini pozmayan adam əlində tutduğu butulkaya baxıb:

– Özü də xalis gürcü şərabıdır – dedi. – Bəh-bəh, güman edirəm bilirsiniz, qırmızı şərab orqanizm üçün həddindən artıq faydalıdır. Hər şeydən əvvəl həzm sistemini zərərli bakteriyalardan təmizləyir, bağırsaqların mikroflorasını zənginləşdirir, qan azlığını aradan qaldırmağa qadirdir, hətta göz zəifliyi üçün belə faydası var.

Şəraba bəy tərifi vuran adam, daha sonra soyuducudan kolbasa, quru balıq, bir qədər meyvə çıxarıb stolun üzərinə düzdü, stəkanları yerbəyer etdi, ehtiyatla frakının cibindən ağ bir salfetka çıxardı; şərabı süzən zaman stolun üzərinə tökülməsin deyə butulkanın ağzına bağladı. Həmin ehtiyatlı hərəkətlə də stəkanları qan rəngi şərabla doldurdu. Adamın hərəkətləri, geyimi, danışıq tərzi ilə içində olduğu ev, əşyalar, qarşısında əyləşən heysiz qoca təzad təşkil edirdi. Qoca soyuducusundan çıxan bütün bu məhsullara maraqla baxırdı. Qızı adətən onun üçün meyvə, quru balıq, şərab tipli şeylər almazdı. Yəqin bu dəfə uzun müddət gələ bilməyəcəyi üçün bir növ, öz aləmində atasının könlünü almaq məqsədi ilə belə bir hədiyyə etməyi ağlına gətirmişdi deyə qoca düşündü. Bəs bu adam soyuducuda qırmızı şərabın olduğunu haradan bilirdi? Qoca çox düşünməyə macal tapmamış, adam süzdüyü şərabdan bir qurtum içib, aldığı həzdən dodaqlarını yalayıb dedi:

– Şərab, cənab, fikrimcə, insanlığın ən möhtəşəm kəşflərindən biridir. O, tarix boyu bir çox dahiləri özünə tabe etməyi bacarıb.

Qoca stəkanı götürüb acgözlüklə başına çəkdi. Adam astaca gülərək dilləndi:

– Bir az yavaş olsanız yaxşı olar. Bu ki qırmızı şərabdır, sonra sizin üçün yaxşı olmaz.

Daha sonra istehza ilə əlavə etdi:

– Hərçənd, sizin indiyə qədər içdiklərinizin yanında bu sadəcə qırmızı rəngli sudur, qəbul edirəm. Lakin yenə də ehtiyatı əldən vermək olmaz.

Qoca adamın bura nə məqsədlə, haradan gəldiyini, kim olduğunu, soyuducudan çıxan gözlənilməz şeylərin necə ora gəlib çıxdığı kimi beynində dolaşan bir çox sualları unutmuşdu; sadəcə içirdi, hər şeyi unudub beyninin dumanlanmasına köklənmişdi. Qocaya qısa bir müddət susub diqqətlə baxan qarayanız kişi, birdən-birə danışmağa başladı.

– Ümumiyyətlə, məni çox adam tanımır, cənab. Bəzən insanlar üçün bir çox məsələlərdə konfidensiallığı qorumağın lazım olduğunu düşünürəm. Mən bu cür yaşamağa üstünlük verirəm, necə deyərlər, inkoqnito həyat tərzi mənim xarakterimə xasdır. – şərabda bir qurtum alan adam xəfifcə gülümsəyib dedi. – Amma sizə baxdıqda isə təəssüf etməmək mümkün deyil. Yox, yox qəti səhv başa düşməyin, sizin yaşadığınız həyat qətiyyən onu əks etdirmir. Siz sadəcə meşşan düşüncəli eqoistsiniz. Sizin özünüz üçün müəyyənləşdirdiyiniz və cəmiyyətinizin təsirilə formalaşdırdığınız əxlaq çərçivələriniz o qədər dardır ki, itirdikləriniz sizə bədbəxt insan olduğunuzu xatırladır. Halbuki siz hal-hazırda da dünyanın ən xoşbəxt insanı ola bilərsiniz.

Kişi danışdıqca qoca şərab dolu stəkanları başına çəkir, arabir meyvələrdən bir-iki dilimi ləzzətlə ağzına atırdı. İçdikcə dumanlanan gözlərinə baxmayaraq, daha sağlam düşünməyə başlayır, bədəni gümrahlaşır, ətrafı daha yaxşı qavradığını hiss edirdi. Bundan irəli gələrək qarşısında əyləşmiş qarayanız kişinin danışdıqları beyin süzgəcindən daha sürətlə və aydın şəkildə keçirməyi bacarırdı.

– Mənəm xoşbəxt? – stəkanı stola qoyub əyləşdiyi stola yayxanan qoca ciddi sifətlə qarşısındakı adama sınayıcı nəzərlə baxıb soruşdu. – Bunu sən necə müəyyənləşdirirsən?

– Mən siz xoşbəxtsiniz demədim. Xoşbəxt insan ola bilərsiniz, dedim. – Adam iti gözlərini qocaya dikib xəfifcə gülümsədi. – İnsanın itirdikləri, tək qalması onun nəzərində iztirablar içərisində boğulmaq kimi başa düşülə bilər. Lakin Fritzin dediyi kimi, təkliyindən bezən, onu əzab kimi görən insan öz şəxsiyyətinə, öz daxilindəki “mən”ə zərrə qədər hörmət etməyən insandır. Siz öz “mən”inizdən sıxılırsınız, cənab. Siz həyatın sizə istədiyiniz kimi davranmadığını əsas gətirə bilərsiniz ki, adətən sizin xarakterdə olan insanlar bu cür danışır. Lakin siz öz həyatınızın məhz planlaşdırdığınız kimi getmədiyindən şikayətlənirsiniz, eqoistliyinizə məğlub olursunuz, yalnız özünüzü düşünürsünüz.

– Mən sadəcə uduzmuş adamam. Hərdənbir yıxıldığım yerdən qalxmaq istəsəm də, bacarmıram, mən də xilas olmaq istəyirəm, - qoca şərabın təsirinə baxmayaraq, diqqətlə qarşısındakı adamın gözlərinə baxıb dedi.

– Siz xilas olmaq istəmirsiniz, sadəcə içinə düşdüyünüz iztirabın sizi saldığı bu miskin vəziyyətdən çıxmağa çalışırsınız, halbuki bu sadəcə vizual olaraq nəyisə dəyişdirir, iztirabın ifadə vasitələri dəyişsə də, insan mənəviyyatını sıxan məngənədən xilas olmaq sizin üçün heç vəchlə mümkün olmayacaq, cənab. Əxlaq qaydaları bəziləri üçün nisbi olsa da, bəziləri üçün sabit prinsiplər əsasında qurulub, o prinsiplərin nədən qaynaqlandığını deyə bilməyənlər, millət xüsusiyyəti, xalqın geni kimi, özlüyündə belə nisbilik anlayışını meydana gətirən gicbəsər ideyalar irəli sürürlər. Siz də bu mühafizəkarlığın nirvanasında yuxuya getmiş bədbəxt, hətta bədbəxt yox, yox .... düz demədim, siz o zirvədə yatan sadəcə axmaq insanlara bənzəyirsiniz, bəli, siz gözünüzün önündə, burnunuzun ucunda olan həqiqəti görə bilməyəcək qədər axmaq, özünüzdən müştəbeh, səfehin birisiniz; incisəniz də bunu deməyə məcburam. Sizin nəzərinizdə valideyn üçün övladın ölməsi sadəcə bir faciədir, əzab dolu sona gedən yolun başlanğıcıdır. Qızınız getdi, sizi tək qoydu, ah, necə də böyük, dözülməz yaradır, nə etmək olar, gəlin bir qəbir qazım, siz də düşün o çuxurun içinə, qızınızı və ya ailənizi öz əhatənizdə, xoşbəxt görməyin hər an qəlbinizi sıxan, daxilən adamı çürüdən dağıdıcı həsrəti kimi siz də o torpaqla birgə çürüyüb məhv olun. Siz bəşəriyyəti bəşəriyyət edən və özümüzün yaratdığımız dəyər məfhumlarının bir parçasına çevrilən ailə institunun başdan ayağa sadəcə quru bir əfsanədən ibarət olduğu reallığını unutmusunuz. Göylərə baxın, cənab, ucalın səmaya, oradan yerə baxanda nə qədər kiçik, nöqtə boyda dəyərsiz bir şey olduğunuzun fərqinə varacaqsınız. Özünüzü kainat səviyyəsində, varlıqların ümumi mövcudluğu fəlsəfəsi çərçivəsində bir zibil hesab edən, lakin başdan-başa surroqat, saxta dəyərlər məcmuəsi ilə çulğalaşmış insan səviyyəsinə endirməyin, özünüzü o qədər də dəyərli hesab etməyin. Bu – vaxtı ilə heç yaşanmamış, sonradan insan xəyalının həqiqətən möhtəşəm deyə biləcəyimiz məhsulu kimi ortaya çıxan, yaşanmaqda olan narkotiksayağı müvəqqəti həzz kimi sizi aldatmasın. Yaşamaqdan, sadəcə yaşamaqdan həzz alın. Bu həyatda itirdikləriniz və qazandıqlarınız – bunlar sadəcə həyatın dəyişməkdə olan səhnələridir. O səhnələri gözünüzün önündə dəyişdirmək, onların guya bir-birindən fərqli olduğunu sizə təlqin etməyə çalışan zaman adlı pərdələri yandırın, qoy hər şey bütün çılpaqlığı ilə gözünüzün önündə bir-birinə qarışsın, əzablar həzzlərlə, xoşbəxtliklər bədbəxtliklərlə mübarizəyə girdiyi məqamda, hər şeyin alt-üst olmağa başladığı və əsl xoşbəxtliyin əbədi carçısına çevrildiyi o anda siz sadəcə bu səhnələrə tamaşa etməklə kifayətlənin. Bu sizi cəsarətsiz edə bilər, bu cür düşünə bilərsiniz. Lakin unutmayın ki, sizin cəsarətsizliyinizi özündə təcəssüm etdirən cümlələr də tamaşasına daldığınız möhtəşəm səhnənin sizə təqdim etdiyi dəyər mühakimələrindən biri, sizin əyninizə tikilmiş minlərlə, milyonlarla libaslardan sadəcə biridir; yandırın o libası, yıxın o dəyər mühakimələrini ki, bəşəriyyətin toruna düşməyəsiniz.

Adam sözünə ara verib şərabdan bir qurtum aldı. Qoca kişinin üzünə baxaraq:

– Necə məgər, hər şeyin özlüyündə mənasız olduğunu demək istəyirsən? – soruşdu. - Onda yaşamağın nə mənası qalar? Məsələn, ölümlə həyat arasında nə fərq olar?

– Ah, cənab, sizi siz edən yaşadığınız dəyərlərdir, bu doğrudur. Əfsanə dediyimiz hər şey cəmiyyətlərin bir neçə minillik mövcudluq tarixində qurucu xassəyə malik olmuşdur. Biz ondan istifadə edərək dövlətlər, imperiyalar, dövrünü bir neçə yüz il qabaqlayan cəmiyyətlər formalaşdırmışıq. Lakin bütün quruculuq fəaliyyətlərimiz hörümçək torundan təməllər üzərində qurulub. Bu şüurdan artıq xilas olmaq mümkün deyil, heç buna ehtiyac da yoxdur. Lakin insan mənəvi olaraq sağlam qala bilmədiyi zamanlarda bu həqiqətin var olduğunu, onun hər an arxamızda gizlənən, bizə bəzən iztirab, bəzən xoşbəxtlik gətirməsi gözlənilən dost kimi mövcudluğumuzun təməlini formalaşdıran yeganə dəyişməzlik olduğunu düşünməlidir; əfsanələrin həyatımızın içinə necə sızdığına, düşüncələrimizi necə qəlibə saldığına diqqət etməlidir. Bu, bir sırğa tək daim qulağımızda qalmalıdır, çünki həyatın dözülməz iztirablarından bizi yalnız bu həqiqətin şüurunda olmağımız xilas edə bilər. Biz öz yaratdığımız dəyərlərə xəyanət edirik, cənab, bəli. Biz bu məqamda bəlkə də insan sevgisini, ailə, övlad məhəbbətini, dosta sadiqliyi, vətənpərvərlik hissini, ilahi dəyərlərə göstərdiyimiz dərin ehtiramımızı, işimizə olan bağlılığı, təhsil almağa, maariflənməyə olan ciddiyətimiz kimi neçə-neçə, həyatın bəzən nəvazişli, bəzən soyuq, zaman-zaman nikbin, zaman-zaman bədbin yanaşdığımız, rasional təfəkkürə sığmayan sonsuz bağlılıqla pərçimləndiyimiz tərəflərini bir qəpiklik edirik, bütün bunları qəddarlıqla görməzdən gəlirik, lakin bunlar yaralardan xilas olmaq üçün verdiyimiz qurbanlardır, bədənimizi xilas edən, eyni zamanda onu zəiflədən antibiyotik kimi fədakarlığımızın acı nəticələridir. Bunlar bəlkə də Yalquzaq Harridə olan minlərlə “mən”dən sadəcə biridir, biz sizin düşdüyünüz məqamlarda onun kimi çoxcəhətliliyi yox, təkcəhətliliyi seçməli, yenidən və yenidən ona qayıtmamalıyıq. Vahid halda birləşərək bu müxtəlifliyə qarşı kinayə, istehza ilə gülməli, onu barmağımıza dolayıb, sonra lazımsız əşya kimi əbədiyyətin sonsuz boşluğuna tolazlamalıyıq, elə etməliyik ki, o, əlçatmaz, ünyetməz bir nöqtədə, bizdən uzaq, xəbərsiz şəkildə özbaşına var olmağa davam etsin. Ancaq nə etmək olar; mənəvi işkəncələrdən xilas olmağın bundan başqa yolu yoxdur.

Sözünə ara verən adam danışarkən əlində tutduğu stəkanı yerə qoyub qara eynəyinin altından qocaya nəzər saldı, daha sonra başını aşağı salıb nəzərlərini aşağıya – yerə yönəltdi, ağır-ağır nəfəs almağa başladı, sanki bir az əvvəl danışdıqca içinə dolan dəhşətli iztirabı indi qusurdu, özünü rahatlatmağa çalışırdı. Başına çəkdiyi stəkanların sayını itirən qoca, sərməstliyin ona bəxş etdiyi vecsizlik, lakin bir o qədər aydın təfəkkür və iti səs tonu ilə növbəti sualını qarayanız kişiyə yönəltdi.

– Bəs digər insanlar?

– Necə məgər?

Digər yaşanmış həyatlar, ətrafımızda olan hər kəs; axı biz dünyadan kənarda yaşamırıq. Biz hamıya, hər şeyə qarşı vecsiz yanaşa bilmərik. Biz bu cəngəlliyin içərisində bir addım atan kimi ayağımızı hansısa naməlum, mənşəyi bilinməyən daşa dəyəcək. Gördüyümüz bütün digər bədbəxt və ya xoşbəxt insanlar bizi bu əlvan həyatın içərisinə atmayacaqmı? Mən öz qonşumda, əvvəllər mənimlə dost olan, indi isə məni görəndə üzünü çevirən insanların ailələrində, küçədən keçən sıravi insanlarda belə o dediyin dəyər anlayışlarından bir nişanə mütləq ki, görəcəm; onda necə olacaq? O nişanələr mənə öz yekrəng həyatımın iztirablarını xatırlatmayacaqmı, düşüncələrim məni sıxıb keçmişimlə məni yenidən üz-üzə gətirməyəcəkmi?

– Təəssüflə deməliyəm ki, siz yenə həyatla oyun oynayırsınız. Mahir məzhəkəçi roluna bürünüb, bu ssenarinin əlvanlığı içərisində itib-batmaq istəyinizdən əl çəkmək istəmirsiniz. Halbuki tamaşa etdiyiniz səhnələr həyatın mahiyyətinin nə olduğunu xatırlatmalı, sizə ibrət olmalıdır; lakin siz onu gördüyünüz anda yenə tora düşməkdən qorxursunuz, özünüzə əmin deyilsiniz. İradənizin zəifliyi həyatın bütün cəhətləri arasında sizi oyuncaq top kimi ora-bura atır, burulğana yaxınlaşan kimi onun küləyinə qapılmaqdan özünüzü saxlaya bilməyəcəyinizi düşünürsünüz, eyni zamanda da indiyə qədər yaşadıqlarınızın çiyinlərinizə mindirdiyi yükə dözməyə çalışırsınız. Belə məqamda müvəqqəti də olsa, həyatla aranıza pərdə çəkmək üçün sərf etməli olduğunuz gücü iztirabların altında əzilərkən həyatda qalmağa, tamamilə məhv olmaq qorxusu ilə mübarizə aparmağa sərf edirsiniz. Sanki bu əziyyətdən zövq alırmış kimi görsənsəniz də, bilirəm, bu qətiyyən belə deyil. Halbuki bu həyat sizə yalnız mübarizə aparmaq üçün bəxş edilməyib, cənab. Siz itirablarla əbəs yerə apardığınız mübarizəyə sərf edilən gücü, sadəcə bir az əvvəl dediyiniz qorxunu aradan qaldırmağa sərf edə bilərsiniz. Bir də ki, həyatınızın yekrəng olduğunu sizə kim dedi?! O rəngləri görmək tamamilə sizin əlinizdədir. Bütün yaşanmış acı xatirələrlə zarafat etmək mümkündür, bu, insanı iztirablara qarşı gücləndirir və əslində zarafat adlandırdığımız yeganə həqiqət də budur; pərdə arxasında olan saxta quramalar, pərdə qarşısında dayanmış sizi aldatmasın.

Qocanın heydən düşmüş bədəni bütün ağırlığı ilə əyləşdiyi stulla qollarını söykədiyi stolun üzərinə çökmüşdü. İçdikcə içsə də, butulkadakı şərab bitmək bilmirdi, sanki bütün dünyanın əzabları, sevincləri öz sərməstliyi ilə həmin butulkanın içərisinə dolmuşdu və bu ümman qocanı öz qoynuna alaraq həyatın keşməkeşlərlə dolu sahilindən keçirir, məşəqqət və şadlıq adlı iki qütb arasında var-gəl edirdi.

Qoca qəfil başını qaldırıb maraqla adamdan soruşdu:

– Siz şairlər həmişə belə həyata nikbin baxırsız, belə uzun, fəlsəfi cümlələr qurmağı-filan sevirsiz?

– Şair? – kişi təəccüblə cavab verdi. – Mən ki şair deyiləm.

– Bəs demədin ki, şairlər cəmiyyətində işləyirəm? Adı nəydi? Hə, hə - Gənc və Mübariz Şairlər Cəmiyyəti; ömrümdə ilk dəfədir belə ad eşidirəm. Həyata qarşı vecsiz olan, mübarizə aparmaqdan qorxan Gənc və Mübariz Şairlər Cəmiyyətinin əməkdaşı. – qoca kinayə ilə gülümsədi.

Adam qocanın gülümsəməsinə şaqqanaq çəkərək cavab verdi.

– Mən orada xırda yazı-pozu işlərinə baxıram, katiblikdə işləyirəm. Amma hərdən o şairlərin yazılarından bir neçəsi əlimə keçir. Onda bilirsiniz, elə indi sizin sözünüzə güldüyüm kimi, onlara da gülməkdən özümü zorla saxlayıram. Əzabkeş şairlər, əzab içində boğulduğunu gözə soxmağa çalışan poeziya adamları məni lap özümdən çıxardır. Düzdür, bunlara gülmək də qəddarlığın göstəricisi kimi görünə bilər, lakin nə etmək olar, özüm üçün seçdiyim missiya, daha doğrusu missiyasızlıq məni buna təşviq edir, özümdən asılı deyil – adam dodaqaltı hırıldadı.

Qoca öləziməkdə olan gözlərlə qarayanız kişinin düz eynəyinə baxdı, sanki o qara şüşənin altından gözlərini görməyə çalışırdı. Sonra xəfifcə gülərək, başını stolun üstünə qoyub əllərinin arasına aldı. Boğuq-boğuq gələn səslə, aramla dedi:

– Sən necə də ağıllısan, yekəpər şair-professor Atilla müəllim... Sənin o möhtəşəm ağlın, o qədər möhtəşəmdi ki, məni boğur, nəfəs almağa qoymur, hər yeri doldurub, hər yerdədi, imkan vermir yaşayaq. O bəzək-düzəkli geyimin də dəhşətdi, özünü ağıllı hesab edənlər belə geyinir, deyəsən, hə?.. Sən haradan gəldin belə, axı o geyimlə hara gedəcəksən, ey qara eynəkli adamm...

Qoca başını əllərinin arasına alıb stolun üzərində öz-özünə mızıldanmağa davam edirdi. Birdən qəflətən çiynində bir ağırlıq hiss etdi. Bu ağırlıq sanki onun oyanmasına səbəb oldu. Başını aramla qolları arasından qaldırdı. Həmin qarayanız kişi stolun yanında ayaq üstə dayanıb ona doğru əyilmişdi. Əlində bir stəkan su var idi. Lakin bu dəfə eynəyini çıxarmışdı, qoca onun zil qara gözlərinə baxanda bir anlıq diksinsə də, gülümsəyən sifətində məxsusi məhrəmlik hiss etdi. Gözlərinin qarası bu gün həyətdə həmin qarayanız kişini gördüyü andakı tək böyüməyə başladı, böyüdükcə böyüdü, gözünün qarşısındakı hər şeyin üzərini örtdü; zülmət qaranlıqdan səs eşidildi:

– Buyurun, bu suyu için, bu sizi yaxşı edəcək.

Qoca gözünün qarşısında peyda olan stəkanı acgözlüklə başına çəkdi.

Yenidən həmin səs eşidildi.

– Dincəlin, cənab, bir az dincəlməyə ehtiyacınız var. Mən isə, artıq getməliyəm.

Qoca bir şey demədən başı qollarının arasına düşdü. Yumulmuş gözlərin altında xəyalı başqa dünyada gəzirdi. Birdən birə özünü mavi səmanın ənginliklərində gördü, qış havası çəkilib getmişdi, lakin buna qəti təəccüblənmədi, belə də olmalıydı, o azad olmuşdu. Havanın təmiz, təravətli qoxusu ciyərlərinə doldu. Amma bədəninə fikir verəndə insana bənzəmədiyini anladı. Özünü səmada qanad çalan quş tək hiss etməyə başladı, zirvəsi göy özünü dəlib keçən dağların başı üzərindən ötdü, geniş zəmilərin üstündən uçub, birdən-birə quru çöllərə keçdi, günəş şüaları kürəyini yandırıb, eyni zamanda qəlbini isitdi, daha sonra geniş yaylalarda doyunca cövlan etdi, oradan özünü dənizlərin üzərindən mavi sonsuzluğa buraxıb, üfüqdə gözdən itdi.

***

Üç gündən sonra qocanın cansız bədənini mənzilində tapdılar. Evinə tez-tez gəlib-gedən içki yoldaşları qocanın nə vaxtdır görünmədiyini sezib evlərinə gəlmişdilər. Qapı içəridən bağlı idi, qırıb zorla içəri girəndən sonra yerlərində donub qalmışdılar. Mətbəxdəki stulda hərəkətsiz qalmış bədənin qarşısında yalnız su içilmiş boş bir stəkan var idi.

# 2371 dəfə oxunub

Oxşar xəbərlər

“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

16:30 23 aprel 2024
Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

16:00 23 aprel 2024
Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

15:35 23 aprel 2024
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

15:00 23 aprel 2024
# # #